DOSE, yəni xoşbəxtlik

DOSE, yəni xoşbəxtlik
27 may 2023
# 14:00

Kulis.az Simran Qədimin "DOSE, yəni xoşbəxtlik"adlı yeni essesini təqdim edir.

Buddizmə görə, xoşbəxtlik əzabın olmamasıdır. İstəklərimizi azaltsaq, ruhi-mənəvi dincliyə – nirvanaya çatarıq. Konfutsiçiliyə görə, xoşbəxtlik insanpərvərlikdir. Mehriban ailə, sevgi-sayğı, hörmət. Daosizmə görə, xoşbəxtlik həyatın təbii axarı ilə barışmaqdır. Təbiətlə harmoniyada olmaq, gözlənilməzlikləri, fəlakətləri necə varsa, eləcə də qəbul etmək.

Stoiklərə görə, xoşbəxtlik xeyir əməllərdir. Müdrik, ədalətli, sadə, mülayim olmaq...
Ancaq gəlin bütün bu poetik-romantik, mücərrəd-metaforik fikirləri bir kənara qoyub həqiqətin üzünə dik baxaq. Xoşbəxtlik sadəcə kimyadır, kimyanın da adı var: DOSE (dopamin, oksitosin, serotonin, endorfin).

...Xoşbəxtlik mövzusu bütün zamanlarda və bütün dini-fəlsəfi, ideoloji-mədəni konsepsiyalarda özünə yer tapıb. Hər kəs onun arxasınca qaçsa da, daim nəyinsə düz getmədiyini hiss edib. Çox vaxt da başımız gündəlik həyat qayğılarına qarışdığından mövzunun dərinliklərinə vara bilməmişik. Bəlkə də, konkret, anlaşıqlı bir cavab tapmadığımıza görə, sadəcə, bezib-usanır, sualların başını buraxırıq.

Tarixdə heç vaxt xoşbəxtlik məfhumunu araşdırmaq üçün əlimizdə indiki qədər geniş imkanlar olmayıb. Sosiologiya, psixologiya, neyrobiologiya kimi sahələr önümüzdə çox böyük qapılar açıb, günbəgün təkmilləşən elmi-texniki vasitələr nəinki sirli-sehrli kəllə qutusunun içini görməyə, hətta qarma-qarışıq beynimizi ən incə detallarınadək araşdırmağa imkan yaradıb.

Əvvəlcə ənənəvi sualları sadalayaq: xoşbəxtlik nədir? Onu necə əldə edə bilərik? Ümumiyyətlə, həyatın əsas məqsədi-məramı, missiyası xoşbəxtliyə çatmaqdırmı?
Müasir elmin gəldiyi qənaətə görə, xoşbəxtlik iki əsas faktordan, onların qarşılıqlı təsirindən asılıdır: psixoloji və bioloji faktor.

1. Psixoloji baxımdan yanaşsaq, xoşbəxtlik birbaşa obyektiv şərtlərdən – sosial, iqtisadi, siyasi şəraitdən asılı deyil. Əgər belə olsaydı, sabitliyin, rifahın hökm sürdüyü İsveçrədə, Fransada, Yaponiyada daha az insan intihar edərdi, nəinki Peruda, Qvatemalada, Filippində. Xoşbəxtlik, əsasən, istəklərə, arzulara bağlıdır. İstəklərimiz reallaşmırsa, həyatdan narazı qalır, özümüzü bədbəxt hiss edirik. Digər tərəfdən isə, istəklərimiz həyata keçdikcə onların yerinə başqaları yaranır, necə deyərlər, arzudan arzu doğur. Beləliklə, əksər hallarda gözləntilərimiz əlimizdəki imkanlardan daha çox olur.

2. Bioloji baxımdan yanaşsaq, xoşbəxtlik bizim bədənimizdən, daha dəqiqi, beynimizdə gedən biokimyəvi proseslərdən asılıdır. Belə ki, biz istəyimizə çatar-çatmaz beynimiz dopamin, oksitosin, serotonin, endorfin kimi xoşbəxtlik hisslərini yaradan hormonların partlayışına məruz qalır, sevincimiz yerə-göyə sığmır. Yəni, əslində, xarici dünyada baş verənlərə yox, daxili aləmimizdə gedən dəyişikliklərə reaksiya veririk. Beynimiz üçün subyektiv reallıq, ibtidai hisslər, emosional hallar ətraf mühitdən, obyektiv gerçəkliklərdən daha vacibdir. Duyğular isə mənbəyini hormonlardan, neyrotransmitterlərdən, neyron şəbəkələrindən götürür.
Buradan belə nəticə çıxarmaq olar ki, biz, əslində, istəyimizin reallaşmasına görə yox, reallaşan istəyimizin köməyi ilə beynimizdə gedən biokimyəvi proseslərə görə sevinc hissi keçiririk. Qısası, psixoloji faktorlar bioloji təsirlər yaradır.

(Yeri gəlmişkən, sevinclə xoşbəxtlik ayrı-ayrı anlayışlardır. Xoşbəxtlik ümumi məfhumdur: xoşbəxt uşaqlıq, gənclik, ailə, yaşlılıq... Sevinc isə ani, qısamüddətli hissdir: uşağa konfet versək, sevinər, yeyib həzz alar, amma bu o demək deyil ki, uşaq xoşbəxtdir)



İndi də gəlin psixoloji və bioloji faktorların qarşılıqlı təsirinə aid belə bir nümunəyə baxaq. Sual: adi bir smartfon almaq istəyən gənclə bahalı telefonunu daha bahalısına, məsələn, ən son model “iPhone”a dəyişmək istəyən gəncin arzusu eynidirmi? Cavab: yox, eyni deyil! Psixoloji baxımdan onlar içlərində ayrı-ayrı arzular yaradıblar. Bununla belə, istədiklərini əldə edən kimi, gənclərin beyinlərində artan xoşbəxtlik hormonları eynidir. Həm tərkibinə, həm də miqdarına görə. Bahalı, ya ucuz telefon, fərq etməz, əsas odur, mən öz arzuma çatım!

Əslində, xoşbəxtlik hissi nə smartfon tanıyır, nə avtomobil, nə də şəxsi təyyarə. Xoşbəxtlik hissi “iPhone”lardan, “Mercedes”lərdən, “Boeing”lərdən hələ çox-çox öncə də vardı. Milyon illər öncə.
İstəklərimiz sadəcə vasitədir. Hormonların istehsalı üçün vasitə.
Bəs onda niyə hər kəs kiçik şeylərlə, məsələn, ucuz telefonlarla özünü xoşbəxt hiss edə bilmir? Niyə istəklərimiz, arzularımız durmadan şişir, bitib-tükənmək haqda heç düşünmür?

Bunun cavabı bir xeyli geriyə – təkamülə, genlərin formalaşmasına gedib çıxır. İnsan biologiyası, digər canlılarda olduğu kimi, sağ qalma və çoxalma ehtimalını yüksəltmək üzərində qurulub. Birbaşa və ya dolayı yolla buna xidmət edən bütün davranışlar dərhal xoş hisslərlə mükafatlandırılır. Amma bioloji nəzarət mexanizmimiz bu hisslərin daimi olmasına icazə vermir, qısa vaxtdaca keçib getməsinə çalışır.
Təsəvvür edək ki, qədim dövrlərdə kimsə bir dəfə mamont ovlayan kimi özünü həmişəlik xoşbəxt hiss etdi. Bu zaman həmin adam mağaradan bayıra çıxıb təkrar ova getmək istəyərmi? Yox! Xoşbəxtdirsə, yerindən tərpənməz, heç nəyə fikir vermədən bunun dadını çıxarar!.. Nəticədə, aclıqdan ölər, “əbədi xoşbəxtlik” genləri də özü ilə birlikdə məhv olub gedər.

Sağ qalmaq və nəsil artırmaq ehtimalını yüksəltmək üçün həyati önəm daşıyan başqa amillər də var: nəyin bahasına olur-olsun, digərlərindən geri qalmamaq, daim rəqabət aparmaq, mübarizədə olmaq... Məhz bu səbəbdən də təbiəti, həyatı, özünü doğru-düzgün anlamayan gənc tay-tuşlarının gəzdirdiyi həmin o “bomba telefon”u əldə edə bilməyəndə özünü ovdan əliboş qayıdan mağara adamı kimi bədbəxt hiss edir. Əsas məsələ başqalarından geri qalmamaqdır, rəqabətdə uduzmamaqdır.
Dünənin yeniliyi bu günün geriliyi deyilmi?
Aydınlaşdırdıq ki, psixoloji faktorlar (nə istəməyimiz) bioloji təsirlər (xoşbəxtlik hormonları) yaradır. Bəs istəklərimizin, arzularımızın özü necə formalaşır? Xoşbəxtlik hormonları necə, hansı mexanizmlə artıb-azalır?


İstəklərimiz bir sıra amillərə görə çox müxtəlif ola bilər. Genetik meyilləri, tərbiyəsi, təhsili bir-birindən fərqlənən insanların istəkləri, xəyalları da fərqli olacaq. Üstəlik, bura yaşam şəraitini, həyat təcrübələrini, dini və mədəni dünyagörüşünü də əlavə etmək lazımdır. Bütün bu faktorların təsiri ilə, tutalım, biri xoşbəxtliyi var-dövlətdə görür, o biri möhkəm ailə münasibətlərində, digəri isə uğur qazanmaqda, yaxşı karyera qurmaqda.

Xoşbəxtlik hormonlarının artıb-azalma mexanizminə gəlincə, bu, əsasən, genlərə bağlıdır. Əgər genetik baxımdan “xoşbəxtlik səviyyə”miz şkalanın yuxarılarında nizamlanıbsa, ən çətin vəziyyətlərdə də biokimyəvi sistemimiz tədricən özünü tənzimləyəcək, sevinmək üçün bir səbəb tapıb şkalada qalxacaq. Ya da əksinə, təbiətən “xoşbəxtlik səviyyə”miz şkalanın aşağılarına meyillidirsə, ən gözəl durumlarda da sistem yavaş-yavaş həmişəki tarazlığını qaytaracaq. Eynən kondisionerin otaqdakı hərarəti təyin edilmiş proqram üzrə tənzimləməyə çalışması kimi.
(Əlbəttə, beyinin biokimyəvi tarazlığında psixoloji xəstəliklərin, sindromların, travmaların, eyni zamanda, sosial, iqtisadi, siyasi durumun da rolu var. Ancaq bu, tamam başqa yazının mövzusudur)

İstənilən halda, bütün məqsədlərimizə, arzularımıza çatsaq belə, əbədi xoşbəxt ola bilmərik. Şübhəsiz, xoşbəxtliyin dağın zirvəsində durmaqda yox, dağa çıxmaqda, prosesin özündə olması fikrində böyük həqiqət payı var. Məhz elmi izahı biləndə bəzən hər cür şəraitə malik insanların özlərini niyə bədbəxt hiss etdiklərini daha yaxşı anlamaq olur. Düzdür, pul bir çox problemlərin həllində açar rolunu oynayır, ancaq xoşbəxtliyə zəmanət vermir.
Əgər “bütün məqsədlər xoşbəxtliyə çatmaq üçündür” fəlsəfi prinsipini qəbul etsək, belə bir fundamental sual ortaya çıxır: özünü bədbəxt hiss edən zəngin olmaq yaxşıdır, yoxsa xoşbəxt hiss edən kasıb?

# 2401 dəfə oxunub

Müəllifin son yazıları

# # #