Ayaz Salayevin öldürdüyü kino – Sərdar Amin yazır...

Ayaz Salayevin öldürdüyü kino – Sərdar Amin yazır...
31 may 2020
# 12:03

“Sənət sənət üçündür” sloqanını dilə gətirib səmimiyyətini sona qədər qorumaq, bu əziyyətli işin məziyyətinin pusqusunda durmaq hər sənətkarın nəsibi olmur. Bu cəsarət, fədakarlıq və uzaqgörənlik tələb edir.

Sayrışan gecə işıqları, əlvan may, Tarqovı dolusu adamın vəd etdiyi şöhrət əsl sənət üçün yola düşən sənətkarlarımızın daimi düşmənidir, onlara yolun başlanğıcında ağızlarına aldıqları “sənət sənət üçündür” şüarını haram edir. Hər kəs sona qədər mətanətlə bu şərəfi çiyinlərində gəzdirə bilmir. Amma gərək yorulub çömbələndə də, bu şərəfli yoldan çıxıb kənarda əyləncə vəd edən pikniklərə qoşulanda da səmimi olasan, nəfsinə qul olduğunu etiraf edəsən, bu da bir kişilikdir. Ağır yükü çiynindən yerə qoyanda kiminsə adını nifrətlə zikr etmək dərvişlərin vərdişi deyil.

Sənəti dəyərləndirmək toplumun borcudurmu? Sənət yolunda gedən şəxslər usanmaqlarında cəmiyyəti borclu çıxarmaqda haqlıdırlarmı?

Statistikaya görə, hətta Avropa ölkələrində belə əsl sənəti dəyərləndirən, onun keşiyində duran, sənətkarlara qiyməti onların maddi durumlarına görə deyil, potensiallarına görə verənlər cəmiyyətin 4-6 faizini təşkil edir – qalanı təfərrüat...

Bəs bu halda həmin ölkələrdəki sənətkarlar niyə usanmır?

Azərbaycanın tanınmış kinoşünası, rejissor Ayaz Salayev bir neçə müsahibəsində dolayısı ilə - hətta mənə verdiyi müsahibəsində belə film çəkməməsinin səbəbini “Yarasa” filmindən sonra yaşadığı yanılma, türklərin təbiri ilə desək, “hayal kırıklığı” ilə əlaqələndirir. Rejissor Fransada kinonun 100 illiyinə həsr olunmuş beynəlxalq festivalda “Qran-pri” qazandıqdan sonra ölkədə həm müvafiq orqanlar, həm də cəmiyyət tərəfindən lazımi qayğını görmədiyinə görə bir növ işindən usanıb. Onu bu inciklikdə çox da qınaya bilmərik, amma...

“Amma”ya keçməzdən əvvəl dünya kinosunu az çox izləmiş biri kimi onu qeyd edim ki, dünya tərsinə çevrilsə də, “Yarasa” filminin yetərincə yüksək mənəvi problemdən bəhs edən, sənətkarcasına ifadə edilən, paradoksal olsa da “Müstəqil Azərbaycanın sənət qaranquşu” olduğunu hər zaman vurğulamalıyıq; ağac bar verməyəndə gövdəsini ona görə baltalayırıq ki, biz onun barının dadını bilirik.

…amma Ayaz Salayevin “elan olunmamış kinodan gedişi” mərdanə deyil. Biz filmdən gedən rejissorlar görmüşük ki, ilim-ilim itiblər! Filmdən gedən adam, küsən adam susmalıdır. Məsələn, macar rejissor Bella Tar kimi. “Satantango” filmi başda olmaqla sənət-sənət ürəyini boşaldan rejissor artıq son filmi olan “Turin atı”nın çəkilişlərinə başlayarkən açıqlama vermişdi ki, bu, onun kinoda son işidir, bundan sonra film çəkməyəcək. Bu açıqlama onun təzahürüdür ki, macar rejissor son filminin cəmiyyətə qazanacağı uğuru, reaksiyanı proqnozlaşdırıb, yaxud ona filmin anında reaksiyası maraqlı deyil. Yəni filmin uğurundan asılı olmayaraq kinodan gedəcək, onun bu uğurdan umduğu bir şey yoxdur.

Ayaz Salayev isə filminin arzuladığı reaksiyanı doğurmamağından yaranan kinini əzizləyərək köksündə bəsləyir, şans düşən kimi cəmiyyətdən qisas almağa çalışır.

Niyə, Ayaz müəllim? Axı, festival filminə qiyməti verməli tərəf kütlə deyil, bu, heç vaxt belə olmayıb, yəqin ki, bundan sonra da belə olacaq. Bəs, bizə niyə nifrət edirsiniz?

Niyə fürsət düşən kimi cəmiyyəti kütləşdirməyə hesablanmış “ideyalara” vasitəçi olursunuz?

Ümumiyyətlə, xırda-para işləri nəzərə almasaq, 25 ildir film çəkməyən bir rejissor niyə özündə cəmiyyətə yön vermək haqqı hiss edir? Rejissorun danışan dili filmdir. O, yalnız öz sektorunda onlayn olduğu halda başqa məsələlərə də reaksiya verə bilər. Siz isə bir qərinədir öz “Yarasa”nızı da qucağınıza alıb zülmətə çəkilmisiz. Kino müstəvisində susqunluğunuzu qoruduğunuz halda sosial-ictimai məsələlərdə niyə “oruc”unuzu pozursunuz?

Ayaz Salayev ilk avtoqolunu Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə yazdığı şərhlə vurdu. Əminəm, Ayaz Salayev özü də əmindir ki, əsl sənətkar üçün film, incəsənət bütün idealların üzərində bərqərardır, digər plakatların fövqündədir. Bunu bilən bir sənətkar Rüstəm İbrahimbəyovun filmini sənət müstəvisindən kənarda necə baltalaya bilər? Mavi balinanı da quruya dartıb ətindən sabun bişirirlər, amma hələ elə bir canlı doğulmayıb ki, mavi balinanı suda məğlub edə? Kino sənət müstəvisində tənqid olunmalıdır, naqislikləri incəsənət kontekstində danışılmalıdır. Rejissor demək istədiyi bir problemi əlinə-üzünə bulaşdırdığı halda kinosu tənqid edilir. Heç kəs rejissora “bu ideyanı niyə yüksəyə qaldırmısan”, “niyə bu hissə film həsr etmisən, “bu problem səni niyə düşündürür?” kimi suallar verə bilməz, bu yöndə onu tənqid edə bilməz. Lakin Ayaz Salayev “Azərbaycan kinosu”nun azmanlarından sayıla biləcək bir şəxsi çirkab bir müstəvidə diletantcasına tənqid etməyi özünə sığışdırdı.

Bir müddət əvvəl yazdığım digər böyük rejissor Vaqif Mustafayevin televiziya fəaliyyətinə hesablanmış tənqidi yazımdan həmən-həmən sonra Ayaz Salayev həmkarının müdafiəsinə qalxdı. Təəssüf ki, burada da özü bilmədən qaş düzəldən yerdə göz tökdü. Cəmiyyəti çox da ciddiyə almayan Salayev həmin yazının doğurduğu reaksiyadan sonra deyir: “Space TV çox səviyyəli kanaldır”.

Məzələnirsiniz, Ayaz müəllim?

Ayaz Salayev və onun kimi adamlar bəzən elə bilirlər ki, fərd öz sahəsində mahirləşirsə, sənətini gözəl bilirsə və qarşısındakı toplum bu müstəvidə hər zaman onun sözünü müəllim nitqi kimi qəbul edirsə, bu intonasiyada ürəyindən keçən irreallıqları da cəmiyyətə sırıya bilər.

Ayaz müəllim, zülmət hücrənizə çəkildiyiniz vaxtlarda gedən proseslərdən xəbəriniz yoxdursa, elan edirəm. O orta illərdə cəmiyyət pis-yaxşı təbəddülat yaşadı, hazırda toplum daha yaxşısını seçməkdə çətinlik çəkir, lakin siz ona pisi yaxşı kimi sırıya bilməzsiniz! Belə bir boşluq qalmayıb bizdə, qərbdən-şərqdən yetərincə sırınıb bizə, nəyimiz yoxdursa da, acı təcrübəmiz var.

Sayın Salayev, kinoşünaslıqda bilgi etibarilə uzmansınız, ölkədə bu bazaya məxsus adamlar çox azdır, amma bu o demək deyil ki, cəmiyyəti oyuncaq kimi əlinizdə fırlatmağa cəhd etməlisiniz! Topluma sərgilədiyiniz “quş baxışı” içinizdəki nifrətin səhv istiqamətindən xəbər verir. Sizin arzuladığınız Ayaz Salayevi “öldürən” cəmiyyət deyil. Özünüz də yaxşı bilirsiniz ki, cəmiyyət əzəldən ağır, intellektual filmlərə qarşı biganə olub. Sənət filmləri cəmiyyətdə fərdlər tərəfindən həzm olunan, elitar dairələrdə danışılan və festivallarda nümayiş edilən əsərlərdir. Sanballı filmlərin anlaşılmaması cəmiyyətin problemi olsaydı, Terrens Malik ABŞ-ın bütün ştatlarını odlamalı idi, Pol Qogenin ölümündən sonra qazandığı ölümsüzlüyü bəşəriyyətə qənim olmalı idi.

Sizin kimi bir rejissorun kötüyə çevrilib Azərbaycanın ağzında qalmasını arzulamazdıq. Siz sağlam diş olmalı idiniz, ya da zamanında çox ağrımalı idiniz ki, gecikdirmədən çıxaraydılar, biz də, “quşlar, bizə təzə diş gətirin” deyib, dama ataydıq.

Son zamanlar verdiyiniz bütün açıqlamalardan təhlükəli qoxu gəlir, uşaqdan böyüyə hər kəs bu yazıların sifarişli olduğu deyir. Düzdür, hər xırda məsələdə deyil, “ağır söhbətlər”də yada düşürsünüz, amma yenə də sizi kinodan qeyri müstəvilərdə istifadə olunan halda görmək sevənlərinizə ağır gəlir.

Təbii ki, mən də istərdim, 1995-ci ilin həmin məşum günündə əlinizdə “Qran-pri” Bakının hava limanına enəndə sizi gül-çiçəklə qarşılamış olaq, atıb tutmuş olaq. Siz - Sovet eyforiyasından oyanmamış sənət adamlarının gözləntiləri də film kimi olur, amma bu qədər müddət ərzində başa düşməli idiniz ki, sosializm mifi dağıldı, qarşıda kapitalizm reallıqları dayanıb. “Yarasa”nızı buraxın, gedib bir mağaradan sallansın, dünyaya tərsinə baxsın, özünüz də işığa gəlin!

“Öldürdüyünüz kino” xortlayıb, gəlin, onu bir də öldürək!

# 11855 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #