Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”

Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”
14 noyabr 2019
# 21:01

Məşhur ədəbiyyat bilicisi, yazıçı-publisist Mehdi Bayaziddən həmişə bir ad eşitmişəm: Şamxal Rüstəm. Bir neçə bənd şeiri Mehdinin dilində əzbər idi və sizə deyim, Mehdi Bayazidin dilində əzbər olmaq hər oğulun işi deyildi. Kim idi bu Şamxal Rüstəm?

O vaxt da indiki kimi ədəbi mühitdə görünmürdü. Daha çox rayonda olurdu.

Budəfəki müsahibim bax, həmin Şamxal Rüstəmdir.

Aradan illər keçib. Amma onunla ilk dəfədir görüşürəm. Budur, öz zamanının ən istedadlı şairlərindən biri, bəlkə də birincisi.

Və budur Mehdi Bayazidin əzbər dediyi o şeir:

Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi...
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.

Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Qəza hər ömrə gəlməz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən,
ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin
qarğışı tutdu.

Yeni Yasamalda yaşayır.

Demək olar, guşənişin həyat sürür.

Bizim görüşümüzü də o ətrafda yaşayan bir dostumuz təşkil elədi.

Məni kasıbyana evinə çağırdı. Hətta istəyirdi oturub vuraq da. Di gəl, o həvəs nə onda vardı, nə məndə. Səhhəti yaxşı deyil. Mən də işə tələsirdim.

- Əvvəl tanış olaq. Gənc nəsil sizi o qədər də tanımır

- 1952-də Şəmkirdə doğulmuşam. Əhməd Cavad adına nömrəli məktəbi bitirmişəm. Sonra Bakı Dövlət Universitetində təhsil aldım.

- Ailə...

- Beş övladım var: iki oğlan, üç qız. Nəvələrim lap çoxdu (gülümsünür).

- Yazıb-pozanı yoxdur?

- Yox. Həvəsləri var amma yazmadılar. Oğlanlarımın ikisi də ustadır.

- Siz Qorkidə oxudunuz?

- Yox, oxumamışam. Elə belə orda oxuyan dostlarımın yanına gedib-gəlmişəm. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Rusiyaya jurnalist kimi getmişəm.

- Radioda işləmisiniz uzun müddət.

- Hə, BDU-nu bitirən kimi radioda işə düzəldim.

- İlk şeirləriniz nə vaxt yayımlandı?

- “Ulduz” jurnalında çıxmışdı... Gərək ki, 72-ci il idi.

- O şeirlərdən yadınızda qalanı var?

- Yox, yoxdur. Unutmuşam hamısını.

- Ümumiyyətlə yadınızda qalan şeiriniz var?

- (Duruxur) Gərək düşünəm. Belə rahatlıqla deyə bilmərəm.

- Niyə görünmürsünüz ədəbi mühitdə?

- Bilmirəm. Getmirəm heç yerə. Çap da olunmuram. Marağım ölüb.

- Niyə?

- Konkret səbəb yoxdur. Öz-özünə oldu.

- Bəlkə küsmüsünüz nədənsə?

- Tələbə vaxtı aldatdılar məni. Kitabım çıxmalı idi, çıxarmadılar. Plana da salmışdılar, hətta məni təbrik də elədilər. Amma çıxmadı.

- Kim aldatdı?

- Adını demək istəmirəm. Bir dəfə demişdim, problem yaranmışdı. Məndən incimişdilər.

- Sizi aldadan adamın inciməyindən niyə çəkinirsiniz ki? Qoy incisin...

- Demək istəmirəm. Üstündən çox keçib. Heç nə dəyişəsi deyil.

- Kitabınız çıxmadı?

- Bircə uşaq şeirlərimi kitab kimi buraxdılar.

- Bəs necə olacaq? Toplamısınız şeirlərinizi?

- Toplayıb Əjdər Ola vermişəm. Yəqin ki, nə vaxtsa çıxar. Əjdər müəllim sağ olsun, o olmasa heç bunları da toplamayacaqdım.

- Axırıncı silsiləniz nə vaxt gedib?

- Axırıncı dəfə “Azərbaycan” jurnalında çap olunmuşam. Rəhmətlik Səyavuş Sərxanlı vermişdi. Hardasa on-on beş şeir idi.

- Neçə il olar?

- On il olar bəlkə də... Amma radioda çox səslənib şeirlərim.

- Axırıncı şeiri nə vaxt yazmısız?

- Keçən həftə.

- Hardadı o şeir?

- Bilmirəm. Gələndə yazıram, sonra atıram.

- Toplamırsınız?

- Yox.

- Yazırsınız itirirsiniz, heç bir şeirinizi bilmirsiniz, çap olunmursunuz, tədbirlərə getmirsiniz, kitab buraxmırsınız... Yox, siz əməlli-başlı küsmüsünüz...

- Özümdən küsmüşəm, əslində.

- Amma ədəbiyyata çox güclü gəlmisiniz, bilirəm. Sizi ən istedadlılardan hesab ediblər.

- Məndən güclülər də vardı, zəiflər də vardı.

- Kim idi sizdən güclü?

- Məmməd Araz, Eldar Baxış... Çox idi...

- Yaşıdlarınızdan.

- Eldar Nəsibli, Süliddin Qasımlı, Vaqif Bəhmənli. Yaşıdlarım bunlar idi.

- Bir Vaqif də vardı: Cəbrayılzadə.

- Vaqiflə bir həyətdə qalmışıq Yasamalda.

- Savaşmamısınız?

- Yox. O bir az dəli idi, amma savaşmaq mənasında yox. Tamam başqa, fərqli bir dünyası var idi.

- Tutmurdu münasibətiniz?

- Şəxsi münasibətimiz pis deyildi. Oturub yeyib-içirdik də. Amma şeirlərini bəyənmirdim o vaxt. Fərqli yazırdı. O da məni bəyənmirdi. Ona görə şeirdən danışmırdıq. Məndən bir az yaşlıydı. Sonralar tələbə olanda bir otaqda da qaldıq. Musa Ələkbərli, Çingiz Əlioğlu tez-tez bizə gəlirdi.

- Bir az nasaz görünürsüz...

- Səhhətimdə ciddi problemlər var. Əməliyyat olunmuşam. Şiş vardı. Həkim görəndə məəttəl qaldı ki, sağam. Elə bildi zarafat edirəm (gülür).

- Zarafata yaşayırsız, dedi?

- Həəə...

- Siqareti də çox çəkirsiz...

- Həəə. Günə üç paçka. Həkim tamamilə qadağan eləmişdi. Bir dəfə palatanın tualetində gizlin çəkdim, müayinəyə gedəndə o saat bildi. Dedi, gözlərinin altından bildim.

- Darıxıb çəkirsiniz?

- Bədən tələb edir. Azalda bilmirəm.

- İçki də çox içirdiniz.

- Vaxtında hə. İndi içə bilmirəm.

- 90-ların sonu, 2000-lərin əvvəli sizi “Azərbaycan” nəşriyyatında heç vaxt ayıq görməmişəm.

- Ola bilər.

- Taziyanələriniz də məşhurdur. Dostlarınızı niyə dolayırdınız?

- Dolamaq deyildi, zarafat idi. İncimirdilər məndən. Gülüb, əylənmək üçün yazırdım.

- İndi də yazırsınız?

- Arada olur, amma əvvəlki temp yoxdur.

- Yaxın dostunuz kim olub?

- Eldar Nəsibli. Bir fakültədə oxumuşuq həm də.

- Darıxmamaq üçün nə edirsiniz?

- Qəzet-kitab oxuyuram. İnternet imkanım yoxdur. Hərdən dostlarla görüşürəm. Dəmir Gədəbəyliylə, məsələn... Oturub çay içirik.

- Şeiri atmaq olar?

- Yox.

- Bəs siz niyə atırsız?

- Atmıram. Dəmi gələndə yazıb ora-bura qoyuram. Yastığın altına, döşəyin altına, nə bilim cibimə... Şeir getsə də közü, yarası yenə içimdə qalır. O, həmişə mənimlədir.

- Siz 80-ciləri bəxti gətirməyən nəsil hesab edirlər. Sizcə, elədir?

- Mən özümü bəxti gətirmiş adam sayıram. Başqalarını bilmirəm.

- Necə gətirib bəxtiniz? Kitabınız çıxmayıb, sizi aldadıb küsdürüblər, yazıb atırsınız...

- Həyatda gətirib. Gözəl nəvələrim var. Onlarla xoşbəxtəm. Ədəbiyyat ikinci dərəcəlidir mənim üçün.

- Ədəbiyyatı deyirdim...

- Elə burda da gətirib. Vaxtında çap olunmuşam, tanınmışam.

- Nəsr yazmaq istədiniz heç?

- İstədim, yaza bilmədim. Rəhmətlik Fərman Kərimzadə bir neçə hekayəmi oxumuşdu. Özündən soruşdum ki, nəsr yazım, yoxsa şeir, dedi, şeir. Hətta dedi, təmsil də yaz. Bir xeyli də yazdım. O vaxt Hikmət Ziya təmsil sahəsini bron eləmişdi. Amma yazdım xeyli... Çap da olundum.

- Bir mahnınız da Süleyman Rüstəmin adına çıxıb

- Hə, 80-ci illərdə mənim şeirimə yazılan “Elə qəmli dayanma” mahnısının sözlərini elan edəndə Süleyman Rüstəmin adını çəkdilər. Süleyman Rüstəm də dedi ki, ola bilsin o şeiri gənclik illərində yazmışam, yadımdan çıxıb (gülür). Süleyman müəllimin günahı yox idi. Efirə gedəndə “Ş.Rüstəm” sözünü “S.Rüstəm” kimi başa düşüblər. Başqa mahnılarım da var. Birini Manana oxuyur: “Gözləyərəm yolunu”. Amma heç adımı demirlər. Flora da mənim şeirlərimə yazılan mahnılar oxuyub. Hamısı fonddadır o mahnıların.

- Bu evi Yazıçılar Birliyindən almısınız?

- Yox, radiodan veriblər. AYB-yə bu yaxınlarda üzv olmuşam. Həvəsim olmayıb üzv olmağa.

- 63 yaşındasınız. Az da deyil, çox da. Amma hər halda gənclikdə verdiyiniz o məşhur suala cavab tapmış olarsınız: bizi kimin qarğışı tutdu?

- Çətin sualdır.

- Son olaraq, oxucularınıza, dostlarınıza nə deyərdiniz?

- Yalnız, can sağlığı arzulayıram.

# 9376 dəfə oxunub

Müəllifin son yazıları

# # #