Bir dostum vardı. Adı Murad. Bütün dünyanı dolaşmışdı. Bir müddət Bakıda yaşadı. Sonra biz onunla Tiflisdə, İstanbulda da görüşdük. Uşaqlar onu yaxşı tanıyırdı. Bakıda evində tez-tez partilər təşkil edirdik. Xeyli əhvalat baş verdi onun evində. Burda yazılası deyil.
Murad qəribə tip idi. Siqaret çəkmirdi. 45 yaşı vardı. Məndən, Firudin Allahverdidən cavan və çevik görünürdü. Yalnız qadın olan məclislərdə içki içirdi. Zövqlə geyinirdi. Pul xərcləməyi bacarırdı. Rahat evləri asanlıqla tapırdı. Aramız xeyli açıq idi və bizə hörməti vardı. Tiflisə gedəndə onun evində qalırdım.
Bu Murada baxanda özümün necə aciz, məsələlərdən xəbərsiz, həyatdan uzaq olduğumu birbaşa anlayırdım. Adam rəsmən canlı dərslik idi. Heç kimin gözünün yaşına baxmırdı. “Hiç aff etmiyordu”. Göydə uçan, yerdə qaçan, suda, quruda yaşayan, məməli, məməsiz, birhüceyrəli, çoxhüceyrəli, sürünən, addımlayan... Bir neçə ürəyi əlində jonqlyor kimi asanlıqla oynadırdı.
Bir dəfə gecə klubunda oturmuşduq. Tiflisdə. Böyük ekranda haranısa göstərirdilər. Televizorun səsin almışdılar. Biz mexaniki olaraq ekrana baxırdıq. Ekranda bir dəstə qaradərili oğlan və qız rəqs edirdi. Mən Muraddan soruşdum ki, o heç qaradərili qızla olub? Cavab verdi ki, yox. Cavabı mənə qəribə gəldi. 18 il Amerikada yaşamışdı. Belə bir adamın bu müddət ərzində qaradərili bir qızla “aşk” yaşamaması mənə qəribə gəldi. Dedim mən olmaq istərdim. Bir az keçəndən sonra məlum oldu ki, Murad sualımı səhv başa düşüb. Elə bilib ki, onun qaradərili kişiylə yaşayıb-yaşamamasını soruşmuşam. Dedim bəs sən tutaq ki, elə başa düşdün, bəs necə bu suala sakit cavab verdin. Güldü, ofisiantı çağırıb içki sifariş verdi.
Qəribə tolerantlığı vardı. Hər cür adamla danışmağa mövzu tapırdı. Bir gün bu Murad girdi aptekə. Aptekden çıxanda ovcunda “Viaqra” vardı. Mənə də təklif etdi. Qorxdum. Nədən ki, o vaxt “Viaqra”nın adı gələndə qorxurdum. Çünki o vaxtlar söhbətlər gəzirdi ki, Barış Manço “Viaqra” atıb, ürəyi dözməyib ölüb. Mən “Viaqra” adı eşidəndə elə bilirdim dünyanın sonudu. Elə bil dünyanı süni nəfəslə saxlayırlar. Özümü saxlaya bilmədim. Dedim, Murad abi, sən bizdən cavan görünürsən, bildiyim qədəri ilə hər şey qaydasında olmalıdı, bu “Viaqra” nəyə lazımdı? Dedi: - “Seymur, birdən adamın əlinə elə şey düşür ki, istəyirsən səhərə qədər üstündə işləyəsən. Doyasan. Gözün arxasında qalmasın. “Viaqra” bu zaman lazım olur”.
Somerset Moem xatirələrində yazır: “Mən çoxlu yaşlı adamlarla söhbət etmişəm. Kimin ki, seks həyatı zəngin olub, onlar ölümdən o qədər də qorxmurlar. Ölümü həyatın labüd bir mərhələsi kimi qəbul edirlər. Rahat olurlar. Kimin ki, seks həyatı zəif olub, onlar ölümdən qorxurlar. Narahat olurlar. Həyatdan kam almadan getdiklərini düşünürlər”.
Əlbəttə bu əhvalatda sözsüz ki, bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər...