Kulis.az Seymur Baycanın “İşıqsız parıltıların zərərləri haqqında” adlı yeni yazısını təqdim edir.
Hər parıldayan qızıl deyil.
Atalar sözü
Yaxın keçmişdə (müsəlmanın yaxın keçmişi) kulis.az saytında qəribə bir sərlövhə gördüm:
"Yeşilçamın aktyoru xəstəxanaya qaldırıldı"
Birincisi, yeşilçamın hansısa aktyorunun xəstəxanaya "qaldırılması" Azərbaycanda fəaliyyət göstərən ədəbiyyat, sənət saytı üçün, görəsən, niyə xəbərə çevrilməlidir? Bunu, xüsusən, o mənada deyirəm ki, oralarda dolaşan, oralardan qidalanan, türk mənbələrindən bu və ya digər formada istifadə edən adamların ciddi düşüncə yiyəsi olacaqlarına, ortabab bir məhsul yaradacaqlarına qətiyyən inanmıram. Oralarda forma məzmunu daima üstələyir. Viktor Hüqonun təbirincə desək, parıltı var, amma işıq yoxdur. Başqa cür ifadə etsək, duzun özü duzsuzdur. Əgər duzun özü duzsuzdursa, əgər duzun özünün duza ehtiyacı varsa, bu duzsuz duz yeməyə, salata, çörəyə necə dad verə bilər?
İşin təhlükəli, qorxulu, zərərli tərəfi ondan ibarətdir ki, türklər heç nədən, yoxdan parıltı yaratmağı çox gözəl bacarırlar. Türklər yoxdan, heç nədən parıltı yaratmağın mahir ustasıdır. Bunu açıq etiraf etmək lazımdır. X. adlı bir türkə Freydin, Nitşenin istənilən kitabını ver. O kitabın əvvəlinə, ortasına, axırına gözucu, ötəri baxacaq və çox yox, cəmisi yarım saatdan sonra kitab haqqında elə şövqlə danışacaq ki, onu yaxından tanımasan, elə bilərsən ömrünü Freydin, Nitşenin həyatını, yaradıcılığını öyrənməyə, araşdırmağa sərf edib. Freydin, Nitşenin həyat və yaradıcılığını öyrənmək, araşdırmaq yolunda gözünün nurunu bir qram da rəhm etmədən amansızcasına əridibdir.
Əfsuslar olsun ki, bu mahir ustalıq, heç nədən, yoxdan yaradılmış işıqsız, yalançı parıltılar, xüsusən, gənclərin gözünü qamaşdırır. Parıltı axmaq, qorxulu şeydir. Bəzən hətta ayıq-sayıq adamları belə aldadır. Sənətlə, ədəbiyyatla məşğul olan şəxs yalançı parıltını həqiqi işıqdan ayırmağı bacarmalıdır. Sənətlə, ədəbiyyatla məşğul olan şəxs yalançı parıltını həqiqi işıqdan ayıra bilmirsə, vay onun halına. Necə deyərlər, onun eşşəyi öldü. Yalançı parıltını həqiqi işıqdan ayıra bilməyən şəxs şair, yazıçı, rəssam rolunu oynamağı, ola bilsin yaxşı öyrənəcək, amma ortaya düz-əməlli məhsul qoya bilməyəcək.
Şair, yazıçı, rəssam rolunu qəşəng oynayan, fəqət yaradıcılığı beş qəpiyə dəyməyən adamları bu qısa həyatımda müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çox görmüşəm. Əslində, onlar da öz növbələrində iki qrupa bölünür.
Elə adamlar var ki, yaradıcılığı beş qəpiyə dəyməsə də, özü obraz kimi maraqlı, yağlı, duzlu obrazdır. Bəzi adamların isə həm yaradıcılığı beş qəpiyə dəymir, üstəlik, özləri də obraz kimi maraqsızdır...
İkincisi, "Yeşilçamın aktyoru xəstəxanaya qaldırıldı" sərlövhəsində “qaldırıldı” sözünün əvəzinə “yerləşdirildi” sözündən istifadə olunmalıdır. Dilə divan tutan xəbər saytların başa düşdük, bəs ədəbiyyat, sənət saytı dilə qarşı niyə belə etinasız münasibət göstərir? Dili qorumalı, dili inkişaf etdirməli olan insanların dilə qarşı belə etinasız münasibəti sadəcə təəssüf doğurur.
İndi bəzi yoldaşlar düşünəcəklər ki, bu boyda kişi bir sözün söhbətini eləyir. Burda söhbət təkcə bir sözdən getmir. Söhbət ondan gedir ki, yazılarında, danışığında "üzücü", "içdən" (içdən çox şey gələ bilər, “ürəkdən”, “səmimi-qəlbdən” olmalıdır), "görməzdən gəlir" (özünü görməməzliyə vurur), "itici" (“ətiacı, adamayovuşmaz”, antonimi “suyuşirin, istiqanlı”), "qürurverici" (yox bir, qürurverən), "sözümü tuturam" (sözümün ağasıyam, sözümün üstündə dururam, sözümə sadiqəm), "qol atdı" (qol vurdu), "həyal qırıqlığı", "sorğulamaq", "duyğu sömürüsü", "durduq yerdə", "internet üzərindən" (internet bağ, kənd, qəsəbə, rayon deyil) kimi sözlərdən istifadə edən şəxslərin dili pozulmaqla bərabər, onların həm də bədii təfəkkürləri pozulub. Bədii təfəkkürü pozulmuş adamlar canlı, koloritli dialoqlar, canlı, koloritli təsvirlər yazıb, incə məqamlara toxuna bilməyəcəklər.
Mopassan deyir ki, sənətkarın böyüklüyü xırda şeyləri təsvir etməkdə görünür. Zərgər dəqiqliyi ilə deyilmiş bu sözün altında nəhəng bir həqiqət yatır. Bu sözü ədəbiyyatla məşğul olan hər kəs iri, qara və yaxud qırmızı hərflərlə iş otağının divarlarına yazmalıdır. Əgər ədəbiyyatla məşğul olan adamın iş otağı yoxdursa, Mopassanın qızıl sözlərini kompüterinin ekranına yaza bilər.
Həqiqətən də, əsərdə gurultulu, "qışqıran" fikirlər, təmtəraqlı təsvirlər yazmaq, "fəlsəfə istehsal etmək" çox asandır. Məişəti, həyatın adi ahəngini, xırda şeyləri (əslində, böyük), həyatımızın ayrılmaz hissəsi olan balaca (yenə də, əslində, böyük) söz-söhbətləri yazmaq üçün sənətkarda yekə bir "DUX" olmalıdır. İndi Çexovun "Üç bacı" əsərin oxuyuram. Dialoqlar adamı valeh eləyir. Məsələn, dialoqa fikir verin:
– Ay aman, sən yaşıl kəmər bağlamısan! Belə yaxşı deyil, əzizim!..
– Məgər yaşıl kəmər xeyir əlaməti deyil?
– Ona görə demirəm... Bu paltara yaşıl kəmər yaraşmır. Çox qəribə görünür...
– Eləmi, axı bunun rəngi yaşıl deyil, tutqundu...
Çiy, yetişməmiş, kal, ədəbiyyatdan xəbəri olmayan adamlar bu dialoqu oxuyanda düşünəcəklər ki, axı burda nə var, bu dialoqu nənəm də yazar. Elə deyil, əzizlərim. Qətiyyən elə deyil. Yuxarıda verilən nümunə bir sənətkarın böyüklüyünü göstərir. Bu dialoqu yazmaq nazik ipin üstündə gəzməyə bərabərdir. İynənin ucu boyda səhvə yol versən, bayağılıq adlanan uçurumunun dibinə düşəcəksən. Dili, bədii təfəkkürü pozulmuş adamlar belə incə məqamlara toxunmaq, belə adi söz-söhbətləri yazmaq şansını birdəfəlik itiriblər. Onlar Əli aşından da olublar, Vəli aşından da. İtləri də gedib, ipləri də.