siz qocalmadınız,
sadəcə köhnəldiniz...
Rasim Qaraca
Ötən həftənin cümə günü Qafqaz Evində maraqlı bir konsertdə iştirak etdim. Sözün həm məcazi, həm də elə həqiqi mənasında bu əsl konsert idi. Umka adlı müğənni qadın əvvəlcə şeirlərini, sonra isə mahnılarını oxudu. Bu onun ikinci konserti idi ki, iştirak edirdim. Zala təxminən 80- 100 adam yığışmışdı. Dinləyicilər əsasən Tiflisdə yaşayan rusdilli gürcülər, Tiflisdə yaşayan və şəhərə qonaq gəlmiş ruslar idi. Rusdilli gürcülərin və Tiflisdə yaşayan rusların çox depressiv görünüşü vardı.
Bir zaman çox aktiv və gərəkli olmuş adamlar baş vermiş bir çox tarixi proseslərin nəticəsində indi “out” vəziyyətinə düşüblər. Özləri də bunu anlayırlar. Ona görə də bu kimi tədbirlər onlar üçün bir növ nəfəslik rolunu oynayır. Əgər siz Qriboyedov adına Rus Dram Teatrına getsəniz Tiflisin əzilmiş, bir küncə sıxışdırılmış rusdillilərini rahatca kənardan müşahidə edə bilərsiniz. Xüsusən 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan rusdillilərinin vəziyyəti xeyli ağırlaşdı. Gələcəkdə rus dilinin və rusdillilərin vəziyyətinin necə olacağı isə siyasi proseslərdən asılıdı. Hər şey ola bilər. Bu gün küncə sıxışdırılmış adamlar sabah təzədən çox vacib personalara çevrilə bilərlər. Amma bu bizim mövzumuz deyil, siyasi mənada proqnozlar verməyi sevmirəm, ümumiyyətlə siyasətə qarışmaqdan xoşum gəlmir. Qayıdaq Umkanın konsertinə.
Zalda əyləşənlər arasında sovet dövründə xeyli məşhur və nüfuz sahibi olmuş bir qopqoca tənqidçi də vardı. Görünür bu qoca tənqidçi sovet dövründə keçirilən şeir gecələri üçün çox darıxmışdı. Umka şeirlərini oxumağa hazırlaşan vaxt qoca tənqidçi dözməyib bir sual verdi:
- Siz şair olduğunuzu nə vaxt hiss etməyə başladınız?
Birinci konsertdən sonra Umkayla bir pivə məclisində iştirak etmişdim. Həmin məclisdə bir çox məsələlər haqqında söhbətlər, müzakirələr olmuşdu. Umkanın suallara çox konkret cavabları vardı. Mən onu diqqətlə müşahidə etdim və başa düşdüm ki, bu qadın həyatın hər bir üzünü görüb. Böyük həyat təcrübəsi var. Məlumatlı insandı. Həyatla bağlı suallarına özlüyündə cavab tapıb. Heç nə onu narahat etmir. Zahirən rahatdır. Belə adamlar ya çox güclü iradəyə malik olurlar, ya da hər şeylə razılaşdıqlarından hər bir narahatçılığı beləcə sakitcə qəbul edirlər. Umkanın necə bir adam olduğunu uzun-uzadı yazmayacam. Bu mahnını dinləsəniz bəs edər (Mahnı yazının sonunda). Bəli, qoca tənqidçi birinci suala cavab almamış ikinci sual verdi. İkinci sual da birinci sual kimi çox yersiz və dəxilsiz sual idi. Üçüncü sualla isə qoca tənqidçi lap onluğa vurdu:
- Siz postmodernistsiniz?
Umka suallara düz-əməlli cavab vermədi. Başladı şeir deməyə. Özü də ötən əsrin şairlərini yamsılamaqla. Onun əl hərəkətləri və səsi şeirlərin məzmunu ilə tamamilə tərsmütənasib idi. Şeirlərin çoxu sovet cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuşdu. Umka isə bu şeirləri Mayakovski kimi söyləyirdi.
Qərəz, bu qadın bu qoca tənqidçini xeyli ələ salıb doladı. Mənim o qoca tənqidçiyə çox yazığım gəldi. Köhnəlmək nə pis şey imiş. Səni dolayırlar, sən isə bundan xəbərsiz ciddi-ciddi suallar verməkdə davam edirsən. Vaxt keçdikcə zalda əyləşənlərin çoxu başa düşməyə başladı ki, Umka sadəcə qoca tənqidçiylə qəddarcasına məzələnir. Amma qoca tənqidçi bunu başa düşmürdü ki, düşmürdü. Elə bir tərəfdən ciddi-ciddi suallar verirdi və adamlara da sübut etmək istəyirdi ki, bunlar ciddi şeir deyil. Konsertdən sonra balaca həyətdə bir tanışımla söhbət etdim. Dedim:
- Qoca tənqidçiyə yazığım gəldi. Umka onunla çox qəddarcasına davrandı.
O da dedi:
- Hə, Umka çox qəddardı. Belə adamları heç bağışlamır.
Həmin gün qoca tənqidçinin düşdüyü gülməli vəziyyətə baxmaq mənim üçün o qədər də asan deyildi, amma nə etməli, bir çox adamlar öz yersiz ciddilikləri ilə özləri özlərini gülməli vəziyyətə salırlar. Bizim Yazıçılar Birliyinin və digər birliklərin divarları arasında çoxlu belə canlı karikaturalar var. Əlbəttə, insanın yaşı onun görünüşü ilə ölçülmür. Pasportda təvəllüdü bildirən rəqəmlər də yaş göstəricisi deyil.
İnsanın yaşı onun təfəkkürüdü. Təfəkkürümüz hardadırsa özümüz də ordayıq. Adam var yeddinci əsrdədi. Adam var mağara təfəkküründə qalıb. Adam var on dördüncü əsrdə ilişib qalıb. Bu mənada bizim ölkədə gənclərin çoxu vaxtsız qocalıblar. Baxırsan iyirmi yaşlı oğlandı, elə müdrik-müdrik danışır, elə bil artıq yüz yaşı var. Özündən xəbəri yoxdu, ölub, aparıb basdıran lazımdı. Ən böyük məğlubiyyət zamana məğlub olmaqdı. Ən böyük qələbə zamana qalib gəlməkdi.