Sosial şəbəkələrdəki xoşbəxtlik

Sosial şəbəkələrdəki xoşbəxtlik
29 sentyabr 2014
# 13:07

Qədim Çin mifologiyasında belə bir əfsanə var. İmperator uzun axtarışlardan sonra, əbədi xoşbəxtliyə çatmaq üçün xoşbəxtik quşunu tapmağa nail olur və onu sevimli arvadına bağışlayır. İmperatorun xanımı isə əbədi xoşbəxtlik diləmək əvəzinə, quşun başını üzüb hamını təəccübləndirir.

Lətifəsi bizim qadınlardan uzaq olsun, amma öz aramızdı bizdə də həmən bu imperatorun qadını kimi düşünənlər var.

Əvvəla yazım ki, hər bir Adəm övladı, xüsusən də Həvva xanımın nəvə-nəticələri sayılan qadınların xoşbəxt olmağa, xoşbəxt yaşamağa haqqı var. Di gəl xoşbəxtlik elə zaddı ki, onu ən yaxşı halda bir günlük kəpənəyə bənzətmək olar. Ekspertlərin sözü olmasın, bu mənim subyektiv fikrimdi. Kiminsə bəxtinin xoş olmasına kəm baxmaq fikrindən Çin ü Maçin qədər uzağam. Xoşbəxtlik kəpənək ömürlüdür ona görə ki, bu daha çox hisslə bağlıdı və ən çox da üstündən keçəndən sonra “adama çatır”. Pis çıxmasın uşaq doğan, onu böyüdən, üstəlik də bütün gününü mətbəxdə keçirən qadın neçə xoşbəxt ola bilər? Əgər ana olmaq xoşbəxtlikdirsə, qadın həyat yoldaşına dadlı xörək bişirib onun ürəyinə yol tapmaq üçün mədəsinə “girənlik edirsə”, onda bütün qadınları xoşbəxt adlandırmaq olar. Bu əgər belədirsə qadınların xoşbəxtlik axtarışları, mübarizələri cəfəngiyatdan savayı bir şey deyil.

Bir də görürsən bir qadın sosial şəbəkədə övladının şəkilini paylaşır, altından da yazır: “Ömrümün mənası, yaşamağımın səbəbi”. İstəməyən kor olsun! “Like”lər başlayır, “Allah saxlasın!”lar quyruq-quyruğa düzülür. Hamı onun sevincinə şərik olur.

Bir neçə gündən sonra yenə bir şəkil paylaşır. Bu dəfə o N saylı şadlıq evində, ya da hansısa restoranda həyat yoldaşı ilə birgə fotosunu yayımlayır. Altından da yazır: “Mən çox xoşbəxtəm!” Buna da əhsən! Buna yalnız sevinmək olar. Yalan deyirəmsə telefonuma ömürbillah zəng çatmasın.

Bir neçə gündən sonra isə daha bir şəkil paylaşır. Təqribən “tənhayam və kədərliyəm” janrında belə bir foto: Yağış damlalarının qonduğu pəncərənin önündə oturan naməlum qız gözlərini sonsuz boşluğa dikərək qəmli-qəmli susmaqdadır.

Sonra başlayır “qanlı-qadalı statuslar” yazmağa: “Bütün kişilər etibarsızdı...”, “Tənhalar okeanında, Tənha adlı gəmidə tək-tənha üzməklə məşğulam...”, “Yalnızlıqla baş-başayam...” və s.

Oğul deyirəm indi bundan baş açsın. Ay başına dönüm, uşağının, ərinin şəklini paylaşmaq nədi? Bu pəncərə önündəki qəmli qız şəkli nədi? Bu “qanlı-qadalı statuslar” nədi? Necə başa düşəsən, hansı nəticəni çıxarasan, bilmirsən. Bu xoşbəxtdi, yoxsa bədbəxtdi? Freyd olmur, lap Sokratın özü dirilib gəlsin, yenə xeyri yoxdu.

Yeri gəlmişkən, yazım ki, qonşu qızını sevən, evlənənə qədər sevgilisinə 1500-dən artıq məktub yazan Ziqmund Freyd isə qadın psixologiyasını 30 il araşdırmasına baxmayaraq “Qadın nə istəyir?” sualına cavab tapa bilməmişdi.

Bu şəkil paylaşmaq və “qanlı-qadalı statuslar” yazmaq məsələsi elə ciddi görünməsə də, inandırım ki, onların psixoloji vəziyyətini, durumunu çox gözəl və dəqiqliklə ifadə eləyir. Bunu mən demirəm, sınaqdan çıxan təcrübələr də deyir, üstəlik elm də imzalayıb təsdiqləyir.

Adama deyərlər sənə nə lazımdı? Ərin var? Var. Uşağın var? Var. Daha nə istəyirsən? Ailə qurmağı, ana olmağı xoşbəxtlik sayırsansa, ayrı nə lazımdı?

Bundan sonra o xoşbəxtlik qələt eləyər bir də sən tərəfə ayaq basar.

Siz də məni bağışlayın, pis çıxmasın, bəlkə oynaş istəyirsən? Bəlkə sən də bəziləri kimi ərli-oynaşlı olmağı düşünürsən? Bəlkə işarələr verirsən, biz bilmirik, kodlar ötürürsən? Pullu-mallı oynaşlar gəzirsən?

Bəs onda hara getdi “mən çox xoşbəxtəm”lər? Belə xoşbəxtlik olar?

Elə dərd çəkənsənsə, saralıb-solursansa ayrıl, boşan, get xoşbəxt ol da. Həm ər istəyirsən, həm uşaq istəyisən, həm də oynaş-moynaş?

Bu yerdə məşhur ispan dramaturqu Lope de Veqaya rəhmət oxuyub onun “Nə yardan doyur, nə əldən qoyur” əsərini yada salmaq lazımdı.

Heç kim özünə götürməsin, amma həqiqətən nə istədiyini bilməyən, xoşbəxtlik adlı qatara ömürlük sərnişin olmaq istəyən qadınlar yetərincədir. Arzular sonsuz, istəklər tükənməzdir. Xoşbəxtliyi tapıb, sonra onu bədbəxtliyə çevirmək qadın üçün saatın əqrəbini bir rəqəm qabağa çəkmək qədər asandı.

Hərdən bir fikirləşirəm ki, Tolstoy kimi nəhəng yazıçını ahıl çağında evindən qaçmağa məcbur edən qadın, görəsən ondan nə istəyirdi? Görəsən qrafiniyanını nəyə ehtiyacı varıydı?

# 2804 dəfə oxunub

Müəllifin son yazıları

# # #