“Anarın Orxan Pamuk haqqında məqaləsi”
Son günlərin maraqlı ədəbi hadisələrindən biri xalq yazıçısı Anarın Orxan Pamuk haqqında yazdığı məqalə oldu. Müəllif gənc yazarların söykəndiyi “hay-küyçü” postmodernist sənət təzahürünə qarşı bu xəttin ən tanınmış nümayəndələrini köməyə çağırdı! Məqalədən anlaşıldı ki, Umberto Eko da, Orxan Pamuk da açıq-açığına postmodernizmin əleyhinə çıxıblar və bu cərəyanı istedadsızların sığındığı yalançı düşüncə tərzi hesab ediblər.
Daha sonra, hörmətli Anar müəllim Pamuk da daxil olmaqla cümlə-cahan postmodernistlərinin ustadı Umberto Ekonun dünyaca məşhur “Qızılgülün adı” traktat-romanından balaca bir sitat gətirdi: “Elə vaxt gələcək ki, – deyə Xorxe yenidən danışdı – qanunsuzluq yayılacaq, oğullar valideynlərinə əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək, ər arvadını hakimlərin qarşısına çıxaracaq, ağalar öz təbəələrilə insafsız davranacaq, təbəələr ağalara itaət etməyəcək, böyüklərə hörmət qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət tələb edəcək, iş, əməl faydasız, zəhlətökən bir şeyə çevriləcək, hər tərəfdə günahın, qüsurun, bütün əxlaq qaydalarının pozulmasının şərəfinə mahnılar oxunacaq”.
Açığı mən bu sitatı oxuyanda ağlıma bir şey gəldi: Eko orta əsrlər monastrını simvol-işarə kimi götürməklə əsl zərbəni “İncil”ə endirdiyi kimi, Anar müəllim də postmodernistləri ana kitabından vurmaq istəyib. Fəqət...
Heç nə deməyəcəm! Sadəcə, fikirləri sitat kimi verilən Xorxenin kim olduğunu bilməyənlərə anladacam. Nəticəni özünüz çıxararsınız.
Xorxe dünya şöhrətli Argentina yazıçısı Xorxe Luis Borxesin prototipidir. “Qızılgülün adı” əsərindəki kitabxana isə ABŞ-ın nəhəng kitabxanalarının birindən təşbeh edilib. Belə ki, Umberto Eko apardığı tədqiqatlardan dolayı bir gün yolunu bu kitabxanadan salır və satıcı sifarişin arxasınca motosikletlə getməli olur. Eko dəhşətə gəlir: Bu boyda da kitabxana olar?! Və yazıçı deyilən kəs bu qədər kitabdan fərqli necə bir kitab yaza bilər?
Belə bir kitab yazıldı. Bu, bəlkə də son 50 ilin ən dəyərli kitabı sayılan “Qızılgülün adı” idi və yazıçı, eləmə tənbəllik, öz mükəmməl romanında həmin kitabxananın obrazını da yaratdı.
Əsər boyu Uilyam bir kitab axtarır. Bu, Aristotelin gülüş barədə yazdığı kitabdır. Rahiblər isə bu kitabın ələ keçməsini istəmirlər. Çünki bu yeni epoxanın başlanğıcı, rahiblərin ciddiyyətə, kədərə, müdrikliyə əsaslanan hakimiyyətinin sonu deməkdir. Həm də tutarlı bəhanə var əldə: İsa Məsih heç vaxt gülməmiş! Gülüş şeytaniliyin, inkarın, keyfiyyət dəyişikliyinin simvoludur! Odur ki, bu sehrli kitabın vərəqlərinə zəhər sürtülüb, onu oxumaq istəyənlər barmağını tüpürcəkləyərək səhifələri çevirdikcə zəhərlənib ölürlər. Ölənlərin barmaqları və dilləri gömgöydür! Uilyam öz şagirdi Adso ilə birlikdə bu müəmmalı ölümün səbəblərini axtarır.
Gülüş haqqında kitab monastırın nəhəng kitabxanasında gizlədilib. Monastırın kitabxanaçısı kim olsa yaxşıdır? Bayaqdan sözünü etdiyimiz Xorxe!
Borxes deyirdi: “Ədəbiyyat idarə olunan yuxudur!”
Uzun zaman dünya ədəbiyyatını öz magik-mistik enerjisinin təsirinə salan bu böyük yazar üstəlik qeyd olunan fikri ilə çox istedadların ağzını dalana dirədi. Çünki o, həm də kor idi və yazdıqları əsasən yuxulu şüurun məhsulu idi. Eko isə yatmaq istəmir, dünyaya açıq gözlə baxır, həqiqətləri günəş işığına çıxarmağa çalışırdı. Bu yolda ən böyük əngəl Borxesin əsərləri, onun “idarə olunan yuxu” tendensiyası və bu tendensiyanı dəstəkləyən, təbliğ edən yüz minlərlə kitab idi. Postmodernizm öz dözülməz ironiyası ilə Borxesin müdrik ciddiyyətini, mistik vahiməsini asanlıqla dağıdır, eyni zamanda xristianlığın qəm-kədər estetikasına ağır zərbə endirirdi.
Beləliklə, mübarizə başlandı. “Qızılgülün adı” həm ədəbiyyatda, həm də cəmiyyətdə yeni dövrün başlandığını elan etdi. Əsərin qəhrəmanı Uilyam öz şagirdi ilə Aristotelin kitabının izinə düşdü, monastırın qaramat yağdıran, özündən sonrakı kitabları öz “müqəddəs” çevrəsinə buraxmayan kitabxanasını kəşf etdi. Və təbii ki, bizim Xorxeni də tanıdı.
Ancaq Xorxe güzəştə getmədi, Arostotelin perqamentləri zəhərlənmiş kitabını, ələ keçməsin deyə, ağzından göy zəhər tökülə-tökülə yeməyə başladı. Uilyamın şagirdi kitabı xilas etmək üçün onun üstünə atıldı, Xorxe kitabın-dolayısı ilə “idarə olunan yuxu” üzərində qurulmuş səltənətinin əldən getdiyini görüb onu qaranlıq kitabxanada Adsonun əlində yanan yeganə çırağa çırpdı. Çıraq yerə düşdü, yağı dağılaraq alovla birlikdə zəhərli kitabın üstünə axdı. Qurumuş vərəqlər anındaca alovlandı. Alov kitabdan kitabxanaya, kitabxanadan bütün monastıra yayıldı və xristianlığın ən nəhəng məbədi yanıb külə döndü. Təbii ki, Xorxenin zəhərlənmiş cəsədi öz qara işıq yayan kitabları ilə birlikdə alovlara qərq oldu.
Yeri gəlmişkən, kitabın yanma ideyası da Borxesin məşhur “Qum kitabı” hekayəsindən götürülmüşdür...
Bu qədər...
Amma lütfən seçim etməyə tələsməyin. Bura İtaliya deyil və yanan Xorxedənsə yandıran Ekonun tərəfinə keçmək sizə asan gəlməsin. Bizdə Xorxe ölməz Kaşşey kimi alovların içindən sağ-salamat çıxa bilər!
Yenə də xeyirlisi...
Anar müəllim düzmü söylədi?!
13 noyabr 2012
10:52
3446 dəfə oxunub