Onları bir-bir sorğu-sual etmək lazımdır! - Kömək istəyən Cümşüdün ölümünün günahı kimdədir?

Onları bir-bir sorğu-sual etmək lazımdır! - Kömək istəyən Cümşüdün ölümünün günahı kimdədir?
30 iyun 2025
# 15:13

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bakıda bir gənc itdi. Sadəcə yox oldu – bir də gördülər ki, yerin altındadır. Adı Cümşüddür. Yaşamaq istədi, amma torpaq onu uddu. Sanki şəhərin qaranlıq bağırsaqları onu özü ilə apardı, səsini hopdurdu canına, nəfəsini boğdu. Gecə yuxuya gedən milyonlarla insan o gün səhər xəbər portallarında bir başlıq gördü: “Gənc oğlan kanalizasiya kollektoruna düşüb”. Amma bu, başlıq deyildi – bir ailənin qara xəbəri idi.

Hər kəsin evində bir Cümşüd var. Qardaşı, oğlu, sinif yoldaşı, qonşusu. Elə lap özü! Gələcək planları olan gənc…

Bəlkə, bir gün əvvəl anasına demişdi: “Səhər durub sənə bazarlıq edərəm”.

Bəlkə, axşam sevgilisinə yazmışdı: “Səni düşünürəm”.

Amma səhər o kanalizasiya çuxuruna düşəndə, heç kim onu xilas edə bilmədi.

Onu eşidiblər. Aşağıdan səsi gəlib. “Kömək edin!” – deyib. Qaranlıqdan, palçığın əsir elədiyi nəfəsi ilə, bəlkə də, son gücü ilə səslənib. Bəlkə də, eşitdiyi ayaq səslərinə ümidlə çırpınıb: “Burdayam!”. O an, o səs – insanın ən kövrək, ən səmimi, ən yalvarışlı səsi olub. Həyata bağlanmaq istəyən bir nəfəs…. Və o səs yavaş-yavaş yoxa çıxıb. Onun ardınca da ümidlər….

Cümşüdün anası bu müddətdə yəqin ki, "Quran" oxuyurdu. Hər gün yeni bir dua ilə Allaha yalvarırdı: “Oğlum salamat tapılsın”. Atası, ehtimal ki, əli əsə-əsə telefonla qohumlara zəng edirdi: “Hələ heç nə demirlər”. Bacısı otağın qapısını örtüb ağlayırdı. Hər gün yeni bir qaranlıq.

Bəs biz nə etdik? Bu ölkənin insanları, məmurları? Bu hadisə baş verərkən məsul şəxslər harada idi?

Bir neçə gün sonra Cümşüdün meyiti tapıldı. Hövsan istiqamətində. Dənizə çıxan, çirkli, qaranlıq bir borudan. O, artıq danışmırdı. O, artıq kömək istəmirdi. Bir oğul evinə qayıtdı: səssiz və nəfəssiz…

Biz bu faciəni unutmamalıyıq. Çünki bu, bir insanın yox olması deyil. Bu, müvafiq qurumların, cəmiyyətin, vicdanın çöküşüdür. Cümşüd kanalizasiyaya yox, bürokratik labirintlərimizə, texniki qüsurlarımıza, insan həyatını statistikaya çevirən düşüncəmizə düşüb.

Qoy bu səs – o quyu içindən gələn kömək səsi – qulağımızda əbədi qalsın. Çünki bir millətin vicdanı susursa, onun altından səs gəlməz.

Bəs bundan sonra?

Bundan sonra neyləməliyik?

***

"Baksol" yolu kimi intensiv nəqliyyat və insan axını olan zonalarda torpağın daşıyıcılıq qabiliyyəti və kanalizasiya borularının texniki vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

Torpaq çökməsi ya kanalizasiya sistemindəki sızma, ya da düzgün möhkəmləndirilməmiş zəminin nəticəsində bir can da getdi.

Qurumlar tərəfindən aparılan texniki baxışlar qeyri-kafidir.

Qəza zamanı torpağın hansı qatının boş olduğu, hansı dərinlikdə çökmənin başladığı barədə ictimaiyyətə detallı açıqlama verilməyib.

***

FHN hadisəyə gec reaksiya verməyib, lakin hadisənin baş verdiyi ərazi və strukturun mürəkkəbliyi səbəbilə əməliyyat çətin şəraitdə aparılıb..

İxtisaslaşmış texnika – yeraltı endoskopik kameralar, qaz sızmalarını təyin edən sensorlar və s. – əməliyyatlara cəlb olunməyıb və bu, işin sürətinə və effektivliyinə təsir edib.

Koordinasiya – FHN, yerli icra hakimiyyəti və idarələrin birlikdə işləməsi vacib idi. Lakin bu əməkdaşlığın sistemli olmadığını görürük.

***

Hadisə dərin emosional və ictimai narahatlıq yaradıb. Xüsusilə gəncin bir neçə dəqiqə kömək istəməsi barədə xəbərlər cəmiyyətdə hiddət doğurub.

Sosial media istifadəçiləri məsələni gündəmdə saxlayıb, axtarış əməliyyatlarının gedişatını, medianın fəaliyyətini və dövlət orqanlarının cavablarını daim müzakirə edib.

Bu faciə ictimaiyyətin dövlət qurumlarına inamının sınma nöqtəsinə gəldiyini göstərən bariz nümunədir.

***

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları cinayət işi qaldırıb. Lakin hadisənin texniki, yoxsa inzibati səhlənkarlıq nəticəsində baş verdiyi hələlik rəsmi şəkildə elan olunmayıb.

Hüquqi məsuliyyət daşımalı olan tərəflər – yerli icra hakimiyyəti, kommunal xidmət müəssisələri və texniki nəzarətçi qurumlar – müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır.

Cümşüd Cümşüdovun ailəsinə kompensasiya ödənilməsi, sosial yardım və hüquqi dəstək məsələləri gündəmdə saxlanılmalıdır.

***
Suallar yaranır:

Bu ərazidə son texniki baxış nə vaxt aparılıb?

Kanalizasiya kollektorunun istismar müddəti başa çatmışdımı?

Qəza baş verən ərazidə son tikinti və qazıntı işləri aparılmışdımı?

FHN-in texniki imkanları bu cür hallarda insan həyatını xilas etmək üçün kifayət edirmi?

***
Bir neçə gün əvvəl Rusiyada evlərə girib həmvətənlərimizi işgəncə ilə öldürüblər.

Həmin şovinist rus zehniyyəti bu gün fərqli formada bəzi qurumların başında duranlarda da var.

Onlar da öz qeyri-peşəkarlıqları və insan həyatını heçə saymaları ilə həmin düşüncənin daşıyıcılarıdır.

Onlara şərait yaratsan, OMON-çulardan daha amansız olarlar.

Ölkədə onların düşüncəsində ölmayan bir nəfəri də sağ qoymazlar.

Hələ ki, sönmüş vulkan kimi hərəsi bir kresloda səssizcə oturub.

Belə hadisələr onlar üçün heç nədir. Cümşüd kimdir, nəçidir, onları qəti maraqlandırmır.

Rusiyadakı hadisələrin kölgəsinə çəkilmək onlarlıq hərəkətdir.

Ancaq onlar həm də bir şeyə güvənirlər: Bizim unutqanlığımıza.

Bizə qurban lazımdır. Bir gün danışıb unudacağımız qurban.

O qurban bu dəfə 27 yaşlı Cümşüd oldu.

Ancaq… Nə çox Cümşüd…

Ölkə əhalisi də il-ildən artır…


***
Ancaq düşünən adamlar üçün Cümşüd Cümşüdovun faciəli ölümü təkcə fərdi yox, sistemli problemlərin nəticəsi kimi dəyərləndirilməlidir. İnfrastruktur təhlükəsizliyi, vətəndaşların həyatına göstərilən dövlət diqqəti və şəffaflıq məsələləri bu hadisənin işığında bir daha müzakirəyə çıxarılmalıdır. Hadisə təkrarlanmamalıdır – bu, yalnız təəssüflə deyil, əməli tədbirlərlə mümkündür.

# 329 dəfə oxunub

Oxşar xəbərlər

Qədim gil tabletlər İraqa qaytarıldı

Qədim gil tabletlər İraqa qaytarıldı

18:20 30 iyun 2025
Sezen Aksu Süni İntellektlə  klip çəkdirdi

Sezen Aksu Süni İntellektlə klip çəkdirdi

18:00 30 iyun 2025
Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

16:15 30 iyun 2025
“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

16:10 30 iyun 2025
“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

16:05 30 iyun 2025
"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

15:13 30 iyun 2025
#
#
# # #