Zamin Hacı: “Sevdiyim aktrisaları tez-tez dəyişirəm”

Zamin Hacı: “Sevdiyim aktrisaları tez-tez dəyişirəm”
3 iyun 2014
# 13:14

Azərbaycan mətbuatının dəyərli imzalarından biri Zamin Hacı ilə tanışlığımıza kino səbəb olub. 1996-cı ildə Hüseyn Mehdiyevin “Özgə vaxt” filmi haqda məqalə yazmışdı. Və doğru təhlil etmişdi. Artıq onda Zamin tanınan yazar idi. Məşhur olduğuna görə yox, daha çox pozitiv və simpatik olduğuna görə onunla tanışlığa bəhanə axtarırdım. Təsadüfən redaksiyada rastlaşanda ona dəxlisiz-filansiz dedim ki, film haqdakı yazınız “bezdarnıdır”. Zamin gülümsədi, amma nə cavab verdiyini xatırlamıram.

20 ilə yaxındır ki, Zamini tanısam da, hələ də onun nə vaxt ciddi danışdığını, nə vaxt zarafat etdiyini bilmirəm. Söhbətimiz də bir az belə oldu.

- Zamin, beynimdə çox sual var, yolda düşünürdüm ki, hansından başlayım.

- Axı, bu, mənim mövzum deyil .

- Narahat olma. Sən bizim rejissorlardan daha çox film izləmisən. Kulis.az da keçirilən sorğuda da bəlli oldu. Ondan başlayaq ki, filmləri necə seçirsən?

- Bəzi filmləri rejissorların sevdiyi filmlər siyahısından tapıram. Məsələn, Bressonun eşşək haqda filmi var.

- “Həyat belədir, Baltazar”.

- Hə, onu hansısa rejissorun sevdiyi 10 filmin içində tapdım. Bu, filmdən daha böyük bir şeydir və kinonun sərhədlərini aşır.

- Qodarın bu film haqda məşhur sözü var ki, Bresson bir saat yarım ərzində bütün dünyanın mahiyyətini göstərir.

- Çox maraqlı filmdir. Kann festivalında “Qızıl palma budağ”ı alan filmlərə baxıram. Onların hamısına baxmaq imkanım olmasa da, çoxunu izləmişəm. Hətta 60-cı illərdə mükafat alanları da. Yaxınlarda Viskontinin “Leopard” filminə baxdım. Uzundur, amma peşman olmursan baxmağa.

- Hə, o, bir az ağır tempdə, teatral çəkir.

- Xüsusən sondakı bal səhnəsinə görə baxmağa dəyərdi. Həm də kostyumları, dekorasiyaları maraqlıdır. Film seçməkdə digər kriteriya Venesiya, Berlin festivallarıdır. Hətta Moskva festivalında mükafat alan filmləri də izləyirəm. Orda maraqlı işlər var. Bu siyahıda mənim üçün sonuncu yeri Oskar tutur. Amma son bir ildə bu qənaətə gəldim ki, Oskar alan filmlərə baxmağın mənası yoxdur. Primitiv işlərdir əksəriyyəti. Səhv eləmirəmsə, 5500 akademik seçir onları. Məsələn, o akademiklərdən biri Rüstəm İbrahimbəyovdur. Onun imkanlarını son seçkilərdə gördük. (Gülür).

- Hər gün film izləyirsən, yoxsa?

- Qrafik tutmamışam. Asudə vaxtımı daha çox film izləməklə, ya da kitab oxumaqla keçirirəm. Bir də musiqi dinləməklə.

- Nə dinləyirsən? “Şıkı, şıkı dünya”?

- Yox (gülür). Yaşlandıqca klassik musiqi dinləyirəm.

- Məsələn?

- Banal çıxmasın deyə, məşhur bəstəkarların adını çəkmirəm.

- Qayıdaq kinoya. Amma Kann festivalı da sənətin dəqiq ölçüsü deyil axı. Bilmirəm, münasibətin necədir, amma keçən il Keşişin “Adelin həyatı” filminin məncə, sənətlə əlaqəsi yoxdur.

- “Adelin həyatı” primitiv lezbi əhvalatıdır. Mənim üçün iki cür kino var. Biri var əhvalat üzərində qurulan film. Bu, daha çox Amerika filmlərində var. Süjeti çox vaxt gerçəklikdən götürürlər. Biri də var, görüntü, estetik tərəfləri. Son vaxtlar filmin estetik tərəflərinə önəm verirəm. Yəni rejissorun hoqqabazlığını nəzərdə tuturam. Qeyri-adi baxış bucağı axtarıram. Məsələn, sən Jan Viqonun yuxarıdan olan planları haqda yazmışdın. Bu cür ifadə vasitələri mənə maraqlıdır. “Adelin həyatı”nda isə nə əhvalat vardı, nə də görüntü. Ona əsas mükafatın verilməsi “Avroviziya”da lesbilərə, geylərə mesaj verərək yer tutmaq kimi bir şey idi. İndi dünyada dəb budur. İnanıram ki, 5-6 ildən sonra “Adelin həyatı” yaddan çıxacaq. Amma tailandlı rejissorun (Apiçatponq Virasetakul nəzərdə tutulur-S.S) “Bunmi dayı” filmi məni alt-üst etdi.

- Səhv etmirəmsə, bu film magik realizm üzərində qurulub. Məsələn, nə xoşuna gəldi?

- Məsələn, ailənin axşam yeməyi zamanı qəfildən kabusun peyda olmasını adi göstərir. Amma adama kəskin təsir edir. Avropa filmlərindən fərqli baxır dünyaya. Klişelərlə çəkilən filmləri sevmirəm. Tarantinonun “Azad edilmiş Canqo” filmi klişedir. “Alçaq şərəfsizlər”dən sonra onu çəkməyi Tarantinoya yaraşdırmadım.

- Məncə, Tarantino “Alçaq şərəfsizlər”dən sonra vestern janrında dincəlmək istəyib.

- Ola bilər. Amma o filmdən sonra bunu çəkməyi xalturadır. O, kütlənin nə gözlədiyini bilərək onların gözlədiyini verib. Tarantinonu rəylə hesablaşmayan, dağıdıcı, passionar rejissor kimi tanımışam. Layk yığmaq üçün çəkib. Özü də xeyli layk yığdı. Əslində ordakı Canqo, Obamanın prototipidir.

- Facebookda sonuncu Kann festivalı ilı bağlı yazmışdın ki, jürinin sədri arvad olanda nəticə də belə olar. Zarafat idi, yoxsa?

- Zarafat idi. Kempion ciddi qadındır. Onun “Pianino” filmini çox sevdim. Sofiya Koppolanı nəzərdə tuturdum əslində. Onun “Tərcümənin çətinliyi” filmi “bezdarnı”dır. Onu bir az Bill Myurreyin oyunu xilas edib. Ucuz bir melodramdır. Anlamıram, o filmə necə veriblər mükafatı.

- Ekspressionizimin əhəmiyyətli nümayəndələrindən biri Murnaunun “Günəşin doğuşu” filminə də baxmısan. Lap kövrəldim. Araşdırma aparsan, bizdə rejissorların çoxu yəqin ki, ondan xəbərsizdir.

- Ciddi deyirsən? Yox, o qədər də ola bilməz. Biri də var, alman Fritz Lang. Onun “Metropolis”i faşizmi öncə görmədir, həm də estetik filmdir.

- Filmləri janrlara görə izləyirsən?

- Melodram yox, dram və triller sevirəm. Fantastik filmləri də. “Marsda missiya”ya dincəlmək üçün baxıram. Amma məsələn, Corc Lukasın “Ulduz savaşları” bəşəri dəyərdir. Söhbət xeyir və şərin toqquşmasından gedir. Şüuraltı olaraq insanlara təsir edir. Yadıma bir şey düşdü. Tələbə olanda “Şuşa” kinoteatrında dəhşət bir filmə baxmışdım. Əhvalat İraq ərazisində baş verir. Ordakı qədim xarabalıqdan bəhs edirdi. Amerikalılar orda bir lampa tapırlar. Aparırlar Nyu-Yorka, lampadan cin əvəzində əcaib varlıq çıxır, hamını yeyir. Onda dostum yaxşı bir şey dedi ki, bu, Səddam Hüseynin obrazıdır. Amerikalılar o vaxtdan gənc nəslin beyninə yeridirdilər ki, Mesopotamiyadan yaxşı şey çıxa bilməz. Ordan bir qab da tapsaz, zibil çıxar. Qorxunc yerdir ora. Bu mənada filmlərin mühüm əhəmiyyəti var. Hətta “Ulduz müharibələri”ni SSRİ-in dağılmasında rolu olan filmi kimi dəyərləndirirlər. Yəni populyar olan hər şey pis deyil axı. Məsələn, “Mona Liza”.

- Yəqin onda hind filmlərini də sevirsən.

- “Zita və Gita”nı uşaqlıqdan çox sevirdim. İndi də vaxtım olsa baxaram. Əhvalat kimi yaxşıdır. Musiqisi də xoşuma gəlir. Orda pis bibi obrazı da həmişə aktualdır.

- Sən də əksər kişilər kimi Monika Beluççini sevirsən?

- Monika Belluçini aktrisa kimi heç vaxt sevməmişəm. Zamanla sevdiyim aktrisalar dəyişir. Son olaraq təsirləndiyim aktrisa Kempionun “Pianino” filmindəki Holli Hanter olub. “Ameil”dən sonra Odri Tatunu sevdim. Xüsusi olaraq sevdiyim aktyor, rejissor yoxdur amma. Mənim üçün kino var. Amma bir filminə vurulub sonra davamlı izlədiyim rejissorlar, aktyorlar olub. Odri Tatunun başqa filmlərinə baxdım, gördüm o effekt yoxdu. Anladım ki, aktyoru dəyərli eləyən rejissordur.

- Monikanı qadın kimi də sevmirsən?

- Monikanı əslində sevirdim. Vensan Kassellə bir yerdə olanda vecimə deyildi. Amma adı Telman İsmayılovla hallanandan sonra gözümdən düşdü. Kassel bizim coğrafiyanın adamı olmadığına görə, vecimizə olmur. Yəni Vensan bizim örüşün danası deyil. Telman isə gözümüzün qabağında böyüyüb, məhlə uşağıdır. Adama təsir edir.

“Malena”da yaxşı oynayıb. Amma digər filmlərdə bəyənmirəm. Daha çox bədəninin hesabına məşhurlaşdı. Bir də “Dönməzlik” filmində bir az təsirli idi. Amma ordakı zorlanma səhnəsində Monikanın yerində məsələn, aktrisa kimi İlhamə Quliyeva da çəkilsəydi adama təsir edərdi. Sevmədiyim filmdir. Sadəcə fəndləri çox maraqlıdır, qeyri-xətti süjeti vardı.

- “Nimfomaniya”ya baxandan sonra yazmışdın ki, dünya kinosu iki yerə bölünür: Trier və başqaları.

- Hə, bir az pafoslu alınmışdı. Trier həmişə heyrətləndirir. “Melanxoliya”da dünyanı dağıtdı və düşünürsən ki, bundan sonra nə çəkəcək. Yəni sözü bitdi. Amma “Nimfomaniya”da dünyaya başqa rakursdan baxır . Kanndakı çıxışı səbəbindən azadlığı məhdudlaşdırdığına görə, məncə növbəti filmi Kannın jürisindən olacaq (gülür).

- Bizim filmlərdən hansına baxmısan?

- Bizim kino var ki ?

- Ən populyarı “Dolu”dur.

- “Dolu”nu film saymıram. Onu hərbi hissədə təbliğat filmi kimi göstərmək olar. Onun əvəzində “Siravi Rayn”a baxaram. Amma “Fəryad”a daha uğurlu film demək olar. Yaxınlarda Tofiq Tağızadənin “Köpək” filmini izlədim. “Ben Qur”dan (Uilyam Uaylerin 1959-cu ildə ekranlaşdırdığı tarixi film-S.S.) faydalanmalar gördüm. Ümumilikdə yaxşı filmdir. Yeri gəlmişkən özüm də “Qəzəlxan”da kütləvi səhnədə çəkilmişəm. Şahmar Əkbərov çəkirdi. 1990-cı il idi. Gəlib dedilər ki, kütləvi səhnəyə adam lazımdır. Biz də bekar adam idik. Bir gecəlik çəkilişə görə 15 manat qonorar yazdılar. Tələbə üçün də böyük pul idi.

- Səncə, bizə kinematoqrafik xalq demək olar?

- Müsəlman coğrafiyasında ən çox tanınan İran kinosudur. Bu coğrafiyada baryerləri aşmaq çətindir. Məsələn, müsəlmançılığın simvolları nədir, baş örtmək, qapalılıq. Kino göstərən sənətdir, sərhədsizdir. Şüurumuzda oturan arxetiplərlə azad kino çəkmək olmaz. Məsələn, Trier danimarkalıdır. Azad olmayan toplumda o filmi çəkmək olmazdı. Əgər bir filmdə cinsiyyət orqanı göstərmək lazımdırsa, göstərilməlidir. Göstərə bilməyəcəksənsə, niyə çəkirsən. Bizdə çəkmirlər ki, birdən Məmmədağa nə deyər. Azadlıqlar olmalıdır. Azərbaycanda kino yoxdur, ancaq pessimist deyiləm. Yoxdursa, fransız filminə baxaram. Kino çəkə bilmirsənsə, kim səni məcbur edir axı. Niyə dövlət büdcəsindən sənin filminə məsələn, dörd milyon pul ayrılsın. Dörd milyona yaxşı dublyaj studiyası qurmaq olar. Art-house filmlərini dublyaj etsinlər. Gənclər də baxsın.

- Erotik filmlərə baxırsan?

- Tinto Brass erotika ilə məzələnir. “Kaliqula”sı yaxşıdır. Burda hakimiyyətin insanları fiziki şəkildə zorladığını göstərir. Əslində diktaturanın mahiyyəti də budur. Zalman Kinqin erotik filmlərini bəyənirəm. Onun “İki ayın qovuşması” filminin sadə bir süjeti var. Onu çox sevirəm. Yaponların “Hisslərin imperiyası” heyrətamizdir. Real hadisələrə əsaslanır. Qəhrəmanın prototipi də həbsdə yatıb.

- Seriala baxırsan?

- Yox. Bircə dəfə “Kurtlar vadisi”nin ilk sezonuna baxdım ki, nədən bəhs etdiyini öyrənim. Seriala necə baxmaq olar? Yoldaşım “Aşkı məmnu”uya baxırdı. Sonuncu serialda 80 dənə hadisə oldu. Xəyanətin üstü açıldı, biri öldü. Hadisələri axıra saxlayır, digər seriyalarda isə boşboğazlıq edirlər.

# 6218 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #