“Allah peyğəmbərləri tənqid edib” - AÇIQLAMA

“Allah peyğəmbərləri tənqid edib” - AÇIQLAMA
8 yanvar 2015
# 14:11

Kulis.Az Fransada baş vermiş terror hadisəsinə tanınmışların münasibətini təqdim edir.

Rəhman Bədəlov (fəlsəfə elmləri doktoru, professor):

“Bu hadisə məni o qədər sarsıdıb ki...Bu, çox dəhşətli hadisədir, ümumiyyətlə müsəlman dünyasında baş verənlərə çox sarsılıram. Mən çox kədərlənirəm, təəssüf edirəm ki, Bakıda bu hadisəyə sevinən insanlar var. Mən o jurnalın karikaturalarına baxmamışam, baxmaq da istəmirəm, məsələ karikaturada deyil. Nonkonformist bir jurnaldır və nəinki Məhəmmədin, həm də İsanın karikaturalarını da verirlər. Mövqeləri də budur ki, hər insandan hər hadisədən karikatura etmək olar. Toxunulmaz zona yoxdur. Onlar bu prinsipi seçiblər: qapalı zona yoxdur.

Mən də bu prinsipin davamçısıyam. Mən qərbçiyəm. Mən istəyirəm ki, Azərbaycanda avropaçılıq qələbə çalsın. Mən istəyirəm ki, onların bu amansız reaksiyasına da amansız reaksiya olsun. Mən buna birmənalı münasibət göstərirəm. Gərək bunlar belə etməyəydi filan deyə bilmərəm. Mən qəhrəman deyiləm, qəhrəman olsam şəhərə çıxıb etiraz edərdim. Yaşlıyam, evdən çıxmıram, onlardan da qorxuram. Qaldı inanclara hörmətə... Mən çıxıb buna gülüb, nəsə deyirəmsə qoy o da eynisini etsin. Hörmət budur. Mən öz azadlığımı müdafiə etməliyəm.

Baş verən hadisə aqressiyadır, təcavüzdür. Belə hadisə xristian aləmində də olub. Amma orada Qudellə Kalvin islahatlar etdiyinə görə xristian aləmi bunlardan keçib. İslamda təəssüf ki, bunlar olmayıb. Bilirəm, islamda elə adamlar var ki, onlar bu vəziyyətlərlə razı deyillər, amma qorxurlar, küçədə bunu deməkdən qorxurlar. Çünki islamda küçə qalib gəlib. Küçənin də qələbə çalmağı dəhşətli bir hadisədir.

Elşad Miri (ilahiyyatçı):

“Birmənalı şəkildə bu hadisəni pisləyirik. Burada heç bir müsbət tərəf yoxdur. Hətta o karikaturalar çəkilsə belə, hətta peyğəmbər təhqir edilsə belə, hətta söyülsə belə din heç bir zaman, heç kimə belə bir haqq verməyib ki, əlinə silah götürüb kimlərisə, hətta tamamilə günahsız insanları da öldürəsən.

Yəni, bu, islam dinində olmayan bir şeydir. Savaş haqqında belə dində hücum taktikası yoxdur, deyilir ki, sizinlə döyüşənlərlə, torpaqlarınızı işğal edənlərlə döyüşməyə icazə verilir. Durduğu yerdə harasa hücum edib döyüşməyə islam dinində icazə verilmir. İslamda belə anlayış yoxdur. Amma konkret olaraq o karikatura jurnalı ilə bağlı baş verən hadisənin təxribat xarakterli olması da mümkündür. Bilirsiniz ki, Fransa Avropanın müsəlmanların ən çox yaşadığı ölkəsidir. Hələ 1995-ci ildə aparılmış bir araşdırmada deyilirdi ki, bir neçə il sonra Fransa islamın ən böyük mərkəzlərindən birinə çevriləcək. Çünki bizim indi nə Suriyadan, nə İraqdan islam mərkəzi kimi danışmağımız mümkün deyil.

Bu gün Fransanın həm inkişaf etmiş ölkə kimi, həm gəlmə müsəlmanlara, həm də yerlilərin islamı qəbul etməsinə görə, dünyada islamın yayıldığı ölkəyə çevrilməsinin şahidi oluruq. Bu mənada belə bir hadisənin baş verməsi təxribat xarakterli ola bilər ki, bu dindən olan insanları sıxışdırsınlar, ya da ölkəyə gəlməsinin qarşısını alsınlar və ya islamı başqalarının gözündə radikal, terror dini kimi göstərsinlər.

Necə olur ki, bu hadisənin törədilməsini müsəlmanlarla əlaqələndirirlər, amma Fransanın Əlcəzairdə, İsraildə etdiklərini kimsə xristianlıqla əlaqələndirmir. Həm də məsələnin başqa tərəfi var: niyə bir neçə vaxt əvvəl çəkilmiş karikaturalara görə indi hücum etdilər?

Qaldı peyğəmbərin karikaturasının çəkilməsinə münasibətim... Siz özünüz yaxın bir adamınızın təhqiramiz şəkildə karikaturasının çəkilməsinə necə münasibət bəsləyərsiniz? İstər avropalı, istər şərqli, heç kəs özünün sevdiyi insanın şəxsi kontekstdə karikaturasının çəkilib məsxərəyə qoyulmasına razı olmaz. Əgər imkanı çatırsa, hüquq orqanlarına müraciət etməlidir.

Oxşar bir qalmaqaldan sonra Danimarkanın baş naziri, sonradan isə NATO-nun baş katibi olan şəxs bunu söz azadlığı, ifadə haqqı ilə əlaqələndirdi və bununla bir növ bu məsələlərə razılıq kimi bir münasibət sərgilədi. Bilirsiniz ki, bu məsələ ilə bağlı bir çox müsəlman ölkələrində etirazlar bildirildi, hətta heç bir günahı olmadan Amerika səfiri də öldürüldü.

Amma bir şey deyim. Peyğəmbərimiz özü, Kəbədə namaz qıldığı anda üstünə dəvə cəmdəyi atılarkən belə, getdiyi yerdə ayağının altına zibil, tikan atılarkən belə, islama dəvət etdiyi yerdə daşqalaq olunduğu halda heç vaxt onları söyməyib, təhqir etməyib, aqressiv davranmayıb. Sadəcə olaraq, peyğəmbərimiz deyib ki, istəsə Allah onları həlak edər və dua edib ki, ey Allahım, onlar bunu bilmədən edirlər, kaş onların nəslindən islamı dərk edən insanlar çıxsın. Yəni, peyğəmbərimizin əxlaqı, taktikası bu olub. Bu gün müsəlman kimi özlərini təqdim edən insanların bu cür davranışları nə islamın adı ilə, nə də islamı insanlara çatdıran peyğəmbərin adı ilə əlaqələndirilə bilməz.

Allah Qurani-Kərimdə peyğəmbərin müsəlmanlara nümunə olaraq göndərildiyini dedi. Biz bu nümunəni qoyub hansı nümunəni axtarmalıyıq? Qurani-Kərimdə peyğəmbəri təhqir etdiyi təqdirdə kiməsə hansısa cəza buyurulmur. Hətta Allah peyğəmbərləri tənqid də edib, səhvlərini də bildirib. Amma bu gün müsəlmanlar Quran oxumadıqlarına görə, belə bir prizmadan yanaşılır və hadisələr yaşanır”.

# 1172 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #