Səyahət haqqında-Seymur Baycan

Səyahət haqqında-Seymur Baycan
11 may 2015
# 11:29

Bozluq, təkrarçılıq, boşluq insanda ruh düşkünlüyü yaradır. İş qabiliyyətini aşağı salır. Bozluqdan yaxa qurtarmaq üçün ən yaxşı və təsirli vasitələrdən biri səyahət etməkdir. Elnur Astanbəyli demişkən, adını unutduğum bir yazıçı öz iş prosesi haqqında danışır. O deyir ki, mən əsər yazanda yerimi tez-tez dəyişirəm. Bir yerdə iyirmi gündən artıq qaldıqda günlər təkrarlanmağa başlayır, iş qabiliyyətim aşağı düşür. Yazmaq həvəsim ölür. Yerimi dəyişirəm. Təzə məkanda hisslərim təzədən dirilir.

Bəli, doğurdan da səyahət etmək lazımlı şeydi. Mənzərələr dəyişir. Bir az yaşamaq həvəsi oyanır. Həyat, fikirlər bir az başqa rəng alır. Özün öz həyatını maraqlı və mənalı etməyə çalışırsan. Səyahət ticarət mərkəzlərini gəzmək, bir-bir bütün mağazalara girib çıxmaqla əldən düşmək deyil.

Park Bulvarda, kitab yarmarkasında kitab satarkən qəribə halları müşahidə etdim. Orda bir neçə gün kitab satmaqla çox şey öyrəndim. İnsanları, ölkədəki vəziyyəti bir başqa tərəfdən gördüm. Adamlar vardı ailəliklə girirdilər Park Bulvara, bir də ordan axşam çıxırdılar. Bütün günü orda olurdular. Orda yeyirdilər. Orda gəzirdilər. Bir gün, tam bir gün ticarət mərkəzində vaxtlarını keçirirdilər. Belələri ya Dubaya getdi, ya da Romaya, nə fərqi var onlar üçün? Daha doğrusu belələri üçün Dubaya getmək Romaya getməkdən daha maraqlidir. Burda “Səyahət nədir?”, “Səyahət necə olmalıdır?” suallarına cavablar axtarmayacağıq, qısacası onu demək olar ki, səyahətdən həzz almaq, dincəlmək, öyrənmək, həyatına az-çox məna qatmaq pul məsələsi deyil, zövq məsələsidir.

Bizdə ümumiyyətlə təşəbbüskar, təşəbbüs göstərən, təşəbbüsə səmimi reaksiya verən adamlar azdır. Bir təşəbbüs irəli sürəndə hamı “hə, hə gedək, lazımdı” deyir. Hərə bir ideya səsləndirir. Özün də işin belə rahat, tez alınmasına sevinirsən. Vaxt-vədə yetişəndə heç kimi tapmırsan. Başlayırsan bir-bir axtarmağa, məlum olur ki, hərəsinin bir işi var. Ogünkü həvəsdən bir qram da qalmayıb. Elə mızıldanır ki, söz deməyə də utanırsan. Başa düşürsən ki, söhbəti uzatmağın heç bir mənası yoxdur. Bir sözlə müsəlman məclisi. Danışsınlar nə qədər istəyirsən, işə çatanda yoxa cıxırlar. Bir təbiət qoynuna getsinlər, bir yemək bişirsinlər, təbiətlə ünsiyyətə girsinlər, çay dəmləsinlər, bir az “Görəsən mən necə adamam?”, “İnsanlıq adına nə qədər layiqəm?”, “Necə yaşayıram, cəmiyyət üçün nə qədər yararlıyam?” suallarına cavab axtarsınlar...

Bu cür adamlar azdır. O qədər azdır ki, onların hərəkətləri başqalarında maraq doğurur, onlara qəribə adam deyirlər. Halbuki bu cür həyat norma olmalıdır. Adamlar bekarçılıqdan, boşluqdan əziyyət çəkirlər. Bu da ümumi gərginliyə səbəb olur. Qonaq gedən də, qonaq qarşılayan da gərgindir. Rahatlıq yoxdur. Çünki bir çox hərəkətlər görüntü üçündür. Bir sözlə bu və ya digər formada hamımız əziyyət çəkirik. Hamımıza çətindi. Qafqazda yaşayan əcnəbilər Qafqazı qafqazlılardan daha yaxşı tanıyırlar. Azərbaycanı azərbaycanlılardan, Gürcüstanı gürcüstanlılardan çox gəzirlər. Harda bir maraqlı yer varsa ora gedirlər.

Bir dəfə bir tədbirdə fasilə zamanı bir əcnəbi Azərbaycandakı qalalardan danışdı. Biz də oturub qulaq asdıq. Çünki əksəriyyətimiz o qalaların çoxunda olmamışdıq, tarixini bilmirdik, məlumatımız səthi idi, elə birtəhər ümumi sözlərlə yola verdik. Az gəzirik, az öyrənirik, mövzu qıtlığından əziyyət çəkirik. Oturmuşuq bir yerdə, bir-birimizi didirik. Adamların hobbisi yoxdur. Güllər əksin. Çoxaltsın. Adamlara paylasın. Özündən savayı iki-üç adamı da özünə qoşsun, onlarda maraq və həvəs oyatsın. Bir həftəsonu yığışıb təbiət qoynuna getsinlər. Gəzsinlər.

Fəsillərin dəyişməsini öz gözlərimlə görməyəndə elə bilirəm hansısa vacib bir hadisəni qaçırdım. Özümü itirmiş adam hiss edirəm, yağışı, qarı, ağacların yarpaqlarını töküb təzədən yarpaqlamalarını öz gözlərimlə görməliyəm. Təbiət gözəldir. Hər bir insan təbiətlə tanış olmalıdır, başqalarını da tanış etməlidir. Bir ağacı əkirsən. Çiçək açır. Yarpaqlayır. Böyüyür. Bar verir. Bu sənin gözlərin qarşısında baş verir və bu sənin öz əkdiyin ağacdır. Bu gözəl bir prosesdir. Bu böyük bir lütfdür. Nə qədər insan bu kimi gözəl proseslərdən, həmçinin sənət dünyasından (bu haqda gələn yazıda ) xəbəri yoxdur. Yerimizdən tərpənmirik, ona görə bir-birimizi didirik. Mövzu ancaq puldu, mebeldi, ev təmiridi, maşındı… Belə bir cəmiyyətdə yaşayan təşəbbüsə meyilli, təşəbbüskar insan ətrafdakıların maraq dünyasına, yaşayış tərzlərinə, hərəkətlərinə, fikirlərinə əhəmiyyət vermədən özü-öz həyatını qurmalidir. Çünki onlara baş qoşsan, onlarin boz oyunlarina qoshulsan yaşamağa vaxt tapmayacaqsan.

Ona görə ən yaxşısı özün öz həyatına maraq qatırsan. Gəzirsən, imkan düşdükcə təbiət qoynunda vaxt keçirirsən, heç kimə mane olmursan, istəmirsən sənə də mane olsunlar. Qəbul edən qoşulsun, qəbul etməyən də kobud müdaxilə etməsin. Bir sözlə daxili mühacirətdə yaşamağın yolunu öyrənirsən.

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

# # #