İlqar Nəcəf: “O tamaşaçı mənə lazım deyil” - MÜSAHİBƏ

<span style="color:red;">İlqar Nəcəf:  <b>“O tamaşaçı mənə lazım deyil”</b> - <span style="color:red;">MÜSAHİBƏ
9 avqust 2017
# 09:00

“Buta” filminin çəkilməsindən 6 il keçib və “Nar bağı”na baxanda hiss olunur ki, bu filmə daha ciddi hazırlaşmısan. Nələrisə ölçüb-biçmisən ki, ordakı səhvlər təkrar olunmasın. Hazırlıq prosesi necə oldu?

- Əslində şüurlu surətdə hazırlıqdan çox bu beş-altı il ərzindəki zaman məni daha çox hazırlaşdırdı, nəinki mənim məqsədyönlü şəkildə hazırlaşmağım. Az yaşım da yoxdur. 40-ı keçmişəm, bu yaşda artıq insanda müəyyən dəyişikliklər olur, düşüncəsi, həyata yanaşması. 30-35 yaşında anlamadıqlarını bu yaşda daha yaxşı anlayırsan. Deməli, nəsə magiya var ki, dəyişiklik bu yaşda olur. Və bu dəyişiklik məni gətirdi “Nar bağı”na. “Buta”da daha çox xaotik situasiya, özünü arayan, axtaran rejissor var. Amma “Nar bağı” daha əmin, kinoda öz yolunu tapmağa yaxın rejissorun işidir. Qısası, məqsədyönlü hazırlıq yoxdur. Sadəcə bir yol var kino yolu...

- Bizdə situasiya elədir ki, söhbət daha çox Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi layihələrdən gedir – rejissor bir film çəkəndən 4-5 il sonra, növbətisini çəkir. Bəzən deyirlər ki, peşəkarlaşmaq üçün intensiv filmlər çəkilməlidir. Amma elə rejissorlar da var ki, 3-5 il aralığında, amma keyfiyyətli çəkir. Necə düşünürsən, tez-tez çəkmək keyfiyyətə təsir edirmi?

- Mən o fikirlə qətiyyən razı deyiləm ki, intensiv çəkmək keyfiyyətə təsir edir. Məsələn, Malik Terrens 6-7 ildən bir film çəkir, amma hər dəfə şedevr yaradır. Demək bu özünü doğrultmayan arqumentdir. Bir də bu sənətkarın daxili azadlığından irəli gələn məsələdir. Yəni sən daxilən mövzu üçün yetişmisənmi, nə dərəcədə hazırsan? Kino bir hekayədir. O hekayəni söyləmək üçün hazırsansa çəkə bilərsən. Yox hələ hazır deyilsənsə neçə il keçir-keçsin fərq etməz.

- “Nar bağı”nın ideyası hardan qaynaqlanmışdı?

- Münhendən ya Frankfurtdan Bakıya gəlirdim. Təxminən 4 ya 5 saatlıq yol idi. Təyyarədə adətən ya kitab oxuyuram, ya yazı yazıram. Bilmirəm hansı vəziyyət məni vadar etdi, nə baş verdi, hekayə yazdım, üç səhifəyə yaxın. Onda adı “Nar ağacı” idi. Əslində film kimi düşünmürdüm. Hekayədə ailə ağacı kəsmək istəyir, amma baba izn vermir. Ailə üzvləri yollar ayırır ki, necə edək kişini evdən uzaqlaşdırıb nar ağacının qol-budağını kəsək. Hekayə məndən Asifə keçdi, əlavələr elədi, sonra mən əlavələr elədim. Ondan sonra bu ssenari daha peşəkar yanaşma istəyirdi, fransız tərəfdaşımızın təklifi ilə holland Roelofa yolladıq. O da öz əlavələrini etdi və ortaya “Nar bağı” gəldi.

- “Bir qoca var” sənədli filmin danışma və eşitmə problemi olan uşaqlarla, “Nar bağı” isə görməsi zəif olan uşaq və həkimin dialoquyla başlayır. Problemli uşaqların sosial mühitə uyğunlaşmasının çətinliyini göstərirsən. Və istər-istəməz Tarkovskinin “Güzgü” filminin əvvəlində həkimin kəkələyən uşağı müalicə etmə səhnəsi yada düşür. Əlaqə varmı?

- Belə suallar veriləndə ani olaraq deyə bilərik ki, heç bir əlaqəsi yoxdu. Amma bir az keçəndən sonra düşünürsən ki, əlaqəsi var əslində. Şüuraltı olaraq səndə var. Amma ani olaraq onu hiss edə bilmirsən. Şüuraltında isə oturuşub o. Yanaşmalarında haçansa üzə çıxır. Görünür, “Güzgü” filmində gördüyüm o səhnəni qeyri-ixtiyari olaraq istifadə eləmişəm. Hansısa səhnəni götürmüşəmsə belə daxili azadlığım və mənəviyyatım imkan verir ki, onu birbaşa deyim. Amma şüurlu, məqsədli şəkildə “Güzgü”dən səhnəni götürüb bura adaptə eləyim, o yoxdu. Təsadüfi deyil ki, filmlərə az baxıram. Yəni məqsədli şəkildə az baxıram. Qorxuram ki, təsir altına düşərəm, sonra özümlə bacarmaram. Bu da mənəvi azadlığımı, tarazlığımı pozmuş olar. Təbii ki, yenə baxıb öyrənmək ayıb deyil. Dediyiniz səhnə isə mövzudan doğmuşdu.

- Filmin əvvəli bir az uzun alınmışdı. 90 dəqiqəlik film 80 dəqiqə də ola bilərdi. Uzunluq tamaşaçını tədricən atmosferə salmaqla bağlıydı? Yoxsa seyrçinin dözümlüyünü yoxlayırdız? Yəni hekayə maraqlıdırsa o axıradək gözləyəcək? Ya, sadəcə bunu belə görürdüz?

- Bu, əslində məqsədyönlü şəkildə idi. Dediyiniz kimi metrajı 80-85 dəqiqə ola bilərdi. Amma biz hələ kəsib-doğramışıq, 97 dəqiqə idi. Bu, mənimçün mövzuya giriş, dramaturji müqəddimə idi. Düşünürəm ki, bu olmalıdır, qoy tamaşaçı dözə bilmirsə dözməsin çıxıb getsin. O tamaşaçı mənə lazım deyil. Yox onu maraqlandıra bilmişəmsə sonadək baxırsa nə xoş mənə.

- Səhnələrin çoxu birplanlı, eyni rakursdan çəkilmişdi, məsələn, yemək səhnələri. Qəhrəmanları yaxından, dramatizm üçün iri olanlar lazımıydı, deyə düşünürəm. Siz üslub olaraq belə düşünmüşdüz?

- Filmin texniki estetikasını çəkilişdən öncə operatorla müəyyənləşdirmişdik. Uzun müzakirənin nəticəsiydi ki, film bu texniki parametrlərin üzərində qurulsun. İki-üç dəqiqəlik səhnələr təsadüfi deyil. Təsəvvür edin ki, filmin 60 dəqiqəsini uzun səhnələrlə müşahidə edirsən və birdən qısa, iti səhnələr, montaj... necə ola bilərdi. Aura dağılmış olardı. Bir də bütün kameranın hərəkəti aktyorların melanxolik vəziyyətinə uyğun şəkildə düşünülmüşdü.

- Belə anladım ki, film boyu personajların içi müəyyən qədər gizli qaldığından yarıqapalı rakurslar, planlar o vəziyyətə uyğun seçilib.

- Tamamilə doğrudur. Tamaşaçını bir az ac saxlamaq istəmişik.

- Final səhnəsini iki versiyada çəkmisiz. Festivalda tamam fərqli versiya göstərmisiz. Biz isə istehsalçının sifariş elədiyi nikbin finala baxdıq. Qəribədir ki, bu versiyada nikbinlik saxta gəlmədi. Bəlkə ona görə ki, pozitivliyə çox ehtiyacımız var.

- Sizin gördüyünüz variantla mənim versiyam arasında böyük fərq yoxdur. Fərq mənim versiyamda uşağın gülləri qara görməsində və görməsinin zəifliyindədir. Festivallarda sual verirdilər ki, niyə bu qədər radikal bitir? Niyə tamaşaçıya ümid vermirsiz? Hekayənin finalını gördüyüm kimi vermişəm. Dəfələrlə görmüşəm ki, sırf bizim filmdəki hekayəyə oxşar hadisələr radikal, pessimist bitir. Özümü necə məcbur edim ki, başqa cür olsun. Onda qeyri-səmimi, özümü aldatmış olardım. Özümə sual verəcəkdim ki, düzmü elədim? Tamaşaçı bəyənməsin qoy, amma sən öz fikrində qalasan.

- Nizami Kino Mərkəzində texniki nasazlıq olduğundan bəzi sözləri aydın eşitmirdim və yazımda da o məqamlara bu səbəbdən toxunmamışam. Filmdə Qabil-Habil hekayəsinin motivi var. Dini hekayədə Qabil Habili öldürür, onu birmənalı günahkar kimi qəbul edirik. Sənin traktovkanda isə Qabilin bəraəti var. Daha doğrusu Qabili ona gətirən səbəblər var və onu tamlıqla günahlandıra bilmirsən.

- Mənim məqsədim mühakimə deyil, hekayəni danışmaqdı. Müzakirəni tamaşaçının öhdəsinə buraxıram. Dediyin motivlə bağlı dialoq var. Qabil oğluna kənddən getməyinin səbəblərini danışır. Tamaşaçının ona müəyyən mənada rəğbəti yaranır. Məlum olur ki, ona qarşı heç də ədalətli davranmayıblar. Bu, o deməkdir ki, pis adam yüzdə-yüz pis deyil. Yaxşı adam da yaxşı. Hər kəsin öz həqiqəti var. Dramaturji baxımdan orda müəyyən mənada Qabilə bəraət var. Atasının onunla qardaşı arasında fərq qoyduğunu hiss edib, uşaq tənhalığı yaşayıb. Amma qayıdıb yenə də günah edir. Bununla belə yenə də tamaşaçının öhdəsinə buraxmışam.

- Filmlərimizin çoxunda musiqi həlli uğursuzdur. Ehtiyatlı yanaşmısan musiqiyə. Musiqi yoxdu filmdə, naturada səslənir ancaq.

- Rejissor ssenarini işləyəndə özüm də müəyyənləşdirmişdim ki, film musiqisiz olacaq. Bu hekayəni belə görürdüm, orda daha çox pıçıltı, daxili monoloq var. Amma montaj mərhələsində şübhə yarandı ki, deyəsən musiqi lazımdır. Sonra filmin içərisinə xalq mahnıları yerləşdirəndən sonra köhnə fikrimə qayıtdım ki, musiqi lazım deyil. Film bitdi, baxdım ki, titrlər musiqi istəyir. Sanki nöqtə rolunu oynayır. Bəstəkar kimi Firudin Allahverdiyə müraciət elədim, bu, onunla ilk işimiz deyil, “Teatral həyat”da da işləmişik. Hər bir bəstəkar istəyir ki, musiqisi çox səslənsin. Amma mən qəddarcasına yanaşdım.

- “Buta”da uşaqlarla daha yaxşı işləmişdin, nəinki peşəkar aktyorlarla, bu filmdə isə uğurlu kastinq vardı.

- Uşaqlarla işləmək çətindir. Burda əsas dörd qəhrəmandan biri uşaq idi. Burda daha ehtiyatla, peşəkar yanaşmışam uşağa. Sanki özümü sığortalayırdım, mizanı elə qururdum ki, uşaq zəif oynasa planla, mizanla o zəifliyi görünməz edim. Cəlal rolunun ifaçısı Həsən bəzi məqamlarda qorxudurdu, bəzən açılırdı, özünü göstərirdi. Uşaqla işləmək, onu kameraya hazırlamaq, ünsiyyət zaman istəyir. Asan deyil. Bu filmdə düşünürəm ki, öhdəsindən gəldik.

- Aktyorlarla iş prosesin maraqlıdır...

- Film uğurlu festival həyatına başlayıb. Festivallarda çoxlu sayda peşəkar kino adamları deyirdilər ki, yüksək səviyyədə kastinq var, aktyorlarınız güclüdür, hətta soruşurdular, bu adamlar çox filmdə oynayıblar? Halbuki İlahənin kinoda ilk böyük işidir, Səmiminin də ilk roludur. Bircə Qurban İsmayılov təcrübəliydi. Demək ki, aktyorlarla düzgün yöndə işləmişik. Rejissor intim çevrə formalaşdırmalıdır. Yaradıcı mühit film boyu davam etməli və dağılmamalıdır. Yaxşı oldu ki, bunu yarada bildik. Aktyorlarla xeyli işlədik. Aktyor nə qədər peşəkar olsa da onları öz-özünə buraxmayasan. Onlara dedim ki, mənim qırmızı xəttim var, o hər iki tərəfdən keçir, siz bu qırmızı xəttin içində oynayacaqsız. Bu iki qırmızı xəttin ortasında sizə azadlıq verirəm. Ona basdınızsa müdaxilə edəcəm. Aktyorlarımız bəzən özlərindən asılı olmayaraq asana qaçırlar, hətta rejissordan qopub özünə rahat olanı etmək istəyirlər. Bu baxımdan aktyorlar gərginlik altındaydılar. Bir də çəkilişdən öncə on gün birlikdə dialoqları məşq elədik. Dialoqları məşq edəndə soruşurdum ki, bunu necə hiss edirsən, bəlkə hansısa söz artıqdır və ya yerinə oturmur. Onda təklif edirdim ki, öz variantlarını desinlər, yəni onlara necə rahatdırsa elə səsləndirsinlər. Yetər ki, qəhrəmanın üstünə çıxmayasız. Filmdən eşitdiyiniz dialoqlar ilkin ssenaridəki dialoqlardan fərqlənir. Çünki dialoq birbaşa aktyorun oyununa təsir edir. Aktyor rahat deməlidir sözü, oyununa mane olmamalıydı. Bu bizim üstünlüyümüz idi.

- Milli kinomuzda dialoqlar ağır basır. Sənin filmində isə təsvirlər çox danışır. Aktyorlar da daha çox bədən diliylə oynayırdılar. Bu mənada İlahənin oyunu çox toxundu mənə.

- İlahə çox zəkalı qadındır. O mənə imkan verdi ki, onunla işləməyin formasını tapım. Öncə gərək aktyoru tanıyasan. İlahənin həyatda ağıllı qadın olması birbaşa qəhrəmanına sirayət edirdi. Dialoq azdırsa o zaman aktyor oyunuyla, təsvirlə tamaşaçını saxlamalısan, inandırmalısan. İlahənin çətin səhnələrindən biri ərinin xəbərsiz getməyini qonşunun deməsiydi. Emosional səhnəydi. Çəkilişdən əvvəl yaxınlaşdı ki, İlqar müəllim necə ağlamalıyam. Dedim İlahə, sənin sualın bizim işimizin yarısını həll etdi. 12 il bundan əvvəl səni tərk etmiş ərin qayıdır, daxilən qadın kimi sevinirsən, xoşbəxtsən, bunları düşünürsən, o, səninlə intim yaxın olur və çıxıb gedir. Həm də qadın kimi səni təhqir edir. Sən bu təhqiri necə qəbul edərsən? Bir qadın kimi nə hiss edərsən? Məşqdə göstərsən biləcəm ki, düz hiss edirsən, ya yox. Deyim ki, məşqdə daha yaxşı oynamışdı. Əgər İlahə tez-tez rol alsa o, qısa müddətdə dünyaya çıxacaq aktrisadır. Qurban peşəkardı, ona söz yox. Dostlarımızdan biri demiş, Səmimi o qədər istedadlıdır ki, özünün istedadından xəbəri yoxdur.

- Milli kinoda açıq səhnələr çox işlənmir, ya da korrekt işlənir. “Nar bağı”nda cəsarətli intim səhnə var. Amma bu səhnədə aktrisanın cəsarəti məsələsi də var. Çətinlik çəkdiz?

- Çətinliyimiz oldu. Bu səhnədə debütant idim. Dramaturji situasiya o səhnəyə gətirib çıxardı. Həmin səhnənin çəkilişində maksimum texniki heyəti minimuma endirdim. Burda ən çox İlahəyə “əhsən” deyirəm. Səmimini o səhnəyə alışdıran İlahə oldu. Səmimiyə qalsaydı səhnə alınan deyildi. İlahə kamera qarşısında qətiyyən kompleks keçirmədi.

- Planda nə var?

- Planda bir şeylər var. Mövzunu hələ demirəm. Növbəti film çox güman ki, başqa ölkədə çəkiləcək. Hicrət etmək kimi bir şey...

- Hansı festivallara dəvət almısız?

- Avrasiya festivalında iki mükafata, bir xüsusi qeydə layiq görüldü. Maraqlı şey deyim. Astanada FİPRESSİ-nin sədri Klaus Eder dedi ki, bəzi qeydlərim var. Dedi ki, FİPRESSİ üzvləri İlqarın “Nar bağı” yekdilliklə seçdi. Amma əminik ki, irəlidəki festivallarda mükafatlar götürəcək, ona görə “Aritmiya”ya veririk. "Nar bağı" üzümüzə gələn aylarda Hollandiyada, Belarusiyada, Fransada və Türkiyədə keçiriləcək müxtəlif kinofestivalların əsas müsabiqəsində iştirak edəcək.

# 2872 dəfə oxunub

Müəllifin son yazıları

# # #