Kulis.az Rəna Nevzatın "Linç terroru" yazısını təqdim edir.
Son illərdə sosial şəbəkələrdə qəribə bir “ədalət məhkəməsi” qurulub. Kiminsə şəxsi videosu, səsi, mesajı ifşa olunur, paylaşılır, müzakirə edilir və dərhal yüzlərlə, minlərlə insan onun üstünə "urra" deyərək hücum çəkir.
Hamı bir anda hakimə, prokurora, cəllada çevrilir. Bütün aqressiyasını tökür o adamın üstünə.
Buyur. Biri təhqir edir, biri məsxərəyə qoyur. Heç kim fikirləşmir ki, kiminsə həyatı dağıla bilər.
Doğrudan da, heç kim bunu fikirləşmir. İnsan həyatının gözümüzdə bu qədər adiləşməsi təəssüf doğrur.
Bütün bunları düşünəndə Yəhyanın İncilindəki bir hissəni xatırlayıram. Zina edərkən tutulan bir qadın şəhər meydanına gətirilir və qanunlara görə daşqalaq edilməlidir.
Camaat İsanı sınağa çəkmək üçün ondan soruşurlar ki, qadına hansı cəza verilməlidir? Bu vaxt İsa başını qaldırıb deyir: “Sizdən kim günahızdırsa, ilk daşı o atsın”.
Beləliklə, bu sözü eşidən camaat bir-bir oradan çəkilirlər. Qadın mühakimə olunmur.
Bu əhvalatın üstündən iki min il keçib. Amma dəyişən az şey var. Adamlar hələ də əllərində daş kiməsə atmağa fürsət gəzirlər və ən dəhşətlisi odur ki, heç kim özünü günahkar bilmir.
Nə baş verdi, necə baş verdi ki, birdən ifşa və linç cəmiyyətinə çevrildik?
Əslində, “ifşa” videolarının çoxu ədalət axtarışından yox, tamaşa həvəsindən doğur. Tutaq ki, orta əsrdəsən, kimisə dara çəkirlər, hamı toplaşıb bu “maraqlı hadisəyə” tamaşa eləyir.
Dünən daraçəkmə idi, bu gün linçləmə. Dəyişən nədir? Eləcə qabıq.
Günəşin altında hər şey eynidir.
İndi də kiminsə səhvini, günahını, düşdüyü ağır vəziyyəti görmək insanlara zövq verir. Bundan lap ləzzət alırlar. Burnumuzu başqalarının həyatından çəkə bilmədik.
Elə bil başqasının ağrısı, iztirabı həyatımızdakı boşluqları doldurur. Artıq başqasının faciəsinə baxıb sakitləşirik.
Dayanmadan inkişaf edən psixologiya elmi bu fenomenə bir ad qoyub. “Şadenfreude”. Çətin addır, amma mənası tanışdır: başqasının zərərindən sevinc duymaq.
Bu, çox qorxuludur.
Şəxsən mən çox qorxuram.
Axı empatiya hissi olmadan yaşamaq necə mümkündür?
Hər "ifşa" videosunun arxasında bir insan, o insanın ailəsi, dostları, sevdikləri, bəlkə də, uşaqları var... Bunu görmürük. “Layk”, “baxış” sayı daha insan həyatından önəmlidir.
Paylaşarkən düşünmürük ki, nəticədə kiminsə həyatı alt-üst olacaq. O insan özünü öldürmək həddinə gələcək.
Son illərdə sosial şəbəkədə yayılan ifşa videolarından sonra intihar edən insanların sayı az deyil.
Əvvəllər insanlar sosial şəbəkələrə özləri kimi insanlar tapmaq, o insanlarla ünsiyyət qurmaq üçün girirdilər. Burada tanıdığı insanlara görə təklikdən, tənhalıqdan xilas olurdular.
Sosial şəbəkələr məsafələri qısaldır, hamını görünən eləyirdi, ancaq hər şey sürətlə dəyişdi. Bugünkü tendensiya göstərir ki, artıq insanlar sosial mediada da boğulurlar.
Deyəsən, nəfəs almağa məkan tapmayacağıq.
Bu, mənəvi çürümədir. İnsanlıq yavaş-yavaş rəqəmsal zəncirlərin altında əzilir. Bir-birimizin səhvlərini bağışlamaq əvəzinə, onları xalqa tamaşa kimi təqdim edirik.
Çoxları deyir: “Biz haqlını haqsızdan ayırırıq. Yaxşı ilə pisin fərqi olmalıdır. Bunları ona görə paylaşırıq ki, insanlar baxıb ibrət götürsünlər. Başa düşsünlər ki, belə eləmək olmaz”.
Doğrudan da, insan həyasızlığının sərhədi yoxdur.
Buna deyirlər, əxlaqsızlığı ədalət sözü ilə "sıvamaq". Ümumiyyətlə, çox zaman insanlar öz pis işlərini gözəl sözlərlə pərdələmək istəyirlər.
Özləri də buna inanırlar. Axı şər də olsan, öz şərliyinə haqq qazandırmalısan.
Məsələn, cinayət törədir, adam öldürür, adını qoyur “namus”.
Pis şeyi gözəl sözlərlə nə qədər sıvasan da, qoxusu yenə gələcək.
Ədalət axtarmaq təhqirlə, məsxərə ilə olmur. Ədalət başa düşmək, mərhəmət, ədəb və empatiya tələb edir.
Cəmiyyət sanki “qisas” duyğusu ilə yaşayır. Nəticədə, heç kim bir-birinə güvənmir. Hamı bir-birindən qorxur.
Azərbaycanda bu cür halları tənzimləyən qanun mexanizmləri zəifdir.
İnsanların şəxsi həyatına, görüntülərinə, səsinə izinsiz toxunmaq cinayətdir. Amma sosial mediada bu, demək olar ki, cəzasız qalır.
Platformalar məsuliyyət daşımır, istifadəçilər isə “mən paylaşmadım, sadəcə gördüm” deyərək məsuliyyətdən qaçır. Halbuki hər paylaşım bir növ zorakılıqdır: psixoloji, mənəvi və sosial zorakılıq.
Əvvəllər insanlar başqasının sirrini qorumağı, onun arxasınca danışmamağı tərbiyə sayırdı. İndi isə sirr saxlamaq zəiflik, paylaşmaq cəsarət hesab olunur.
Ən böyük təhlükə isə odur ki, biz artıq bu hallara alışmışıq.
Kimsə ifşa olunur, bir neçə gün danışılır, sonra unudulur. Yeni bir video gəlir və həyat davam edir.
İnsanların rüsvay olması adi xəbərə çevrilib. Bu, cəmiyyətin mənəvi diriliyini itirməsinin göstəricisidir.
Biz yavaş-yavaş duyğusuz, başqasının ağrısına laqeyd bir toplum oluruq.
Bu problem tək qanunla həll olunmur. Əsas məsələ tərbiyə və vicdandır. İnsan “paylaş” düyməsini sıxmazdan əvvəl bir anlıq dayanmalı və düşünməlidir: “Əgər mən onun yerində olsaydım, necə hiss edərdim?”
Bu sadə sual çox faciələrin qarşısını ala bilər.
Məktəblərdə, ailələrdə və ictimai yerlərdə “rəqəmsal etika” anlayışı formalaşdırılmalıdır. Uşaqlara, gənclərə öyrədilməlidir ki, sosial şəbəkə ağzına gələn yazmaq, paylaşmaq yeri deyil.
Hər söz, hər şəkil, hər paylaşım birinin həyatına təsir edir.
Biz bu sadə həqiqəti başa düşənə qədər “ifşa” cəmiyyəti olaraq qalacağıq.
Qorxan, bir-birinə güvənməyən, başqasının ağrısına biganə bir cəmiyyətdə heç kim yaşamaq istəməz.