Ezop şahzadələri

Ezop şahzadələri
1 fevral 2013
# 12:37

Henri Miller əsərlərində bir neçə dəfə Knut Hamsunun “Misteriyalar” romanına öz heyranlığın bildirib, əsərlərində “Nagel, Nagel” deyib durub. O vaxta qədər Knut Hamsunun bir neçə əsərin oxumuşdum və Henri Millerin “Misteriyalar” romanına hədsiz heyranlığını bildirməsi mənə qəribə gəlirdi.

Çünki bu iki böyük yazıçının üslubu, mövzuları tamam başqa-başqadır. Necə ola bilər “Misteriyalar” romanı dəlisov, nəsri heç bir sərhəd tanımayan Henri Millerin bu qədər xoşuna gəlsin. Beləcə əsəri axtardım. Tapdım, oxudum və sözün həqiqi mənasında məhv oldum. Tanımasan, bilməsən adam heç vaxt düşünə bilməz ki, bu Knut Hamsunun əsəridir.

Çünki bu əsərdə Knut Hamsun tamam başqa dalğaya girib. Adətən belə əsər yazan adamlar ya intihar edirlər, ya da erkən ölürlər. Mən bu suala cavab tapa bilmirəm, “Misteriyalar” kimi əsər yazan Knut Hamsun sonra necə yaşaya bilib. Bunu necə bacarıb. Ədəbiyyatda qəhrəman yaratmaq tip yaratmaqdan xeyli asandı. Çox böyük yazıçılar var, xeyli qəhrəman yaradıblar, amma tip yaratmaq onlara müyəssər olmayıb. Məsələn, Tolstoy kimi böyük yazıçı tip yarada bilməyib. Qonçarov isə Tolstoy qədər məşhur olmasa da, Tolstoy qədər böyük yazıçı sayılmasa da Oblomov kimi tip yarada bilib.

Civilər demişkən, bu mənim subyektiv fikrimdir. “Misteriyalar” romanından tanıdığım Nagel kimdir? Nagel Lermontovun Peçorininin, Turgenyevin Rudininin, Dostoyevskinin Knyaz Mışkininin qarışığından yaranmış bir tipdir. Əcaib tipdir. Təsadüfi deyil ki, “Misteriyalar” əsərində Turgenyevin “Rudin” əsəri xatırlanır. Knut Hamsun Dostoyevskini çox sevsə də Tolstoya nifrət edirdi. Əsərdə Tolstoya nifrətini Knut Hamsun açıq-aşkar yazıb və sözün həqiqi mənasında Knut Hamsun Tolstoyu yıxıb sürüyüb.

Kimdir Rudin? Heç nə, camaat sakitcə həyatın yaşayırdı. Çay içirdilər. Ədəbiyyatdan, fəlsəfədən, kənd təsərrüfatındakı yeniliklərdən danışırlar. Birdən bu Rudin peyda olur. Aləmi qatır bir-birinə. Hamının həyatın alt-üst edir. Sonra da gedib Fransada barrikadada gülləyə tuş gəlir. Nagel də liman şəhərində qəfildən peyda olur. Əcaib bir kostyumda. Mən əsərin süjetin yazmayacağam. Zatən Nagelin kim olduğunu tam yazmaq mümkün deyil.

Knut Hamsun bu əsərdə elə bir dalğaya girib ki, sadəcə dəhşət. İfadə edə bilmirəm və bir daha təkrar edirəm Hamsun bu əsəri yazandan sonra necə yaşamağa davam edib, bunu anlamaq gücündə deyiləm. Bu vaxta qədər rast gəldiyim ən ziddiyyətli, ən maraqlı, ən əcaib tipdi Nagel. Bəli, bu Nagel port şəhərində peyda olur. Kimdi, nəçidi, nə işlə məşğul olur, hardan gəlib, hara gedir bilən yoxdur. Bu Nagel bu şəhərdə elə hoqqa çıxarır, hamının həyatı alt-üst olur. Sonra Nagel intihar edir. Niyə? Buna aydınlıq gətirməyə çalışaq. Biz onları Ezop şahzadələri adlandıra bilərik. Nağıllardan, uşaq romanlarından tanıdığımız şahzadələrin geyimləri gözəldir, onlar kübar və yaraşıqlıdırlar. Dəriləri zərifdir. Belə şahzadələri sevmək asandır.

Zatən minlərlə, milyonlarla qızlar belə şahzadələrin yolunu gözləməklə məşğuldurlar. Bu və ya digər formada. Uğur qazanmış adamı sevmək asandı, uğursuzu sevmək isə seçilmişlərə aiddir. Ezop şahzadələrinin gözəl geyimləri yoxdur. Onların yolun heç kim gözləmir. Kübar deyillər. Ziddiyyətli hərəkətləri adamları qorxudur. Ezop şahzadələri nə özləri yaşamağı bacarırlar, nə də imkan verirlər başqaları yaşasınlar.

Onlar başqalarının bədbəxtliyinə səbəb olanda özləri də hədsiz bədbəxt olurlar. Onların sevgisi kimsəyə bəxtiyarlıq gətirmir. Onlar sevdiklərinin hislərini, onların sevinc və iztirablarını acgözlüklə udarkən qəlblərindəki qəribə bir ehtiyacı təmin edirlər. Onları anlamaq çətindir. Bəziləri deyir ki, o çox yaxşı adamdı, bəziləri isə deyir ki, o hədsiz dərəcədə murdar adamdı. Orta fikir yoxdu. Ezop şahzadələri çox depressiv olurlar. Lermontovun Peçorininin təbirincə desəm onların kədəri tapançanın soyuq lüləsi ilə müalicə olunan kədər deyil. Danışmağı bacarırlar. Əgər kiminsə həyatını məhv etməyi qarşılarına məqsəd qoydularsa vəssalam, buna mütləq nail olacaqlar. Hətta Ezop şahzadəsi bu prosesdən özü hədsiz əziyyət çəksə belə.

Ezop şahzadələrinin enerjisinin qarşısında dayanmaq əsla mümkün deyil. Hər cür qorunma vasitəsi Ezop şahzadələrinin qarşısında acizdi. Bəyəm Peterburqun ən gözəl qadını Nastasiya Filippovna Knyaz Mışkinə vurulmadı? Elə Nagel də liman şəhərinin ən gözəl qızını hədəfə alaraq, bütün enerjisini işə salaraq onun həyatın məhv edir. Mexanizm işə düşdüsə vəssalam, dayandırmaq mümkün deyil. Baxmayaraq ki, Ezop şahzadələri kiminsə həyatını söndürəndə özləri də hədsiz əziyyət çəkirlər. Deyəsən, Fenimor Kuperin ”Ləpirçi” romanında oxumuşdum. Ləpirçilərdə belə bir xəstəlik var. İzə düşsələr mütləq izə düşdüyü adamı tapmalıdırlar. Dayanmaq mümkün deyil, bacarmırlar. Hətta izinə düşdükləri adam ən yaxın adamları olsa belə dayana bilmirlər.

Ləpirçi bilir ki, izinə düşdüyü adamı öldürəcəklər, dərisini soyacaqlar, asacaqlar, amma nə etməli, tapmalıdır. Yaşar Kamalın “İncə Məmməd” əsərində də təxminən belə bir söhbət var. Ezop şahzadələri də belədi. Kimisə qaraladılarsa mütləq onun həyatını məhv edəcəklər. İstəmir, yazığı gəlir, özü də əziyyət çəkir, amma nə etməli, mexanizm işə düşdüsə saxlamaq mümkün deyil. Bu prosesi saxlamaq üçün onlar çox vaxt öz həyatlarına qəsd edirlər.

Kimisi barrikadaya gedir, kimisi müharibəyə, kimisi də özün dənizə atır. Ezop şahzadələrinin ən böyük silahı dildir. Danışmaqdı. Onlar çox vaxtı öz hisslərinə tam azadlıq vermək üçün başqa şəhərləri, heç kimin onları tanımadığı məkanları seçirlər. Tənbəldirlər. Ona görə Dovlatov deyirdi – mən alpinistləri başa düşmürəm.

Bəzən onları yaşamaq yanğısı, həyat eşqi elə qaplayır ki, vulkan kimi püskürürlər. Həyatla nəzəri baxımdan tanış olanlara Ezop şahzadələri sadəcə nifrət edirlər. Təsəllidən isə sadəcə iyrənirlər. Xüsusən əgər bu təsəllini həyatla nəzəri cəhətdən tanış olanlar verirlərsə. Çünki Ezop şahzadələri nəyin nə olduğunu, kimin kim olduğunu çox gözəl bilirlər. Həyata ayıq gözlə baxanlar, rasionallar və praqmatiklər üçün Ezop şahzadələri sadəcə xəstədirlər.

Elə “Misteriyalar” romanında Nagel haqqında deyilir – “eto prosto nervi”. Ezop şahzadələri isə həyatla nəzəri cəhətdən tanış olanların, guya günəşin doğmasından həyat gücü alanların, alış-veriş etməklə guya stress atanların “6 nömrəli palata”ya düşəndə həqiqəti anlayacaqlarını düşünürlər. Başa düşəcəklər ki, ağrı ağrını təsəvvür etmək filan deyil, ağrı həqiqətən də var. Gözlərinin önündən gözəl bir maral sürüsü keçəndə başa düşəcəklər ki, öz axmaq təsəlliləri ilə Ezop şahzadələrini təhqir ediblər. Onları bu əsərlərdən tanımaq olar. Bəri başdan deyim ki, siyahı subyektivdir. Ola bilsin ki, hansısa əsər sonra əlavə olunsun, hansısa əsər siyahıdan çıxarılsın.

1. İ. Qonçarov – “Oblomov”

2. S. Dovlatov - “Qoruq”

3. H. Hesse - “Knulp”

4. İ. Turgenyev - “Rudin”

5. M. Lermontov - “Zəmanəmizin qəhrəmanı”

6. M. Tven – “Müəmmalı yadelli”

7. K. Hamsun – “Misteriyalar”

8. Y. Misima - “Qızıl məbəd” və “Maskanın tövbəsi”

9. E. Limonov- “Uğursuz adamın gündəliyi”

10. H. Miller- demək olar ki, bütün əsərləri

# 10280 dəfə oxunub

Müəllifin son yazıları

# # #