Mətanət: “ANS-in rəhbərliyi xoşlamır kimsə irəli getsin” MÜSAHİBƏ

Mətanət: “ANS-in rəhbərliyi xoşlamır kimsə irəli getsin” MÜSAHİBƏ
14 avqust 2013
# 07:30

Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı ATV telekanalında yayımlanan “ATV Olay” proqramının aparıcısı Mətanət Əliverdiyevadır.

- İki il əvvəl bir müsahibənizdə belə demişdiniz: “Başqa şirkətə işləməyə getmək mənim üçün sanki övladlarını və həyat yoldaşını atıb, başqa ailənin yanına getmək kimidir. Demişəm və deyirəm ki, mən ANS-i heç nəyə dəyişmərəm. Bu, ailədir. Ailəni necə satmaq, dəyişmək olar? Mənə çatmır, ailəni satdınsa, deməli hər şeyini satmağa hazırsan. ANS-i heç nəyə dəyişmərəm”. Nə baş verdi?

- Çox gözəl bir məsəl var, deyir balıq başdan iylənir. Gərək o baş heç vaxt iylənməsin. O baş iylənəndə ətrafdakıların da ürəyi bulanır və insan yaşadığı yeri, ailəsini - anasını, atasını tərk etmək məcburiyyətində qalır. Mən də məcbur olub “veş-meşokumu” yığıb getdim.

- 17 illik iş yerinizdən ayrılmaq çətin olmadı?

- Mənə orda elə bir münasibət göstərdilər, inanın ki, elə bildim ki, heç vaxt orda işləməmişəm. Ancaq doğurdan da ANS mənim üçün doğma idi, mən orayla yaşayırdım. Təsəvvür etməzdim ki, ANS-dən çıxa bilərəm. Valideyndən çox şey asılıdır. Kanalın rəhbərini özüm üçün valideyn sanırdım. Amma o, sona qədər bunu davam etdirə bilmədi. Tək mən yox, ANS-dən çox insanlar getdi. Hansı ki, ANS-ə lazım insanlar idi. Bəli, mən hesab edirdim ki, mən də ora lazım idim. Çünki mən orda canımı qoydum. 17 il elə də balaca rəqəm deyil. Mənim xoşuma gəlmir ki, işçilərə “siz bizim mülkiyyətimizsiniz” desinlər. Mən heç kimin mülkiyyəti deyiləm.

Heç anamın, atamın mülkiyyəti deyiləm. Allahın yaratdığı bəndəyəm. Mən əşya deyiləm. Bir qədər açıq danışıram. Sizə bir fakt deyim. İstəyirsiniz yazın, istəmirsiniz yazmayın. ANS-in rəhbərliyi xoşlamır ki, kimsə irəli getsin. Adamı elə vururlar ki, yerində qalırsan. İşçi rəhbərdən ağıllı ola bilməz ki? Əlbəttə ola bilər, amma onlar xoşlamır. Ona görə də orda qala bilməzdim. İnsanları təhqir etmək olmaz. Mən özüm tənqidi sevirəm, ancaq təhqir yolverilməzdir.

Heç kimin heç kimi təhqir etməyə ixtiyari yoxdur. Rəhbər olanda nə olar, işçini birbaşa təhqir etmək olmaz. Görünür, insanın vəzifəsi qalxdıqca, cibləri pulla dolduqca aşağı baxmır. Duz-çörək kəsdiyin insanla, birlikdə bütün problemləri həll edib çətin vəziyyətdən çıxırsan və sonra sən yüksəldikcə həmin insana yuxarıdan aşağı baxırsan. Nə bilim, mən bunu qəbul etmirəm.

ANS-i tərk edəndə arxamca insanlar göndərdilər ki, gəlsin, qayıtsın. Çoxu deyirdi ki, Mətanət qayıdacaq. Amma əksəriyyət də bilirdi ki, qayıtmaq mənim xasiyyətimə yaddır. Yəni, mən döndümsə qayıtmıram, mənim də bu xasiyyətim var. Adi bir şeyə görə insanı alçaltmaq olmaz. Ay maaşını tutaq, ay nə bilim nə edək. Tutdun, nə oldu? 150-200 manatla nə oldu sənin cibinə? Mənə də heç nə olmadı.

Bəli, mən deyirdim ki, ANS-siz qala bilmərəm. Çünki ora birinci iş yerim olub. İki həftə qışın soyuğunda şələ-küləmi yığıb ANS-də qalmışdım ki, səhər efirinə xələl gəlməsin. Birdən gəlib çıxa bilmərəm işə. İndi baxırsan ki, heç kim qalmayıb. Uşaqlar hamısı getdi. O komanda dağıldı. Həm radioda, həm televiziyada güclü komanda var idi. Danmaq olmaz, çox savadlı insanlardır. Savadlıdırlar, amma insan da olmaq lazımdır. Hər şeyi ANS-də öyrənmişik, yalan deyə bilmərəm ki, yox, bu belə deyil.

- ATV telekanalında “ATV Olay” proqramını aparırsınız. Bu ideya necə yarandı?

- Mən ümumiyyətlə, radio aparıcısıyam. ANS-dən çıxandan sonra cəmi bir həftə dincəldim. 2012-ci il oktyabrın 19-u tarixindən “106” və “106.3”-də indiyə kimi fəaliyyətimi davam etdirirəm. Səhər saat 8-də işim başlayır, axşam 7-yə kimi efirdə oluram. Sonradan televiziyada belə bir proyekt oldu və mənim stilimə uyğun olduğu üçün verilişi mənə həvalə etdilər. Yeri gəlmişkən, “ATV Olay” ayın 19-dan efirdə olacaq. Çox maraqlı bir verilişdir.

- Dilçilik İnstitutunun elmi işçilərinin televiziya kanallarında ədəbi normaların qorunması ilə bağlı keçirilən hesabatında sizin vahimə, təlaş içində efirə çıxdığınızı yazmışdılar. Deyilənlərlə razısınız?

- Bilirsiniz, hərdən insanlarla razılaşmıram. “ATV Olay” hadisələrdən ibarət bir verilişdir. Orda uşaq ölümündən, qəzalardan danışılır. Özümü qəsdən vahiməli göstərmirəm, bu mənim içimdən gəlir. Mən xəbərdə emosiyalarımı bildirirəm.

Düzdür, deyirlər belə olmaz. Mən insanam, alınmır. Mən də pafos yoxdur. Xəbərə öz yanaşmam var. Mən də insanam. Bəli, vahiməli oluram. Uşaq ölümünə, yol qəzasına necə də təlaşlanmayasan? Hər gün nə qədər insan yol qəzalarında tələf olur. Mənə “vayxəbər” deyirlər. Mən “vayxəbər” deyiləm. Sadəcə xəbəri çatdırıram.

Kim düşünürsə ki, mən “vayxəbər”əm, mən o adamları savadsız adlandırardım. “Vayxəbər” nə deməkdir? Aparıcıya da “vayxəbər” demək olar? Aparıcının çatdırma tərzi var, mən belə çatdırıram. Qulaq asmaq istəmirlərsə, qulaq asmasınlar. Mənim tərzim budur. Bu mənim içimdən gəlir. Hadisəyə necə quru yanaşmaq olar? Orda elə hadisələr olur ki, sonra onu bölürük. Başqa məlumatlar da olur. Zarafat da edirəm, gülürəm də. Yeri gələndə atmacalar da atıram. Hamının da xoşuna gəlir. Reytinqli bir verilişdir.

Bizdə ilk olaraq “ATV Aktual” başlayır, ondan sonra mənim verilişimə keçid alırıq. Sonra Orxan Fikrətoğlu ilə söhbət edirik. Orxanla söhbət əsnasında söz yerinə düşdü dedim ki, mən də gedim evə. Bunu tutdular. Niyə elə ancaq pis şeyi tuturlar? O qədər yaxşı şey var, onları niyə sadalamırlar? Bir dəfə demişəm ki, mən də getdim evə. Söyüş söyməmişəm, bir şey etməmişəm. Veriliş quru veriliş deyil ki, əlimi əlimin üstünə qoyum, deyib salam-sağ ol. Onda tamaşaçı da baxmayacaq mənə. Mən radio xəbərlərində də beləyəm. Dinləyiciylə söhbət edirəm.

- Tələsməyiniz də müəyyən səhvlərin yaranmasına gətirib çıxarır. Məsələn, bir xəbərdə “Qəzanı törədənin polis işçisi olmağı insanda təsadüf doğurur” dediniz.

- Tələskənlik ola bilər. Canlı efirdir.

- Emosional olmağınızı ixtisasınızla bağlayanlar da çoxdur.

- Bilirsiniz, mən İncəsənət Universitetini (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – red.) necə bitirmişəm? Birinci kursda oxuyanda erkən ailə qurdum, bir də yadıma düşdü ki, institut var. Axırda gedib diplomumu aldım. Yəni instituta çox az-az getmişəm. Ailə qurmuşdum, körpə uşağım var idi, hörmət edirdilər. Yəni, orda oxumadım ki, deyim aktrisayam. Hə, aktrisa olmaq həvəsilə getmişdim, ailə, uşaq, bütün həvəsimi öldürdü. 1994-cü ildə ANS-in radiosu cəmi 5-6 ay idi fəaliyyət göstərirdi. Ora gəldim.

- Sizə bir nömrəli radio aparıcı deyə bilərik?

- Nə bilim, istəyirsiniz deyin, istəmirsiniz deməyin. Mən onun üçün çalışmıram ki, məni 1, 2, 3 rəqəminə layiq bilsinlər. Mən Mətanətəm, vəssalam (gülür).

- Kulis.Az-da “90-cı illər”i xatırlayarkən müharibəyə getmək arzusunda olduğunu demişdiniz.

- Hə, müharibəyə getmək istəyirdim. Erkən ailə qurmağımın səbəbi də müharibəyə getmək istəməyim idi. O qədər çılğın insanam ki, bu dəqiqə də gedə bilərəm. O vaxt hələ orta məktəbdə oxuyurdum. Birinci kursa qəbul olanda ölkədə vəziyyət pis idi. Onda mən hazırlaşırdım. Hətta atam instituta dalımca gəlirdi ki, birdən mən elə ordan çıxıb gedərəm.

Xəstə idi, axırda onun ağlamağının qarşısında aciz qaldım, amma həmişə döyüşkən olmuşam. Küçədə kimsə kimləsə dalaşırsa, mən də ora müdaxilə edirəm. Xoşlayıram əziləni müdafiə etməyi. Mən belə bir insanam. Yəni, mənə hərdən deyirlər dalaşqansan, bu dalaşqanlıq deyil.

- Deməli ANS-də çalışmamışdan əvvəl vətənpərvər olmusunuz...

- ANS-də elə insanlar var ki, heç bilmirlər vətən sözü necə yazılır. Qaldı ki, hələ vətənpərvərlik. Bu insanın özündən asılıdır, qətiyyən bununla razı deyiləm. Bu insanın içindən gəlir. Mən uşaqlıqdan beləyəm.

- Növbəti saatda eşidilmək yormur sizi?

- Yox, həzz alıram. Nə danışırsınız? Mən xəbərlə yaşayıram. Xəbərdən yorulsam, bezsəm xəbəri oxuya bilmərəm, xəbəri istədiyim kimi çatdıra bilmərəm. Mən hər dəfə efirə çıxanda elə bilirəm ki, dinləyicilərlə danışıram, onlarla ünsiyyətdə oluram və yaxud da tamaşaçılarla. Məsələn, mən həmişə radioda olmuşam, hamı elə bilirdi ki, mən kamera ilə işləyə bilməyəcəyəm. Mən efirdə də kameranı unuduram. Elə bil kimləsə danışıram. İnsan var ki, kənardan özünə monitorda baxıb bəzək-düzək verir. Mən də elə şey yoxdur. Komplekssiz insanam. Verilişdə o qədər hadisələr olub ki, qələm uçub əlimdən, əyilib götürmüşəm. Mənə həmişə deyirlər düz dayan. O qədər ki, kameranı görmürəm, əyilirəm. Elə bilirəm insanlarla danışıram. O qədər sərbəstliyim var ki, ona görə daha heç nə demirlər, bunu belə elə, onu elə (gülür). Xəbərsiz qala bilmərəm. Görün daha neçə ildir.

- Gərgin iş qrafikində çalışırsınız. İşinizə görə aldığınız məvacib sizi qane edir?

- Səhər 7-dən burdayam. Hələ ki, “ATV Olay” başlamayıb, başlayanda 9-a kimi burda oluram. Hər halda 15 saatlıq iş qrafiki az deyil. Ancaq gərgin iş şəraiti məni yormur, gecə saat 12-yə kimi də işləyə bilərəm, artıq alışmışam. Bunu mənə ANS öyrədib. Rəhbərlik bilir ki, mən işimdən zövq alıram. Yorulmuram işimdən. Bazar günü də desələr gəl, durub gələrəm.

Mən bazar günü evdə oturmuram. Çünki darıxıram evdə. Uşaqları götürüb harasa gedirik. Həyatım boyu işsiz qala bilmərəm. Səhər tezdən radio başlayır, yüksək tempdə, yüksək həvəsdə. O cümlədən axşam “ATV Olay” həmin tempdə, həmin həvəsdə. Bizdə Məqsəd müəllim var, soruşur ki, Mətanət, necəsən, yorulmamısan? Deyirəm, ki, gümraham. Efirə 40 dərəcə qızdırmada çıxmışam.

Hətta bir dəfə tamaşaçı yazmışdı ki, siz Mətanətin üzünə nə qədər “rumyana” çəkmisiniz, qıpqırmızıdır. Halbuki qızdırma məni o hala salmışdı. Xəstəliyə filan baxmıram. Yenə deyirəm, çünki işimi sevirəm. Maliyyə məsələsi isə cibimin sirridir (gülür). Amma maliyyə tərəfini güdsəm də mən işimi daha üstün tuturam. Düzdür, pul lazımdır. Bu dəqiqə pulsuz yaşamaq qeyri-mümkündür. Amma sağ olsun rəhbərlik, maliyyə məsələsində zəhmətimi yaxşı qiymətləndirirlər.

ANS-də maaşım aşağı idi, bir dəfə də demədim ki, maaşım aşağıdır. Bilirlər ki, mən heç vaxt pul məsələsini danışmaram. Ay bu aşağı oldu, mən niyə bu qədər aldım, başqası məndən çox aldı. Bunu mən demərəm. Burda isə gördüyüm işin müqabilində yaxşı pul alıram. Bu məni qane edir.

- Bir qədər də gələcək planlarınız haqda danışardınız.

- ATV-nin məktəbi yaranacaq, buna hazırlaşırıq. Mən də həmin məktəbdə radio və televiziya sahəsinə yeni gələnlərlə, onların nitq problemləri ilə məşğul olacam. Mən uşaqlarla işləməyi çox sevirəm. Uşaq deyirəm, onların 23-25 yaşları var. Oğlumun 21 yaşı var. Yəni, onlar mənim üçün uşaqdırlar. Hərdən əllərində “tekst”lərlə uşaqlar gəlir, bilmədiklərini soruşurlar. Burda vurğu, tələffüz necə olmalıdır. Əlimdə işim çox olsa da kənara atıram. Çox sevinirəm ki, onlar soruşur. İndi bu dəqiqə bir çox aparıcılarda vurğu problemi var. Bizdə xəbər aparıcıları gəlir ki, Mətanət, bu sözü necə deyək. İnanırsınız, mənim də bilmədiyim məsələlər olur. Mən də bilmədiyimi soruşursam. Bu sahədə bildiyim daha çoxdur. Mən də istəyirəm ki, bildiyimi kiməsə öyrədim.

# 12180 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #