Arvadının adına söz çıxaran kişilər

Arvadının adına söz çıxaran kişilər
22 fevral 2018
# 10:55

Sevinc Elsevər

Bu yaxınlarda gözəllik salonlarından birində çalışan tanışımın başına qəribə bir iş gəlib. 40 günlük matəmdən sonra, üstəlik qış aylarında toylar az olduğundan, müştərisi azalıb. Qadın kirayə götürdüyü stolun pulunu ödəyə bilməyib. Borc yığılıb üstünə. Əri gözəllik salonuna hücum çəkib, hər tərəfi qırıb-töküb, qadının iş yoldaşlarından tələb eləyib ki, ondan gizlətməsinlər, arvadının “saxladığı”, “pul yedirtdiyi” kişinin kim olduğunu desinlər.

Qadın sübut edə bilmirmiş ki, son aylar niyə qazana bilmir. Kişi qadını qazandığını kiməsə yedirtməkdə ittiham edirmiş. Şübhə var, şübhə var! Adam görün hara qədər ölçüb-biçib, özünü nə qədər uzaqgörən bilib.

Bu əhvalatdan sonra hamı düşünürdü ki, kişi qadını öldürməsə də, boşayar. Ən azı işdən çıxarar, bir daha işə buraxmaz. Tanıyan-bilən hamısı bu əhvalatdan danışırdı. Həm də necə? Hərə bu əhvalata bir artırma eləyirdi. Əhvalat o qədər bəzədilmişdi, adi hinduşkanı o qədər bəzəsən, tovuzquşuna dönərdi.

Ər öz arvadının adına söz çıxartdığını başa düşəndən sonra utandığından adam içinə çıxmaz oldu. Sonra evlərini satıb yaşadıqları yerdən köçdülər. Amma qadın iş yerini dəyişmədi. Çünki indiki zəmanədə iş tapmaq asan deyil.

İşləmək məcburiyyətində, həvəsində olan qadınların bir çoxu şübhə ilə üz-üzə qalır. Jurnalist tanışlarımdan biri deyirdi ki, baş redaktoru ilə ərinin arasında qalırdı deyə işdən olub. Ər arvadını baş redaktorun sözünə baxmaqda, onun əmrlərini “sözsüz-sovsuz” icra etməkdə ittiham edirmiş. Baş redaktor deyirmiş işdə qal, filan mətni işlə, filan yerə də get, təcili yazı hazırlamalıyıq. Ərsə tələb edirmiş ki, qadın filan vaxtda evdə olsun. “Sənin ərin mənəm, yoxsa odur?! Mən sənə deyirəm belə elə”- deyə əri üsyan edirmiş. Ər başa düşmürmüş ki, ər evdə ərdi, iş yerində qadının müdiri var və ona tabe olmalıdır. Sonuncu dəfə qadın yenə baş redaktoru ilə ərinin arasında qalandan, az qala ərinin ona tolazladığı stulla şikəst olma təhlükəsindən güclə qurtulduqdan sonra işini həmişəlik tərk eləmişdi.

Qızım dərsdən sonra müəllim yanında qalır. Tez çatmışdım məktəbə. Ona görə dərsdə oturmalı oldum. Hazırlıqda 3 uşaq vardı, test eləyirdilər. Müəllimənin də telefonuna dalbadal zənglər gəlirdi.

Hər dəfə telefonu söndürürdü. Nəhayət, telefonu açdığında təkcə müəlliməni diksindirmədi telefondan partlayan kişi səsi. Məni də diksindirdi. Uşaqların yanında özünü amiranə aparan, qaşlarının arasından düyünü əksik etməyən, valideynlərlə özünü həmişə çox yuxarıdan aparan müəllimə sanki büzüşdü birdən-birə. Onu heç vaxt bu qədər yazıq görkəmdə görməmişdim. Dili topuq çala-çala: “Gəlirəm indi, dərsimiz biiitməmişdi, həəəəlllə uuuuşşaqlar var yanımda” – dedi.

Şübhə dəhşətli şeydi. Saday Budaqlının “Şübhə” adında maraqlı hekayəsi var. Kişi onunla birgə çalışan evli qadınla yatandan sonra ehtimal edir ki, arvadı da öz iş yoldaşı ilə yata bilər. Əgər bu qadın onunla yatırsa, sabah heç nə olmamış kimi işə gəlir, deyə-gülə evinə yollanır, ərinə çay süzür, yemək bişirirsə, həyatına heç nə olmamış kimi davam edirsə, deməli onun arvadı da belə eləyə bilər. Üstəlik, arvadının iş yoldaşlarından birinin bacarıqlarından, uğurlarından tez-tez evdə danışması bu ocağı daha da qızışdırır. Nəhayət, yanğın baş qaldırır. Bir ailə mənasız bir şübhə ucbatından dağılır.

Yüzlərlə təhsilli, savadlı qadın ərinin ürəyi qaralığına görə işləmir. İş tapılmır, iş yoxdu, bu başa düşüləndi, qadın ümumiyyətlə, işləməyi arzulamır. Çünki ömrünü ərinin şübhələriylə mübarizəyə həsr eləmək dünyanın ən təhlükəli, ən riskli işi kimi görünür.

# 1887 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #