Çoxlu gurultulu cümlələr səsləndirilir bayram günləri: “Papaq qeyrətdi, heç onu qapılara atarlar?”, “Bizim qəhrəmanlarımıza bir baxın, biri qapı-qapı gəzib pay yığır, o birisinə toy eləyir” və s.
Molla Pənah Vaqifin məhşur bayram gəlib çatıb, bizim evdə o yoxdu-bu yoxdu deyə yazdığı şeir də hər il Novruz bayramında yadımıza düşür. Bizim insanımız tox olmayıb. Həmişə toxluğun həsrətini çəkib. Nağıllarımızın qəhrəmanları şah qızı, şah oğlu ilə evlənib səfalətdən, yoxsulluqdan qurtulacaqlarının xəyalı ilə yaşayıblar. Bağ-bostanı küp tapacaqları ümidiylə belləyiblər və s.
Bayram günlərində qapılara papaq atan uşaqlara fikir verin. Əksəriyyətinin üst-başı köhnədir, üzlərindən yoxsulluq yağır. Bir çox ailələr uşaqlarına papaq atmağı yaraşdırmır. Sanki bu adət elə yoxsulların adətidir. Lap elə yoxsulluqdan doğan adətdir. Niyə biz yoxsulluğu aşağılıq kimi qəbul edirik, mən bilmirəm. Guya ki, elə bircə kosa pay yığıb keçələ toy eləyir? Biz hamımız, hətta ən varlımız da toy eləyəndə pul yığmırıqmı? Şadlıq evinin girəcəyində bir nəfəri təhkim eləmirikmi ki, pul yazdırmamış burdan heç kəsi buraxma. Yaxud, qutu qoymuruqmu ortaya. Bəlkə kosayla keçəl elə bizim özümüzə istehza edirlər?!
Nə isə... Sözüm onda yox. Bayram günlərində qapı döyüb papaq atan uşaqların əyin-başlarının yoxsulluqdan xəbər verməsi mənim ürəyimi ağrıdır. Bir nəfər də əyni-başı təmiz, səliqəli uşağı papaq atan görmədim. Və məni ən çox kədərləndirən şey də nə oldu? Deməli, tanıdığım bütün qadınlar əlbir olub bu yoxsul uşaqlara qarşı hiylə işlədirlər. Marketlərdəki ən ucuz, ən yoxsul adamın alıb yeyə biləcəyi şirniyyatları, konfetləri alıb evdə saxlayılar ki, papaq atan uşaqlara pay versinlər. Lap bircə konfet qoy papağına, amma o uşağın arzuladığı şey olsun. Bu bir kinder yumurta, lap bircə boyanmış yumurta da ola bilər.
Uşaq idik. Valideynlərimiz papaq atmağı bizə qadağan eləmişdi. Uzağı zarafat üçün qapıbir qonşumuz olan əmimgilə papaq ata bilərdik. Çünki ayıb hesab edirdilər. Birdən kimsə görər, filankəsin uşağı papaq atdı, elə düşünməsinlər ki, evlərində heç nə yoxdu. Bizə başqa uşaqlar papaq atırdılar, biz də həsrətlə baxırdıq. Çox dəhşətli bir şey baş verdi. Papaq atan uşaqlar adətən ev sahibindən gizlənirlər axı. Əvvəl papağını atan, sonra qapımızı açıb qəfil evimizə girib atamın axasında gizlənən uşaq qardaşımla bir sinifdə oxuyan Vəli idi. Biz nə baş verdiyini anlamamış, Vəlinin atası içəri girdi. Vəli atasını görcək qorxusundan ortalığa çıxdı və quzu canavara sarı gedən kimi atasına tərəf yeridi. Vəlinin atası uşağı söyə-söyə təpiyin altına saldı. Uşaq ağlayır, yalvarır, imdad diləyirdi. Bu səhnəni görməmək üçün əllərimlə üzümü tutmuşdum. Atamla anam Vəlini atasının əlindən güclə aldılar. Amma yəqin ki, Vəli evlərində də döyüldü. Çünki kişinin hirsi soyumamışdı. Kişi uşağının başqa qapılara papaq atmasını alçaldıcı hərəkət hesab eləyirdi. Və yüz faiz evində Novruz keçirirdi, tonqalın-zadın da üstündən hoppanmışdı. Hətta onlara papaq atan uşaqlara da pay dağıtmışdı. Onun bayrama münasibəti qeyri-səmimi idi.
Nə isə. Novruz adətlərinin hamısı çox maraqlıdır. Heç bir adəti həyata keçirməkdən utanmayın. Bəlkə də dünyanın heç bir yerində bizim xalqımız kimi öz bayarmından utanan bir xalq yoxdur. Yeni ildə Şaxta babanın yalançı hədiyyələrindənsə, bizim qapı-qapı düşüb yığdığımız hədiyyələr realdır. Uşaqlarımız məktəblərdə Yeni il bayramı qeyd eləyəndə müəllimənin tapşırığı ilə özümüz hədiyyələr alıb Şaxta babanın torbasına qoymuruqmu? Saxta-saxta sonra o hədiyyələri uşaqlara paylamırıqmı? Uşaq da bilir ki, dünən anası alıb bu hədiyyəni məhəllələrindəki marketdən. Amma Novruzda papağına nə qoyulsa, sənindi. Bil ki, qabağa düşmüsən! Burda da saxtalaşdırmalar var, düzdü. Papağa öz yediyi nemətlərdən qoymayanlar var.
Evdə uşaqlar üçün yazdığım “Varmı məndən gözəl?” adlı kitabımdan təxminən otuza qədəri durur hələ. Gələn uşaqların papaqlarına qoyacam, gedəcək. İstəyir aparıb oxusunlar, istəyir tonqallarına atıb yandırsınlar. Əsas işi görməkdi. Otuz uşaqdan heç olmasa biri kitabımı oxuyacaq ya, bəsimdi.