Kulis.Az Səxavət Sahilin “Ölü kəllə kəpənəyinin vahiməsi” məqaləsini təqdim edir.
İndi ədəbiyyat kluarlarında söhbəti Kafkadan başlayıb Markesdə bitirmək dəb düşüb. Xüsusən də gənclər arasında populyar olan bu iki sənətkarı kim necə gəldi təhlil eləyib, istədiyi kimi yozur. Kafkanın qorxulu, ziddiyyətli və sarsıdıcı hekayələri, Markesin magik və detektivvari əsərləri heç də yenilik deyilmiş. Halbuki, bir az dərinə gedəndə qarşımıza Edqar Po kimi ciddi və təkrarsız yazıçı çıxa bilər. Elə mən də ondan yazmaq istəyirəm.
Hekayələrində detektivdən tutmuş magik realizmə qədər gedib çıxan Po dünya ədəbiyyatında bir neçə istiqamətin başlanğıc nöqtəsi olmuşdur. Daha çox qotik üsluba meyl edən yazıçının əsərləri, loru dildə desək, məşhur yazıçıların “çörək ağacı”na çevrilib. Əbəs yerə onu detektiv janrın atası saymırlar. O, həm də elmi fantastikanın və mistifikasiyanın banisidir.
Bədbin və qorxulu tona köklənəm qısa hekayələri yazıçıya ölümündən sonra dünya şöhrəti gətirdi. Cəmi qırx il yaşamasına baxmayaraq bu gün o, klassik yazıçılarla bir sırada durur.
Edqar Ponun zəif ədəbi qəhrəmanları ağlasığmaz, təhlükəli fantastik dərəcədə çətin vəziyyətlərlə üzləşir, sirli qüvvələrin təsirinə düşür, mistik situasiyalarla üz-üzə qalır.
Araşdırmaçıları onun psixi vəziyyətini əsas gətirərək hesab edirlər ki, Edqarın yaradıcılığı ruhi vəziyyətinin təzahürü idi. Bu barədə mübahisə eləmək fikrində olmasam da, əminliklə deyə bilərəm ki, o cür hekayələri yazmaq üçün yüksək bədii zövq, dərin ədəbi baza və intellekt gərəkdir. Ruhi xəstə olan adamın bunlara sahib olması isə ağlabatan görünmür. Hətta bəziləri onun impotent olduğunu da iddia edirlər, cinsi pozğunluğun həyatına, yaşayışına ciddi təsir etdiyini və bundan əziyyət çəkdiyi üçün içkiyə qurşandığını yazırlar.
Deyilənlərin yalan və həqiqət olmasının indiki dönəmdə bəlkə də əhəmiyyəti yoxdur. Lakin ortada fakt var: Ponun yazdığı hekayələr və şeirlər.
Ponun məşhur hekayələri var: “Qara pişik”, “Amontiladon dolu çəllək”, “Diri-diri basdırımla”, “Qızıl böcək”, "Təlxək Hopfroq", "Xanım Liqeya", “Morq küçəsində qətl”, “Çuxur və kəfkir, "Oğurlanmış məktub", “Döyən ürək” və s.
Mən onun “Sfinks” hekayəsindən danışmaq istəyirəm, təxəyyülü elmlə birləşdirən hekyəsindən.
Klassik terminlə desək, hadisə vaqe olur Hudzon sahilindəki istirahət üçün əlverişli olan bir villada. Həmin vaxtı Nyu-Yorka vəba hər kəsi cənginə alıb o dünyaya aparır. Hekayənin qəhrəmanı da əlacsız xəstəlikdən qurtulmaq üçün özünü verir gözdən-könüldən uzaq bir yerə. Nə başınızı ağrıdım, burda kef çəkməklə məşğul olur; istəyəndə ova gedir, balıq tutur, musiqiyə qulaq asır, kitab oxuyur və s.
Hər gün gələn dəhşətli epidemiyanın sarsıdıcı xəbərləri qəhrəmanı narahat edir, rahatlığını pozub gün-güzəranını göy əskiyə bükür. Bu yazıq da başını kitab oxumaqla qatmaq istəyir ki, özünü ətrafdan, cəmiyyətdən təcrid eləsin. Amma və lakin...
Günlərin bir günündə başına elə bir hadisə gəlir ki, vəba yalan olur desəm, heç də yanılmaram.
Axşamtərəfi pəncərə qarşısında rahat bir kresloda əyləşib kitab oxumaq istəyir. Pəncərədən çayın hər iki sahili və bir az aralıda boz təpə görünür. Fikrini cəmləmək istəyir ki, boz təpədən nəhəng bir eybəcərin aramla aşağı endiyini görür. Bədheybətin okean gəmisi boyda olduğunu, iri caynaqlı, iri xortumlu əcaib varlıq olduğunu apaydın görür. Yazıq o qədər qorxur ki, özündən gedib tirtap yerə sərilir.
Gördüyü hadisədən təşvişə düşən və şok keçirən qəhrəman gördüyünü ev sahibinə belə danışmaq istəmir. Bir neçə gün sonra yenə eyni mənzərəyə şahid olur: yenə həmin bu əcaib-qəraib məxluq boz təpədən aşağı yenir. Ağzının uzunluğu altmış-yetmiş funt, xortumu isə fil gövdəsi boyda idi. Ağzından çıxan qılıncabənzər iri dişləri günəş işığında par-par parıldayırdı. Xortumunun hər iki tərəfində isə otuz-qırx funtluq iri buynuzlar uzanırdı. Sivri gövdəsinin üstündə üst-üstə iki dənə yüz yard ölçüsündə olan, üzəri dəmirəbənzər zirehlə örtülü qanadları varıydı. Bütün bu qorxunc simasına baxmayaraq, bu bədheybətin ən dəhşətli yeri onun sinəsiydi. Sinəsində ağaran insan kəlləsi adamı vahiməyə salırdı....
Və ikinci dəfə görəndə qışqıra-qışqıra ev sahibinə həmin əcaib varlığı göstərmək istəyir. Ev sahibi pəncərədən baxsa da, heç nə olmamış kimi, kitab rəfindən təbiət tarixi ilə bağlı bir kitab götürüb oxumağa başlayır: “...Sfinks fəsiləsinin pulcuqlu qanadlılar dəstəsinin, kəpənəkkimilər sinfinə mənsub həşəratlardan olan Ölü kəllə kəpənəyi qorxunc görünüşü, xüsusən də sinəsindəki quru kəlləyəbənzər təsvirlə cahil adamlarda xof yaradır”.
Sən demə Ölü Kəllə Kəpənəyi pəncərə şüşəsində özü üçün gəzirmiş...
Əsas məğzini yazdığım hekayədən aydın olur ki, müəllif burada bir çox istiqamətləri, əsas da vahiməli süjetlə elmi birləşdirərək, insan təxəyyülündən yaranan qarabasmaları və uydurmaları ustalıqla birləşdirə bilib. Bu da yazıçıdan son dərəcə peşəkarlıq tələb edir.
Sözümün mustafası odur ki, məsələ heç də məşhur adlarla bitmir. Ədəbi mütaliə sistemli və əsaslı olmaldır, onda sən hansı yazıçının “hardan gəldiyini” daha yaxşı dərk edirsən. İş gəlib Kafkaya çatanda Edqar Po yada düşürsə, Markesə çatanda isə ən əvvəl Freyd yada düşməlidir. Hələ mən Freyddən danışmıram...