Kulis.az Rüstəm Dastanoğlunun "Torpağın ruhu" hekayəsini təqdim edir.
Oğlum Turala ithaf edirəm.
“Ata!.. Ata!...” çığırtısını eşidib yuxudan ayıldı, handan-hana özünə gəldi, arxası üstə çevrildi, əməlli-başlı tərləmişdi. Köynəyinin yaxasını açdı, əlini can köynəyinin altına salıb, sinəsində, qabırğalarının üstündə gəzdirdi, təmiz suyun içində idi. Yazıq uşaq, qorxusundan dümağ olmuşdu, sir-sifəti göz yaşının içində idi. Uşaq ayıldığını görüb “ata” – dedi, bərk-bərk onu qucaqladı, üstünə sərildi, göz yaşıından islanmış üzünü atasını üzünə yapışdırdı, eləcə də qaldı. Atası bütün varlığıyla onun necə tez-tez çırpınan ürəyinin tıppıltısını, hıçqırdıqca bütün bədəninin necə qalxıb-endiyini hiss eləyirdi, ağzına onun duzlu, turşməzə göz yaşının dadı hopmuşdu.
Oğlu yavaş-yavaş sakitləşirdi, yuxuya keçirdi, o isə nələrin baş verdiyini xatırlamağa çalışırdı...
Birdən ayağının altından xoş bir gizilti keçdi və bu gizilti bütün bədəninə yayıldı. Bu giziltinin nə ilə bağlı olduğu hansı möcüzə iləsə, ona o saat əyan oldu; ayaqlarının altı kənddə evlərindən bir xeyli aralı, çay qırağı boyunca uzanan, hələ şumlanmamış, yaz günəşinin altında yaxşıca qızmış, yumyumşaq tütün yerindəki torpağın varlığını xatırlamışdı; 20-30 il bundan əvvəl uşaq vaxtı, hey belədən-elə, elədən-belə ayaqyalın, yarıçılpaq qaçdığı torpağın varlığını. Tütün yerinin içində, artıq seçilməyən ləklər boyunca tütün kökləri, şaxları olurdu, tütün yığılıb qurtarandan sonra mal-qoyun tütünün şaxlarını yeyirdilər, yemədiklərini ayaqlarının altında əzib xıncım-xıncım eləyirdilər, sonra onlar bütün qış boyu qarın altında qalıb çürüyürdü, yumyumşaq olurdu və o, tütün yeri boyunca qaçanda çalışırdı ki, həmin yumyumşaq tütün kökləri, şaxları ayağının altında tez-tez qalsın.
Tütün yerinin içində mal-qoyunun dalınca, uşaqlarla futbol oynayanda rezin topun dalınca, özündən böyük qardaşlarının şəhərdən, dayılarının Rusiyadan gələndə anasına muştuluq xəbərini çatdırmaq üçün o qədər qaçmışdı ki...
Gözlərini tavana dirəyib ayaq yaddaşına birdən-birə o günlərin niyə, hardan düşməsi səbəbini başa düşməyə çalışırdı...
...Gördüyü yuxu yavaş-yavaş canlanıb gözlərinin qabağından keçirdi: - Dəyirmançı suyun üstündə anasını itələyib püştəyə-suya salmışdı, anası suyun içində əl-qol atırdı, çabalayırdı, oğlunu köməyə çağırırdı, sudan çıxmağa çalışırdı. Dəyirmançı isə əlində bel püştənin kənarı boyunca o tərəf bu tərəfə gedə-gedə anasını sudan çıxmağa qoymurdu. Anası suda axa-axa dəyirmanın novuna tərəf yaxınlaşırdı. O isə püştənin dibinə dirənən giziltisi bütün bədəni boyunca yayılan həmin tütün yerinin yumyumşaq isti torpağının üstü ilə ayaqyalın qaça-qaça qışqırırdı ki, ay nənə, ay nənə, dəyirmançı anamı itələyib püştüyə saldı, anam boğulur, ay nənə, qoyma, anam indicə dəyirmanın novuna düşəcək, boğulacaq, ay nənə,qoyma!
Yuxuda gördüyü bu hadisəni bir vaxtlar ona anası danışmışdı:
- Tütünü suvarmaq vaxtı imiş, anası gedib su dəyirmanına püştə ilə gedən sudan bir-iki bellik tütünə su açır. Dəyirman başlayır yarmalamağa, dəyirmançı dəyirmanı oğluna tapşırıb əlində bel hirsindən bığlarını çiynəyə-çiynəyə püştənin qırağı ilə suyun başlanğıcına doğru gedir və gəlib suyun başında anasıyla rastlaşır.
Dəyirmançı kəndin hörmətli ağsaqqallarından biri idi. Kənd camaatının buğdasını üyüdürdü. Gəlinlərin heç biri hörmət əlaməti olaraq onunla danışmırdılar. Səksəndən yuxarı yaşı var idi. Gur səsli, güclü, işgüzar, bir az da hirsli adm imiş.
Anası dəyirmançını görən kimi başındakı şalın qabağını gözünün üstünə çəkir, ağzına yaşmaq alır, istəyir ki, uzaqlaşsın. Dəyirmançı imkan vermir, onu hirslə itələyib çox da dərin olmayan püştəyə suyun içinə salır, özü də yuxuda gördüyü kimi püştənin qırağı ilə addımlayır, anasını sudan çıxmağa qoymur, anası da səsini çıxarmadan (yuxuda isə anası nədənsə çığırırdı, onu köməyə çağırırdı) dəyirmanın novuna tərəf axan su ilə getməməyə çalışırmış. Dəyirmançının hirsi soyuyub gedəndən sonra anası birtəhər sudan çıxıb səssiz-səmirsiz suyu süzülə-süzülə gedir evə.
Nənəsi bu hadisəni eşidib bərk hirslənir, anasını danlayıb deyir ki, utanıb yerə girmirsən, dağdan ağır kişinin suyunu kəsirsən, camaatın buğdasını üyütməyə imkan vermirsən..
O isə nədənsə yuxuda nənəsini köməyə çağırırdı.
Yuxuda uşaqlıqda keçirdiyi o günləri yenidən yaşadığından on il bundan əvvəl ayaq yaddaşına hopmuş yumyumşaq isti torpağın xoş gizilti hissi oyanıb yenidən onun varlığına hakim kəsilmişdi...
O yerlər indi işğal altındaydı, onlar üçün ən əlçatmaz, ünyetməz məkana çevrilmişdi. Dünyanın on minlərlə kilometr uzaqlıqda olan hər yerinə, lap kosmosa da getmək mümkün idi, təkcə o doğulduğu, böyüdüyü, uşaqlığını keçirdiyi, doğmadan doğma yerlərə gedib çatmaq mümkünsüz olmuşdu...
Paltarını geyinib şəhərə çıxmaq istəyirdi, uşaq ağlayıb əl çəkmirdi ki, ata məni də özünlə apar. Evdəkilər nə qədər çalışsalar da, onu fikrindən döndərə bilmirdilər. Nəalac qalıb pəncəyini, ayaqqabısını çıxartdı, qalan paltarları əynində, uşağı aparıb yuxuya verib, sonra getmək istədi. Dibdəki yataq otağına keçdi, oğlunu çarpayıya uzadıb böyründə uzandı və nə vaxt uşağa qoşulub yuxuya getdiyindən xəbəri olmadı. Bir də gördüyü yuxunun təsirindən “ay nənə, qoyma anam boğulur, ay nənə, qoyma, anam boğulur!” qışqırtısına oğlunun oyanıb ağlaya-ağlaya “ata, ata” qışqırdığı səsə oyanmışdı...
Yenidən yuxuya gedib sinəsində yatmış oğlunun eyni qaydada tez-tez döyünən uşaq ürəyinin döyüntüsünü aramla, dərindən alıb-buraxdığı, üzünə yayılan isti nəfəsini, nəfəsdən sifətində əmələ gətirdiyi tər damlalarını öz bədınini hiss edirmiş kimi hiss eliyirdi.
Birdən ona elə gəlidi ki, canındakı o torpağın xoş giziltisi onu qucaqlayıb yatmış oğluna da keçdi. Və əminliklə inandı ki, günlərin birində belədən-belə, elədən-elə qaçdığı o torpağın üstündə oğlu da qaçacaq və onun varlığına da bu xoş gizilti hakim kəsiləcək və o, nə qədər başını sındırsa da, canındakı hissin ona hardan tanış olduğunu heç cür tapa bilməyəcək.
...Bunun belə olacağına özünü inandırdı, içində bir xoşbəxtlik havası dolaşdı və yenidən oğluna qoşulub dərin yuxuya getdi.