Vatikanın tənqid etdiyi yazıçı - O, Nobel mükafatı alandan sonra niyə kədərlənmişdi?

Vatikanın tənqid etdiyi yazıçı - O, Nobel mükafatı alandan sonra niyə kədərlənmişdi?
20 oktyabr 2025
# 16:15

20 oktyabr tanınmış avstriyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elfrida Yelinekin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin haqqında diqqətçəkən faktları təqdim edir.

Elfrida Yelinekin əsərləri cəmiyyətin ən qaranlıq künclərinə işıq salır: qadın bədəni üzərində hakimiyyət, seksual zorakılıq, patriarxallıq, faşizm və kapitalizmin iç üzü onun əsas mövzularıdır. Cəsarətli və sərt dili ilə tanınan Yelinek təkcə ədəbi çevrələri deyil, ictimai fikri də silkələməyi bacarıb.

Elfrida 1946-cı ilin 20 oktyabrında Avstriyanın Mürzzuschlag şəhərində anadan olub.

Anası alman-katolik burjuaziya təbəqəsinə mənsub idi, atası isə çexiyalı işçi sinfindən olan bir yəhudi idi.

İkinci Dünya Müharibəsində atasının kimyaçı olaraq sənayedə çalışması ona sağ qalmağa şərait yaratsa da, ailəsinin bir çox üzvü Holokostun qurbanı olub.

Musiqi ilə erkən yaşda tanış olan Yelinek, pianino və orqan üzrə konservatoriyanı bitirib. Ancaq onun həyatının dönüş nöqtəsi — təşviş pozuntuları səbəbilə təcrid olunaraq evə qapanması zamanı baş verir.

Bu müddət onun ciddi ədəbiyyata giriş dövrü olur.

Yelinek təkcə yazıçı deyil, eyni zamanda siyasi aktivist idi. 1970-ci illərdən etibarən Avstriya Kommunist Partiyasının üzvü olan Yelinek, faşizmin, irqçiliyin və qadınlara qarşı sistemli zorakılığın sərt tənqidçisi kimi çıxış edirdi.

Xüsusilə, ifrat sağçı siyasətçi Jörq Haiderə qarşı çıxışı ilə ictimai müzakirələrin mərkəzinə düşmüşdü.

Əsərlərindəki dil və üslub onu gah sevdirir, gah da sərt tənqidlərə məruz qoyur.

O, özünəməxsus şəkildə “kişilərin hökmranlıq etdiyi dünyada qadın təcrübəsini” bəzən çılpaq, sərt və təhrikedici formada təsvir edirdi.

Yelinekin yaradıcılığına poeziya, roman, dram, libretto, ssenari və hətta musiqi bəstələri daxildir.

Əsərlərində qadınların cəmiyyətdə obyektləşdirilməsi, seksuallıq və güc münasibətləri dərin şəkildə işlənir.

1975-ci ildə çapdan çıxan və vətənpərvər Avstriya romanına marksist-feminist parodiya olan "Sevgililər" romanı Yelinekin simasında milli ədəbiyyata güclü və orijinal yazıçının gəldiyini göstərdi.

"Bağlı qapı arxasında" (1980) adlı növbəti əsərində Yelinek Avstriya cəmiyyətinin ciddi çətinliklərindən birini — yaxşı ailələrdə böyüyən "pis uşaqlar" problemini gündəliyə çıxarmışdı. Artıq onun yaradıcılığında milli varlığın və mentalitetin tənqidi yüksələn xəttlə davam edirdi.

Elfrida Yelinekin "Pianoçu" (1983) və "Şəhvət" (1989) romanlarında qadına münasibətdə seksual zorakılıq problemi işıqlandırılmışdı. Xüsusilə "Pianoçu"da müəllifin şəxsi həyatı ilə bağlı motivlər qabarıq şəkildə əks olunmuşdu.

Hər iki roman Avstriya cəmiyyətində ciddi əks-səda doğurmuş və geniş polemikalara səbəb olmuşdu. "Pianoçu"nun motivləri əsasında tanınmış Avsrtiya rejissoru Mixael Xanakenin çəkdiyi eyni adlı radikal səciyyəli film bir sıra yüksək mükafatlar qazanmışdır.

Yaradıcılığı, insanlara və hadisələrə münasibəti baxımından Elfrida Yelinek kifayət qədər ziddiyyətli yazıçıdır. Məhz bu səbəbdən də, Avstriyanın ədəbi elitası arasında onun əsərlərini az qala bədiilik etalonu səviyyəsinə qaldıranlar olduğu kimi, adi və bayağı pornoqrafiyadan fərqləndirməyənlər də yox deyildir.

Vatikan onu "absolyut nihilizmin" bayraqdarı hesab edir və onu "söz yaradıcılığında" ədəbsizliyi yaydığına görə kəskin tənqid edir.

Yelinekin səhnə əsərləri də ölkəsində populyardır. "Klara Ş." (1982), "Ehtiras, yaxud yol açıqdır" (1986), "Bulud. Ev" (1988), "Düşərgə, yaxud bu işlə hamı məşğul olur" (1994), "İdman" (1998), "O, özü olduğu kimi deyil" (2000) pyesləri ölkənin ən yaxşı teatrlarda tamaşaya qoyulub.

1998-ci ildə Zalsburqda keçirilən ümumdünya teatr festivalının bütün repertuarı başdan-başa Elfrida Yelinekin əsərlərindən tərtib edilmişdi. Həmin il o, Avstriyanın ən nüfuzlu ədəbi mükafatı sayılan Büxner ödülünə layiq görülmüşdü.

2004-cü ildə Elfrida Yelinek "yalnız bu müəllifə xas ehtiraslı dillə cəmiyyət həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə" Nobel mükafatı almışdı. Müəllif təqdimat mərasimində iştirak etməmişdi. Nobel mühazirəsini isə İsveç Akademiyasına videogörüntü şəklində göndərmişdi.

Yelinek məhz özünün seçildiyi üçün çox sevindiyini, lakin ədəbiyyat Nobelinin populyarlığını daha da artırmasından və ictimai şəxsiyyətə çevirməsindən kədərləndirdiyini bildirib.

İsveç Akademiyasının bu seçimi də mübahisəsiz ötüşməmişdi. Akademiyanın üzvü Knut Ahnlund həmkarlarının qərarına qəti etirazını bildirərək Elfrida Yelinekin yazdıqlarının ədəbiyyat deyil, ictimai pornoqrafiya, bədiilikdən məhrum sistemsiz söz yığını olduğunu iddia edib.

Mükafatla bağlı qərar qəbul olunandan sonra Ahnlund bu addımın "yalnız mütərəqqi qüvvələrə deyil, bütünlükdə ədəbiyyat və sənət anlayışına sağalmaz yara vurduğunu" bildirərək İsveç Akademiyası üzvlüyündən istefa verdiyini açıqlamışdı.

Yelinek əslində təbiəti etibarı ilə şöhrətə can atan adam olmadığından adı və əsərləri ətrafında yaranan bütün bu ajiotajın fövqündə dayanaraq yeni əsərlər üzərində işləməyə davam edir...

# 728 dəfə oxunub

Oxşar xəbərlər

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva öz ərizəsi ilə işdən ayrıldı

Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva öz ərizəsi ilə işdən ayrıldı

19:10 13 dekabr 2025
Muğamları ilk dəfə tar üçün etüdləşdirən sənətkar - Onun atasını niyə güllələmişdilər?

Muğamları ilk dəfə tar üçün etüdləşdirən sənətkar - Onun atasını niyə güllələmişdilər?

13:50 13 dekabr 2025
Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş müəllif konserti

Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş müəllif konserti

12:25 13 dekabr 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:50 13 dekabr 2025
İnsanlarla həmsöhbət olan tabloların müəllifi - Vidadi Nərimanbəyov

İnsanlarla həmsöhbət olan tabloların müəllifi - Vidadi Nərimanbəyov

11:40 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər