Səyavuş Aslanın dəlixanadakı aktrisa arvadı

Səyavuş Aslanın dəlixanadakı aktrisa arvadı
26 sentyabr 2014
# 08:30

1939-ci ildə, yanvarın 27-də Bakının Saray kəndində xalq artisti Rza Əfqanlı ilə ilk qadın teatr rəssamı, xalq rəssamı Bədurə Əfqanlının ailəsində bir qız dünyaya gəlir. Bu ailədə yeganə qız deyildi, arzu olunan idi, ya yox, kim bilir…

***

Rza Əfqanlı 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq üçün 1912-ci ilin yazında Bakıya gəlib. Burda da işləri alınmayınca 1916-cı ildə Pyatiqorska gedib, orda çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. Yəqin bu da dağ çayının özünə yer tapmağa çalışması kimi bir nəsnədir. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. Sonradan Rza Əfqanlı xalq artisti fəxri adına qədər gəlib çıxır, Sovet vaxtı ən böyük mükafat olan Stalin mükafatına da layiq görülüb. Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Atası barədə bu qədər, indi keçək dünyaya gələn qızcığazın anasına.

Bədurə Əfqanlı da elə qızı kimi payızda-oktyabr ayında, 1912-ci ildə Bakıda anadan olub. Bakı Pedaqoji Texnikumunu, Bakı Rəssamlıq Məktəbini bitirib. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam, Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam, 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.

Rza Əfqanlı ilə Milli Dram Teatrında çalışanda tanış olub, sevib, evləniblər.

Bəzən böyük sevgilər böyük də sınaqlarla qarşılaşır. Cütlüklər var ki, bu sınaqlardan üzüağ çıxır, cütlüklər də var ki, belə sınaqlar sındırır onların məhəbbətini də, iradəsini də, özünü də. Rza və Bədurə Əfqanlılar da rahatlıqla keçə bilməyiblər o böyük sınaqdan. Dəfələrlə ayrılıb, yenidən qovuşublar. Sonda ayrılıqda bu dünyaya vida deyiblər.

Qəhrəmanım olan qızın taleyinin anasının taleyinə bənzəməsi də heyrətləndiricidir.

Bədurə xanımın bəzi əsərləri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır. İlk azərbaycanlı qadın teatr rəssamıdır. Əməkdar incəsənət xadimi, xalq rəssamı Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.

***

Qəhrəmanımız olan qızcığazın adını Ofeliya qoydular. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirdi.

Onu Kukla Teatrına işləməyə göndərdilər. Özü də kukla kimi yaraşıqlı olduğu üçünmü, yoxsa incə, məlahətli, qızcığaz səsinə görəmi?

Bir dəfə elə musiqili komediya fakültəsini yenicə bitirmiş Səyavuş Aslanın yolu təsadüfən Kukla Teatrından düşür. Üzünü görmədiyi Ofeliyanın səsinə heyran olur. Tamaşadan sonra pərdə arxasına keçib bu səsin sahibini tanımaq istəyir. Görür ki, ilk dəfə Mədəniyyət və İncəsənət Universitetində görərkən - bu ki, boy-buxunda, görkəmdə lap mənə oxşayır, yoxsa mənim yarımdır-deyə düşündüyü qızdır.

Bir il keçir bu olaydan. Bir gün Ofeliya ilə Səyavuş Musiqili Komediya Teatrının səhnəsində birgə çıxanda Səyavuş içində qərar verir-yox, bu artıq təsadüf deyil, taledir.

Böyük məhəbbətin özülü beləcə bu səhnədə qoyulur.

Ofeliya 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Səyavuşla evlənəndən və iki oğlan dünyaya gətirəndən sonra uzun müddət fasilə verib. 1997-ci ildən yenidən teatra qayıdıb.

İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla oynayıb.

Bacarıq dedim, teatrşünas İlham Rəhimlinin onun haqqında dedikləri düşdü yadıma: “Çox olmasa da istedadlı aktrisa idi, amma çox talesizdi. Çünki onun Musiqili Komediya Teatrında işlədiyi vaxt Şəmsi Bədəlbəylinin teatrdan getdiyi vaxta təsadüf elədi. Ondan sonra teatrda tənəzzül başlamışdı. Ofeliya qabiliyyətli olduğunu göstərə bildi, amma istedadını tam təqdim etmək imkanı düşmədi onun əlinə. Qabiliyyət istedada keçir, istedad kamilliyə. Bu pillə Həsənağa Turabovda, Səməndər Rzayevdə, Məlik Dadaşovda sürətlə çıxdı, amma Ofelya Aslanda yarımçıq qaldı. Maraqlı obrazlar oynadı, heç bir fəxri adı olmadı, izi qalmadı”.

Sənətşünas bu istedadın açılmamağını onun çalışdığı teatrda tənəzzül başlaması ilə əlaqələndirir, təbiidir, məncə burda Ofeliyanın Səyavuş Aslanla evli olması faktoru da az rol oynamayıb. Bizim teatrlarda rejissorlar, əsas da o vaxtlar aktrisalara rolu onun “qara qaşına, gözünə görə” veriblər.

Çingiz və Eldar adlı iki oğul sahibi olan Aslanlar ailəsi elə də xoşbəxt, qayğısız həyat yaşamayıblar, bəlkə də əksinə.

“Mən Səyavuşla ailəli olduğum bir vaxtda o başqa bir qadınla görüşürdü. Kişidir, istəsə yüz qadınla da görüşə bilər. Amma bu illişgidən xəbər tutmamağım üçün o, məni dəlixanaya apardı. Amma başqa adla. Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı o məni hansısa bir professorla görüşdürəcək. Bu adla məni dəlixanaya apardı. Orada professorla görüşdüm və bir neçə gündən sonra hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb, 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram». Bunlar Ofeliya Aslanın dedikləridir.

Aktrisa öz bədbəxtliyində həyat yoldaşını günahkar bilirdi, amma Ofeliya xanım özü də hardasa günahkar idi, hardasa günahsız. Eləcə də Səyavuş Aslan.

Səyavuş Aslan üzdə olan, çox sevilən aktyor idi. Ətrafında çox qadınlar dolaşırdı, Azərbaycan mentalitetli kişi o qadınlara qarşı laqeyd qala bilmirdi. Qadını da bunu görür, duyur və özünü alçaldılmış, təhqir olunmuş hiss edirdi. Bu səbəbdən qadının əsəbləri yavaş-yavaş sıradan çıxdı. Belə Azərbaycan ailələri çoxdur, sadəcə sözügedən ailə həm də diqqət mərkəzində olan bir ailə idi.

Səyavuş Aslan qadınına yaşatdıqlarını bilirdi, xanımının onun ucbatından əsəb xəstəsi olduğunu da bilirdi, bu əzabla da yaşayıb, dünyadan da bu qəlb ağrısı ilə köç etdi. Amma onun dığdığından yaxa qurtarmaq, yoxsa həqiqətən sağalmasını, düşdüyü bəladan xilas olmasını istədiyi üçünmü Ofeliya xanımı psixi dispanserə təhvil vermişdi.

Ofeliya ondan ayrılmaq qərarı verəndən sonra boşanmışdılar, amma bir evin ayrı-ayrı otaqlarında bir-birilərini uzaqdan sevərək yaşayırdılar. Onların ayrılığı sevginin ölməsindən deyildi, sevdiyindən qırılmaqdan, uman yerdən küskünlükdən idi.

Oğlanları da ömür boyu hər ikisindən yalnız sevgi görmüşdü, ata da, ana da nə bacarırdılarsa, nə edirdilərsə övladları üçün edirdilər. Səyavuş Aslana dövlətin hədiyyə etdiyi yeni mənzili də oğluna verib. Ofeliya ilə bir mənzilin iki ayrı otağında qalmaqla kifayətlənmişdi, bəlkə də özü buna üstünlük vermişdi, sevdiyi gözünün qabağında olsun, onun olmasa da.

Bir ara Ofeliya diqqətdən kənarda qaldığı üçün umu-küsü də elədi- ona layiq olduğu qiyməti vermirlər-dedi, amma özü özünə hesabat verdimi ki, bəs, mən necə, ona layiq olduğu kimi ər ola bildimmi?

Səyavuş Musiqili Komediya Teatrına rəhbərlik etdiyi vaxtlarda Ofeliyanın gözlərinin qarşısında başqa bir aktrisa ilə yaşadı. Azərbaycan qadını Ofeliya isə ömrünün sonuna qədər Aslan kimi qaldı, xəyanət etmədən.

Nə sevgi idi bu? Bəzən qürur insandan qabağa düşüb onun taleyini həll edir.

Ona ürəyindən keçən, bəzən hətta haqqı olan rolu vermirdilər. Özünə qarşı ailədə olduğu kimi kollektivdə, rəhbərlikdə də ədalətsizlik görürdü, bəlkə ona elə gəlirdi, çünki psixi pozğunluğu olan insanlar yalnız onlara qarşı pisliklər olduğunu zənn edirlər. Nə bilim, bəlkə elə həqiqətən də elə idi. Göz önündə də olan o idi ki, Ofeliya Aslan qiymətini almadan, potensialını açmadan köçdü bu dünyadan.

Elə görünməsin ki, mən birini günahlandırıb o birini təmizə çıxartmağa çalışdım, yox, evin içini kim bilər ki? İki nəfərin arasında olanı yalnız həmin iki nəfər bilir, kənardan qeyri-obyektiv də ola bilərik.

Sadəcə bir ailədə yaşayan, bir-birini sevən iki fərqli, amma istedadlı, sevimli sənətkarın taleyindən söhbət açdım sizlərə.

Ofeliya Aslan 2010-cu il mayın 18-də 71 yaşında vəfat etdi, səssiz-səmirsiz, köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olundu.

Onunla vidalaşarkən göz yaşları axıdan xalq artisti Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında köç etdi bu dünyadan. O dünyada ruhları qovuşdumu, yoxsa küsülü qaldılarmı yenə? Onu heç kim bilə bilməz, amma hamımız o qovuşmanı arzu edirik. Allah hər ikisinə rəhmət eləsin.

# 11730 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #