"Təhminə" filminə demək olar ki, hamı baxıb. Spartakı da çoxunuz tanıyırsınız. Zaura alışqan alan, Zaurun demək olar ki, evlənməyinə səbəb olan Spartak. Amma Spartakı filmdə yemək yediyi yerdə görməmişik. Tamaşaçı demək olar ki, Spartakı unudub. Biz isə Spartakı, yəni Füzuli Hüseynovu bu dəfə "Yeməli söhbət"ə dəvət etdik. Milli Konservatoriyanın sağ tərəfində, Mirzəğa Əliyev küçəsində yerləşən ”Karvan” restoranına...
Fizuli müəllimə müsahibə aldığımızı deyəndə bizi elə də çətinə salmadı. Müsahibəyə başlamamışdan qabaq yeməyi sifariş vermək qərarına gəldik. Füzuli müəllim restoranın şəkili aşpazını çağırıb Şəki ləhcəsində sacda bişirilən quzu əti, turşu, pendir, salat sifariş verdi. Aktyor arağı özü ilə gətirdiyindən ofisiantdan hansı araqların olduğunu soruşmadı.
- Əvvəlcə yemək haqqında ümumi fikrinizi öyrənmək istərdik...
- Yeməksiz yaşamaq mümkünsüzdür demək doğru deyil, müəyyən müddət yaşamaq olar. Məsələn, vegetarianlar ət yemir. Bu günlərdə televiziyada bir reportaja baxdım. 130 yaşlı kişi deyir ki, mən bu yaşıma qədər yumurta, ət yeməmişəm. Sizə deyim ki, o kişi xeyli sağlam görünürdü.
Türk millətlərində yemək cəhətdən xeyli millilik var. Rusiya televiziyasında bir debata baxırdım. Debatda mövzu belə idi ki, rusların nəyi var? Birinci borşu dedilər, sonra məlum oldu ki, o ukraynalılarındır. Sonra arağın adını çəkdilər, ona da dedilər ki, bu da Polşadan gəlib. Dedilər, balalayka bizimdir, bir alim dedi ki, bu sözdə heç bir millilik yoxdur. Balalaykada bala türk sözüdür, lay da səs çıxartma mənasını verir. Türklərin imperiyaları olub, buna görə mətbəx zəngindir.
İstənilən halda yemək yaxşı şeydir. Həm də bircə bizim millətdədir ki, adi bir kababdan ötrü 100 kilometr yol gedə bilər. "Sənə mələməmiş quzu kəsərəm, özü də qara quzu" misalı təsadüfən yaranmayıb. Mən əvvəl bu misalı anlamırdım. Sonralar başa düşdüm ki, qara quzu rənginə görə günəşi daha çox qəbul edir və ona görə də o rəngdəki quzunun əti dadlı olur. Amma çox istərdim ki, insanlar yemək üçün yox, yaşamaq üçün yesinlər. Bizdə 95 faiz yemək üçün yaşayır. Yemək üçün yaşamaq insanı anormal şeylərə aparır.
Bir şey də deyim, düşünürəm ki, yeməyi kişilər bişirsələr daha yaxşı olar, qadınları mətbəxdən uzaq tutmaq lazımdır.
- Niyə?
- Allah bizim bir günümüzü onlarsız etməsin. Amma bütün dünyada ən yaxşı aşpazlar kişilərdir. Qadınlar çay dəmləməyi, mətbəxi yığışdırmağı yaxşı bacarırlar. Ümumiyyətlə çox az olsa da yaxşı yemək bişirən qadınlar var. Qadın yeməyi tez bişirir. Çünki qadınların fikri yeməyi tez bişirməkdir. Yəni tezbazar bunların ağzına bir şey atım, gedim işimi görüm.
- 130 yaşlı kişinin ömründə ət yeməməyindən danışdınız, bəs sizin ət yeməkləri ilə aranız necədir?
- Rəhmətlik atamın bir yaxşı sözü var idi. O, həmişə deyirdi ki, 50 yaşa qədər nə yığa bildiniz yığın. Yəni qarın, piy. Sonra istəsəniz də Allah əlinizdən alacaq. Ona görə də insan hər şeyin dadına baxmalıdır. Orqanizmin qəbul elədiyi qədər yesək heç bir problem olmaz. İnsanlar qədərində qidalanmadığı üçün xəstələnir. Çox spirtli içki içən adama nə qədər desən ki, içmə, o yenə içəcək. Amma bədəni qəbul etməyəndə dayandıracaq. İçkini atan bir adamdan soruşanda ki, qardaş, içkini necə atdın? Deyir, atdım da. Yalan deyir. Bədəni götürmədi ona görə atdı.
- Bayaq onu da dediniz ki, bizimkilər kabab yeməyə görə, bəzən xeyli yol gedirlər. Siz necə?
- Mən özüm heç vaxt tək getməmişəm. Amma dostlar təklif edəndə gedirəm. Bakıda istənilən yemək tapmaq olar. Amma balıq tutmağa min km yol gedirəm. Məsələn, Rusiyada balıq tutmağa görə, min iki yüz kilometr yol getmişəm.
- Sevdiyiniz yeməklər hansıdır?
- Gürzə, kələm dolması.
- Özünüz yemək bişirə bişirirsiniz?
- Yaxşı buğlama bişirirəm. Bu yaxınlarda İsmayıllıdan əla ət almışdım. Təsəvvür elə, bir quzu 6 kq idi. Sizə bir şey deyim, quzunun ətinin yaxşı olmasını bilmək istəyirsinizsə, onun qabırğasını iki barmaq tutub, üçüncü barmaqla sındırın. Əgər sındısa demək əladır. Həmin quzunu iki yerə böldürdüm. Evdə yekə bir tavam var. Tavanın altına quyruq yığdım, sonra 3 kq əti səliqə ilə düzdüm, iki dənə qırmızı bibər, sonra üç dənə soğan, 5-6 dənə pomidor doğrayıb töküb qoydum qazın üstünə. Yarım saatdan sonra bəh-bəhlə yedim.
- Kabab bişirə bilirsiniz? Ümumiyyətlə kababı necə bişirmək lazımdır?
- Ət manqalın yanında şişə çəkilməlidir. Manqalın üstünə yarım qutu duz tökülməlidir, ətin üstünə və altına duz vurub qoymaq lazımdı manqala. Basdırmaya qoyulan ət, ət deyil. Onun bütün dadını məhv edir.
- Balıq tutmağı sevdiyinizi dediniz, bəs ova münasibətiniz necədi?
- Yaxşıdır. Ova çox getmişəm. Rusiyada yaşayanda bir dostum dedi ki, gəl canavar ovuna gedək. Hökumət icazəsi var, hətta pul da verirlər. Dedim, mən canavara güllə ata bilmərəm. Bir neçə nəfər canavarın vurduğu ziyanlardan danışdı. Yenə dedim ki, mümkün deyil. Mən canavarları sevirəm, canavarlar haqqında çoxlu sənədli filmə baxmışam. Onların birlikləri, sürüdəki qayda-qanun, öz qanunlarına əməl etməyənləri sürüdən uzaqlaşdırmaq və başqa cəhətlərinə görə canavarları sevirəm.
- Hansı bölgənin yeməklərini bəyənirsiniz?
- Gəncə kababını, Lənkəranın balıq ləvəngisini, Balakənin xəmir yeməklərini sevirəm.
- Sizi demək olar ki, hamı Spartak kimi tanıyır. "Təhminə və Zaur" filmində Spartakın anası Zaurun anasına qızının yaxşı yemək bişirməyindən danışır. Doğrudan Spartakın bacısı yaxşı yemək bişirirdi, yoxsa?
- Kimsə öz qatığına turş demir axı. Amma Spartakın bacısı o qədər də yaxşı yemək bişirmirdi. Bu sırf orta statistik Azərbaycan qadının düşüncəsidir.
- O filmdən sizə bir sual da verim. Orada Zaurun ad gününə gələndə yemək yemirsiz. Ancaq “Congress” siqareti çəkirsiz. Ümumiyyətlə məclislərdə yemək yemirsiz?
- Mən o filmə hələ tam baxmamışam. Spartak yeyib-içən oğlan olur da. Məclislərə hazır gedir.
- Təhminə necə yemək bişirirdi?
- Baxır hansı Təhminə. O filmdə bir neçə Təhminə olub.
- Orijinal Təhminə...
- Orijinal Təhminə heç vaxt yaxşı yemək bişirə bilməz.
- Bağda yemək bişirmirdi?
- Mən peşə sirlərini açmıram. Hər halda ac qalmırdıq, ay Fuad.
- Spirtli içkilərə münasibətiniz necədir?
- Təmiz rus arağını sevirəm. Ruslar dünyada araqları və qadınları ilə tanınıblar. Rus qadını və rus arağı-ikisi də çox əladır. Ümumiyyətlə, arağı yaxşı edən ilk növbədə sudur. Haranın suyu yüngüldürsə, oranın arağı da yaxşıdır. İlk görünüşdə çox içki içən adama oxşayıram. Amma təcrübəli dostların yanında çox zəifəm. Mənə spirtli içki içməyi Şərif Qurbanəliyev öyrədib. O, nə qədər çox içirsə, o qədər də tez ayılır.
- Bizim millət arağı necə içir?
- Azərbaycanda ən çox içilən spirtli içki araqdır. Məncə, biz ruslardan sonra ən çox araq içən millətik. Sovet vaxtı Balakəndə prokuror dostum var idi. Bir dəfə o mənə dedi ki, bura çox qəribə yerdir, arağı çox içirlər. Sovet vaxtı hər rayon üzrə müəyyən limit əsasında araq verilirdi. Prokuror deyirdi ki, burda həmin limiti bir həftəyə içib qurtarırlar. Sonra gedib Gürcüstandan çaça gətirib onu içirlər.
- Məclislərdə yadınızda qalan maraqlı hadisə olubmu?
- Rusiya-Arxız deyilən əla bir yer var, şam meşəsi, bulaq. Ora ruslarla yeyib-içməyə getmişdik. Ruslar yeməyi mənim bişirməyimi xahiş etdilər. Gedib bir quzu aldıq. Quzunun bir hissəsini kabab elədik, sonra qalan quzunu yekə tikələrə bölüb, böyük qazana yığdım. Üstünə bir vedrə su, bibər, pomidor, turşməzə olması üçün yetişməmiş üzüm salxımı atdım. Əla yemək idi. Manqalın bir tərəfində kabab, digər tərəfində qazan idi. Yemək hazır olan vaxt qazan aşdı. Həqiqətən çox pis oldum. Ruslar dedi ki, narahat olma, kabab yedik, közün üstünə dağılan əti yedik. Həqiqətən onları o işlərinə görə çox sevirəm. Onlar yemək üçün yaşayan millət deyil.
- Siz Balakəndənsiz. Sürfüllüyə münasibətiniz necədi?
- Ən vecsiz ət sürfüllüdəki o qaxac ətdir. Lakin buna baxmayaq, o yemək çox dadlıdır, hətta xaşdan ləzzətli olur.
- Yemək yeyərkən nələri bilmək vacibdir?
- Elə qidalar var ki, onları birlikdə yemək olmaz. Məsələn, kartofla çörək, balla yemiş. Bunlar hər ikisi eyni vaxtda insana çox ziyandır, ikisi də eyni tərkibli olduğu üçün mədəni çox yorur. Mən kartofu heç vaxt çörəklə yemirəm, həm də mayasız çörək yeyirəm.
Yemiş yeganə qidadır ki, mədə ona heç nə edə bilmir. Ona görə yemişi istədiyin vaxt yeyə bilmərsən. Mənə bir rus balın təmizliyini yoxlamağın yolunu öyrədib. Çörəyin içini ovub atırsan balın içinə. Həmin çörək 5-7 dəqiqə o balın içində qalır. Sonra o çörəyi götürüb baxırsan. Əgər çörək suxarı olmayıbsa, demək bal yaxşı bal deyil.
- Dietaya münasibətiniz necədi?
- Mən dieta saxlamıram. Amma ac olmayanda yemək yemirəm və xəstələnəndə qəti şəkildə yeməkdən imtina edirəm. Ancaq təmiz bulaq suyu içirəm.
- Bizdə cavan xanımların əksəriyyəti dieta saxlayır. Ona münasibətiniz necədir?
- Onlar dieta saxlamırlar. Onlar dietanı imitasiya edirlər. Məsələn, Cenifer Lopez dieta saxlayır, mən də saxlayım. Bunlar hamısı dəbə görədir.
- Yeni il və Novruz bayramı. Bunların hansı sizə daha maraqlı gəlir?
- Yeni ili daha çox sevirəm. Çünki Yeni ildə insanın yeməyə daha çox ehtiyacı olur. O vaxt insan lap çox yeyir axı.
- Yeni ildə Şaxta Baba hədiyyə paylayır. Amma bizim Kosa hamıdan hədiyyə istəyir. Bu nə ilə bağlıdır?
- Bunun nəsə mənası var. Bizim ən böyük faciəmiz ondan ibarətdir ki, çox şeyin həqiqətini açmırlar. Yaşıdlarımın əksəriyyəti elə bilirdi ki, Məşədi İbadın dediyi ”Tarixi Nadir” iki səhifədən ibarətdir. Əslində bu Nadir şahın tarixidir. Nadir şahın tarixindən bəhs edən kitab 149 səhifədən ibarətdir.
- Füzuli müəllim, qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir. Sizcə, qadına hədiyyə əvəzinə bir gözəl yemək masası açmaq düzgün olmazmı?
- Dünyada bütün canlılara diqqət lazımdır. Qadına isə xüsusilə diqqət yetirmək lazımdır. Bəzən bir qadına baxmaq belə onu məmnun edər. Biz ətrafımızdakı qadınların hamısına hədiyyə alsaq müflis olarıq.
- Qadınlara fərqli hədiyyə verdiyiniz vaxt olub?
- Olub. Amma indi istəmirəm onu deyəm. Hətta özümü də hədiyyə verdiyim xanımlar olub. Sizə bir şey danışım, mənə bir rus qadını deyirdi ki, səni sevirəm. Dedim səbəb nədi? Yəni məni niyə sevirsən? O xeyli fikirləşib dedi: “Açığını deyim ki, mən səni tanıyandan sonra ağzımın dadı dəyişib”.
- "Qarın qardaşdan irəlidir" məsəlinə münasibətiniz necədi?
- Bu gün bizim cəmiyyətdə xalqına, millətinə yanmaq istəyən oğlanlar var. Amma onların bəziləri bir qarın yeməyə görə vəzifədə oturub yalan danışmağa, riyakarlıq eləməyə məcbur olur. Məncə, bu da insanı kamillikdən salan şeylərdir. Bu həm də insamsızlıqla bağlıdır. Bu adam fikirləşir, indi bu varsa sabah ola bilər ki, olmasın. Amma Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə kimi insanlar heç vaxt bir qarına görə boyun əymədilər. Amma çox təəssüf ki, bu gün bizdə bir qarın yeməyi hər şeydən üstün tutan adamlar var.
- Toylara münasibətiniz necədi?
- Toyu hardasa qəbul etmək olar. Bir gün əziyyət çəkmək mümkündür. Amma siz bir hüzrlərə fikir verin. Əvvəllər biz tərəfdə 40 gün yeyib-içmək verirdilər. Ölən adamın yaxınları bilmir öz dərdini çəksin, ya bu camaatı doydursun. İndi üç gün verirlər. Amma bunu da yığışdırmaq lazımdır. Belə qətiyyən olmaz. Bakıda xüsusi dəstələr var ki, ancaq yas yerlərində yemək yeməklə məşğuldur. Mən vəsiyyət edəcəm ki, öləndə yasımda yemək verilməsin.
- Yeməklə bağlı ümumi bir mesajınız varmı?
- Yeməyin üstündən heç vaxt çay su içməyin.