Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Cavid Zeynallının “Qarmon” essesini təqdim edir.
...Və 90-ların o kədərli günlərində özəlləşdirmə çekləri bizim də qapımızın yolunu tanıdı.
Elə həmin çağdan bu əl boyda kağız parçasının bütün yoxsul ailələrə “pay” göndərdiyi o məşum suallar bizim də evin qonağı oldu: axşam yatanda üstünü basdırdıq, səhər duranda üzünə su vurduq, başına sığal çəkdik, əzizlədik, yaltaqlandıq...
Necə edək?
Nə alaq ki, qabağa düşək?
İndidən sataq, yoxsa gözləyək?
Görəsən, get-gedə qiyməti qalxacaq, ya düşəcək?
Çoxuşaqlı yoxsul ailələrdən ötrü “olum, yoxsa ölüm”dən daha vacib, vacib nədir, lap bəşəri suallar!
Var idi, əlbəttə, var idi: isti-isti bir cütünü verib maşın alanlar, üçünü üst-üstə qoyub torpaq çəpərləyənlər!
* * *
“Do, re, si, sol...”
Məktəbin arxasındakı nar ağacının yanında mən hüdüləyib tökürəm, Bəxtiyar qələtimi düzəldir:
“Do, re, mi, fa, sol, lya, si”.
Yox eyy, alınmır. Bir də, yenə, təkrar-təkrar... Və bu höcətləşmələr məni musiqi məktəbinə gətirməzmi, gətirər! Lap doğrusu, Bəxtiyarın şirin dilinə, Lənkərandakı musiqi texnikumunu bitirən cavan musiqi müəlliməsinin uzaqdan-uzağa üzümə dəyən nəvazişinə aldanıb özümü qarmon sinfində görürəm.
Mehman müəllim rayonun məşhur qarmonçalanadır (İllərdir görüşməsək də, yetimçiliklə böyüyüb qarmonla özünə gün-güzəran quran, Cəlilabadda beş kişidən biri olan o qayğıkeş müəllimi minnətdarlıq hissiylə xatırlayıram).
- Görürəm, həvəsin var, - deyir, - götürümün pis deyil, amma evdə qarmonun olmasa, çətin məsələdir. Hələlik dərsdən sonra qalıb sinfin qarmonu ilə məşğul olarsan. Evdə danış, pul düzəldin, atan sənə bir qarmon alsın.
Pul düzəltməyə bax, haa!
Anam qonşu arvadlarını başına yığıb heyva ağacının altında yun əyirir. Mən “dərd”imi anama, o da atama deyir. Əşşi, gizlətmək nəyə lazımdı: dərslərdə axsaq nədir, lap şikəstəm, vurma cədvəlində lənətə gələn “9 x 6”-nın cavabını yadımda saxlaya bilmirəm, atam adam olub ortalığa çıxacağımdan əlini üzüb. Bir sənət yiyəsi olmağa nə deyirsən?!
Heç şəksiz, ən yaxşısı budu: rayon yerində “muzkant”lar lap yaxşı yaşayırlar, naharı-şamı toy yiyəsinin hesabına yeyirlər, adları ad, hörmətləri hörmət yerində!
* * *
Və çox keçmədi, atam özəlləşdirmə çeklərindən mənim adıma olanını götürüb, üzü Masallıya sarı yolu əlinə aldı...
* * *
Mən qonşu məhəllələrin zibilliyindən alüminium, mis qab-qacaq yığıb qayıdanda anam toyuq-cücəyə dən səpirdi. Müjdə gətirən o səsin içimə doldurduğu sevincin adı nəydi, bilmirəm:
- Atan sənə qarmon aldı.
Şəpşəplərimin hərəsini bir yana “tolazlayıb” özümü evə atmazdımmı, necə yəni atmazdım?! Ortalıqdakı qırmızı çemodanı açanda ağ-qara dillərin parlaqlığının canıma hopdurduğu əlçim-əlçim fərəhdən ürəyim uçuna bilərdi.
O gün yerə-göyə sığmayan tək mən deyildim. Evimizin dər-divarı, anamın əlləri, qonşunun iti, həyat bacanın toyuq-cücəsi də sevinirdi.
Bə nə, lap yuvada baş-başa verib darıxan yumurtalar da atılıb düşürdülər…
O gündən evimizdən eşidilən qarmon səsinə yoldan keçən adamlar qulaq verdilər, qonşular axşamçağının sərinində balkonda oturub çay içə-içə “Bayatı Şiraz”a, “Rast”a, “Qarabağ şikəstəsi”nə diqqət kəsildilər. O gündən tar sinifində oxuyan xalaoğlum Samirlə uzun-uzun yolu əldən salıb musiqi məktəbinə sarı daha həvəslə, istəklə, sevgiylə gedirdik.
Həmin qarmon “Asəf Zeynallı” imtahanında mənə yol yoldaşlığı etmək üçün Bakıya gəldi, qiymət ala bilməyəndə bir-birimizi təsəlliyə tutub rayona qayıtdıq. Sonra o qırmızı qarmon kökdən düşdü, başqasını almağa məcbur olduq. Və bu yazını yaza-yaza düşünürəm: təzəsini alandan sonra onu kimə verdim, axırı necə oldu? Yaddaşım yamanca korşalıb, xatırlamaq cəhdinə nə verirlər, illərin o üzündə qalan o sevimli dostuma əməllicə xəyanət etmişəm. Bakıya oxumağa gələndə ikincini özümlə gətirdim, Novxanıda yaşayanda yaddan çıxarıb orda qoydum, indi “ölüsündən dirisindən” xəbərim yoxdur. Hər dəfə xatırlayanda ya yolun uzaqlığını, ya da işin çoxluğunu bəhanə edib, uşaqlığımın o bir parçasını özümə sıxıb dilləndirmək zövqündən məhrum olmuşam.
Niyə, bilirsiniz?! Bu qədər sadə: çörəyim onnan çıxmır!
Və bu qədər etibarsız!
Kompüteri bir gün özümdən kənar qoyarammı, qoymaram!
Bu qədər sadə: çörəyim onnan çıxır!
Və bu qədər etibarlı!
Digər yazılar:
http://news.lent.az/kulis/news/8003
http://news.lent.az/kulis/news/8042
http://news.lent.az/kulis/news/8153