“Rok musiqisi olmayan yerdə demokratiya da yoxdur” “Vahid Mustafayev “Xəzərin sahilində” mahnısına klip çəkməkdə bizə köməklik göstərdi”
“Yuxu” rok qrupu 1988-ci ildə Sumqayıt şəhərində yaranıb. 1989-cu ildə “Qızıl Payız” festivalında qalib olan qrup fəaliyyətini Türkiyədə davam etdirib. Bu müddətdə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) albomları yayımlanıb. Qrupun üzvləri Cəsur Nemətov (vokal), İbrahim Emin (bass gitara), Çingiz Eyvazov (zərb, baraban), Namiq Nəğdəliyev (gitara) olub. Qrup 2001-ci ildə fəaliyyətini dayandırıb. İbrahim Emin “Yuxu” qrupunun fəaliyyəti ilə bağlı APA-ya müsahibə verib.
- 1960-70-ci illərdə Bakıda rok musiqisi yayılmağa və sevilməyə başladı. Siz o illəri necə xatırlayırsınız?
- Həmin illərdə əsasən “Rolling Stones”, “Beatles”, “Sweet” və s. qrupları dinləyirdik. Fink Floydu tam başa düşmədiyim üçün o qədər də sevmirəm. Biz radioda BBC-ni tutub, rok qruplara qulaq asırdıq. Həmin illərdə konsert adları bilmirdik. Sadəcə, məsələn, “Deep Purple” qrupunun 1972-ci il konserti deyirdik. O zaman Azərbaycanda o qədər güclü qruplar yox idi. Bizdə sadəcə rokun özəntisi idi. Qruplar əsasən xarici mahnıları təkrarlayırdılar. Sumqayıtın rok qrupları da Bakıdan geri qalmırdı. Bakıda Sumqayıta nisbətən əhali çox olduğuna və texniki cəhətdən imkanlar olduğuna görə burda rok dinləyənlər də çox idi. Keçirilən konsertlərdə bir neçə qrup bir yerdə çıxış edirdi. O vaxt üçün yalnız bir qrupun konsert verməyi həm təchizat, həm də maliyyə cəhətdən demək olar ki, imkansız idi. Heç bir qrupun özəl təchizatı yox idi. Qala konsertlərində hər bir qrup öz bacarığını nümayiş edirdi. “Yuxu” qrupu isə o qruplardan fərqləndi. Çünki biz Azərbaycan dilində rok ifa edirdik. Artıq 1988-ci ildə qrupumuz yaranmışdı.
- “Yuxu” nə zamandan tanınmağa başladı?
- 1989-cu ildə “Xəzərin sahilində” mahnısı ilə “Qızıl payız” festivalında qalib olduq. O zaman rok musiqisi ilə hansısa festivalda çıxış etmək asan iş deyildi. Heç yuxuda da görə bilməzdik ki, Lenin sarayında (indiki Heydər Əliyev Sarayı - red.) konsert verərik. Orada sübut etdik ki, Azərbaycan roku mövcuddur. Biz o qalibiyyətdən sonra da çox tanınmırdıq. ANS televiziyasının prezidenti Vahid Mustafayev bizə klip çəkməkdə köməklik göstərdi və “Xəzərin sahilində” mahnısına klip çəkdik. Klip ilk dəfə ANS televiziyasında yayımlandı və o vaxtdan tanınmağa başladıq.
- “Xəzərin sahilində” mahnısının sözlərinin kimə adi olmağı ilə bağlı müxtəlif fikirlər var. Mahnının müəllifi kimdir?
- O mahnının sözləri atama adidir. Sadəcə, mən sözlərə atamın icazəsi ilə bəzi düzəlişlər etmişəm. Məsələn, orda “Xəzərin sahilində” əvəzinə “Sumqayıt bağlarında” yazılmışdı. Atamın sözlərinə yazılan 2-3 mahnı var ki, düzəliş edib ifa etmişik. Atam həvəskar yazar idi. Mənim ifa etdiyim “Döngə” mahnısının da sözləri atama, musiqisi mənə aiddir.
- “Yuxu” qrupunun dağılmasının əsl səbəbi çoxlarına məlum deyil. Bu qədər uğurlar əldə edərkən niyə davam etmədiniz?
- Biz “Qızıl Payız” festivalından sonra İstanbula getdik. Orda fəaliyyət göstərdikdən sonra gördük ki, Azərbaycanda heç bir iş görməmişik. Bizim orda gördüklərimiz sözün əsl mənasında ciddi iş idi. Tezliklə orda məşhurlaşdıq. İstanbulun birincilərindən biri biz idik. Düzünü desəm, qrupun dağılma səbəbi isə zəlzələ oldu. Əvvəl “Uzelli” musiqi şirkəti ilə çalışırdıq. Sonra “Midas Light Sound” şirkətinə transfer olduq. O zaman İstanbulda güclü zəlzələ baş verdi. Təbii ki, zəlzələ şirkəti də “silkələdi”. Zəlzələdən sonra hərə bir işlə məşğul olmağa başladı. Çətinliklər özünü göstərirdi. Onlar kazino açdılar. Biz həm orda, həm də müxtəlif rok barlarda, klublarda çıxış edirdik. Qrup yaratmaq və xarici ölkədə fəaliyyət göstərmək asan deyil. Açıqlaya bilməyəcəyim məqamlar da var. Biz qrup kimi fəaliyyət göstərməsək də, rəsmi şəkildə dağılmamışıq. Sadəcə, hərə bir tərəfdədir. Yəqin bilirsiniz, qrupun indiyə kimi üç vokalisti olub.
- Qrup neçə ildir ki, fəaliyyət göstərmir. Buna baxmayaraq, mahnılarınız Azərbaycan və Türkiyədə hələ də sevilir, dinlənilir. Bu sevgi qrupun fəaliyyətini yenidən bərpa etməyə yetmir?
- Qrupu yenidən bir yerə yığmaq üçün gərək bunu bütün üzvlər istəyə və bunun üçün çalışa. İnsan var ki, özünü toplaya bilir. Amma üzvlərin bəzilərinin ailələri var. Onlar üçün yenidən bir araya gəlmək, əvvəlki kimi məşqlərlə məşğul olmaq o qədər də asan deyil. Konsert təşkil etsək, gərək bütün mahnılar üzərində yenidən işləyək. Çünki hərə bir mahnını sevir. Bu mümkündür, sadəcə istək lazımdır. Çingiz Eyvazovla mən qrupun bərpasına hər zaman hazırıq. Təbii ki, sponsor da tapmaq lazımdır.
- “Yuxu”nun bütün albomlarını Türkiyədə hazırlamısınız?
- İlk iki albomu burda yazmışıq. Axırıncı albomu isə Türkiyədə yazdıq. Amma bütün albomlar Türkiyədə yayımlanıb. Sonuncu “Ölümə çarə yox” (1998) albomunu ADA musiqi şirkətinə satmışdıq.
- Siz 2004-cü ildə “Sirr” rok qrupunu da yaratdınız. Bu qrup “Yuxu” kimi mükəmməl olmaq iddiasında idi?
- Məndə mahnılar çoxdur. 2003-cü ildə Bakıya gəldikdən sonra qrup yaratmaq fikrinə düşdüm. Məncə, bu qrup “Yuxu”dan geri qalmır və üstün cəhətləri də var. Mən artıq qrupda ifa etməsəm də, hələ də onlarlayam. Yəni onların “papası”yam. Yeri gəlmişkən, qrup yeni albom üzərində çalışır. Təxminən 9 mahnı olacaq. Albom çıxandan sonra İstanbula getməyi planlaşdırıram. Orada çevrəm böyükdür.
- “Yuxu” haqqında qısametrajlı film çəksələr, münasibətiniz necə olar?
- Film çəkmək elə də çətin məsələ deyil. Çəkilsə, “Yuxu” qrupu kimə maraqlıdırsa, onlar baxacaq. Məni heç bir şey təəccübləndirmir. Təbii ki, biz o vaxt məşhur idik. Amma heç vaxt özümüzü dağ başına qoymurduq.
- Azərbaycanın indiki rok qruplarını bəyənirsiniz?
- İndi çox istedadlı qruplar var. Sadəcə, onlarda birlik yoxdur. Gərək kimsə onlara dəstək olsun. İndi hər yerdə yeni binalar tikilir. Həmin iş adamları daşlarla işləmək əvəzinə, istedadlı insanlarla işləsələr, görün nələr olar. Bizim məmləkət rok musiqisindən çox uzaqdır. Rok musiqisi olmayan yerdə demokratiya da yoxdur, məncə. Bizdə daha çox gəlir gətirən toy və şou biznesi inkişaf edib. İndiki reklamların çoxunda rok effektlərindən istifadə olunur. Amma nə bir rok veriliş, nə də bir inkişaf var. Rok təkcə gənclər üçün deyil. Rok musiqisi bir fəlsəfədir. Təbii ki, başa düşənlər üçün.
Xanım Nağıyeva