Saday Şəkərli: “Anar mənzil alverçisidir!”

Saday Şəkərli: “Anar mənzil alverçisidir!”
12 may 2014
# 07:30

Kulis.Az şair Saday Şəkərli ilə müsahibəni təqdim edir.

- Ardıcıl bir neçə kitabınız çıxdı. Maşallah, məhsuldarsınız...

- Son beş ildə həm xaricdə, həm də ölkəmizdə 6-7 kitabım çap olunub. Bu kitablardan biri 50 illiyimlə bağlı buraxılan “Ömrün yorğun kölgəsi” adlı kitabım xeyli maraq doğurdu, kitab haqqında onlarla resenziya yazıldı. Sonra onları yığıb kitab şəklində çap elədim.

- Siz 80-cilərdənsiniz...

- Əslində mən bu cür bölgüləri qəbul etmirəm.

- Hər halda dünyada qəbul olunmuş bir təcrübədir bu... Ədəbiyyatı tədqiq eləmək, öyrənmək üçün danılmaz vasitələrdən biridir.

- Olsun...

- 80-ciləri “İtirilmiş nəsil” adlandırırlar. Amma, məsələn, siz kifayət qədər məhsuldarsınız. Sizcə niyə sizə bu adı qoyublar?

- Adətən ədəbi nəsillərin qiymətini, onlardan əvvəlki nəsil verir. 80-cilərin bəxtindən, taleyindən SSRİ dağıldı. Ötən əsrdə ədəbiyyatla ciddi, ədəb-ərkanlı məşğul olan bir nəsil varsa, o da 80-cilərdir. Əslində mən 70-ci illərdə çap olunmağa başlamışam. Hətta 70-ci illərdə, 16-17 yaşımda dərnəklərə getmişəm. Vaqif Bayatlı, Allahverdi Məmmədli, Aqil Abbas və başqaları ilə birlikdə dərnəklərdə iştirak etmişəm.

- Nüsrət Kəsəmənlinin, Məmməd İsmayılın da dərnəkləri olub...

- Nüsrətin dərnəyinə getməmişəm. Məmməd İsmayılın da dərnəyi sonralar olub. Onun dərnəyinə gələndə mənim artıq iki kitabım çıxmışdı. “Respublika” Ədəbi Birliyi vardı və mən o dərnəyə qoşulmuşdum. Bir kitabım da Rusiyada çap olunmuşdu. Həmin dərnəklərin birində Məmməd İsmayılla görüşdük. Yeri gəlmişkən, bu yaxınlarda Saratovda İsmayıl Şıxlının 95 illik yubileyində birlikdə idik. O vaxt Məmməd İsmayıl mənə dedi ki, sənin iki kitabın çıxıb, bütün sosialist məkanında səni tanıyırlar, sənin dərnəyə gələn, almanaxda çap olunan uşaqlarla nə işin var? Get şeirini yaz! Bu hadisə 1986-cı ildə olub. Ondan sonra, demək olar ki, dərnəklərə getmədim. Bəlkə də Azərbaycandan yeganə şairəm ki, Rusiyada mənim qədər heç kim çap olunmayıb.

- Həm də orda yaşamısınız...

- Bəli, bir müddət orda yaşamışam. SSRİ Yazıçılar İttifaqının taksi talonları ilə gəzirdim bütün ölkəni. Mehmanxanalar, tədbirlər hamısı pulsuz idi. Üstəlik qonorar alırdım. Bir rus şairinə resenziya yazanda 60 manat qonorar alırdım. Acınacaqlı tələbəlik həyatından sonra mənə Yazıçılar İttifaqı arxa durdu və xeyli populyarlaşdım. Saratov küçələrində böyük afişalarım vurulurdu.

- Bəs Azərbaycana niyə qayıtdınız?

- Ağrılı sualdı. Mən atamı erkən, 9-10 yaşımda itirmişəm. O gündən öz əlimin qazancını yeyirəm və üstəlik ailə saxlayıram. İnstitutu bitirəndə artıq dörd bacım boya-başa çatmışdı. O zaman 3 il staj keçməli idim. Amma institutu bitirəndən 8 ay sonra mənə mənzil verdilər. Həmin mənzildən və işdən imtina edib ata yurduma qayıtdım. Qayıtdım ki, ata yurdumu dirçəldim. Atamın vəsiyyətini yerinə yetirdim: qardaşlarıma, bacılarıma köməklik etdim.

- Sizdən böyük qardaşınız yox idi?

- Vardı... Mən evin yeddinci oğluyam...

- Ədəbi mühitdə sizi qoçaq adam hesab edirlər. Adətən şairlər bir az fağır olur...

- Bəlkə zahirən elə görünür. Amma aciz adam da olmamışam. Mən Musa Cəlilin, Cavidin, Müşfiqin həyatını bilən, daha doğrusu, o həyatı yaşayan adamam. Sadəcə bu gün o şərait yoxdu ki, bizi Sibirə göndərsinlər, güllələsinlər. Mənim ölümdən qorxum yoxdur. Ölüm mənim sevdamdır. O gün birinə yazmışdım ki, Allah səni öldürsün, bu qədər gözəllik olar? Xətrinə dəymişdi. Ölmək Allaha qovuşmaqdı, bundan böyük gözəllik olar? Mənim düşüncəm budur. Mən Allahı sevirəm və bəzən onu görürəm. Çünki 16 yaşımdan cırıq ayaqqabı ilə kənd evindən çıxmışam və boynum armud saplağı kimi üzüləndə Allahı yanımda hiss eləmişəm. Dözüb dayandığım üçün sizə qoçaq görünürəm. Mənim yerimə başqaları olsa, indi intihar edərdi.

- Bəlkə elə əsil qoçaqlıq budur.

- Bəlkə də... Bəlkə də, məni saxlayan sözdür, sözə olan məhəbbətimdir.

- Sizin ədəbi nəslin də 60-cılarla davası var. Ancaq sizlərdə açıq mübarizə aparan yoxdur. Bəs sizin davanız nədir? Nəyi bölüşə bilmirsiniz? Məşhur sualı mən də verim: “Anardan nə istəyirsiniz?”

- Mən Anardan heç nə istəmirəm. Mən istəyirəm ki, onun insafı, ədaləti olsun, özünə hörmət qoysun. 25 ildir bir kreslodan yapışıb. Yəni Anardan başqa Anar yoxdur? Yazıçılar Birliyini idarə edəcək başqa adam yoxdur? Digər tərəfdən, Anar mənim bu acınacaqlı taleyimi bilə-bilə üstümdən xətt çəkməyə qadir bir adamdır. Mənim iki kitabım çıxsa da, Anar 10 il məni AYB-yə qəbul etməyib.

- Şəxsən onun etdiyini bilirsiniz? Axı orda qəbulla məşğul olanlar çoxdur.

- Rəhbər odur. Mən neçə dəfələrlə qəbulunda olmuşam. İmtiyazlar vardı, mənzillər alırdılar. İki şeiri ona-buna yazdıranlar gəlib üzv olurdu. Mənim iki kitabım çıxanda hələ iməkləyən bir adama Anar mənzil verib. Bu ədalətlidir? Anar hansı ədalətdən danışa bilər? O, mənzil alveri ilə məşğuldur. Bəyəm zəng edib tapşıran yoxdursa, mən ev almamalıyam? Tapşıranım olmasa da ortada sözüm var. Mənim dünyada və Azərbaycanda 15 kitabım çıxıb. Son bir ildə iki kitabım çıxıb. Bu il 55 illiyimdir və 5 cildliyimi çap etdirmək istəyirəm. Maliyyə, sponsor yoxdur. O vaxt 2 şeirlə AYB-yə qəbul olanlar imtiyazlar, mənzillər alıb yoxa çıxdılar. İndi ortalıqda yoxdular. Amma mən çörək dalınca düşdüm. Mən üzv olsaydım, mənzil alsaydım, oturub şeirimi yazardım. 25-30 il şeir yazmamışam. İçimdə vulkanı boğmuşam. Bir ildə iki kitab çap etdirmişəm, çoxları qibtə edir ki, bu ilham hardandır?

- Sizin nəsildaşlar niyə ciddi mübarizə apara bilmədilər? Məsələn, 90-cılar kimi...

- 80-cilərin ən böyük problemi qısqanclıqdır. Hər nəslin bir tənqidçisi olmalıdır. Bizim tənqidçimiz olmadı. Təhlil edən, araşdıran olmadı.

- Bu gün tanınan ciddi tənqidçilərin bir çoxu sizin nəslə aiddir: Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Rüstəm Kamal...

- Rüstəm Kamal bir az yaşlıdır. Amma Məti Osmanoğlu, İlham Abbasov var.

- Bəli. Eyni zamanda sizin nəsildə xeyli sayda Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alanlar var. Onlar ciddi bir ədəbi mühit yarada bilərdilər.

- Həmişə deyib gülürük ki, Ədəbiyyat İnstitutu şair yetişdirmir.

- Ora gedənlərin içərisində çoxlu istedadlı adamlar vardı.

- Bəlkə də yüzə yaxın 80-cilər ədəbi nəslinə mənsub yazar toplanırdı “Respublika” Ədəbi dərnəyində. İstedadlı adamlar var idi bizim içimizdə.

- Bəlkə sizin tribunanız olmadı?

- Tribuna vardı. Amma alternativ yaratmaq imkanı yox idi. Mən ən az çap olunanlardanam. Kəskin şeirlərimə görə çap etmirdilər. “Ədəbiyyat qəzeti”ndə 50 yaşımda çap olunmuşam. Rusiyada kitabım çıxanda “Ədəbiyyat qəzeti” iki sətirlik məlumat verdi.

- Mən bir şeyə diqqət etmişəm, sizdən söz düşəndə bir insan kimi hamı müsbət danışır. Bu, nə ilə bağlıdır?

- Bunu o adamlardan soruşsan daha yaxşı olar. Amma mənim pisliklərlə aram yoxdur. Hər kitabım çıxanda dostlarımın sayı azalır. Kimsə paxıllıq edirsə, kitab çıxarmayım, yazmayım? Hər gün feysbukda şeir paylaşıram. Görürlər ki, bulaq çağlayır.

- İndi Rusiya mühitindəki qəzetlərə, jurnallara çıxmaq imkanınız varmı?

- Mənim belə bir problemim yoxdur. Sadəcə həvəs və hövsələ lazımdır. 55 illiyimlə bağlı həcmli kitab çap etdikdən sonra, seçmə şeirlərimi rus dilində çap etdirəcəm. Türkcə, ingiliscə şeirlərim var. İranda əski əlifba ilə çap olunub.

- Daha çox heca şeirinə üstünlük verirsiniz...

- Sərbəstdə də yazıram. Mənim yüzlərlə qoşmam var, gəraylım var, amma içində bir dənə də olsun aşıq şeiri yoxdur. Formadan istifadə etmişəm. Məncə poeziya əsas olmalıdır. Şahmatın, futbolun da poeziyası var. Düşünürəm ki, eksperiment arxasınca qaçmaq lazım deyil. Poeziya doğulmalıdır.

- Bəzən deyirlər ki, şeir ölüb. Bəzən isə, şairlər kamillik dövründə, 35-40 yaşdan sonra nəsrə keçir...

- Şeir yazmaq, nəsrdən çətindir. Poeziya ciddidir. Nəsr sonrakı işdir. Ədəbiyyatı sonradan bölməyə başladılar. Ədəbiyyat uzun zaman şeirdən ibarət olub. Əgər söhbət şeirdən gedirsə şeir şaqraq səslənməli, onun qafiyəsi olmalıdır. Ən dəqiq elm ədəbiyyatdır. Bir nöqtə ilə, bir vergüllə fikir dəyişir. Əgər şeir deyirsənsə, eksperimentlərə baxmaq lazım deyil. Ənənəvi üslubda da müasir şeirlər yazmaq olar. Hünər ənənəvi janrda yazmaqdır. Hünərin var, poema yaz! Məmməd İsmayıl bir poemam haqqında Türkiyədən yazmışdı ki, əladır. Bəlkə də sözüm olmasa, çoxdan yemişdilər məni.

- Ümumi nə isə demək istərdinizmi? Bilirəm ki, problem çoxdur. Amma ümumiləşdirək...

- Problem də, söz də çoxdur. İnsanlar yaradıcılara şəxsi münasibətlər çərçivəsində yanaşırlar. Sözə görə qiymət yoxdur. Gərək kimsə qonaqlıq verə, məclisdə otura, xahiş edə sonra yazı yazıla. Mən indiyəcən heç kəsdən xahiş etməmişəm ki, məndən yazsın. Mənim haqqımda yazılan kitabı gətirib verərəm, 50 yazı var orda. Cəlil Cavanşir yazmışdı, sağ olsun. Məti Osmanoğlu yazmışdı. Fikrət Sadıq yazmışdı ki, iki dəfə Sovet İttifaqı qəhrəmanı olduğu kimi, Saday da iki dəfə dərdli adamdır. Həm də yazmışdı ki, Saday Şəkərli köhnə kişilərdəndir. İnsan ağzından çıxan sözün yiyəsi olmalıdır.

Bu gün ədəbiyyatda çox bayağı şeirlər yazılır. Mən tənqid edəndə isə məndən inciyib küsürlər. Yəni insanlar sağlam tənqidə açıq deyil.

- Müsahibə üçün təşəkkür edirəm... Sizə uğur və səbir arzulayıram.

- Bu qədər ağrıyla, problemlə səbir-dözüm çətindir. Üstəlik sağlamlıq problemləri... Nəsə... Siz də sağ olun.

# 5066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #