Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də... ANIM

Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də... ANIM
25 dekabr 2012
# 08:15

Ramilə QURBANLININ “Son ucu ölümlü dünya” layihəsində

Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.

Quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat hamıdan ərköyün və çılğın uşaq idi.

Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən düşüb özünə bir “düz-əməlli peşə” tapar.

Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindən düşmürdü. Cəlalın (Ənvər Həsənovun-red.) şəklini otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovun evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl kinolara çəkilir.

1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirirdi. Tələbə Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”,-deyə yarızarafat cavab verir. Amma hər ikisi hiss etdi ki, aktrisada əsl bəy, xan qızlarına, xanımlarına xas şahanə görkəm var.

Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna ən layiqli namizəd kimi.

Ənvər Həsənov danışır: “Münasibətlərimiz elə bu filmlə də başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.

1978-ci ildə institutu bitirən Möminat Qurbanovaya o vaxt hamıya verilən təyinat əvəzinə azad təyinat verilir, çünki artıq çox tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsənov isə “Azərbaycanfilm”də çalışırdı.

Ənvər isə onu daha çox evdə görmək istəyirdi.

“İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Möminatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.

İllər keçir artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətrinə razılaşmış aktrisa daha bir filmə dəvət alır. Bu dəfə dəvət deyildi, tələb idi. Ailənin dostu Şeyx Əbdül Mahmudbəyov Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Möminatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.

Ənvər Həsənov deyir: “Möminatın igid, ağıllı qadın görkəmi vardı. Çox ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları vardı. Onun iştirak etdiyi məclislərdə kollektiv şənlik olardı. Həsən Turabovla Əbdül dedilər ki, razı olmasan, onu qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildi razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da Həcərlə olan əksər mehribançılıq səhnələrində özüm oynamışam, qrimi elə ediblər ki, hiss edilməyib. Həcərin at çapmaq səhnələrini də Möminatın təhlükəsizliyi üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Möminata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi təsəvvürümə belə gətirə bilmirdim”.

Həcər rolunu oynayanda Möminatla Ənvərin Aytən adlı bir qızları vardı. Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi. İkinci uşağın dünyaya gəlməsi üçün Möminat xanım həyatını riskə qoymalı idi. Ondan olsa riskə gedərdi. Yenə Ənvər Həsənov heç nəyin xətrinə Möminatın həyatını riskə qoymağa razı olmadı.

“Möminat cəmi üç filmə çəkilib, üçündə də mənimlə birgə. Üçüncü film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi sevinirəm ki, heç olmasa üç filmə çəkilib, tarixdə qalacaq o filmlərlə. Daha çox çəkilsəydi, böyük uğurlar qazanardı. İncəsənət Muzeyində çalışırdı, elmi dərəcəsi də vardı, tez bir zamanda şöbə müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insan idi”.

Bir gün dostlarla birgə növbəti ailə şənliyini qeyd etmək üçün şəhər kənarına çıxmaq istədilər.

Möminat xanımın 50 yaşı olurdu, dörd il əvvəl dekabrın 8-i idi. Dostları onları Nabrana dəvət etmişdilər. Razılaşmışdılar, amma nədənsə yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər. Möminat xanım axşam nə isə yuxu görübmüş, əhvalı pis imiş.

“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat , dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim ay qız, sənin yubileyindir gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Möminat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. İndiyə qədər özümə gələ bilmirəm, yaxşı ki, qızım, nəvəm var, onlara görə yaşamalıyam”.

50 yaşı qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıbmış taleyinə. Ənvər Həsənova isə ondan sonra “bəlkələrlə”, “kaşlarla” özünə əzab vermək.

Dörd ildir ki, Mömünatsız bir dəqiqəsi yoxdur. Hər an düşünür, xatırlayır, müşkül suallara öz özlüyündə cavab axtarır.

Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Murad adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayır. Bir-birilərinə dəstək, dayaq olurlar.Bir də çəkəcəyi filmlərdir onun təsəllisi.

Dörd ildir ki, hər il dekabrın 8-i bu ailədə doğum günü ilə ölüm günü bir yerdə qeyd olunur.

Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi filan nömrə nişanlı maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.

Bu quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

# 6319 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #