Seymur Baycan
(uşaqlar üçün)
Evə saat 22:00-dan tez getmək mənə düşmür. Hər dəfə 22:00-dan tez evə gedəndə xoşagəlməz mənzərəylə rastlaşıram, nəsə axmaq bir hadisə baş verir. Ovqatım korlanır. Qanım qaralır. Ona görə də evə tez getməkdənsə bulvarda piyada gəzib təmiz hava udmaq, dostlarla çayxanada oturub çay içə-içə ədəbiyyatdan tarixdən söhbət etmək, bildiklərimi paylaşmaq, bilmədiklərimi öyrənmək mənim üçün daha xoşdur.
Üç gün idi yaxşı yata bilməmişdim. Yuxusuzluqdan əziyyət çəkirdim. Yorğunluq məni saat 22:00-dan tez evə getməyə məcbur etdi. Bir qismat çörək yeyib, bir stəkan çay içib yatağıma girib doyunca yatmaq, yorğunluğumu bədənimdən çıxarmaq istəyirdim. Lakin evə tez getməyin bu dəfə də cəzasını çəkdim. Ənənə pozulmadı. Anam astadan döydüyüm qapını açan kimi salam-kəlamsız, halımı soruşmadan birnəfəsə, həyəcanla dedi:
- Evə krisa girib. Tül pərdəni, xalçanı, televizorun qırağını yeyib. Evi yaman günə qoyub.
Anam vəziyyətin nə qədər dramatik olduğunu sübut etmək üçün əlavə etdi:
- Atanın şəklini də yeyib. Krisa evi dağıdır. Çıxara bilmirəm. Nə yaxşı gəldin. Paltarını dəyiş, krisanı evdən çıxart.
Yorğun, yuxusuz bir halda evdən siçovul qovmağa heç həvəsim yox idi. Üstəlik də mən siçovuldan bərk qorxuram. İlk dəfə siçovulu Bakıya gələndə görmüşəm. Açığı siçovulu görməmişdən əvvəl haqqında eşitmişdim. İgidin adını eşit, üzünü görmə. İlk dəfə Bakıya gələndə Lenin prospektində divarda belə bir yazı oxudum- “Anar krisadı”. Böyüdüyüm rayonda siçovullar yaşamırdı. Siçovullar yalnız böyük şəhərlərdə, bir də dəmiryol stansiyaları yerləşən qəsəbələrdə yaşayırdılar. Onlar sərnişin və yük qatarlarına minib bütün ölkəni gəzirdilər. Böyüdüyüm rayonda dəmiryol stansiyası olmadığına görə siçovullar gəlib biz tərəfə çıxa bilməmişdilər. Mən siçovullar haqqında çox söhbətlər eşitmişdim. Bilirdim ki, siçovullar istədikləri yerə dırmaşa bilirlər. Hara istəsələr girirlər. Hər şeyi gəmirib bərbad günə qoyurlar. Sürətlə törəyib artırlar. İlk dəfə siçovulu o vaxtlar Lenin prospekti adlanan indiki Azadlıq prospektində uşaq xəstəxanasının qarşısında gördüm.
Bərk qorxdum. Qorxsam da yerimdə donub bu yekə siçana baxırdım. Həyatımda bu boyda, bu yekəlikdə, belə uzun quyruqlu siçan görməmişdim. Bu rayonda gördüyüm siçanlardan ən azı on dəfə böyük siçan idi. Sonralar qarşıma tez-tez siçovullar çıxmağa başladı. Sovet dövründə tikilmiş ət kombinatları, çörək zavodları, mağazalar, un dəyirmanları söküldükcə bu obyektlərdə özlərinə məskən qurmuş siçovullar şəhərə yayıldılar. Hər tərəfi siçovul bürüdü. Hər addımda adamın qarşısına siçovul çıxırdı. Siçovullar adamlarla təxminən bir yerdə yaşayırdılar. Yadımdadı 28 Aprel metrostansiyasında siçovullar relslərin arasında gəzişirdilər. Qatar gözləyən adamlar siçovullara tum atırdılar. Stansiyaya yaxınlaşan qatarın işıqları relslərin üstünə düşəndə siçovullar dağılışırdılar. Qatar stansiyadan uzaqlaşdıqda siçovullar dəlmə-deşiklərdən çıxıb yenidən relslərin arasında gəzişirdilər.
Anam dayanmadan danışır, siçovulu evdən çıxarmaq üçün elə hey məni tələsdirirdi. Məni qəzəbləndirməkdən ötrü siçovulun rəhmətlik atamın şəklini yeməsini tez-tez təkrarlayırdı. Siçovul evdə xışıltı saldıqda anam deyirdi:
- Eşidirsən? Yeyir nəyisə. Evi yaman günə qoyub.
- Hardadı?
- Bayaq xalçanın arxasına girmişdi.
Bürmələnib evin bir küncünə qoyulmuş qiymətli xalçanın arxasına baxdım. Bu xalçanı anam hələ mən dünyaya gəlməmişdən əvvəl almışdı. Qırmızı rəngli bu xalçanı anam çox istəyirdi. Siçovul qiymətli xalçanın arxasından çıxıb çarpayının altına girdi. Onu yaxşı görə bilmədim. Uzun bir ağac tapıb siçovulu çarpayının altında ora-bura qovdum. Siçovul çarpayının altından çıxıb qaçaraq bu dəfə anamın İranın paytaxtı Tehran şəhərindən satmaq üçün gətirdiyi yumşaq oyuncaqların arasında gizləndi. Anam bərk qışqırdı. Onsuz da siçovul yumşaq dovşan, ayı, şir oyuncaqlarından bir neçəsinin qarnını deşmiş, bir neçəsinin qulaqlarını yemişdi. İndi isə qəzəblənmiş siçovul oyuncaqlara daha çox zərər vura bilərdi. Qulaqları yeyilmiş oyuncaqları heç kim almayacaqdı və ailəmiz xərcə düşəcəkdi. Nə qədər əlləşsəm də siçovulu oyuncaqların arasından çıxara bilmədim. Evimiz çox basırıq idi. Anam Tehrandan bir həftə əvvəl gəlmişdi. Evin hər tərəfi oyuncaqlarla dolu idi. Siçovul asanlıqla gizlənə bilirdi. Mən bərk əsəbiləşdim. Anamın deyinməyinə fikir verməyərək pencəyimi çiynimə atıb siqaret çəkmək üçün həyətə düşdüm. Binanın qarşısında skamyada oturub siqaret çəkirdim. Bizimlə bir binada yaşayan yeniyetmələrdən biri də blokdan çıxıb həyətə düşdü. Yaxınlaşıb salam verdi. Yanımda əyləşdi. Ordan-burdan danışdı. Onun danışdıqlarına reaksiya vermirdim. Beynimdə “siçovulu evdən necə çıxarmaq olar” sualına cavab tapmaq istəyirdim. Yeniyetmə onun danışdıqlarına o qədər də əhəmiyyət vermədiyimi hiss etdi. Yalnız hərdən nəzakət naminə “hə, həyatda belə şeylər olur” deyərək guya ona diqqətlə qulaq asdığımı nümayiş etdirirdim. Yeniyetmə danışdığı əhvalatı yarıda kəsib sual verdi:
- Müəllim, nəsə elə bil qanın qaradı, nə olub?
Dərdimi kimləsə bölüşməli idim. Dedim ki, evə siçovul girib. Evi dağıdır. Çıxara bilmirəm.
Yeniyetmə dedi:
- Aşağı məhəllədə bir arvad yaşayır. İki şirvana evdən krisa çıxarır.
Yeniyetməylə bir yerdə aşağı məhəlləyə evdən siçovul çıxaran qadıngilin evinə getdik. Yeniyetmə yolboyu qadın haqqında xeyli məlumat verdi. Qadını tanıdım, amma onun belə bir istedada, evdən siçovul çıxarmaq istedadına sahib olduğunu bilmirdim. Əvvəllər o qadın bizim binada yaşayırdı. Özündən balaca yaraşıqlı bir oğlana ərə getmişdi. Birinci ərindən doğduğu uşaqlar ikinci ərindən doğulmuş uşaqlara qarışmışdı. Onların evində çoxlu uşaq vardı. Bu uşaqları yedirtmək, geyindirmək çox çətin idi. Anam bizim köhnə paltarlarımızı bu qadına verirdi. Mən də hərdən kefim kök olanda uşaqlara saqqızdan, peçenyedən, konfetdən alırdım. Birinci ərindən doğduğu çoxlu uşaqla özündən balaca hədsiz dərəcədə yaraşıqlı bir oğlana ərə getməsi möcüzə sayıla bilərdi. Qadının ikinci əri sözün həqiqi mənasında çox yaraşıqlı oğlan idi. Bu oğlan istəsəydi şəhərin gözəl qızlarından biri ilə ailə qura bilərdi. Belə bir yaraşıqlı oğlanın kifir, çoxuşaqlı bir qadınla evlənməsi hamını düşündürürdü. Əgər qadının pulu olsaydı biz oğlanın özündən yaşda böyük qadınla buna görə ailə qurduğunu düşünərdik. Lakin qadın çox kasıb idi. Ən maraqlısı odur ki, bu yaraşıqlı oğlan kifir, kasıb, çoxuşaqlı qadını möhkəm sevirdi. Onlar bizim binada təxminən iki il yaşadılar. Sonra evlərini satıb aşağı məhəllə dediyimiz yerdə ev alaraq ora köçdülər. Onların yaşadığı evin həyət qapısını döydük. Qapını qadın özü açdı. Vəziyyəti izah etdim. Qadın məni tanıdı. Dedi ki, müəllim, mən krisanın birini evdən iki şirvana çıxarıram. Amma sənin xətrinə qiymətdə aşağı düşərəm. Bir şirvana krisanı sənin xətrinə evdən çıxararam. Razılaşdıq. Qadın evə qayıtdı. İki dəqiqədən sonra geyinmiş, hazır bir halda küçəyə çıxdı. Biz üçümüz gəldik bizə. Anam qadını görəndə heç nə başa düşmədi. Mən ona qısaca qadının nə iş görəcəyini başa saldım. Anamla qadın salamlaşıb bir-birlərinə çoxlu suallar verdilər. Bütün qadınlar kimi onlar da eyni vaxta bir neçə mövzuda söhbət etməyi bacarırdılar. Qısa vaxtda hər ikisi bir-birlərinə çoxlu məlumat ötürdülər. Kim ərə gedib, kim boşanıb, kim uşaq doğub. Kim uşaq doğmağa hazırlaşır… Anam siçovuldan xeyli şikayət etdi. Hətta bir-iki dəfə siçovula ürəkdən qarğış etməyi də unutmadı. Uşaqlıqda bu qarğışları çox eşitmişdim. Qadın pencəyini soyunub stulun başına atdı. O ərinin köhnə pencəyini geyinmişdi. Siçovulu evdən çıxarmağa hazır bir vəziyyətə gəldikdən sonra üzümə baxıb yavaşcadan dedi:
- Qonşu, mümkünsə, pulu əvvəlcədən verərdin. Bir-iki dəfə evdən krisa çıxarmışam, adamlar pulumu verməyib. Ona görə pulu əvvəlcədən alıram. Sənin xətrinə pulsuz çıxararam, prostu sonra başım ağrıyır. Evdən pulsuz krisa çıxaranda bir həftə başım ağrıdan partlayır.
Cibimdən bir şirvan çıxarıb qadına uzatdım. Anam bu alverə maraqla baxırdı. Qadın bir şirvanı qoynuna soxub əlini evin küncünə yığılmış oyuncaqların arasına soxdu. Siçovul oyuncaqların arasından çıxıb çarpayının altına girdi. Qadın aşağı əyilərək başını çarpayının altına soxdu. Orda dodağının altında nəsə dedi. Onun səsini eşitsəm də nə dediyini əsla başa düşmədim. Deyəsən qadın nəsə qəribə bir dildə sözlər deyirdi. O belini dikəldib ayağa qalxdı. Vəssalam dedi. Mən ona sual verdim:
- Axı krisa hələ ordadı. Çıxmadı.
Qadın dedi:
- Narahat olma. İndi bu dəqiqə çıxacaq. Qapını açıq qoyun. Çəkilin kənara.
Biz çarpayıdan bir az kənara çəkildik. Az sonra yumşaq ayaq səsi eşidildi. Siçovul çarpayının altından çıxıb bir neçə dəfə bərkdən öskürdü. O, çox bərk öskürürdü. O, elə ağır öskürürdü ki, bədəni əsim-əsim əsirdi. Öskürəyi gücləndikcə boğulmağa başlayırdı. Mənə elə gəlirdi ki, onun sinəsi gərginlikdən bu dəqiqə partlayacaq. Bütün sinəsi tutulmuşdu. Görünür siçovul bərk soyuqlamışdı. Siçovul jiletinin cibindən əzik dəsmal çıxarıb ağzına tutdu. Dəsmalın üzərində qan ləkələri vardı. Köhnə qan ləkələrinin üstünə təzə qan ləkələri də əlavə olundu. Siçovulun gözlərinin altı qaralmışdı. Bığları isə çox saralmışdı. O, deyəsən çox siqaret çəkirdi. Sağ qoltuğunun altında qovluq tutmuşdu. Eynəyinin şüşəsindən biri sınmışdı. Siçovul çoxlu öskürdü. Öskürəyini heç cür saxlaya bilmirdi. O, xırıldayır, boğulurdu. Öskürəndə ağzından gələn qanı dəsmalla silirdi. Hamımız sakitcə dayanıb ona baxırdıq. Qanlı dəsmalı yumrulayıb qoltuğunun altındakı qovluqdan çıxartdığı qəzet parçasına bükdü. Əlinin içi ilə alnındakı tər damcılarını sildi.
- Niyə bükürsünüz?
- Ona görə ki, heç kim görməsin.
Siçovul bu sözləri söyləyib yorğun addımlarla qapıya tərəf üz tutdu. Qapıdan çıxaraq koridorda gözdən itdi…