Biz heç kimin “şən matryoşkalar”ı deyilik! - Rus şovinizminin dəyişməz siması

Biz  heç kimin “şən matryoşkalar”ı  deyilik! - Rus şovinizminin dəyişməz siması
30 iyun 2025
# 13:48

Kulis.az Sevinc Mürvətqızının yeni yazısını təqdim edir.

...Xatirələr adətən oxşar mədəniyyətə, bənzər adət-ənənələrə, eyni milli kimlik şüuruna malik insanlarla birlikdə yaşadığın zaman ömür “saxlancına” unudulmaz doğmalıqla həkk olunur. Fəqət bütün unudulmaz xatirələr doğma deyil. Bəzi xatirələr “yad”, “özgə” yarlığı ilə damğalanıb ömürlük təhtəlşüurun divarına asılır. Mənim erkən uşaqlıq xatirələrim kimi...


***


Mən Rusiyada doğulmuşam, ailə vəziyyətimizə görə səkkiz yaşıma qədər Krasnodar vilayətinin Krasnoarmeysk rayonunda yaşamışam.

Azərbaycanda körpələr “Ay pipiyi qan xoruz”, “Ala-bula boz keçi” şeirlərinin təhrif olunmuş ilk kəlmələri ilə dil açanda, ömrümün ilk illərində mənim nəsibimə “Biz şən matryoşkalarıq…” (“Мı vesolıe matryoşki…”) adlı rus uşaq mahnısının sözləri ilə danışmaq düşüb.

Uşaq olsam da, ruhum qəribə şəkildə mənə ögey olanı qəbul edə bilmirdi. O mahnının ruhundakı yadlığı kobud bağça müəllimimin hansısa tədbir üçün bizə zorla tikdirdiyi sarı çiçəkli rus sarafanım, başıma russayağı bağlanan yaylıq daha da dözülməz edirdi. Sarı-sarı rus balalarının içində dörd-beş yaşlı qarasaçlı, buğdayı simalı azərbaycanlı övladının dilinə də o mahnı uyuşmurdu. O yad mahnını da, o özgə bağçanı da, adımı uşaqlara Sevinc yox, Sveta kimi təqdim edən dikburun ögeyxislət rus tərbiyəçini də sevmirdim. “Bunun saçları niyə qaradır, bizimlə oynamasın” - deyən, evində valideynlərindən mərhəmət və empatiya yerinə irqçiliyi öyrənən məsum bağça yoldaşlarıma da uyğunlaşa bilmirdim. Uşaq bağçasında özümü adımla - “Sevinc” deyə təqdim edəndə də hər kəs sərt israrla “Sveta” deyə çağırırdı...

Uşaqlığımda aldığım bu dərsi böyüyəndə daha dərindən anlayacaqdım: Sənin öz güclü və müstəqil dövlətin olmayanda, öz millətinlə birgə yaşamayanda, adına belə ixtiyarın qalmır, öz dilində kəlmə belə kəsə bilmirsən…

Vətəndəki balalar doğma “Laylay dedim yatasan” sədası ilə yatanda, hər halı və hər yeri ilə qürbət olan o diyarda televizordan hər axşam doqquzda “Yorulmuş oyuncaqlar, kitablar yatırlar” ( “Spyat ustalıe iqruşki, knijki spyat…”) eşidərək yatmaq nəsə ruhuma tanış gəlmirdi. Axı ruhun böyük mənada yaddaşı var, doğma olanı xatırlayır, yad olana uyuşmur. Mən nə mahiyyətcə, nə milliyyətcə o “şən matryoşkalardan” biri deyildim axı…

Eyni etnik diskriminasiya yaşadığımız rus qəsəbəsində də aydın şəkildə özünü göstərirdi. Valideynlərim evləndikdən sonra – rusbaşlı olması ilə seçilən Kamran Bağırovun vaxtında Azərbaycandan köçmüşdülər. Elə onda da insanlar təbii olaraq indiki kimi daha yaxşı güzəran, rifah axtarışı ilə miqrasiya edirdilər. Həmin vaxt sovetlərin Moskva rəhbərliyində Yuri Andropov “əyləşmişdi”. Orada yaşadıqları illər ərzində valideynlərimin gözlərinin qarşısından bir Çernenko, daha sonra isə bir Qorbaçov da keçmişdi...

Uşaq yaddaşımın kül örtmüş ocaq yerində “yenidənqurma” və “aşkarlıq” siyasəti ilə aləmə “səs salan” qaniçən, şovinist Qorbaçovun adı da közərir… Onda uşaq ağlımın kəsmədiyi “aşkarlıq” siyasəti, bəlkə də, Rusiyada irqi ayrı-seçkilik və şovinizmin aşkarca, gizlədilmədən tüğyan etməsini simvolizə edirmiş…

Çar Rusiyasından üzübəri şər imperiyasının özünütəsdiq, özünüqoruma siyasəti kimi sığındığı rus şovinizmi ideologiyası sovet dövründə nisbətən xalça altına süpürülsə də, qazanlarda altdan-altdan yenə də “velikorus borşu” qaynayır, “irqçilik kompotu” bişirilir və sərt tövrlərlə Rusiyada yaşayan qeyri-rus millətlərinə – xüsusilə də azərbaycanlılara, eləcə də islam dininə inanan türkdilli xalqlara “servis” edilirdi. Hünərin varsa, yemə!..

***


Günəşli təbiəti ilə nisbətən doğma ölkəmizi xatırladan, Qafqazın dizinin dibində yerləşən, Kuban çayının sahilindəki Krasnodar bölgəsi isə həmişə rus şovinizminin, etnik ayrı-seçkiliyin gündəlik həyatda ən açıq şəkildə özünü göstərdiyi yerlərdən biri olub. Orada məskunlaşan Kuban kazaklarının baxışlarında təkəbbür, davranışlarında sərtlik, dillərində isə "buraların sahibləri bizik" kimi cümlələr yaşayırdı… Burada etnik fərqlilik anlayış yox, təhlükə kimi qəbul olunurdu, rus kimliyi burada mədəniyyət fərqi kimi yox, üstünlük iddiası kimi yaşanırdı (hələ 1980-ci illərdə!). Burada qeyri-rus etniklərə münasibət hiss olunacaq dərəcədə sərt və şiddətli idi. Və mən, uşaq ağlımla belə, bunu aydın hiss edirdim. Rus şovinizminin gündəlik davranışa hopduğu bu coğrafiya – mənim taleyim idimi, ya məcburiyyətim, bilmirəm. Bildiyim isə odur ki, mənim bu yerlərlə bağlı uşaqlıq xatirələrimə qorxuların qaranlığı qarışıb…


***


Mənim xatırlamadığım bəzi neqativ etnik olayları isə sonralar ata-anamın danışdıqları xatirələrdən də eşitmişdim.

Anam Gülbacı danışır ki, Krasnodara yeni köçdükləri vaxt bir bağçaya çox çətinliklə metodist kimi işə düzələ bilib. (O, gənc ikən ibtidai siniflərdə rus dili müəllimliyi ixtisasına da yiyələnmişdi). İşinə çox məsuliyyətli yanaşsa da, daim həmkarları və rəhbərlik tərəfindən rus dilində aksentlə danışdığına, milliyyətinə, hətta adına görə (özünün etirazına baxmayaraq, adını tam demirlərmiş, ruslaşdırıb Qulya çağırırlarmış) psixoloji təzyiqlərə, etnik-irqi qısnamaya məruz qalırmış. Rus həmkarları həzm edə bilmirmiş ki, niyə azərbaycanlını rus uşaqlarının olduğu yerdə sıravi yox, rəhbərliyə yaxın vəzifəyə qoyublar…

Başqa bir xatirəsində anam xatırlayır ki, rayonun o vaxtkı məşhur “Sənaye malları mağazası”na gələn yeni məhsullar heç zaman ilk olaraq azərbaycanlılara, ümumiyyətlə, rus olmayan millətlərə satılmazmış. Rus satıcılar, müdirlər açıq şəkildə anama və oradakı digər azərbaycanlılara deyirmişlər: “Əvvəlcə özümüzünkülərə sataq, qalsa, siz də alarsınız”. Ta ki, kimsə qanun dili ilə danışıb məsələni şişirdib “yuxarılara” çatdıracağı ilə hədələyənə qədər...

Daha qorxunc bir hadisə isə bu yaxınlarda Yekaterinburqda baş verən zorakılıqla oxşarlıq təşkil edən olay olub. Anam danışır ki, 1988-ci ildə Kuban kazakları kimi tanınan və qeyri-qanuni cəza dəstəsi təşkil edən bir neçə nəfər gecənin bir aləmi yaşadığımız bina evinin qapısını döyüb rəhmətlik atamı çölə çağırıblarmış. (Zaman o zaman idi ki, Qarabağda yavaş-yavaş etnik separatizm meyilləri də baş qaldırmağa başlamışdı, üstəlik, ermənilər Spitak zəlzələsindən sonra kütləvi şəkildə Rusiyanın müxtəlif bölgələrinə, o cümlədən Krasnodara köçürdülər, qonşularımızın əksəriyyəti erməni ailələri idi…). Anam deyir ki, guya binada səs-küy salmamaq üçün atamı qarşıdakı yarımçıq tikiliyə “söhbət” etməyə aparmaq istəyiblər. Üç rus kazakı və bir ermənidən ibarət dəstənin qarşısında anam atamı tək buraxmayıb, onlarla getməyə qoymayıb. Savadlı olduğunu, hüquqları bildiyini xatırladaraq, gecənin bir aləmi iki körpə uşaqlı ailənin narahat edilməsini əsas gətirərək, yuxarı instansiyalara şikayət edəcəkləri ilə hədələyib. Bundan sonra dəstə qapıdan çəkilib getməyə məcbur olub. “Söhbət”in mövzusu isə açıq-aydın valideynlərimə dəfələrlə bildirilirmiş: “Buradan çıxın gedin! Buralar ruslarındır, ruslara qalmalıdır! Çıxmasanız, sizi zorla çıxardacağıq – büzdirəcəyik, döyəcəyik, öldürəcəyik!..”

Yeri gəlmişkən, bu “ultimatumlar” azərbaycanlılara qarşı daha qəddar formada verilirdi, ermənilər isə nədənsə ta o vaxtdan bu miliyyətçi ayrı-seçkilik hədəfindən uzaqda idilər…

Bəli, zaman göstərir ki, rus şovinizmi sadəcə geyindiyi formasını, görünüşünü dəyişə bilər. Mahiyyət isə o vaxtdan bu günə heç dəyişməyib... Gecə qapıdöymələr, hədələmələr, divan tutmalar, qətllər rus faşizminin fərqli təzahürdəki dəyişməyən maskalarıdır…


***


İrqçilik, qeyri-rus millətlərini gözügötürməzlik, onlara ikinci sort insan, ikinci növ millət kimi baxmaq cəhdlərini uşaqlığın dumanlı yaddaşı ilə də yaxşı xatırlayıram.

Bizimlə qonşuluqda Lənkərandan bir ailə də yaşayırdı, ataları Firdovsi səhər işə çıxıb axşam evə qayıdırdı, həyat yoldaşı isə evdar qadın idi. O, binanın qarşısına uşaqları ilə hava almağa çıxanda, ondan da, bizdən də az qala cüzamlı xəstələrdən qaçan kimi qaçırdılar.

Binamızın qarşısındakı uşaq parkında ruslar uşaqlarını azərbaycanlı ailələrin övladlarından uzaq tutmağa çalışırdılar. Bizə elə baxırdılar ki, sanki başqa millətdən olmaq – yoluxucu, sağalmaz, qorxulu bir xəstəlikdir. Səbəb isə bəsitdi, biz onlardan deyildik – “yad” (çujoy) idik. Anamın o anlarda kədərlə susduğunu xatırlayıram... Bir də xatırladıqlarım arasında valideynlərimin ildə-əyyamda bir dəfə “Azərbaycana gedirik” sevinci və coşqusu da yer alır…

Mən o şovinist baxışların mənasını və səbəbini uşaq ağlımla anlaya bilmirdim, amma yaddaşıma hopub: biri sənə insan kimi yox, potensial təhlükə kimi baxanda yaranan o qəddar soyuqluğu, ögey münasibəti indi də dünənmiş kimi xatırlayıram, unutmamışam. Aradan 40 ilə yaxın zaman keçsə də ...

Lakin bu cür münasibətin müqabilində azərbaycanlılar daim mərd davranışları ilə seçilirdilər. Məsələn, 1988-ci ildə süd zavodunda sürücü işləyən atam nahar fasiləsində evə gələrkən məhəllədə avtomobilin vurub qaçdığı və yolun ortasında qalan bir rus kişini zavodun maşını ilə təcili xəstəxanaya çatdırıb onu ölümdən xilas etmişdi...


***


Bütün bu yaşananların fonunda məni düşündürən suallar var: necə ola bilər ki, Puşkini, Dostoyevskini, Turgenevi, Tolstoyu, Şoloxovu oxumuş, Tarkovskinin, Menşovun filmlərinə baxmış, Çaykovskinin, Şostakoviçin bəstələrini dinləmiş (əgər adları çəkilənləri oxumayıb, baxmayıb, dinləməyiblərsə, bu da bir ayrı ayıb…) bir xalqın içərisindən hissiz, nifrət dolu, antihumanist, qəddar irqçi faşistlər yetişib rejimlərin başında rəhbərliyə keçirlər, ətraflarına da xeyli tərəfdarlar toplaya bilirlər?!

Yoxsa bu sənət(karlıq) də yalnız bizimkimilərin dünyagörüşü üçündür, onların bundan heç xəbəri də yoxdur?! Bu adıçəkilən sənət böyük(lük)ləri yurdunda niyə belə alçaq(lıq)lar yaşanıb və yaşanır? Rus mədəniyyətinin bəşəri idealları niyə rus siyasətində heç öz əksini tapmır?! Niyə onların ədəbiyyatlarının, mədəniyyətlərinin humanist dili ilə siyasi ritorikasının zəhərli nəfəsi tamamilə bir-birinə ziddir?! Görünür, bu da bir cür lənətdir…


***


Bəlkə də, bütün bu uşaqlıq yaşantılarının ruhuma yüklədiyi ağırlıqdandır ki, doğulub böyüdüyüm Rusiya ilə bağlı qəlbimdə qocaman bir yadlıq duyğusu daşıyıram. Yetkinlik yaşına çatanda da Rusiya vətəndaşlığı almaq hüququm və imkanım olduğunu biləndə belə imtina etmişdim, buna qətiyyən həvəsim yox idi.
Deyirlər, doğulub böyüdüyü yerlər insana əziz olur, lakin Rusiya bu gün imkan olsa belə, geriyə qayıdıb görmək, nələrisə xatırlamaq istəmədiyim yaddan da yad torpaqdır...

Hələ onda da sovetlər rejimi “xalqların beynəlmiləlçiliyi, birgəyaşayışı” adı altında bütün millətləri və 15 “respublika”nı iç-içə yığıb bir-birinin eynisi olan ruhsuz klassik rus kuklalarına – şən matryoşkalarına çevirmək istəyirdi… Gülünc olan odur ki, hələ də o havadadırlar, hələ də istəyirlər…

Rus siyasi dairələri hələ də əski(l)miş şovinizmin, imperial ambisiyaların içində və "böyük Rusiya" mifinin toz basmış səhifələrində eşələnməyə davam edirlər. Gah göz qorxudaraq, gah gözdağı verərək, gah da göz boyayaraq! Şovinist ritorikalı, faşist düşüncəli siyasi avantüristlər unudurlar ki, Azərbaycanın suverenliyi kağız üzərində deyil, xalqın qanla yazılan yaddaşında yer alıb.

Bu torpağın hər qarışı, hər daşı istiqlalın şahididir. Bu gün müstəqil Azərbaycanın siyasəti yalnız milli maraqlar üzərində qurulub – istər Qarabağda haqq savaşında, istər enerji diplomatiyasında, istərsə də beynəlxalq münasibətlərdə…


***


…Rus faşizmi, əslində, öz çöküşünün təlaşındadır. Bu şovinizmin hazırkı ideoloji mahiyyəti, əslində, kolonial düşüncənin modern formasıdır. Bu düşüncə milli sərhədləri tanımır, mədəniyyətləri assimilyasiya obyekti, dövlətləri idarəolunan subyekt kimi görür. Faşist tendensiyalı bu arqumentlərin əsasında sadəcə millətlərin siyasi iradəsinə yox, eyni zamanda onların milli kimliyinə qarşı sistematik təzyiq göstərmək durur. Rusiyada mədəni və siyasi geriləmənin ağrısını başqalarına yönəltməklə, aqoniya vəziyyətindəki imperiyanı “süni nəfəs aparatında” yaşatmaq istəyirlər. Amma zamanın hökmü dəyişib – artıq millətləri zorla əymək, gözlərini qorxudub öz dediyini yeritmək dövrü çoxdan keçmişdə qalıb. Bu qəbuledilməz yanaşma qarşısında Azərbaycan həm strateji, həm mədəni, həm də tarixi əsaslara söykənən dərin mövqe nümayiş etdirir.

Azərbaycan təbii ki, durub şimal qonşusu ilə müharibə etməyi düşünmür, amma ən yüksək səviyyədə qətiyyətlə sözünü deməyə, hökmünü göstərməyə davam edir və edəcək.

Azərbaycan uzun illərdir ki, öz milli iradəsini qoruyan, strateji gələcəyini özü müəyyənləşdirən dövlətdir. Və məhz bu fakt - kiçik gördüyü bir xalqın, dövlətin və liderin böyük, sarsılmaz siyasi iradəyə sahib olması rus şovinistlərinin dözə bilmədiyi gerçəklikdir.

Azərbaycan isə artıq izah etmir, hər sferada sübut edir. Sübut edir ki, biz heç kimin “şən matryoşkalar”ı deyilik…

P.S. Sonda onu da qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə qeyri-rəsmi qeyd edilən "Sevgililər Günü"nün "ərsəyə gəlməsində" də rus faşizminin qanlı imzası var...

# 863 dəfə oxunub

Oxşar xəbərlər

Qədim gil tabletlər İraqa qaytarıldı

Qədim gil tabletlər İraqa qaytarıldı

18:20 30 iyun 2025
Sezen Aksu Süni İntellektlə  klip çəkdirdi

Sezen Aksu Süni İntellektlə klip çəkdirdi

18:00 30 iyun 2025
Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

16:15 30 iyun 2025
“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

16:10 30 iyun 2025
“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

16:05 30 iyun 2025
"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

15:13 30 iyun 2025
#
#
# # #