Mətləb Muxtarov
Sənət adamları cəmiyyətin düşünən beynidir. Bura yazıçılar, filosoflar, rejissorlar, rəssamlar, aktyorlar və başqaları daxildir. Taksim Gezi Parkı hadisələrindən sonra buna bir daha əmin olduq. Bu hadisələr zamanı sənətçilərin dəstəyi də mitinqçilər üçün böyük ilham mənbəyi oldu. Rejissor Zeki Demirkubuzun “Beşiktaş” futbol klubunun ən çılğın fanat qruplarından biri olan “Çarşı” ilə küçəyə çıxması (Özü də Beşiktaş fanatıdır), Nuri Bilge Ceylanın Gezi Parkına gəlib aksiyaçılara dəstək olması, Fatih Akının İordaniyadan müraciəti, yazıçıların, jurnalistlərin və ən nəhayət serialda oynayan aktyorlar və aktrisaların mitinqlərə qatılması böyük bir hadisə idi. Sənətçi hər zaman xalqın, sadə insanların, gəncliyin yanında olmalıdır. Sənətçilərin belə etirazlara qatılması ilk dəfə deyil. Belə hadisələri çox görmüşük. Amma ən maraqlısı bəlkə də 1968-ci ildə, Fransada baş verənlər idi.
* * *
“Qadağan etmək qadağandır”
“Bütün dünyanın proletarları əylənin!”
“Realist ol ,imkansızı istə”
“Sənə öyrətdiklərinin hamısını unut və arzulamağa başla”
Bu şüarlar məhz 1968-ci ildə, Fransada yaranmışdı. Yaradıcı gənclərə məhz yaradıcı insanlardan dəstək gəlmişdi. Kimlərdən? Məsələn: Jan Lyuk Qodar, Jan-Pol Sartr, Fransua Trüffo, Roman Polanski, Miloş Forman, Lui Mall.
1968-ci il. Fransada inqilabi ab-hava bütün şəhərlərə yayılmışdı. Sarbon Universitetindən başlayan üsyan dalğası sonradan işçilərin də tətillərə başlamasıyla daha da böyümüşdü. Amma o günlərdə hər şeydən xəbərsiz bir şəhər var. Kann şəhəri. Və ənənəvi Kann film festivalı başlamaq üzrədir.
Festivalda Jan-Lyuk Qodar, Fransua Trüffo, Miloş Forman, Karlos Saura, Roman Polanski kimi rejissorlar iştirak edəcəkdilər. Bəziləri festivala juri kimi ,bəziləri də festival iştirakçısı kimi qatılacaqdı.
Bir tərəfdən Parisdə olan hərəkat, digər tərəfdən də Henri Lanqluanın işdən qovulması dünya rejissorları, əsasən də Yeni Dalğaçılar arasında etirazlara səbəb olmuşdu. Henri Lanqlua “Fransız kinoarxivin”nın yarıdıcılarından idi. 1968-ci ildə Fransanın o vaxtkı mədəniyyət naziri məşhur yazıçı Andre Malro onu işdən azad etmişdi. Məhz bu hadisə də Parisdə etirazlara səbəb olmuşdu. Yeni Dalğanın üzvlərinə, Qodara, Trüffoya və başqalarına ”Kinoarxivin uşaqları” deyirdilər. Bu rejissorların kinoya gəlməsində Henri Lanqluanın böyük əziyyəti vardı. Onun işdən çıxarılmasına İtaliyadan Fellini, ABŞ-dan Hiçkok da etiraz etmişdi. Hətta Kann film festivalı davam edərkən Lanqluaya dəstək olmaq üçün Qodar, Trüffo, Lui Mall, Klod Lelyuş və Roman Polanskidən ibarət rejissor heyəti “Kinoarxivin müdafiə komitəsi”ni yaratmışdılar. İndi isə qayıdaq Kanndakı əsas hadisələrə...
Bəli, Kann film festivalı başlamışdı. Bütün Fransanı üsyan dalğası bürüyərkən Kannda festival keçirilirdi. Elə bil Kann Fransanın kiçik bir turist şəhəri deyildi. Dünya kinosunun çılğın uşağı sayılan Qodar sonralar bir müsahibəsində bu fikri səsləndirmişdi: ”Sanki Kann başqa bir planetdən idi... Bütün Fransanı üsyan dalğası bürüyərkən bu şəhərdə heç kəs qəzet oxuyub, radio dinləmədiyi üçün hamı hər şeydən xəbərsiz festivala hazırlaşırdı”.
Məşhur rejissorlar bir-bir festivaldan imtina etmək barədə qərar qəbul edəndə festival komitəsi davam etmək qərarı vermişdi. Həm bu qərar, həm də Henri Lanqluanın işdən azad olunması “Kinoarxivin uşaqları”nda və digər rejissorlarda qəzəb dalğası yaratdı. Məhz bundan sonra rejissorlar, film setinin işçiləri, tələbələr festival keçirilən salonlara girərək film nümayişlərini dayandırdılar.
İlk “qurban” məşhur ispan rejissoru Karlos Saura oldu. Onun filmi göstərilərkən Qodar, Trüffo, Polanski və başqaları film göstərilən salona “basqın” etdilər. Qodar özünü səhnədəki pərdə iplərindən “asarkən” (simvolik olaraq), Trüffo səs kabellərini kəsdi. Səhnəyə çıxan rejissorlar bir-bir çıxış eləməyə başladı və bu anda Sauranın filmində rol alan qadın aktrisa Ceraldino Çaplin (Gerladine Chaplin) aksiyaçılara dəstək olmaq üçün səhnəyə çıxmaq istədi, amma Roman Polanski aktrisanın bu cəhdini aksiyaçılara etiraz kimi başa düşərək ona yumruqla cavab verdi. Bu səhv anlaşılma sonralar aktrisa və rejissor arasında zarafat mövzusuna çevriləcəkdi. Bundan əlavə məşhur rejissor Lui Mallın öz çıxışında “Mənim burda nə işim var? Parisə, barrikadalara qayıdıram” deməsi də yadda qalan hadisə idi. Aksiyanın ən maraqlı hadisəsi isə Jan-Lyuk Qodarın çıxışı oldu. O, üzünü hər şeydən xəbərsiz festival iştirakçılarına tutaraq dedi: ”Biz burda tələbələr və işçilərlə birlikdən danışırıq. Siz isə dolly-shotlardan, close-uplardan danışırsınız. Əclaf uşaqları”.
Bu hadisələrdən sonra 1968-ci ilin Kann film festivalı baş tutmadı. Və aksiyanı təşkil edən rejissorlar yenidən Parisə, barrikadalara qayıtdılar. Orda onları tələbələr, işçilər və onlarla bərabər barrikadalarda mübarizə aparan Jan-Pol Sartr gözləyirdi.