“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?
30 iyun 2025
# 12:00

Kulis.az aktrisa Larisa Xələfova haqqında maraqlı faktları təqdim edir.

Larisa Xələfova 29 yanvar 1950-ci ildə Bakıda anadan olub. 1970-ci ildə, 17 yaşında B. V. Şukin adına teatr peşə məktəbinə daxil olur. Oranı bitirəndən sonra 1972–1974-cü illərdə Sverdlovsk Dram Teatrının aktrisası kimi fəaliyyət göstərən Larisa 1975-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.

***

Mavi ekranda ilk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində Dilarə obrazı ilə görünüb. Sonralar “Ad günü”, “Bir ailəlik bağ evi”, “Şeytan göz qabağında”, “Anın quruluşu”, “De ki, məni sevirsən!”, “Təhminə” filmlərində rol alıb.

***

30-dan çox filmə çəkilən aktrisanı Azərbaycan tamaşaçısı daha çox Rasim Ocaqovun ekranlaşdırdığı “Təhminə” filmindəki Mədinə obrazı ilə xatırlayır.

***

Mədinə obrazı ilə böyük məşhurluq qazanan aktrisa günlərin birində Bakını tərk edərək Moskvaya köçür. Buna səbəb isə anasının qəfil ölümü olur. Ancaq bir müddət sonra o, teatr və kino sahəsindən də tamamilə uzaqlaşır. Buna səbəb isə onun yaddaşsızlıqdan əziyyət çəkməsi olur. Bu barədə aktrisa müsahibələrinin birində deyir:

“Təhsilimi başa vurub Bakıya qayıtdım və orada teatrda işə düzəldim, filmlərə çəkildim. Anam öləndən sonra hər şey alt-üst oldu. Mənzilimi satıb Moskvaya köçdüm. Burada oxuduğum üçün xeyli dostlarım vardı. Onlar mənə dəstək oldular. Aktrisa kimi fəaliyyətimə gəldikdə isə, uzun müddətdir filmlərə çəkilməkdən imtina etmişəm. Müəyyən yaşdan sonra məndə yaddaş problemi üzə çıxdı. Buna görə də aktrisa kimi fəaliyyətimi dayandırmağa qərar verdim. Çünki iki kəlmə deyəndən sonra üçüncüdə birdən hansısa sözü unudub əsəbləşməyə başlayırdım. Düşündüm ki, qalan ömrümü əsəb içində yaşaya bilmərəm”.

***

Aktrisa Bakıdan köçsə də, vaxtaşırı buradakı dostları ilə ünsiyyətdə olub. Hətta mərhum rejissor Rasim Ocaqov Larisanı yeni filmə çəkmək istəyib. Ancaq həmin zaman aktrisanın qızı dünyaya gəldiyi üçün Larisa bu filmdən imtina edib. Onun əvəzinə isə filmə Xalq artisti Şəfiqə Məmmədova çəkilib.

***

“Təhminə” filmi barədə aktrisa müsahibələrinin birində deyir:

“O filmdə kiçik rolum var idi. Mən Təhminənin rəfiqəsini oynayırdım. Sadəcə, Rasim Ocaqov xətrimi çox istədiyi üçün məni dəvət etmişdi. O, gözəl rejissor və gözəl operator idi. Gördüyü işlər heyrətamizdir. Təəssüf ki, bu gün həyatda yoxdur. Düzü, çox da yaxşı xatırlamıram, həmin filmdə səhnəm az olub. Orada çəkilən türk aktrisası Meral Konratı xatırlayıram. Sonradan onunla əlaqə saxlamaq imkanım olmadı. Sadəcə bir detal yadımdadır ki, o, bizdən daha çox qonorar alırdı (gülür). Bilirsiniz, yaddaşımla əlaqədar olaraq çox az şey xatırlayıram. Təxmini süjet yadımdadır, bir onu bilirəm ki, sonda Təhminə ölür və mən kiməsə zəng vurub nəsə deyirəm. Bundan artığını xatırlamıram. Həmin filmin özünəməxsus romantikası var idi”.

***
Hazırda Moskvada qızı və nəvəsi ilə birgə yaşayan Larisa Xələfovanın bu ilin iyun ayında insult keçirdiyi bildirilib. Bir müddət xəstəxana şəraitində müalicə alan aktrisa hazırda evində müalicəsini davam etdirir. Aktrisanın bütün qayğılarının qızının üzərinə düşdüyü, aktrisanın maddi yardıma ehtiyacı olduğu vurğulanır.


# 395 dəfə oxunub

Oxşar xəbərlər

Qədim gil tabletlər İraqa qaytarıldı

Qədim gil tabletlər İraqa qaytarıldı

18:20 30 iyun 2025
Sezen Aksu Süni İntellektlə  klip çəkdirdi

Sezen Aksu Süni İntellektlə klip çəkdirdi

18:00 30 iyun 2025
Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

16:15 30 iyun 2025
“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

16:10 30 iyun 2025
“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

16:05 30 iyun 2025
"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

15:13 30 iyun 2025
# # #