Allaha çevrilən insan

Allaha çevrilən insan
3 noyabr 2014
# 15:58

İnsan necə allaha çevrilir? Əcəba, bu mümkündürmü? İnsan allaha çevrilə bilərmi? Tanrının xüsusiyyətlərini, əlamətlərini, nişanlarını ehtiva edən varlığı, bəni-insanı uca yaradana tən tutmaq olarmı?

Yazıçı Orxan Fikrətoğlunun “Tək” romanı haqqında düşündüklərimi, əziz-şərif oxucularla bölüşmək istəyirəm. Əvvəlcə qeyd edim ki, roman müəllifin əvvəlki romanından, yəni “Ölü mətn”dən daha aydın və realistcəsinə yazılıb. Di gəl ki, bu roman da nöqsanlardan xali deyil. Bu haqda sonra...

Qarabağ problemi

hadisələrin kökündə

Roman Qarabağ hadisələri ilə başlayır. Ermənilər kəndə hücum eləyib sakinləri əsir alırlar. Kişiləri məscidə yığıb yandırırlar. Qadınlar və uşaqlar kənddən çıxmaq istəyəndə mühasirəyə düşür. “Tək”ə (romanın qəhramanının adı “Tək”di) atası tapança verir ki, ermənilər anana toxunmaq istəsə bu tapança ilə ananı öldür. Elə də olur, erməni saqqallısı anasına əl atanda “Tək” anasını qətlə yetirir. Gözlənilməz atəş səsi çaxnaşma, qarışıqlıq salır, qaçmaq istəyənlər güllələnir, “Tək” isə anasının soyuyan meyitinə qısılıb qalır.

Çoban xilaskar kimi

“Tək” boz atlı çoban tərəfindən xilas edilir və Ağdamdakı uşaq evinə gətirilir. Bildiyimiz kimi, çoban antik mətnlərdən üzü bəri xilaskar kimi təqdim olunur. “Astiaq haqqında əfsanə”də İkinci Kiri, Musa peyğəmbəri də uşaq ikən ölümdən çoban xilas etmişdi. Bu romanda antik süjetlə mətnlərarası əlaqə yaradılır. Ümumiyyətlə, son vaxtlar yazılan romanlarda daha çox müasirliyə meyl olsa da, “ədəbi köklər” problemi qalmaqdadır.

Yusif peyğəmbər süjeti

Müharibədə hər iki valideynini itirən “Tək” Maştağadakı uşaq evinə verilir. Varlı ailənin övladı ilə dostlaşan “Tək” istəmədiyi halda həmin ailənin qızı Dilarəyə vurulur. Dilarəni məktəbin qaranlıq dəhlizində bir oğlanla öpüşən görür və qeyrətinə sığışdırmayıb onu döyür. Dilarə isə qorxusundan qardaşı Samirə hadisəni təhrif edib, öz xeyrinə danışır. Guya ki, “Tək” onu zorlamaq istəyirmiş. Samir isə əsəbiləşib “Tək”i yortur. Bıçaqlanan “Tək” sağaldıqdan sonra Samirin atası tərəfindən qapalı dini məktəbə verilir. (Yusif peyğəmbər də şərlənərək həbsxanaya atılmışdı, günahsız olaraq cəzalandırılmışdı və onu edam gözləyirdi, bəşəri süjet olan bu mövzu çoxsaylı müəlliflər tərəfindən müxtəlif formalarda işlənib).

Qorxu həqiqəti üzə çıxarır

Burda dini təlim keçən “Tək”ə Cəfər adını verirlər. O, şəhidliyə hazırlanır və qazi olacağı günü gözləyir. Bir müddət isə Əfqanıstanda döyüş hazırlığı keçir. Yenidən Bakıya qayıdan Cəfər şəhidlik gününü gözləyir. Bu zaman onun inamı zədələnir və qorxu hissinin əsirinə çevrilir. Lakin geriyə yol yoxdur. Daxilində mübarizə başlanır, günlər uzandıqca ölüm kabusu onu vahiməyə salır, sarsıntı içində üzülür. Müəllif burda öz qəhrəmanının daxili aləmini, iç dünyasını təsvir etməklə yaranmış vəziyyəti göstərir, Cəfərin tərəddüdlərinin səbəbini anladır. Həqiqətən də, bəzən qorxu insanın iradəsini zərif yapon yaylığından da zərif edir.

Yaxın şərq və İŞİD-in işartıları

Müəllif romanda, dünyanın şərq ölkələrinə, xüsusən də müsəlman dünyasının içtimai-siyası durumuna nəzər salıb, qısa da olsa, fakta bağlı olan ştrixlərlə vəziyyəti təsvir edib. Məsələn, yazır ki, mərkəzi və idarəetmə qərargahı Londonda yerləşən əfqan hərbi bazalarında şəhidliyə hazırlanan döyüşçülər təlim keçirdi. Məncə, bu cümlədən sonra əlavə şərhə ehtiyac yoxdur.

Tarixə ironiya

Romanın qəhrəmanı Cəfərin (“Tək”) öz atası tarix müəllimi olsa da, ömrü yarımçıq qalır, ona mədrəsədə Əmir Tarix müəllimlik edir. Əmir Tarix ona yeni tarix yazaraq, həyatının istiqamətini tamamilə dəyişdirir. Atası Tarixin tarixi yarıda qalır, müəllimi Əmir Tarix isə Cəfərə öz tarixini - öz ideyasının, öz düşüncəsinin tarixini yazır. Həqiqətən də, bəzən insanın taleyi öz əlində olmur, ona yeni tale yazıb istədikləri istiqamətə sürükləyirlər.

“Tək” və Təpəgöz

“Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, Təpəgöz oğuz elinə bəla gətirəndə onu qovurlar. Burda təpəgöz günahkar olsa da, bu günah onun özünün yox, onun taleyinin günahı, alın yazısıdır. “Tək” romanında da qəhrəman sığındığı, pənah gətirdiyi ailəyə dönük çıxmaqda günahlandırılıb evdən qovulur (cəza olaraq qapalı dini məktəbə göndərilir). Bu günah onun özünün yox, taleyinin günahı, daha doğrusu şərlənməsidir. Hər iki süjetdə nəticə eynidir. Günahkarsansa, cəzanı çəkməlisən. Ən əsası isə Təpəgözlə “Tək” birgözlüdür. “Tək” də Təpəgöz kimi hər şeyə bir gözlə baxır. Burda təkcə süjet bağlılığı yox, həm də bioloji bağlılıq da var.

İnsanın Allaha çevrilməsi

Romanın adı mənə birbaşa yerin-göyün hakimi, küllü-kainatın tək sahibi tanrını xatırlatdı. Daha doğrusu, burda tanrı ilə bağlantını açıq və kodlaşmış şəkildə ifadəsini gördüm. Əsərdə qəhrəmanın adı yoxdur və o, “Tək” adlandırılır. “Tək” anadan kor doğulub ölənə qədər də dünyaya bir gözlə baxıb. Uşaqlıqda onu təkgöz adlandırsalar da, sonralar qısa olaraq “Tək” adı onun əsl adını unutdurub. Hərçənd ki, əsərdə onun əsl adına rast gəlinmir. Dünyanı bir gözlə görmək tanrı xüsusiyyətidir və burda ikinci bir göz ola bilməz. Ədalətin də bir gözü, yəni ortaq nöqtəsi var. Tanrı da hər şeyi bir gözlə görür, ilahi ədalətlə baxır və ikinci gözə ehtiyac yoxdur. Olsaydı o tanrı olmazdı. Tanrı insanlar kimi ikiləşməkdən uzaqdır. Tanrının davamçısı yoxdur və o, bütün insanların, bəşəriyyətindi, yəni kimsəsiz olsa da, hamınındı. “Tək” də burda kimsəsizdi, tək-tənhadı, lakin insanlığa, bəşəriyyətə, islam dininə lazımdı, yəni hamınındı.

Tanrılıq - idealogiya və əməl

“Tək” isə tanrı nişanlı doğulur və ona adı sonralar verirlər. Əvvəlcə cismani, sonda isə mənəvi olaraq tanrıya çevrilir. Onu ölümə hazırlayan müəllimi ilə özünü öldürür – müəllimini qucaqlayaraq, özünü partladır, hissələrə, zərrələrə çevrilir. İdeologiya və əməl birləşir. İdeologiya onun müəllimi, əməli isə özüdür. İdeologiya və əməl birləşərək tanrılığı yaradır. Ölüm isə haqqa qovuşmaq, tanrıya çatmaqdır. İnsan itərək tanrıya çevrilə bilirmiş. Romanın qəhrəmanı deyir ki, mən burda olsam da, əslində burda deyildim. Görünsəm də, yox idim. Nə adım vardı, nə ünvanım. Məni nə hökumət tanıyırdı, nə burdakı adamlar. Mən kölgə idim. Teyf idim… Hurifilikdən, sufilikdən gəlmə ideyaya görə tanrı hər yerdədi, hər tərəfdədi, laməkandı. Nə ismdi, nə cismdi.

“Tək”in publisistik problemi

Yuxarıda yazdığım kimi, roman mənə görə nöqsanlardan da xali deyil. Müxtəlif yerlərdə publisistik ifadələr mətnə yamaq kimi görünür, oxucuya müəllifin – Orxan Fikrətoğlunun publisistik fəaliyyətini yada salır. Roman ideya və süjet kimi tam olsa da, mətnə çulğaşa bilməyən bu ifadələr tamlığın dadını qaçırmağa xidmət edir.

Lətifəsi Orxan bəydən uzaq, bir də görürsən, hansısa müəllifə onun publisistik ifadələrlə bağlı irad bildirəndə, özünü təmizə çıxarmaq üçün deyir ki, bunları bilərəkdən etmişəm. Lakin bu fikrin səmimiliyinə inanmıram, bilərəkdən kimsə öz südünə su qatmaz. Yəqin, “Tək”in müəllifi də subyektivdir. Olsun ki, bu iradı ya qəbul edəcək, ya da özünəməxsus tərzdə izah edəcək.

# 1753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #