"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı
18 oktyabr 2025
# 12:30

18 oktyabr tanınmış italyan rəssam və qravür ustası Luka Cordanonun doğum günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Luka Cordano barokko sənətinin son dövrlərində Avropada özünəməxsus iz qoyan sənətkarlardan biri olub.

Neapolda doğulan Cordano hələ kiçik yaşlarından sənətə maraq göstərməyə başlayıb.

Sadə bir rəssam olan atası Antonio Cordano onu qravür sənətinin incəliklərini öyrənmək üçün məşhur ispan rəssamı Riberanın yanına şagird qoyub.

Daha sonra isə o, ehtimal ki, Roma barokkosunun öncül isimlərindən biri olan Pietro da Cortona ilə də çalışıb.

Fırçanı inanılmaz bir sürətlə işlətməsi ona “Tez işlə, Luka” (“Luca Fà-presto”) ləqəbini qazandırmışdı.

Bu, təkcə bir bacarıq deyildi – Cordano həm də digər rəssamların üslubunu ustalıqla təqlid edə bilirdi.

Məhz bu səbəbdən o, “Şimşək” və “Proteus” kimi metaforik adlarla da tanınıb.

Giordanonun sənət dili, Venesiya və Roma üslublarını ustalıqla birləşdirən bir harmoniyaya sahib idi.

Paul Veronesenin zəngin bəzəklərini və Pietro da Cortonanın dramatik kompozisiyalarını öz işlərində birləşdirən sənətkar, xüsusilə fresk sənətində parlaq və təsirli rəng çalarlarından istifadə etməklə fərqlənirdi.

1680-ci illərin ortalarında Florensiyada yaratdığı freskalar – o cümlədən Palazzo Medici-Riccardi və Biblioteca Riccardiana üçün çəkdiyi monumental əsərlər – bu dövrün ən mühüm barokko sənət nümunələri sırasında yer alır.

Giordanonun şöhrəti 1692-ci ildə onu İspaniya kralı II Karlos tərəfindən Madridə dəvət edilməsinə gətirib çıxardı.

On il ərzində o, El Escorial, Buen Retiro və Toledo kimi əhəmiyyətli saray və kilsələrdə böyük miqyaslı fresk layihələrini həyata keçirdi.

Madrid Sarayında ona “caballero” – yəni zadəgan titulu verildi. İspaniyada yaratdığı "Süleymanın röyası" əsəri bu gün Prado Muzeyində saxlanılır və onun ən gözəl işlərindən biri hesab olunur.

1702-ci ildə vətəni Neapola geri dönən Cordano artıq həm maddi cəhətdən varlı, həm də sənətkar kimi tanınmış biri idi. O, sərvətinin böyük hissəsini yoxsul rəssamların dəstəyinə sərf etdi.

Neapolda yerləşən Padri Girolamini Kilsəsindəki “İsanın tacirləri məbəddən qovması”, San Martino Monastırındakı “Cuditin qələbəsi” və Santa Brigida Kilsəsindəki freskalar onun yetkinlik dövrü əsərlərinin nümunələridir.

Giordanonun məhsuldarlığı və sürətli işləmə tərzi ona qarşı bəzən səthi işləmələr etdiyi yönündə tənqidlər gətirsə də, onun barokko sənətinə verdiyi töhfə danılmazdır.

O, yalnız rəsmləri ilə deyil, həm də digər rəssamlara təsiri ilə yadda qaldı. Onun tələbələri sırasında Paolo de Matteis, Aniello Rossi, Matteo Pacelli kimi adlar var idi.

Xüsusilə Tiepolo kimi sonrakı nəsil barokko ustalarına yol açan sənətkar, öz dövrünün və ondan sonrakı illərin sənət zövqünə yön verən rəssamlardan biri kimi tarixdə yer aldı.

Luka Cordano 1705-ci ildə doğulduğu Neapolda vəfat edib və öz sənəti ilə Avropa sənət tarixində əbədi iz qoyub.

# 1379 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər