Kulis.az Azad Qaradərəlinin "Məhəmməd Füzulinin Qarabağ səfəri (Yarı fantastik, yarı gerçək dramatik hekayə)" hekayəsini təqdim edir.
Keçmiş tələbə yoldaşım, dostum Azad Əsədova sayqı və sevgilərlə!
Gur işıq səhnəni işıqlandırır. Daha doğrusu, sonradan bilinir ki, bura səhnə deyil, Füzuli rayonunun Kərimbəyli kəndidir. Azad kişinin həyəti. Toyuq-cücələr ora-bura qaçışır, bir xoruz ortada key-key gəzişir. Yaşı 70-i ötmüş Azad kişi siqaretini alışdırıb düyü artlayan qadınına tərəf dönür.
Azad kişi: Gecə pis yuxu görmüşəm. Nəysə içimdə bir nayrahatlıx var.
Qadın: Nolasıdı, Allaha şükür. Nənən bir az xarabıydı, o da düzəlir yavaş-yavaş... Bir də ki... Vallah nə deyim axı, qoja arvatdı, doxsanı keçib... Day nolasıdı bınnan sohra..?
Azad kişi: Orası heylədi ye... Füzuli rəhməttiy yaxşı deyip...
Fələy qəddimiz xəm qıldı kin, yanı,
Vaxtdı dünya qapısınnan çıxmağa, əyilin...
Qadın: Doğrudan e, saalah, o kişi niyə heylə qəliz yazıp? Başa düşəyilmirəm...
Azad kişi: Nə qəliz, ağız?! 500 il qabax yazılıb, amma elə bil indi deyilib. Hələ bıra bax:
Məni cannan usandırdı, cəfadan yar usanmazmı?
Fələylər yandı ahımnan, muradım şamı yanmazmı?
Saallah, sözdərə bax e, “mən”, “cannan”, “usanmax”, “cəfadan”, “yar”... Elə bil indi, bu sahat bizim Kərimbəylidə deyib bı kəlmələri... (Fikrə gedir.) Bə niyə heylə yuxu gördüm?
Qadın: Yuxunu danışallar... Nə gördün, danış, yozax...
Azad kişi: Gördüm, bir dəvə karvanının ardıycan düşmüşəm, gedirəm əyağım yer tutduxcan... Hamı atda, dəvədədi, təycə mən ayaxnan gedirəm... Amma heş gör yoruldum deyirəm?! Bı yaşımda Allah elə bil manğa* ayrıca güj vermişdi... Sarbannan soruşdum hara gediriy, dedi Kərbalaya... Mənim axı bir arzum varıydı... Kərbalaya getməyinə gedəjəhdim, amma qabaxcan Füzulinin qəbrini ziyarət eliyəjəhdim...
Qadın: Tova-tova de, allaha naxoş gedər... Elə sənin özünnən eşitmişəm ki, Fizuli İmamsöynün qəbrinin əyağı altında basırılmağını vəsiyyət eliyip... Day sən niyə qabaxcan İmamı dəyil, onun əyağı altında basırılanı ziyarət eliyəssən?.. Kiri, kiri... Hə, sohra nə oldu?
Azad kişi: Sohra o oldu ki, dəvə karvanı qum fırtınasına düşdü, ölən öldü, itən itdi, bir dəvə manğa sarı qaçanda qorxdum ki, ayağ altında qallam, qışqırıb ayıldım... Gördüm yuxuymuş...
Qadın: Nənəm deyərdi kin, arvad yuxusu yan yorar, kişi yuxusu can yorar... Can yormaxdı səninki... Canın yorulajax, amma axırı aydınnıx olajax... Bax, bu düyünün bərəkəti haqqı, əzəl-axır, ya Kərbalaya gedəssən, ya da...
Azad kişi: Ya da nə?! Ya da Kərbala bıra gələjəh?!
(Həyət qapısı döyülür)
Azad kişi: (Oturduğu yerdən) Kimdi?
Səs: (Qayibanə səslə) Allah qonağı...
Azad kişi: (Qapıya yönəlib yolağanı açır və qarşısında gördüyü adama baxıb şaşırır) Allaha da qurban, qonağına da... (Və elə bil qonağı tanıyırmış kimi olur.) Siz?..
Qonaq: (Topa saqqallı, iri gözləri olan, başında əmmamə, qoltuğunda tablet) Hə, mənəm... Nə yaxşı tanıdınğız*?
Azad kişi: (Heyrətlənsə də, sevincək qonağa əl uzadır) Mən axı ədəbiyyat müəllimi idim... Bir neçə ildi təqaüdə çıxmışam... Sizi... Sizin əsərlərinizi... Qəzəllərinizi, hələ “Leyli və Məjlum”u sevə-sevə tədris edərdim şagirdlərə... Düzdü e, sizin əsərlərinizi heylə səndeyən dərinnən örgənəmmədim... Amma nə də olmasa, Füzulini biz çox sevirik... Əsərlərinizin həngi, ahəngi bizi bizdən alır... O söz var e, deyirlər, Füzuli belə deyib, biz belə annıyırıx, bax, orası doğrudur. Hər kəs Füzulidə özünü axtarır... Bə qoltuğunuzdakı nədi?
Qonaq: Tabletdi də... Day indi kitab oxuyan yoxdu deyə, mən də keçmişəm komp... kompüterdi, nədi ona... bu tabletə-zada...
Azad kişi: (Xanımına) Ay qız, bizim əziz qonağımız gəlib! Füzuli kişi... Zaddı... Füzili baba... Məhəmməd Füzuli gəlib e... Tez ol, süfrə sal bu masaya. Keçin içəri... Qapıda niyə durmuşuq ki?! (Əllərini göyə qaldırır.) Şükür sənin kərəminə! Xanım dedi axı, Allah onun ağzıynan dedirtdi! Dedi ki, Kərbala bura gələcək! (Füzuliyə dönür) İşə bax e, bir az qabax, sizin misralarınqızı söylüyürdüm xanıma... Fələk qəddimiz xəm qıldı ki...
Füzuli: (Sevimcək) Nə yaxşı! Mən bəs deyirdim?..
(Doluxsunur.)
Nola ağlarsa Füzuli rövzeyi kuyin anıb,
Lacərəm, giryan olur, qılğac Vətən yadın qərib...
Azad kişi: A kişi, sən nə danışırsan, nə qərib, biz bu ili Füzuli ili elan eləmişiy e... Ay qardaş, bax, bu rayonun adı da Füzulidir!
Füzuli: (Stuldan dik qalxır) –Nə danışırsan?! Mənim adımı veriblər buralara?! Şükür sənə, ilahi! Min kərə sənə şükürlər olsun! Görüm necə demişdim...
Füzuli buldu gənci-afiyət meyxanə küncündə,
Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəbb!
Qəfil yadına nə isə düşür. Kefi qaçır. Ev sahibinə diqqətlə baxır, sonra tableti açıb nə isə axtarır.
Füzuli: Viran demişkən, axı mən yol boyu çoxlu xarabalıxlar gördüm? Burada zəlzələmi olub? O evlər niyə o kökdə idi? Bude, rəsmini də çəkmişəm...
Azad kişi:(Başını bulayır) Eeeee, ay Füzuli kişi, sənin bu mübarək mülk dediyin yerlərin başına bilirsən nə oyun açmışdılar?! Xristiyan dünyasının, ələlxüsus rusların silahlandırdığı ermənilər bu torpaqları işğal etmişdi... Yurdumuzu xarabazara çevirmişdi... torpağımızı torba ilə daşımışdı...
Füzuli: (Heyrətlə) –Rus kimdi?! Erməni nəmənədi?! Mən belə xəlq tanımıram axı?!
Azad kişi: Heç tanımasan yaxşıdı! Bizim türk babalarımızın üfləyə-üfləyə, püfləyə-püfləyə saxladığı əcnəbi qadınların doğduğu vələdüzina uşaqlardan törədi ruslar... Törədi və artıb bir Ucubuluğa* dönərək üstümüzə gəldi... Adına erməni dediyimiz, əsil adları hay olan başqa bir qövmü silahlandırıb soxdu torpaqlarımıza!.. A kişi, otuz il idi biz bu torpaqlara həsrət idik! Təzəcə, lap bir-iki il qabaq özümüzü toplayıb onları qovmuşuq buralardan...
Füzuli: (Ah çəkir) – Hay? Yox, e yox... Bizim zamanımızda olmuyub belə qövm... Erməni isə... Hə, hə! Ərmən! Ərməniyyə! Onlar axı müsliman olsun gərək? Ya xaçpərəst idilər? Dinini bilməm, amma gerçəkdən türk qövmü idi ərmənlər... Rəhmətlik Nəsiminin Ərmən qızınına yazdığı məşhur qəzəl də var... Görüm yadıma sala billəm? Hə-hə... Belə misraları vardı:
Dərdmənd etdin məni, ey dərdə dərman ərməni,
Olmuşam eşqin yolunda bəndəfərman, ərməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, ərməni?..
Ustadın ruhu şad olsun. Yaxşı oldu böyük şairi də yad etdik... Eeeeeehhhh...
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur...
Azad kişi: (Öz-özünə.) Gör e, saalah, biz uzun illərdir ki, Nəsiminin o qəzəli bir erməni-hay qızına yazdığını düşünürdük... (Füzuliyə dönür.) Nə gözəl dedin, ay Füzuli müəllim... Eeeee... Füzuli baba.... (Öz-özünə) Nə pis iş oldu... Müəllim nədi, baba nədi? Mənim özümün yetmiş yaşım var, bu kişiyə necə baba deyim? Bəlkə elə şair deyim?.. Yaxşısı elə şairdi... (Yenə Füzuliyə dönür.) Şair, bəli, o yerdə ki, indi haylar yaşayır, oranın adı Ərməniyyə, əhalisi də ərmənlər, türk tayfaları olan ərmənlər olub... Adını dilimə almaq istəmədiyim ruslar onlara armenin, yəni erməni, yaşadıqları yerə də Armeniya dedilər ki, biz də onların dilinnən qapdıq o kəlməni... Şair, heç bizim öz qövmümüzün də adını dəyişib o ruslar... Türk ola-ola, adımızı azərbaycanlı, dilimizi də Azərbaycan dili eliyiblər...
Füzuli kişi: Vay, vay, vay! Elə bil o yanıq iyi verən misranı sizlər üçün demişəm:”Mən nihali-gülşəni dərdəm, məlamətdir bərim”... İsminizi də soruşmadım, öz isminiz nəymiş?
Azad kişi: Adım Azaddı, şair. Sənin mənim adıma da sözün olsun gərək!..
Füzuli: Oooooo! Nə gözəl! Dayan görüm necəydi?!
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, vardır səməri...
Azadlıq, azadəlik yer üzünün ən böyük nemətidir... Zira hər adama nəsib olmaz... Heç hər adam da ona yaxın durmaz... Azadəlik o ariflərin hünəridir ki, qanları, canları bahasına ona yetmiş olarlar... Pəh! Buna da sözü var Füzulinin!
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,
Bəs ki, pakəm, daşı ləl eylədi feyzi-nəzərim...
Azad kişi: Allah köməyin olsun! Nə gözəl demisən!.. Nə gözəldir sözü azadəliyin... Amma ay şair, sizin zamanı bilmirəm, mən bu yetmiş ildə heç azadəliyi sevən adam görmədim... Gördüm e, sözü sevirlər, amma özünü əsla...
Füzuli: Orası elə olmağına elədi... Mən də yandım belə dedim o zaman:
Tökdükcə qanım oxu, ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər!
Neçə padişahlar gəldi-getdi, bir tazə söz, bir də əyilmiyən söz xridarının adı qaldı tarixdə. Azadəlik böyük nemətdir, Azad kişi!.. Azadəlik əmanəti!
Azad kişi: Hə, elədir. Azadlıq ki var, biz millət olaraq ona da cəmi otuz neçə ildir qovuşmuşuq... Yüz il qabax azad, müstəqil dövlət qurduq, amma bayaq adını çəkdiyim ruslar qoymadı yaşasın... Bir qazancımız oldu ki, milli kimliyimizi, dilimizi qoruya bildik müstəmləkə dövründə.
Füzuli: Nə gözəl! Milli varlığınızı və ana dilinizi qoruya bilməyiniz böyük lütfdür!
Azad kişi: Sən o zaman dilimizi ucaltdın, amma biz basqılardan qoruya bilmdək. Ərəb gəldi biət dedi, fars gəldi məzhəb dedi, rus gəldi net dedi! Türk adımızı belə bizdən çaldılar, düşmanımız haylardan başqa bizi türk çağıran olmadı, onlar da ələ salaraq tork deyirlər... Sən də o zaman türkcənin düşvarlığınnan danışırdın... “Nəzmi-nazik türk ləfzi ilə ikən düşvar olur” dedin...
Füzuli: (Fikirli) Bu adam məni düzgün anlamayıb, deyəsən? (Azad kişiyə) Axı mən sonda bunu da demişəm:
Məndə töffiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikənnən bərgi-gül izhar olur...
Mən sizlərə kürreyi-ərzin yarısının danışdığı bir dil verdim: türki... İndi siz onu necə qullanmısınız... Neyləməli ki,
Dünya işinin mədarı yoxdur...
Heç kimsəyə etibarı yoxdur...
Azad kişi: Şair, heç soruşmadım axı, nə əcəb belə uzun yola çıxmısan? Camaat sizin torpağa gedir ki, kərbalayı olsun, sən isə...
Füzuli: Bilirsən, biz şairlər şəhidlər kimiyik – ölməzik. Özü də hər gələn hökmüdar özünü bizlərə istətmək üçün bir fərman verər, kitabımızı buraxar, əmma bu bizə təfavüt eləməz – bizi hökmdar yox, xəlq maraqlandırar. Desələr ki, bizim kitablarımızı məktəblərdə, mədrəsələrdə, el şənliklərində oxurlar, bax bu ürəyimizə sərin su kimi səpilər!.. Bu yaxınlarda sizin vilayətdən bir ziyarətçimiz vardı, İmam Hüseynin məzarını ziyarət edənnən sonra gəldi mənim qəbrimə, diz çökdü, ağladı, sıtqadı, sinə daşımı öpüb dedi: “Şair, mən sənin sayəndə böyük elm adamı oldum. Sənin əsərlərinin fəlsəfəsini açmaq üçün cild-cild kitab yazdım, elmi iş ortaya qoydum... Dilin qəliz olsa da, mənim ölkəmdə, Azərbaycanda sənin qəzəllərini el şənliklərində, ziyafətlərdə oxurlar, feyziyab olurlar. İbtidai, orta məktəblərdə, ali məktəblərdə Füzulidən imtahan verə bilməyənə qapı açmazlar... Hətta bu il mənim ölkəmdə Füzuli ili əlan olunub... Bu il orada sənin ilindir...”
Mən bəsirət gözümlə gördüm o adamı, duydum dediklərini və allahdan bir əhd dilədim. Dedim, ya rəb, deyilənə görə, sən biz şairləri ölənnən sonra da eşidirsən, nə olar, səsimi eşit, dipdiri ruhuma bədən əta elə, gedim o ölkəyə, gəzim oraları, görüm nə diyarmış ki, bir ilini Füzuli ili əlan eləyib...
Möcüzə baş verdi: Allahım mənə belə bir dəbən biçdi, diri ruhumu da təzədən o bədənə qaytardı, get, dedi...
(Göz yaşlarını yaylığı ilə silir.)
Ona görə, bu misraları demişəm:
Nə mövcud olmasa, əsbabi dünyadan deyil müşkil,
Nə müşkildir ki, mövcud olamaya bir hakimi-adil...
Azad kişi: (Son dərəcə təsirlənmiş halda) Xoş gəlib, səfa gətirmisən, şair! Gözümüz üstdə yerin var! Bir dayan görüm! Bax, sənin bu görünüşünü bizim bir rəssamımız fırçayla çəkmiş, tabloda yaratmış obrazını...
Füzuli:(Qəhərlənir) Hə, hə! O alim mənim qəbrimə bir dəst kitab, bir də bir tablo buraxıb getmişdi. Düzü, mən o tablodakı adamın özüm olduğuna şübhə edərkən, qəfil bir nida keçdi beynimnən:”A kişi, sən Bağdada, Kərbalaya nələr yazmadın, dünyada sənin qədər bu topraqları şöhrətləndirən olmadı, axırı nə oldu? Nə qiymət verdilər sənə?! Amma bax, o ölkədə səni özlərininki bilirlər... A kişi, sənə nələr yazmayıblar! Sənin ata-babanın ordan Bağdada gəldiyini yazırlar! Get də, get, sən də o yurdun dam-daşını öp, havasını ud, suyunu iç, əkməyini dad... Ciyərim kabab oldu, Azad kişi, bir içim su olarmı?
Azad kişi:(Ötkəm) Ay uşaq, ay bala, görmürsünğuz qonağımız var, niyə süfrəni düzəltmirsinğız? Kişiyə çaydan-sudan gətirin görüm!
Azad kişinin xanımı şairə bir parç su verir. Sonra mizin üstünə süfrə salıb çaynik, stəkan-nəlbəki, şirniyyat düzür.
Qadın: (Alçaq səslə) Şair xoş gəlib bizim ellərə...
Füzuli: (Son dərəcə təsirlənmiş) Xoş gününüz olsun, xanım. (Öz-özünə) Bura nə gözəl ölkədir!.. Qadını da, kişisi də bərabərmiş... Yaşınmayan, kişisi kimi düşünən, danışmağa cəsarət edən pak, ülvi qadın... “Leyli və Məcnun”da necə demişdim:
Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməni ki, pakəm!...
Çöl qapı döyülür. Kimsə “Ay Azad müəllim hey” deyib qışqırır.
Azad kişi: Kimsən, a bala? Gəl, qapı açıxdı.
Gənc bir oğlan, yanında da özü kimi iki gənc həyətə girib salam verirlər.
Azad kişi: Rasim, gəl a bala, niyə aralıda durursan, gəlin, qonağımızla da hal-xoş eliyin...
Rasim: Azad müəllim, bizə dedilər ki, sizə qəribə bir qonax gəlib... Hətta dedilər ki, Füzuli özü gəlib?..
Azad kişi: (Riqqətlə) Hə, hə! Şair Məhəmməd Füzuli özüdü ki, var!
Rasim də, onunla gələnlər də şairin əlini öpürlər.
Rasim: Bizdə əl öpülməz, amma Füzulinin mübarək əlini öpmək şərəfdir!
Azad kişi: Hə, şair, Rasimin sözünə qüvvət, Osmanlı türklərində böyüklərin əlini öpərlər, bizdə belə adət yoxdur... Amma sizin əliniz müşərrəfdir...
Füzuli: (Az qalır ki, bu adamları qucaqlayıb bir-bir öpsün) Mən nə gözəl ölkəyə gəlmişəm, Allahım!
Rasim: (Azad kişiyə) Azad müəllim, bir halda ki, şair gəlib, bəlkə onun qəzəlləri üstdə bir-iki ağız oxuyaq?
Azad kişi: (Füzuliyə) Şair, heç mən sizi düz-əməlli tanış eləmədim ki! Bu oğlan bizim mədəniyyət evinin müdiridir, adı da Rasimdir. Özünün həm də gözəl səsi var. Bunlar da biri tarzən, biri kaman ustasıdır... Bizdə, Qarabağda hər kəsin səsi var... Hamı musiqiilə nəfəs alır... Hətta bir zamanlar o qədər də tanınmayan bir şair yazmışdı:
Gər Qarabağda təpinsən uşağa.
Muğamat üstündə ağlar deyirlər...
Bəlkə, deyirəm, bizim gənclər sizi bir balaca feyziyyab eləsinlər?
Füzuli: (Sevincək) – Nə yaxşı deyib o şairiniz. Ruhu şad olsun. (Öz-özünə) Bu hələ bunların tanınmayan şairinin dediyidir!.. (Azad kişiyə.) Yaxşı olar, Azad kişi.
Gənclər həyət qapısının arxasında qoyduqları musiqi alətlərini gətirib köynəyindən çıxardır və kökləyirlər. Bu vaxt Füzuli ev sahibəsinin süzdüyü kəklikotulu çaydan içir, əlini göyə qaldırıb dua edir. Musiqiçilər isə kökləməni bitirib, rast muğamı çalmaqdadırlar. Xanəndə üzünü Füzuliyə tutaraq onu öz misraları ilə vəsf edir.
Rasim: Ey mələksima, səndən özgə heyrandır sana,
Həq bilir, insan deməz, hər kim ki, insandır, sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana...
Çöl qapı açılır, həyətə beş-beş, on-on insan kütləsi daxil olur. Rasim isə oxumağındadır.
Aləmi-pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən mümkün deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Artıq həyət dolmuş, demək olar ki, ayaq üstdə durmağa yer yoxdur. Ona görə, gələnlər hasarın üstünə dırmaşır, yaxud həyətdəki meyvə ağaclarının budağına çıxıb oradan məclisi seyr edirlər.
Çıxma, yarım, gecələr əğyar tənindən saqın,
Sən məhi-övci-məlahətsən, bu, nöqsandır sana.
Padişahim, zülm edib aşiq sana zalim demiş,
Xubrulardan yaman gəlməz, bu, böhtandır sana.
Ey Füzuli, xubrulardan təqafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana...
Muğam bitər-bitməz yüzlərlə adam gurultu ilə əl çalır. Şair səsdən diksinir, ətrafa boylanır və bir belə insanın haçan bura yığışdığını düşünüb heyrətlənir və üzünü həyətə yığışan kütləyə tutub deyir:
Füzuli: - Bir zamanlar mən bu misralarla başlayan bir şeir yazmışdım:
“Mən kiməm? – Bir bikəsi, biçarəvü bixaniman”...
Gedib deyərsiniz, Füzuli dedi ki, mən o sözləri dəyişib, bir qəzəlimlə təsərrüf edərək belə yazıram:
Mən kiməm? –Fikri qamu sevdalərin sərmayəsi,
Olmasın başimdən əskik sərvqəddin sayəsi...
Başımdam əskik olmayın! Sevdim sizi! İndi anladım ki, niyə sizin bölgəyə mənim adımı veriblər?! Çünki Füzulinin əsərlərini sizin bölgədə - Qarabağda sevən qədər heç kim sevə bilməz! Bax mən ol səbəbdən demişəm ki:
Hər kimin var isə zatında şərarət küfrü,
İstilahti-ilum ilə müsəlman olmaz.
Gər qara daşı qızıl qan ilə rəngin edəsən,
Təbə təğyir verib, ləli-bədəxşan olmaz.
Eyləsən tutiyə təlim ədayi-təlimat,
Nitqi insan olur, əmma özü insan olmaz.
Hər uzun boylu şücəat edə bilməz dəva,
Hər ağac kim boy ata, sərvi-xuraman olmaz...
Olmaz e, olmaz! Füzuli sözünü ancaq Füzuli elinin sakinləri fəhm edər!
Səhnənin işıqları daha da gur yanır. Füzuli kənd əhlinin hardansa qalaq-qalaq daşıyıb gətirdiyi kitabları imzalayır və o kitablar bircə anda ağ göyərçinlərə dönüb səmaya qalxır, əvvəl Kərimbəyli kəndinin, sonra isə bütün Qarabağın üstü ilə uçur, uçurlar. Uzaqlardan “Şəbi-hicran” kantatasının musiqisi eşidilir, əvvəl xor oxuyur, Azad kişi əl atıb ağacsan bir çubuq qırır, ayağının altına stul qoyub eynən mayestro Niyazi kimi drijorluq edir, həyətə yığılan kənd əhli isə oxumağa başlayır.
Xor: Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
İşıqlar sönür. Yarıqaranlıqda Azad kişi yatağından qan-tər içində qalxır, əlini uzadıb divardan işıq açarını tapır, tilişkəsini yuxarı qaldırıb işığı yandırır. Saata baxır. Və xanımını səsləyir.
Azad kişi: Ay qız, dur ayağa... Bu boyda çal-çağırı heşmi eşitmirdin?!
Qadın: Nə çal-çağır, ay kişi? Saatdan xəbərin var? Dörddü e...
Azad kişi: Nolsun? Füzuli burda idi...
Qadın: Fizuli kimdi?!
Azad kişi: Məhəmməd Füzuli...
Qadın: Yaxşı sən Allah! Dedim axı sanğa, pulunğu yığ, get Kərbalaya, bu çək-çevirdən canın qutarsın... Yoxsa, il boyu Kərbala, Bağdad, Fizuli söhbətləri qutaran dəyil... Pensiyaya çıxannan da lap fəlfəlləmisən...
Azad kişi: (Əsəbi) Mən nə deyirəm, sən nə deyirsən?! Özü də Fizuli yox, Füzuli demək lazımdır!
Siqaret yandırır, mətbəxdə su içib kitab rəfləri olan otağa gedir. Rəfdən Füzulinin divanını götürüb sığallayır, divanda əyləşib kitabı vərəqləməyə başlayır...
Azad kişi: Bu nə yuxuydu ə?! Allah sənə rəhmət eləsin, əziz müəllimimiz İmran Babayev! Sən deyərdin ki, Füzuli ruhu diri şairlərdəndir... Həqiqətən beləymiş...
Azad kişi yerinə girib yatmaq istəsə də, yata bilmir. Səhəri diri gözlü açır. Səhər yeməyindən sonra həyətə düşüb təmiz hava almaq istəyir. Bu vaxt onun cib telefonu çalır.
Azad kişi: Bəli, eşidirəm.
Səs: Azad müəllimdir?
Azad kişi: Bəli, mənəm.
Səs: Azad müəllim, mən sizin telefonunuzu çətinliklə tapmışam... Yadınızda olar, iki il əvvəl 44 günlük Vətən Müharibəsi başlayanda sizin evinizə gecə ikən bir yaralı əsgər gətirmişdilər?..
Azad kişi: Ay oğul, mən o vaxt kənd sovetinin sədri idim, ordu ilə yaxın əlaqələrim vardı... Ona görə bizim evdə çoxlu yaralı, yaralı olmayan döyüşçülər olub... Sən onlardan hansısan?
Səs: Azad müəllim, mən ağır yaralı olmuşam. Yoldaşlarım məni ölmüş bilib sizin evə qoyub gediblər... Üstümdə olan sənədlərim də itibmiş... Tək adımı sənə söyləyiblər yoldaşlarım – Nizami...
Azad kişi: Hə, Nizami... Nizami... Ay bala, sən məni də, xanımımı da çox ağlatmısan... Biz də əvvəl səni ölmüş bildik... Amma gecənin bir aləmi zarımağa başladın, onda mən səni öz maşınıma qoyub ən yaxın xəstəxanaya sürdüm... Düz iki gecə xəstəxanada qaldım, həkimlərdən xahiş etdim ki, səni xilas etsinlər... Çünki yoldaşların demişdilər ki, evin yeganə oğlusan, könüllü getmisən davaya... Şükür ki, səni həkimlər xilas edə bildi...
Səs: Hə, komadan çıxannan sonra həkimlər mənə danışdı ki, səni Füzulinin Kərimbəyli kəndinnən Azad adlı bir kişi öz maşınında gətirmişdi, öz övladı kimi əsirdi üstündə... Dedilər ki, mənimçün göz yaşı tökmüsünüz...
Azad kişi: Hə, ay bala, şükür, çox şükür ki, zəhmətimiz bada getmədi, sən sağalmısan... Düzü, mən arxayın olannan sonra evə qayıtdım... Şükür. Şükür ki, salamatsan...
Səs: Azad müəllim, mən sizə minnətdarlığımı bildirirəm! Allah əvəzini versin...
Azad kişi: Ay oğul, nə minnətdarlıq, biz hamımız sənə və sənin kimi igidlərə borcluyuq... Bir gün bizim evə qonaq gəlsən, şad olaram...
Səs: İnşallah. Azad müəllim. Sağlıqla qalın.
Bir həftə sonra. Kənd meydanı. Bir neçə adam bir gəncin başına yığışıb söhbətləşirlər.
Birinci gənc: Ay Füzuli, sən canın danış görək, necə yerdi o Kərbala?! İndi sanğa necə müraciət edək, Kərbalayı Füzulimi deyək?
Gülüşmə.
Füzuli: Vallah, necə müraciət edirsiniz, edin, özünüz biərsiniz, amma şair Füzuli demiş, mübarək yerdir ora... Sehrli, sirli məkandır... Əvvəl-əvvəl İmam Hüseynin, sonra da Məhəmməd Füzulinin məzarını ziyarət elədim...
Bu vaxt Azad kişi də bura gəlib çıxır. Füzuli deyilən gənc ona sarı gedib əl tutur.
Füzuli: Azad müəllim, bəs ora gedəcəkdiniz, niyə mənə deməmişdiniz, bir yerdə gedərdik?
Azad kişi: (Təəccüblə) –Hara, a bala?
Füzuli: Kərbalaya də... Mən axı Kərbaladaydım... İmamın qəbrinnən sonra Məhəmməd Füzulinin qəbrini ziyarətə başlayanda sizi də orda gördüm... Çağırdım, amma eşitmədiniz... Adam da çox idi... Daha üstünü vurmadım...
Azad kişi: (Heyrətlə) –Nə bilim, a bala... (Kişini ağlamaq tutur.) Bəlkə, gözünə görünmüşəm? Ya bəlkə, kiməsə oxşatmısan?
Füzuli: Yox e, yox, məgər mən müəllimimi tanımıram? Hətta telefonla şəklinizi də çəkmişəm, Füzulinin məzarına gül qoyduğunuz yerdə... (Telefonunu çıxardıb axtarır və Azad kişinin səcdəyə endiyi vəziyyətdə çəkilmiş şəklini göstərir.) Müəllim, siz olmasaydınız, mən nə bilərdim Füzuli kimdi, qəzəl nədi, qəsidə nədi? Qulağımızı çəkə-çəkə öyrətdiniz bunları bizə... İndi şükür. Ali məktəbi bitirib iş adamı olmuşam, Hətta Kərbalaya bu dəfə özümdən başqa iyirmi adam aparmışam öz hesabıma... Siz də olardınız iyirmi birinci...
O gün bütün kəndə qəribə bir xəbər yayıldı ki, indi təqaüddə olan Azad müəllim Kərbalaya gedibmiş. Onun şagirdi, hansı ki, özündən başqa iyirmi adamı da Kərbalaya aparmış olan Füzuliyə deyil, Azad müəllimə hamı Kərbalayı deməyə başladı. Azad kişi bu təzə xəbəri bir az bir təhər qarşıladı. Amma sonra özü də buna inanmağa başladı. Əlini əlinə vurub dedi:
Azad kişi: Vallah, dünya hikmətdən xali deyil! Qosqoca Məhəmməd Füzuli qəbirdən çıxıb adını daşıyan Füzuli rayonuna gəldiyi bəs dəyil, məni də Kərimbəylidən Kərbalaya apardı bir göz qırpımında!
Qadın: Ay kişi, vallah, məni qınama, Qarabağın, Fizulinin işğaldan azad olunması Məhəmməd Füzuliyə də agah olub...
Azad kişi: Hə, elədi. O bir hikmət kanı idi. Keçmişi də bilirdi, gələcəyi də görürdü. “Ənisül-qəlb”də belə deyərdi ustad:
Demə can boş qəfəsdir, bir düşün, əslini tədqiq et,
Bəsirət əhlini gör kim, bu sirrin olmuş heyrani...
5 sentyabr – 25 oktyabr 2025
*Mətn dramatik olduğundan, daha doğrusu, yalnız tələffüz üzərində qurulduğundan əlifbamızda işarəsi olmayan, lakin Azərbaycan türklərinin bol-bol işlətdiyi ng (sağır nun) samitindən də yararlanmağa çalışılmışdır.
**Ucubuluq – Zəngəzurda, Təbrizdə dildə-ağızda bu gün də yaşayan bir mifin qəhrəmanıdır. Əfsanəyə görə, bu nəhəng varlığın yüzlərlə əlləri və qoları var ki, insanların var-yoxunu talayır. Müəllifin bu adda bir romanı da var.