Hələ orta məktəbdə oxuyanda yaradıcılığı ilə sonralar daha yaxından tanış olduğum, əsərlərini Bruno Yasenski təxəllüsü ilə çap etdirən polyak-rus yazıçısı V.Y.Zismanın "Laqeydlərin qəsdi" romanına seçdiyi aşağıdakı epiqrafı haradansa tapıb müxtəlif müdrik ifadələr topladığım qeyd dəftərimə köçürmüşdüm:
"Dostlardan qorxma, onlar uzaq başı sənə xəyanət edə bilərlər.
Düşmənlərdən qorxma, onlar uzaq başı səni öldürə bilərlər.
Laqeydlərdən qorx! Onlar xəyanət etmir, öldürmürlər. Lakin onların laqeydliyi, susaraq razılıq vermələri nəticəsində indiyə qədər Yer üzərində ölüm və xəyanət mövcuddur".
Bəlkə də, haqqında danışmaq istədiyim sırf elm və mədəniyyət məsələsi müstəvisində yanaşanda bu sözlər çox vahiməli səslənir. Amma etiraf edək ki, on illərdən bəri laqeydlik, biganəlik, etinasızlıq günümüzün tarix, mədəniyyət və mənəviyyatla bağlı bir çox problemlərinin kökündə dayanır. Hüseyn Cavidin epizodik, lakin səciyyəvi qəhrəmanının həyat fəlsəfəsinə çevrilmiş "Bən karışmam!" - düşüncəsi ictimai fikrin inkişafını ləngidir, polemika mədəniyyətini buxovlayır, cəmiyyətdə fərqli fikirlərin meydana çıxmasına imkan vermir. Nəticədə ən inqilabi ideya və çağırışlar da düşüncələri sarmış bozluq, tənbəllik və laqeydlik içində diqqət çəkmədən unudulub gedir. Doğrusu, çox ümid edirdim ki, Qarabağ savaşında qazandığımız tarixi zəfər cəmiyyətin bütün sahələrini sözün yaxşı mənasında silkələyəcək, ordumuzun qeyri-adi fədakarlığı hamı üçün nümunəyə, örnəyə çevriləcək. İctimai fəallığımız artacaq. Cəmiyyət həyatındakı heç bir yeniliyə laqeyd qalmayacağıq. Faydalı təkliflər, təşəbbüslər zamanında dəyərləndiriləcək. Ən azı yeni fikir və ideyaların ətrafında müzakirələr açılacaq. Ümidsiz olmaq istəmirəm, amma deyəsən, hələ də ciddi bir irəliləyiş gözə çarpmır. Hələ də laqeydlik, biganəlik tilsimini qıra bilmirik. Etinasızlıq girdabından çıxa bilmirik. Vəziyyət Cəlil Məmmədquluzadənin yüz il əvvəl böyük ürək ağrısı ilə yazdığı kədərli "Tüstü" felyetonundakından çox da fərqlənmir.
Giley-güzar motivləri üzərində köklənmiş müqəddimədən sonra mətləbə keçim. Elmi ictimaiyyətin yaxşı tanıdığı görkəmli dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov "525-ci qəzet"in 17 iyul sayında "Ərəbcə - əlifba, latınca - alfabe, türkcə - bitiq?" adlı polemik yazı dərc etdirib. Müəllif tədricən ortaq əlifbaya keçməyi hədəfləyən türk xalqlarının öz yazı sistemini türk dünyasının ilk böyük filoloqu Mahmud Kaşğarinin məşhur "Divani-lüğət-it-türk" əsərində "hərf", "yazı", "kitab" mənasını bildirən"bitiq/bitik" adlandırmağı təklif edir. Yəni "Ortaq Türk Alfabesi" yerinə "Ortaq Türk Bitiqləri/Bitikləri" istilahının işlənməsini daha məqsədəuyğun sayır. Məqalənin sonunda qəzet redaksiyası mütəxəssisləri, elm adamlarını fikir bildirməyə çağıraraq "mövzu müzakirəyə açıqdır və polemikada iştirak etmək istəyənlər qoşula bilərlər" məzmunlu xüsusi qeyd də verib.
Amma aradan müəyyən vaxt keçməsinə baxmayaraq, polemika aparmaq fikrinə düşən bir nəfər də tapılmayıb. Ölkəmizdə böyük kollektivə malik Dilçilik və Ədəbiyyat İnstitutları, Elmi-Tədqiqat Pedaqogika institutu, bir sıra ali məktəblərdə Azərbaycan dili kafedraları, iki mindən çox üzvü olan Yazıçılar Birliyi, böyük ziyalılar ordusu, on minlərlə ana dili və ədəbiyyat müəllimi, ibtidai sinif müəllimləri, dərslik müəllifləri olduğu halda kimsədən səs çıxmır. Təbii ki, heç kəsi hörmətli Həsən müəllimin mövqeyini danışıqsız qəbul etməyə, fikirlərini alqışlamağa çağırmıram. Bir də polemika sadəcə təsdiqdən, təqdirdən ibarət deyil. Əgər müəllifin fikirləri sizə əsaslı, inandırıcı təsir bağışlamırsa, buyurun, iradlarınızı bildirin, tənqid edin, daha məqbul, münasib yol göstərin.
Müzakirəyə təqdim olunan məqalədən də göründüyü kimi, Türk Dövlətləri Təşkilatı nəzdindəki Ağsaqqallar Şurasında Azərbaycanın təmsilçisi Həsən Həsənov bu təkliflə ilk dəfə qurumun 2021-ci il sentyabrın 26-da Bursada keçirilən və "Ortaq Türk Alfabesi" məsələsinin müzakirəsinə həsr olunan toplantısı zamanı Şura adından çıxış edib. Sonra isə təklif rəsmi qaydada Atatürk Dil, Mədəniyyət və Tarix Qurumunun başqanı, prof. Muhammed Hakimoğluna və TDT Ağsaqqallar Şurasının sədri, Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırıma təqdim edilib.
Təklifə respublikamızın Elm və Təhsil Nazirliyi nəzdindəki Təhsil İnstitutunda da baxılıb. İnstitutun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev öz rəyində "bitiq/bitik" sözünün əksər türk dillərində artıq işlək lüğət tərkibindən çıxaraq arxaikləşdiyini, bu baxımdan da qəbul edilməsinin mümkünsüzlüyünü bildirib. Həsən Həsənovun müzakirəyə təqdim olunan məqaləsi də həmin rəyə cavab və onun müəllifi ilə polemika xarakteri daşıyır.
Bir az qəribə görünə bilər. Amma əslində məsələyə məntiqi şəkildə yanaşsaq, dilimizdə səslərin ifadəsi üçün istifadə edilən işarələr sisteminin adı - yəni "əlifba" istilahının özü artıq arxaikləşib, qeyri-dəqiq məzmun daşıyır. Həqiqətən də biz ərəb fütuhatından 1925-ci ilə qədər "əlifba"dan istifadə etmişik. Daha sonra 1939-cu ilə qədər yazımız latın qrafikası əsasında tərtib olunan "alfabetə" əsaslanıb. 1939-1992-ci illərdə kiril qrafikalı "azbuka" ilə yazıb-oxumuşuq. 1992-ci ildən sonra isə yenidən "alfabetə" qayıtmışıq. Yəni əski ərəb hərflərinin məcmu adından-yaddaşımızda dərin kök salan "əlifba"dan yüz ilə yaxın müddət ərzində uzaq düşdüyümüz halda onun adını qoruyub-saxlamış, avtomatik olaraq digər yazı sistemlərinə tətbiq etmişik. Bu mənada günümüzdə konkret müzakirə mövzusuna çevrilmiş "Ortaq Türk Əlifbasına" türk ənənəsinə, türk yazı mədəniyyətinə əsaslanan orijinal ad tapmaq axtarışı qətiyyən qəribə görünməməlidir. İki yol var: müştərək istifadə edəcəyimiz işarələr sistemi ya türk qardaşlarımızın da tərəfdar çıxdıqları şəkildə "Ortaq Türk Alfabesi" adlandırmalı, ya da yeni termin yaradılmalıdır. Həsən müəllimin təklifi də bu məntiqdən irəli gəlir.
Yenilikdən qorxmağa dəyməz. Xüsusilə də o yaxşı unudulmuş köhnə olduğu təqdirdə! Məşhur ifadədə deyildiyi kimi, hər şey zamana bağlıdır. Ötən əsrin 30-cu illərində Atatürkün başlatdığı "dil devrimi" zamanı çağdaş türk dilinə 5 minə yaxın (alimlərin fikrincə, hər hansı dildə sərbəst ünsiyyət qurmaq üçün 3 min söz bilmək yetərlidir!) yeni söz gətirilmişdi. Onların arasında artıq arxaikləşmiş sayılanlar da az deyildi. Əlbəttə, yeni yaradılan leksik vahidlərin hamısının uğurlu olduğunu iddia etmək çətindir. Amma bu gün bir Anadolu türkünün deyək ki, xalis türk kəlmələrindən ibarət "sayın bakan" ifadəsini ərəb mənşəli "möhtərəm nazir"ə (hərçənd ikinci də pis səslənmir!) dəyişməsi imkansız görünür. Eyni zamanda "okul" (məktəb), "öyrətmən" (müəllim), "ürətmək" (istehsal etmək), "tükətmək" (istehlak etmək) və yüzlərlə başqa sözlər... Təbii ki, ilk vaxtlar yeni söz və ifadələrin çoxu dildə yad ünsür kimi görünürdü. Lakin zamanla öz yerlərini tutdular. Ona görə də müştərək yazı sistemimizə yeni ad tapmaq təşəbbüsü yalnız alqışlana bilər. Mühafizəkarlıq, ənənəyə bağlılıq heç də hər yerdə və hər zaman faydalı olmur.
Həsən Həsənovun "əlifba-alfabenin"nin qarşılığı kimi təqdim etdiyi bitiq/bitik kəlməsinin arxaikliyi də bizi qorxutmamalıdır. Bu gün arxaik saydığımız sözlərin çoxu, eləcə də Mahmud Kaşğari lüğətində özünə yer tapmış "biti" feili və ondan törənən leksik vahidlər ortaq türkcənin daha dərin qatlarına aparır. Yadımdadır, biz kiçik olanda anam həmişə qabağımıza xörək çəkib qoyanda "Yeyin, canınıza qut olsun"- deyirdi. Bir dəfə soruşdum ki, "Ana, "qut" nə deməkdir?" Dedi: "Nə bilim, mən də belə eşitmişəm. Yəqin "Yeyin, yaxşı olsun, canınıza xeyri dəysin olar". Beşinci sinifdə ingilis dili keçməyə başlayanda təəccübümə rəğmən öyrəndim ki, ingiliscədə "good" - "yaxşı" sözü elə bizim "qut"la eyni mənanı verir. Müşahidəmi müəllimlə bölüşmək istəyəndə məni boşboğazlıqda ittiham elədi. Yalnız universitet illərində ilkin orta əsrlər türk şairi və dövlət adamı Yusif Has Hacib Balasaqunlunun (təqr. 1016 -1093) məşhur "Kutadqu bilik" əsəri ilə tanışlıq zamanı məmləkətimizin uzaq kəndində, savadsız kənd qadının nitqində günümüzə qədər qorunub saxlanan "qut" sözünün tarixi-coğrafi və linqvistik baxımdan nə qədər uzun, mürəkkəb yol keçdiyinə heyrətlənməyə bilmədim. Min yüz il əvvəl, türk Qaraxanilər dövlətinin paytaxtı Balasaqunda dövrün mühüm filoloji kitablarından birinin adına çevrilən "qut" kəlməsi aradakı keçilməz zaman və məkan səddini aşıb bu gün də Azərbaycan türkünün yaddaşında yaşamaq hüququnu saxlayır. Bitiq/bitik kəlməsini də daha çox cadu-biti şəklində hələ kiçik yaşlarında xalq danışıq dilində dəfələrlə eşitdiyimi xatırlayıram. Bu söz adətən üçkünc bükülüb paltara tikilən, yaxud suya salınıb içilən yazılı dualara aid edilirdi. Bir az obrazlı desəm, fanatizm qədim türkcədə "yazı" anlamını ifadə edən sözdən öz təsir gücünü artırmaq üçün yararlanmışdı. Yaxud ya yazı sehrinə, gücünə görə caduya bərabər tutulmuşdu.
Həsən müəllimin məqaləsi haqda müştərək tanışlarımızdan bir neçə nəfərin fikrini soruşdum. Müraciət etdiyim şəxslərdən yalnız biri yazı ilə tanış idi. O da dedi ki, "bitiq/bitik" sözünü "əlifba" anlamında qəbul etmək çətin, hətta mümkünsüzdür. Səbəbi ilə maraqlananda bildirdi ki, dilə yatmır, uyğun görünmür və s. Əlbəttə, çox yenilik ilk baxışdan qəribə, anlaşılmaz, uyğunsuz təsir bağışlaya bilər. Şükürlər olsun ki, məqalə müəllifi türk dövlətlərinin başçılarından deyək ki, 2025-ci il yanvarın 1-dən etibarən əlifbanın "bitiq/bitik" adlandırmaları barəsində xahiş etmir. Sadəcə, türk ölkələrinin alimlərini bu məsələ ətrafında müzakirəyə, fikir mübadiləsinə çağırır. Əgər "bitiq/bitik" variantını qəbul etmiriksə, məsələni yerli-dibli bağlamaq yox, yeni təkliflər, versiyalar irəli sürmək olar.
Şəxsən mənə keçid mərhələsi kimi "ortaq türk yazısı" ifadəsi daha məqbul görünür. Böyük fikir adamı Əli bəy Hüseynzadə də 1909-cu ildə "Tərəqqi" qəzetinin bir neçə sayında çap etdirdiyi "Yazımız, dilimiz. İkinci ilimiz" adlı əlifba, ana dili, imla qaydaları və s. məsələlərdən söz açan silsilə məqalələrində "əlifba" yerinə hər yerdə "yazı" kəlməsini işlətmişdi. Bizim eranın X əsrində Soqdiya əlifbasına əsaslanmaqla öz əlifbalarını yaradan qədim və zəngin mədəni ənənələrə malik uyğur türkləri onu sadəcə "yazı" adlandırmağı daha üstün tutmuşdular və indi də həmin termindən istifadə edirlər. Orxon-Yenisey abidələrində istifadə edilən runik türk əlifbası da müasir türk alimlərinin tədqiqatlarında daha çox "yazı", yaxud "yazıt" adı altında tanınmaqdadır. Yeri gəlmişkən, bitiq/bitik kəlməsinin qarşılığı, yaxud sinonimi kimi "yazı" istilahını Həsən Həsənov da qəbul edir.
Ortaq türk alfabesinin, yaxud əlifbasının yaranması artıq o qədər də uzaq gələcəyin işi deyil. Türk xalqlarının hamısının ərəb hərflərindən istifadə etdiyi dövrdə o, əslində, ortaq əlifba kimi bir dəfə meydana çıxmışdı. Həqiqətən də, ərəb hərfləri ilə yığılmış türk, Azərbaycan, yaxud tatar dillərindəki mətnləri çətinlik çəkmədən oxuyub anlamaq mümkündür. Ümidvar olaq ki, ortaq türk yazı sistemi də böyük Füzuli demişkən indi üzləşdiyimiz "düşvarı asan edəcək". Latın alfabesinə əsaslansa da, qədim türk ənənələrinə dayanan bir adla adlandırılması bu ortaq yazı sistemini bizim üçün bir qat daha da doğmalaşdırardı.
Bu mümkündürmü?
Ötən əsrin əvvəllərində milli dil, milli düşüncə məsələlərindən bəhs edən vətənpərvər publisist Ömər Faiq Nemanzadə "Eşq və məhəbbət" adlı məqaləsində yazırdı: "...dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar - insanı idarə edən bu güclər oldumu, daha irəlişini düşünməyin: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalışa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlməyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar əmələ gəlməyə!"
Həsən Həsənov altmış il əvvəl texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün beton və tikintidə işlədilən digər bərkidici maddələr haqqında dissertasiyasını tamamlaya bilməsə də, ömrünün yetkin çağında tarix elmləri doktoru adını və məhsuldar alim imicini həyatının sonrakı onilliklərini daha böyük işlərə sərf edib. Ömər Faiqin arzuladığı gerçək eşq və məhəbbətlə milli şüurun formalaşması, mədəniyyətimizin yüksəlişi, dövlətimizin möhkəmlənməsi yolunda çalışıb. Harada işləməyindən asılı olmayaraq sükutu, ətaləti pozmaqdan, mühitə təmiz hava və yeni nəfəs gətirməkdən heç vaxt çəkinməyib. İndi də eyni şövqlə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında çalışır. Yenə cəmiyyətə, elmi fikrə təzə mövzular vermək, diskussiyalar açmaq, ideya generatoru olmaq həvəsindən geri qalmır. Həm də elmi-təşkilati fəaliyyətini artıq ümumtürk miqyasında aparır.
Polemik xarakterli "Ərəbcə - əlifba, latınca - alfabe, türkcə bitiq?" qeydləri də bu istəyin bəhrəsi kimi meydana çıxıb. Düşünürəm ki, həmkarımın fikirlərinin daha ciddi şəkildə mütaliəsinə və müzakirəsinə ehtiyac var.
P.S. İndi baxıram ki, 1 avqust Azərbaycan dili və əlifbası günü iimiş! Görünür, yazının məhz bu gün ortaya çıxmasında da bir hikmət varmış!
Sarayevo, 1 avqust
"525-ci qəzet"