Mənəviyyatımızı zorlayan televiziyalar

Mənəviyyatımızı zorlayan televiziyalar
29 sentyabr 2017
# 10:51

Sevda Sultanova

1996-cı ildə Romada qəribə başlıqlı kitab yayımlanır: “Adamyeyən gənclik. Ekstremal dəhşətin antologiyası”. Antologiyada on gənc yazıçının hekayəsi yer alır. Onlar yeni növ qorxu ədəbiyyatı ərsəyə gətirir, onu emosional gərilməylə - kəskin qətllər və işgəncələrlə yükləyirlər.

Yeni nəsil yazıçıları əsərlərini şəxsi təcrübələrinə, mütaliə, intellekt baqajına əsaslanaraq yazmırlar. Onlar prinsipial olaraq ancaq televizor ekranı vasitəsilə dərk edilən, qəbul olunan illüzioner dünya qururlar. Həyatla heç bir bağı olmayan, şüuru manipulyasiya edən virtual dünya. Kitab kulturoloqların diqqətini çəkir. Onlar bu tendensiyanı dəqiq izah edən “mədəni mutasiya” anlayışını önə çəkirlər.

Saytlara nəzər salıram, son günlər televiziya yenə gündəmə gəlib, təbii ki, uğursuzluqlarıyla. Başqa cür olması mümkün də deyildi.

Normalda televiziya sosial institut olmalıydı. Ancaq bizim milli televiziya özünün mövcud durumuyla sosial institut anlayışının sərhədlərinə belə yaxın gələ bilmir. Çünki bu illər ərzində, özəlliklə də son beş ildən də çox onun tək məqsədi toplumu mədəni, mənəvi mutantlaşdırmaya sürükləmək olub.

Bizim telekanalların təyinatı üzrə funksiyaları artıq çoxdan mövcud deyil: maarifləndirmə, informasiya vermək, bu sözün estetik, yaradıcı anlamında əyləndirmək. Bu sözlərin nəzəri olaraq milli televiziya məkanına şamil edilməsi belə illüzioner effekt yaradır.

Bunlar bir tərəfə. Çağdaş azərbaycancanın çevik, funksional dilə çevrilməsində telekanalların rolu xüsusi olmalıydı: ictimai, sosial, siyasi, mədəni sferalarda təşkil olunan polemikalarıyla, debatlarıyla, müzakirələriylə. Faciə ondadır ki, kanallarımızda Azərbaycan dilində səlis danışan, dilimizin zənginliklərinə heç olmasa orta səviyyədə bələd olan aparıcı tapmaq mümkün deyil. Üst-üstə götürsək, teleaparıcıların söz bazası ümumən 1500 kəlmə təşkil edər, ya etməz.

Peşəkar teleməhsulların olmaması, dilimizə etinasızlıqdan dolayı uşaqlar da, böyüklər də türk kanallarındakı proqramlara üstünlük verir. Nəticədə nə baş verir? Nəticə o olur ki, normal danışıq dilimizdə türk dilinin vurğuları, intonasiyası yerini möhkəmlədir.

Telekanallarımız illərlədir bizə, elementar yaradıcı konsepti olmayan düşük idillik aləm təklif edir. Mövcud gerçəklikdən uzaq, real həyatın mürəkkəbliyinə yaxın belə gəlməyən bu ibtidai şou aləminin teleməkanda alternativi yoxdur, ola da bilməz.

Telekonsept əsasən iki dominant trendin üzərində qurulur: sosial mövzuda şou üzərindən tamaşaçının mənəviyyatını, duyğularını zorlamaq.

Və günün istənilən saatında hansı kanalın düyməsini basdın, ekranda mütləq kasıb düşüncəli, yoxsul dunyagörüşlü müğənnilər görünəcək.

İndicə rastıma çıxdı, müğənnilər bu günlərdə vəzifəsindən uzaqlaşdırılmış telekanal rəhbərliyini onlardan pul almaqda, əməklərini istismar etməkdə suçlayırlar. Halbuki dünənədək susurdular, onlara efirdə olmaq imkanının yaradıldığı üçün həmin kanala dönə-dönə təşəkkür edirdilər. İndi heç nə olmamış kimi, rahatlıqla təşəkkür elədikləri adamı az qala linçləyirlər. Yadıma düşmüşkən, linçləmək bizim telekanalların önəmli funksiyalarından biridir.

Necə də tanış mənzərədir... Mədəni mutasiyanın qaçılmaz nəticəsi həm də bu olsun gərək.

# 2117 dəfə oxunub

Müəllifin son yazıları

# # #