Əlisəmid Kür ölüm ayağında mənə nə demişdi? - Nadir Yalçın

Əlisəmid Kür ölüm ayağında mənə nə demişdi? - Nadir Yalçın
20 oktyabr 2025
# 12:00

Kulis.az Nadir Yalçının “Kürə elegiya” yazısını təqdim edir.

Cəfər Mehdinin oğlu, balabançı kor Əlisəmidin adaşı ilə sağollaşma


Oktyabrın 12-i səhər 9-da Umud Rəhimoğluya zəng edib məni Əlisəmid Kürgilə aparmağını xahiş edirəm. Çox keçmir, maşını həyətimizdə görünür. Yolun yarısında şairin qızı “Atam evdə deyil, Sabunçu xəstəxanasına aparmışıq” deyir. Tərəddüd etmədən Umud müəllim istiqaməti dəyişir.

Əvvəlcə, terapevtik reanimasiya şöbəsinə gedirik. Deyirik, Cəfərov Əlisəmid Mehdi oğlu... Deyirlər, burda elə adam yoxdur. Sonra birdən soyad və ata adını səhv dediyimizi başa düşüb düzəliş edirik: Mehdiyev Əlisəmid Cəfər oğlu.
Tapılmır. Onun ölümü də, xəstəliyi də həyat tərzinə və bu həyat tərzinin yaratdığı şeirlərə bənzəyir. Əlisəmid Kür gah Dövlət Tərcümə Mərkəzində olurdu, gah şəhərdə, gah hansısa tədbirdə, gah evdə... Hər an onla rastlaşa bilərdin. Bu dəfə tapmırıq və Əlisəmid Kür ilk dəfədir ki, onunla görüşmək istəyənləri hardasa qarşılamır.

Birazdan cərrahi reanimasiyada olduğu deyilir. Digər binaya gedib üçüncü mərtəbəyə qalxırıq. İsrarlı xahişlərdən sonra bir dəqiqləlik görüş üçün icazə verilir.

Onu vəziyyəti ağırlaşandan sonra ilk dəfədir görürəm. Sınıxıb, təngnəfəsdir, nanə yarpağı kimi əsir. Bizi görüb gülümsəyir. Tibb bacısı Əlisəmid müəllimdən bizi tanıyıb-tanımadığını soruşur. Başı ilə təsdiqləyir.

– Narahat olma, hamıyla danışmışıq, həkimlərlə də ünsiyyətdəyik. Nə lazımdısa edəcəklər. Yaxşı? – Umud müəllim dostunun əllərindən yapışıb deyir.

– Evə aparacaqsız məni? – Əlisəmid Kürün gözləri dolur.

– Hələ yox, həkimlər sabah lazım olan müayinələri edəcəklər, vəziyyət bir az düzəlsin aparacağıq, – tərəddüdlə deyirəm.

Əminlik kimi gözlərini möhkəm qırpır. Bu ağır vəziyyətdə “çox sağ ol” deməyi də unutmur.

Tibb bacısı soruşur: “Əlisəmid Kür Həsən Kürün qohumudur?”

Aylar əvvəl şair dostumuz Həsən Kür çox ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdirilmişdi. Həkimlər onu dirçəltsə də, xəstəxanadan çıxandan bir müddət sonra travma nəticəsində beynində yaranan bir damar problemi nəticəsində vəfat etdi. Əlisəmid Kür Həsən Kürə “Kür” təxəllüsünə görə acıqlanırdı, deyirdi sən “Kür Həsən” təxəllüsünü götür. Həsən isə deyirdi, nolsun, siz də Kür, mən də Kür. İndi tibb bacısının sualına: “Qohum deyillər, amma ikisi də salyanlıdı”, – deyə cavab verirəm.

Əlisəmid Kürün yanından ayrılandan sonra xəstəxananın rəhbərliyi vəziyyətin ağır olduğunu, amma əllərindən gələni əsirgəməyəcəyini deyir. Bu təsəlli bir zarafat kimi gəlir. Həyatın heç bir mərhələsində Əlisəmid Kürün başına gələn bütün yaxşı və pis şeylərə müdaxilə mümkün olmayıbsa, demək, daha heç nə onun 1 saat, 1 dəqiqə ömrünü uzatmağa qadir deyilmiş…

Bu fikrin üstündən 12 saat keçməmiş – oktyabrın 13-ü səhər, Kürün ən gözəl görünən çağı Əlisəmid müəllimin bu dünyayla bütün işlərinin qurtardığı xəbəri gəlir, 40 illik dostları Umud Rəhimoğlu və İslam Babazadə ilə birlikdə Salyana yollanırıq. Şair Alik Əlioğlu da arxamızca gəlir.

Əlisəmid Kürün son sözünü — son istəyini xatırlayıram. İndi özünün də dediyi kimi, onu evə aparırıq…

***

Kürün məcrası dəyişir. Necə ki, nə Kür daşanda, nə quruyanda bir insan bəndəsinin nəyinsə qarşısını alması müşkül məsələdir, Əlisəmid müəllimi də heç nə saxlaya bilmir, Kürə qoşulub indi axır.

– Çoxdandır şəhərdə yaşayıram, Salyana ara-sıra gəlib gedirəm. Heç bilmirəm kim qalıb, kim qalmayıb. Hərdən kim ölüb, kim qalıb soruşmağa da qorxursan, – əslən Salyandan olan qələm adamı, keçmiş “Qorkiçi” İslam Babazadə deyir.

– Daha bir pis xəbərdən sığortalandın, bir də Əlisəmidin ölüm xəbərini eşitməyəcəksən, – Umud Rəhimoğlu cavab verir.

Yolboyu Əlisəmid Kürdən danışırlar, olanları, keçənləri dilə gətirirlər.

Amma bir təyin, bir tərif, bir oxşama... heç nəyə bərabər deyil. Əlisəmid Kürün cənazəsi Hacı Salman məscidində qadınların əhatəsinə qoyulanda şairin bacısı Nənəqız onu oxşayıb ağlıyırdı. Deyirdi, ağıllı Əlisəmid, ağıllı Əlisəmid, ağıllı Əlisəmid...

Hamı Əlisəmid müəllimi dəli-dolu, ipə-sapa yatmayan, kür adam kimi tanıyırdı. Onun nə vaxt necə reaksiya verəcəyi, nə deyəcəyi məlum deyildi. Çünki orijinal idi. O, bu həyatda hər cür təyin və tərif eşitmişdi: yaxşı şair, yaxşı dost, dəli-dolu Əlisəmid...

“Ağıllı Əlisəmid” – bu sonuncu tərifini və təyinini eşitmək üçün, yəqin, ona ölüm lazım imiş...

O məşhur mahnıya Əlisəmidsayağı düzəliş edib -

Kür Bakıdan axdı gəldi,
Yola kədər taxtı gəldi...
Ay mənim ana Kürüm... – dodaqaltı mızıldanıram. Kürün körpüsünü adlayıb bu yerlərə sonuncu dəfə atamın cənazəsini gətirmişdim. İndi isə bu yükün üstünə söz yükü də əlavə olunur və Kür özünə oxşayan şair balasını qarşılayır. Salyan yeganə rayondur ki, Kür onun başına dolanır. Kür Əlisəmidin başına dolanmalıydı, Əlisəmid Kürün haqqını verdiyi kimi, Kür də Əlisəmidin haqqını bir gün mütləq verməliydi və o gün bu gün idi.

Salyanın tanınmış ədəbiyyat müəllimi, atası Cəfər Mehdinin yanında torpağa tapşırılanda Əlisəmid Kürün -
Adamlar dəyişir havalar kimi,
Niyə dəyişmədin, Cəfərin oğlu?!. – misralarını xatırlayıram, fikirləşirəm, Əlisəmid Kür dünyasını dəyişsə də, ölüncə xarakterini dəyişmədi.

Umud Rəhimoğlu dostunun məzarı önündə deyir: “Qəribədir, ilk və son dəfədi Salyana Əlisəmidlə gəlirəm, amma Əlisəmidsiz qayıdıram”.

***

Həmin gün axşam Salyandan Bakıya – birbaşa işə gəlirəm. APA-nın redaktoru Məhbubə Qasımbəyli sayta xəbər yerləşdirib şəkil yükləmək istəyir.

“Kürdən kiminsə meyiti tapılıb. Çayın şəklini yükləmək üçün şəkillər olan sistemdə axtarış yerinə “Kür” yazıram. Çayın şəkli əvəzinə, sistemdə Əlisəmid Kürün şəkilləri çıxır”, - Məhbubə xanım deyir.

Məhbubə xanımın sözlərindən sonra sağlığında Əlisəmid Kürə həsr etdiyim şeiri oxuyuram:

Alnının qırışından,
taleyin qarğışından,
şikəstə oxuyan aşığa
ağlamağından tanıyıram mən səni…
ağla, Kürüm, ağla, mən ölüm.

Saçının ağlığı taleyin qara oyunu,
dara atların telini,
ara bu ömrün toyunu —
Bir qol qaldır,
çağla, Kürüm, çağla, mən ölüm.

Torpağımı cadar-cadar
gördüm, böyüdüm.
Əllərini cadar-cadar görəndə
əlimi əlimə vurub
bir şaqqanaq çəkdim
bu nainsaf dünyaya,
bu naqolay gərdişə.
Açdın qollarını əzaba sarı,
bağla, Kürüm, bağla, mən ölüm.


# 591 dəfə oxunub

Oxşar xəbərlər

“Yaxşı oğlan” olmaq üçün... - Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar

“Yaxşı oğlan” olmaq üçün... - Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar

14:20 20 oktyabr 2025
“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi  seçilib

“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi seçilib

14:00 20 oktyabr 2025
Nizami Rəmzinin qızı həbs olundu

Nizami Rəmzinin qızı həbs olundu

13:23 20 oktyabr 2025
Xalq yazıçısı Anar:  "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO

Xalq yazıçısı Anar: "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO

12:57 20 oktyabr 2025
“Küçə sənətçiləri”  layihəsi üçün müsabiqə elan edildi

“Küçə sənətçiləri” layihəsi üçün müsabiqə elan edildi

11:45 20 oktyabr 2025
Luvr muzeyində baş verən oğurluğun görüntüləri yayıldı

Luvr muzeyində baş verən oğurluğun görüntüləri yayıldı

10:55 20 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər