Bir ətir alana bir ətir hədiyyə

Bir ətir alana bir ətir hədiyyə
5 may 2015
# 12:33

Üç gün əvvəl Nizami küçəsiylə gəzərkən qarşıma arıq, qara paltarlı bir qız çıxdı. Qız küçədə gəlib gedənlərə ətirli kağız çubuqlar verib “Bir ətir alana bir ətir hədiyyə” deyir, ətir mağazasına müştəri çağırırdı. Mən də bir neçə ədəd kağız çubuq uzatdı. Ətirli kağız çubuqları alıb iylədim, sonra cibimə qoydum. “Bir ətir alana bir ətir hədiyyə”, bu sözlər bir neçə saat dayanmadan başımda fırlandı. Bu adda bir hekayə yazmaq qərarına gəldim. Nə qədər düşündüm, ətir mövzusunda heç nə qurub-quraşdıra bilmədim. Ən sadiq dostuma-yaddaşıma müraciət etdim. Beləliklə ətirlə bağlı həyatımın ən kədərli hadisəsini xatırladım.

İndi sizə həyatımda gördüyüm ən maraqlı və yazıq qızlardan biri haqqında danışacam. A. çoxuşaqlı kasıb bir ailənin qızı idi. Atası fəhlə, anası xadimə işləyirdi. Bizim məktəbdə A. adında çoxlu qız vardı. Bu qızlardan hər birini ləqəblə çağırırdılar. Qara A., dəli A., bitlibaş A., gonbul A.… Haqqında danışdığım A.-ya isə cındır A. deyirdilər. Uşaqlar bir yana, hətta bəzi müəllimlər də onu cındır A. deyə çağırırdılar.

Zəng vurulurdu. Şagirdlərin bəziləri məktəbin həyətinə, bəziləri də bufetə qaçırdı. A. hara gedirdisə-getsin onu cırnadan, nəhayət ağladan bir adam tapılırdı. Pinti geyinirdi. Burnundan fırtıq axırdı. Öz pintiliyindən əlavə kim nə qədər bacarırdısa onun paltarına bir ləkə vurmağa, üstünə ədəbsiz sözlər yazılmış kağızı belinə yapışdırmağa çalışırdı.

Zəng vurulanda A. bəzən nə bufetə gedirdi, nə də məktəbin həyətinə qaçırdı. Sinifdə otururdu, amma burda da ona rahatlıq vermirdilər. A. heç vaxt dərsdən qalmırdı. Heç vaxt. Bərk qar yağırdı, A. dərsə gəlirdi. Bərk yağış yağırdı, A. dərsə gəlirdi. Qızdırmadan yanırdı, A. yenə də dərsə gəlirdi. Bununla belə çox pis oxuyurdu. Hətta üzündən oxuya bilmirdi. O cür pinti, oxuya bilməyən qız niyə dərsdən heç qalmırdı, bunun səbəbini heç cürə tapa bilmirəm.

Müəllimlər daima bu qızı döyür, saçını yolurdular. Qulağını dartırdılar. Nar çubuğuyla əllərinə vururdular. Kim nəyə əsəbiləşirdisə acığını bu qızdan çıxırdı. O vaxtlar bizim ən böyük problemimiz qələm qıtlığı idi. Qələmlər nədənsə çox keyfiyyətsiz olurdu. Mürəkkəb daşırdı, ya da qələmin başı sınırdı. Ya da qələm özünü tərsliyə qoyub yazmırdı. Qələmi olmayan uşaqları müəllimlər döyürdülər. A.-da həmişə əlavə bir qələm olurdu. Həmişə qələmi olmayan uşaqları xilas edirdi.

Bir dəfə ədəbiyyat müəlliməmiz xəstələndi. Məktəbə gəlmədi. Bizi başqa siniflə birləşdirdilər. Adətən başqa siniflə birləşəndə ara qarışırdı və biz şagirdlər kef edirdik. Bir müəllimin iki sinfə nəzarət etməsi çətin olurdu. İstər yaxşı oxuyan şagird olsun, istərsə də pis oxuyan şagird, nə baş verirsə-versin, dərsin pozulması şagirdlər üçün həmişə bayramdı.

Siniflər birləşəndə həm də başqa sinifdən qız sevənlər öz sevgililərini daha yaxından görürdülər, tale üzlərinə güləndə hətta bir parta arxasında otururdular. Nə etməli, hər dövrün öz qorxuları, öz sevincləri var. Ən əsası başqa siniflə birləşəndə başqa sinfin müəllimi bizdən dərs soruşmurdu. Öz müəllimimiz sağalıb məktəbə gələndə bizdən dərsimizi soruşdu.

Biz Mirzə Ələkbər Sabirin “Cütçü” şeirini əzbərləməli idik. Dedik ki, B sinifiylə birləşəndə şeiri əzbər demişik. Müəllimə bizə inanmadı. Bir neçə şagirdi qaldırıb şeiri əzbər deməsini tələb etdi. Heç kim şeiri axıra qədər əzbər deyə bilmədi. Belə olduğu halda müəllim bizə növbəti dərsdə hamıdan şeiri əzbər soruşacağını dedi. Növbəti dərsdə bizi yenə başqa siniflə birləşdirdilər. Müəllimimiz nə olmuşdusa bilmirəm, yenə məktəbə gəlməmişdi. Əvvəlki vəziyyət yenə təkrar olundu. Müəllimə dərsə gələndə bizdən şeiri əzbər deməyimizi tələb etdi. Biz yalandan dedik ki, B sinfi ilə birləşəndə şeiri əzbər demişik.

Müəllimə bizə inanmadı. Bir-iki uşaq ayağa qaldırıb şeiri soruşdu. Kimisi şeiri axıra qədər əzbər dedi. Kimisi şeirin qolunu-qabırğasını sındırdı. Kimisi bir-iki misra deyə bildi. Müəllimə yenə dedi ki, növbəti dərsdə hamını bir-bir ayağa qaldırıb şeiri əzbər soruşacaq. Bu “Cütçü” şeiri bir bəla oldu bizim üçün. Ədəbiyyat müəllimimiz çox tələbkar müəllim idi. Aldadılmağı heç sevməzdi. Nə başınızı ağrıdım, “Cütçü” şeiri onun-bunun ağzından o qədər səsləndi ki, necə oldusa A. başqalarının dilindən şeiri əzbərlədi. Deyəsən bu onun həyatında ilk və son dəfə əzbər bildiyi şeir oldu. A. o qədər xoşbəxt idi ki, ədəbiyyat kitabını qoyurdu qabağına barmağını misraların üstündə gəzdirib şeiri öz özünə əzbərdən deyirdi. Üzündən oxuya bilmədiyinə görə bəzən dediyi misra ya yuxarıda qalırdı, ya da aşağıda. Məsələn, tutaq ki, o dilində bu misraları deyirdi:

Cütcü batıb qan-tərə, yer şumlayır,

Şumladığı tarlasını tumarlayır.

Barmaqları isə kitabın üstündə bu misraların üstündə gəzirdi:

Atlar, öküzlər kotana güc verir,

Gah yürüyür, gah yıxılır, gah durur.

Onu heç vaxt bu qədər xoşbəxt görməmişdim. Düz dərs ilinin axırına qədər A. ədəbiyyat kitabını qarşısına qoyub barmağını “Cütçü” şerinin misraları üzərində gəzdirirdi, dodağının altında isə şeri əzbər deyirdi. İndi sağdı, yoxsa ölüb bilmirəm, onu dəqiq bilirəm ki, əgər sağdırsa “Cütçü” şeiri hələ də onun yadından çıxmayıb.

23 fevralda Ordu günündə qızlar oğlanlara hədiyyələr verirdilər. Hər bir qız Ordu günü münasibəti ilə hansı oğlana hədiyyə verəcəyini özü müəyyən edirdi. Kasıb ailənin övladı olan A. ayrı-seçkilik salmadan sinfin bütün oğlanlarına hədiyyə almışdı. Otkrıtka və ucuz odekalon. Otkrıtkanın üstündə gözəl xətlə “ən xoş arzular” yazılmışdı. O yaza bilmirdi. Kimdənsə otkrıtkanın üstünə arzuları yazmağı xahiş etmişdi. Onun hədiyyəsini etinasızlıqla qəbul etdik.

Zəng vuruldu. Biz eşşəklər koridora çıxan kimi odekolonların ağzını açıb A.-nın gözü qarşısında bir-birimizin başına, üstünə tökdük. O isə kənarda dayanıb bizə baxırdı.

Bütün məktəbi odekolon iyi bürüdü…

# 1389 dəfə oxunub

Müəllifin son yazıları

# # #