“Qəzəb salxımları”nın sonluğu haqda
Steynbekin “Qəzəb salxımları” romanı məni bərk silkələmişdi. Səbəb son səhnəydi. İndi baxıram ki, orta əsr rəssamlığında həmin parçaya, finala ilham qaynağı olacaq o qədər əsər var. Qoca kişiyə döş verən gənc qadınlar təsvir olunur rəsmlərdə. Bu da "Simon və Pero" hekayətindəndir. Aclıq çəkən Simona süd verib onu həyata qaytaran gənc qadın obrazıdır Pero.
Steynbek Piter Paul Rubensin “Simon və Pero” tablosundan birbaşa, ya bilavasitə bəhrələnmiş ola bilər. Sənətkarlıq, professionallıq şüurlu təsirlənmə tələb edir.
İlkin müəlliflər (mifologiya və xalq yaradıcılığı) nədən ilhamlanıblar? Yəqin ki, təbiətdən, yaradılışdan. Təxəyyül nə cürsə işə düşməlidir.
Apriori.
İndi qayıdaq başa.
Yetkin bir adamın həyacanla yox, uzağı təbəssümlə oxuyacağı rəvayət, nağıl yenidən emal olunur. Müasir mətndə realizmə çevrilir və əvvəlki təsir gücüylə müqayisə olunmayan nəticələr yaradır. Oxucusunu sarsıdır. Bəzən hətta (“Qəzəb salxımları”nda olduğu kimi) transformator kimi silkələyir yaxın duranı.
Bir mətn rəvayətdən romana müəyyən yol qət edir.
Nağıllar, rəvayətlər bəlli yaşa gəlmiş oxucunun uşaqlığına, saflığına müvəqqəti, qısa qayıdışdır. Di gəl, usta bir yazıçının əlində bu kiçik əhvalat, uydurma başqa enerji ilə canlanır.
Miflər, nağıllar xalqın heyrətamiz fantaziyası kimi bizdə təəccüb oyada bilər. Amma bir başqa cəhətlə olduqca sadə konstruksiyasına görə seçilir. Düzdür, yunan mifologiyasının, yaxud “Min bir gecə nağılları”nın strukturu füsunkardır. Amma onların bir nağıl, əfsanə olduqları gözardı edilə bilməz.
“Simon və Pero” maraqlı da olsa, sadə bir hekayədir. Süjetin öz-özlüyündə mürəkkəb və bir o qədər mücərrəd fantastik strukturu yoxdur fikrimcə. Bəlkə də real hadisədir. Ancaq bir nağıl kimi nə dərəcə toxuna bilər hekayədən xəbəri olana? Mütləq oxucunun və eşidənin həssas yaradıcı təxəyyülü lazımdır süjetin dərinliyinə getməyə. Düşüncənin metafizik qatından, dərinliyindən danışıram.
Bu son deyilənləri Steynbekin romanı və xüsusən Roza Saronaya dolayısıyla aid etmək olar. Doğrusu, Steynbekin realist qələminin qüdrəti bu mənada metafizik, yaxud fəlsəfi haşiyələr çıxarmağımıza imkan vermir.
Rəvayətdən daha artıq təsir edən, hətta rəvayəti kölgədə qoyan romanın mahiyyəti və atmosferindən bir qədər uzaqlaşmaq gərək.
Renessans dövrü rəsm əsərinin söykəndiyi hekayədə gənc bir qadın həbsxanaya düşən və aclıqla cəzalandırılan qoca babasını ziyarət bəhanəsiylə mütəmadi əmizdirir. Onu ölümdən qurtarır.
Steynbek bundan yararlanıb fikrimcə. Əhvalatda qeyri-adi bir humanizm var.
Romanın sonunda daşqından, səfalətdən qaçıb özlərinə sığınacaq, samanlıq axtaran ailənin eyni çətinlikləri yaşayan iki nəfərlə qarşılaşdığı yazılır. Ailə taxta bir evə çatır. İçəridə 50 yaşında can verən kişi və onun oğluyla rastlaşırlar. Oğul ailədən kömək istəyir. Günlərdir çörək yeməyən kişi xəstə düşüb və daha bədəni çörəyə də hə demir. Ona mütləq şorba ya süd lazımdır. Bu acınacaqlı vəziyyətdən çıxış yolunu ailə tapır və işi boynuna ailənin zahı üzvü Roza Sarona götürür.
Niyə qeyri-adi humanizm? Məncə, məsələnin kökündə seksist situasiyanın, yaxud düşüncənin əlamətləri var. Bu, Steynbek yaradıcılığına yad deyil. “Siçanlar və adamlar” romanının ən təsirli səhnəsini yada salaq. Nəvaziş gözləyən və bunun üçün münasib şərait yaratmağa, partnoyorunu həvəsləndirməyə çalışan qadın elə bu nəvazişin qurbanı olur.
Qayıdaq “Simon və Pero” hekayəsinə.
Süjetin dərinliyi, düşüncənin metafizik qatı deyərkən həm seksist yanaşmanı, həm də yazıçının nümayiş etdiyi ədəbi performansı nəzərdə tuturam.
Həssaslıq, zəriflik, zənginlik və ən əsası intellektuallıq, yaradıcılıq tələb olunur “Simon və Pero”nu yenidən diriltməkçün.
Steynbek bunu bacarır.
Aclıqdan öləsi ahıl bir kişini ölümdən kim xilas edəcək? Süd verən diri döşləriylə.