30 yaşında xalqın artisti, 35 yaşında “xalq düşməni”

30 yaşında xalqın artisti, 35 yaşında “xalq düşməni”
5 dekabr 2013
# 13:38

Onun Hamlet obrazındakı fotoportreti Londonda Şekspir muzeyini bəzəyir.

Səhnəmizin Qacar şahı, Hamleti olan Ülvi Rəcəbi 1937-ci ildə evində türk musiqisi yazılmış vallara görə ittiham edərək “xalq düşməni” adı ilə güllələyiblər.

Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. O, Nodar Şaşıqoğlunun (Mixaylo) əmisidir. Atası Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynayıb. On altı yaşında atasını itirmiş Ülvi təhsilə erkən yaşlarından başlayıb. Xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi təhsilini yarımçıq qoyaraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə, müharibə qurtaranda Batuma qayıdıb.

Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən "Artistlər cəmiyyəti"nin zalında oynayırdılar. Ülvi "Otello" tamaşasına baxıb və Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub və bir neçə tamaşada epizodik rollar oynayıb. Gənc teatr həvəskarı hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb. O vaxtdan Ülvi Rəcəb Batumdakı teatrın kollektivinə daxil olub.

1919-cu il.

Onun haqqında hər yerdə danışırdılar. Hər bir batumlu Ülvinin oynadığı tamaşalara baxmağı özünə borc bilirdi.

Ülvinin teatr şöhrəti xəstə yatan atasının da qulağına çatır və qəzəblənmiş qoca onu evdən qovub. Ülvi teatr tamaşaları göstərilən binada yaşayıb.

1919-cu ilin ortalarında 80 yaşlı Rəcəb bəy vəfat edib. Atasının onu bağışlamadan ölməsi Ülviyə pis təsir edib.

1920-ci ilin əvvəlində Batum teatrı Ülvi Rəcəbi daimi işə dəvət edib.

1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlib. Rustaveli Teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfərini yarımçıq saxlayıb. Ülvi burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ülvi Rəcəb Tiflisdə qalıb və "Zubalov evi"ndə fəaliyyət göstərən "Azərbaycan uram cəmiyyəti"nə daxil olub. "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib. Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı, emosional və coşqun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib. 1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub. Onun Bakıda, Akademik Teatrda oynadığı ilk böyük rol Hamlet olub.

1927-ci ildə teatr Azərbaycan, Gürcüstan və Ermənistanın böyük şəhərlərinə qastrol səfərinə çıxıb. Tiflisdə “Hamlet” tamaşaya qoyulub.

Burada yerli mətbuat yazırdı: “Qarşımızdakı artist istedad sahibidir. Bizə elə gəlir ki, bu, hamıya, təkcə türk teatrına deyil, bütün türk xalqına, milli incəsənət taleyi ilə maraqlanan bütün mədəniyyət işçilərinə aydın olmalıdır”.

Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsini qoyanlardan və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazananlardan biri Ülvi Rəcəbdir. Ülvi Rəcəb Milli Dram Teatrında işləyə-işləyə dəvətlə Tiflisdə Şeyx Sənan, Yaşar, Yarovay rollarını oynayıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı "Sevil" tamaşasında Ülvi Rəcəb Balaş rolunu yüksək sənətkarlıqla oynayıb. Sevil rolunda onun yöndaşı Akademik Teatrın aktrisası Mərziyə xanım Davudova və Gülüş obrazında İşçi Teatrının gənc istedadlarından Farma Qədri olublar. Ülvi Rəcəb Bakıdakı Rus Dram Teatrında həmin kollektivin hazırladığı "Otello" tamaşasında Otellonu oynayıb. Onun tərəf-müqabillərinin B.İlin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış və təcrübəli aktyorlar olmasına baxmayaraq, Ülvinin oyunu parlaqlığı ilə seçilib. "Həyat" (rejissor Ədil İsgəndərov) tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik teatrda son işi və son qələbəsi oldu. Aktyor ictimai-sosial tutumlu, mürəkkəb psixoloji əsaslı, ikili xarakterli obraz yaratdı. Süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii tutumunu, fikir dərinliyini, quruluşçu rejissorun ali məqsədini müəyyənləşdirdi. Bu tamaşanın premyerasından xeyli müddət sonra Ülvi Rəcəbi "Vətən xaini" damğası ilə tutdular. O, yüzlərlə günahsız qurbanlardan biri kimi faciəli şəkildə güllələndi.

“Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Drama Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli” başlıqlı bir məqalə

dərc olunmuşdu:

“Hazırkı Azərbaycan Dövlət Drama Teatrının keçmişdə-çar və Müsavat dövründəki vəziyyəti nə qədər də acı, nə qədər də ürək bulandırıcı idi.

Bu teatrın adı var idi, özü isə yox idi. Ona kimsə fikir verməz, xərclərinə kömək etməzdi. Artistlər ac, yalavac, sərgərdan qalmışdılar.

Onlar dilənçi bir həyat keçirirdilər. Onları alqışlamaq əvəzinə, lax yumurta və çürük pomidorla qarşılayır, fitə və şüşəkkiyə basırdılar...


...Lakin o günləri qaytarmaq istəyənlər də var idi. Onlar, Sovet hakimiyyətinin zəfərli qızıl bayrağı altında misli görünməmiş bir sürətlə artan və inkişaf edən Azərbaycan xalqının sevimli və qüvvətli kultura ocağına çevrilmiş bu teatrı və onun artist kollektivini acı günlərə, dəhşətli keçmişə qaytarmaq istəyirdilər.

Onlar doğma teatrımızı dağıtmağa, sovet artistlərimizi qan içərisinə qərq etməyə çalışırdılar…

…Onlar verdikləri alçaq keyfiyyətli oyunları ilə sovet tamaşaçılarını öz doğma teatrlarından çirkindirir və bu kimi əclaflıqlardan geri çəkinmirdilər...

…Budur, Ülvi Rəcəb. Bu adam xalqın qəddar düşmənləri – yapon-german faşizminin agentləri R.Axundovun və Ə. Trinicin vasitəsilə teatrda soxulmuşdur.

Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam tez bir zamanda “məşhurlaşmış” və respublikanın əməkdar artisti “nail” olmuşdur.

O xalq düşmənləri R.Axundov, Ə.Trinic, Ə.Kərimov, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur…

…Budur, Möhsün Sənani. O, özünün məişətcə pozğunluğu, şübhəli və ləkəli elementlərlə sıx əlaqəsi, sovet aktyoruna yaraşmayan murdar hərəkətləri ilə məşhurdur.

Budur, Şəmsi Bədəlbəyli. O, keçmişdə teatra “rəhbərlik” edən Ə.Trinic, Ə.Kərimov, H.Nəzərli kimi kontrrevolusioner direktorların əlaltısı olmuş, onların çaldığı havalarla oynamış və hazırda kontrrevolusioner qardaşı ilə əlaqə saxlayır…

…Bütün bu şübhəli və ləkəli adamlar, burjua nasionalistlərinin əlaltıları olan bunlar, artıq ifşa edilmiş və teatrdan qovulmuşlar.”

Bundan qabaq-25 aprel 1933-cü ildə isə teatr sənətindəki xidmətlərinə görə Ülvi Rəcəbə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilmişdi. 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulan Ülvi Rəcəb 1938-ci ilin yanvarında Bakıda güllələndi.

Mənbə:

“Kommunist” qəzeti, 1937, 30 sentyabr.

Ə.Əliyeva, Ülvi Rəcəb 1962.

İ.Rəhimli, Azərbaycan Teatr tarixi, 2005.

# 6158 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #