31 il əvvəl ölmüş azərbaycanlı aktrisanın sirli Facebook profili

31 il əvvəl ölmüş azərbaycanlı aktrisanın <span style="color:red;"> sirli Facebook profili
21 may 2018
# 14:06

Aliyə

Bu gün Azərbaycan teatrının ulduzlarından Vəfa Fətullayevanın ölüm günüdür.

Gözəlliyi, istedadı, nakam taleyi, sevgisi, həm də Hökümə Qurbanova və Nüsrət Fətullayev kimi teatr miflərinin övladı olması Vəfa Fətullayevanı əfsanəyə çevirdi. Özünün və qəhrəmanlarının adını nə qədər qız uşaqlarına qoydular, jurnalın üz qabığındakı şəkillərini kəsib evlərdən asdılar, haqqında sevgi tarixçələri danışdılar. Xəstəliyi və ölümü ilə Vəfa Fətullayeva adlı əfsanə tamamlanıb tarixə qovuşdu. Yəni, ölümdən sonrakı uzaq əlçatmazlığı ilə Vəfa ulduz adını tamamən haqq etdi, səmadakı yüzlərlə ulduzdan biri oldu.

Mətbuatın, teatr cameəsinin anım günlərində xatırladığı bu əfsanəni sosial şəbəkələrdə yaşadan bir qəribə profil var: “Vəfa Fətullayeva” adlanan səhifəni idarə edən Etibar Vəfa.

Vəfa Fətullayevadan bəhs edən səhifə müntəzəm olaraq aktrisanın həyatından bəhs edən epizodlar, fotolar, sənədlər təqdim edir.

Bəs profilin qəribəliyi nədədir? İlk növbədə adında.

Etibarın Vəfaya məna yaxınlığından başqa bir mənəvi yaxınlığı olmasa, bunca zaman onu unutmadan paylaşımlar etmək olardımı?

Səhifə qarşıma dostlardan birinin profili şikayət etməyə çağırışı ilə çıxdı. İzləyiciləri qıcıqlandıran səhihliyi şübhə doğuran məlumatların Vəfa Fətullayevanın dilindən, onun təhkiyəsi ilə verilməsi idi.

Həqiqətən qəribədir, qəfil açırsan və Vəfanın şəklinin üstündən üç kəlmə boylanır, məsələn: “mən bu gün öldüm”.

Bu təhkiyə Markesin hekayəsində Santyaqonun “Vene xala, məni öldürdülər” deməsi kimi oxucunu cəzb edir.

O hekayədə Santyaqo hələ sağ ikən ölüm xəbərini deyir. “Vəfa Fətullayeva” profili isə illər əvvəl dünyadan getdiyini bildiyin insanın dilindən danışır.

Obrazın adından yazmaq işlənən bir üsuldur. Etibar Vəfanın misalında isə məsələ başqadır.

Etibar Vəfa Vəfa Fətullayevanın həyatı haqda onun dilindən yazdığı “məktublar”da zaman ölçüsünü aradan götürür. Gündəlikdən parçalar zənn etdiyin paylaşımlar, qəfildən bu günə xitab edir.

Bu fotolar, bu məlumatlar, bu arxiv sənədləri Etibar Vəfada haradandır? Onu Vəfa Fətullayevaya bağlayan nədir? Ən çox da sonuncu sual məni maraqlandırırdı.

Kiçik bir axtarış etdim, Etibar bəyi tapıb yazdım, amma o, nəzakətlə imtina edib suallarıma cavab vermədi. Əvvəlcə təəssüfləndim, sonrasa buna sevindim.

Çün bu profilin məhz belə sirli olması məni cəlb etmişdi. İlin-günün bu vaxtı bir adamın zaman ölçüsünü itirib başqa adamın dünyasında yaşamağı marağımı çəkmişdi; Yaxşı ki, Etibar bəy cavab vermədi və bu sirr dağılmadı.

Ola bilsin ki, o paylaşımlarda yazılanlar həqiqət deyil, ola bilsin ki, ümumiyyətlə, kiminsə adından yazmaq etik də deyil. Amma zaman ölçüsünü itirmiş, başqasının dünyasına qapılmış bir şəxs üçün bu məsələlər keçərli deyil. Xüsusən, mərhum Vəfa xanımın yaxınları buna etiraz etmirsə, bu paylaşımları bir xəyal məhsulu kimi, yaxud bir bədii-sənədli fantaziya kimi, 30 il əvvəl, bəlkə Etibar doğulmamış, dünyadan köçən bir insana bağlılıq kimi, ola bilsin, işığından kor olmuş, amma ulduzun cazibəsinə düşmüş, ölçüləri itirmiş bir heyran məhəbbəti kimi qəbul etməyə nə mane olur?

Mən bu səhifəni sosial şəbəkə fenomeni kimi görürəm. Bu gündə yaşayıb, illər öncə vəfat etmiş insanın dünyasına köklənmək, onun dilindən yazmaq, onun gözündən baxmaq, hətta onun intonasiyasını axtarmaq ilginc deyilmi?

Bəzən bu paylaşımlar şayiələri incələyir, gəzən söz-söhbətlərə “aydınlıq” gətirir, bəzən də eləcə bir şəklin tarixçəsini danışır. Həm də sovet Azərbaycan teatrına aid, kəlmələrdəki şəkilçiləri dəqiq tələffüz edən tərzdə: “Mənim uşaqlıq illərim elə bir dövrə düşmüşdür ki, ölkəmiz Böyük Vətən Müharibəsindən yenicə çıxmışdı və illər keçdikcə şəhər yenidən qurulmağa başlayırdı...”

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər