Bircə: “Ər evində on iki il bakirə qalan oxucum yazmışdı ki...” – Müsahibə

Bircə: “Ər evində on iki il bakirə qalan oxucum yazmışdı ki...” – Müsahibə
5 fevral 2021
# 09:01

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının müəllifi Bircə xanımla müsahibəni təqdim edir.

- Bircə xanım, Kulis-in dörd ildən bəri yayıb paylaşdığı romanınızın dördüncü bölümü də sona çatdı. Neçə vaxtdı oxucular beşinci bölümün vaxtı ilə bağlı suallar verirlər...

- Bu barədə məndən də çox soruşurlar. Beşinci bölümü yaxın zamanda üzə çıxarmaq istəmirəm. Redaktora da fikrimi bildirmişəm. Əsərin planı cızılanda beş kitabdan – beş hissədən ibarət olması nəzərdə tutulmuşdu. Müəllif proloqda ifadə olunan hala, məqama yetişəndən sonra son sözünü deyib pərdəni bağlamalı, uzun, ağır cəhənnəm səyahətinin ardınca ağ çadırının altına – öz cənnətinə çəkilməliydi.

Təəssüf ki, bu gün də o cənnət qapısını üzümə açılmağa qoymayan səbəblər, məni könül rahatlığıma, əbədi dincliyimə aparan cığırda bitmiş tikanlı kollar var. Hələ ki, yol yarımçıqdı, özümü o tikanlığa vurmağa hazır deyiləm. İndilik bundan artıq bir söz deyə bilmərəm. İrəlidə nə baş verəcəyini tale-qismət, zaman göstərər...

- Kitab şəklində işıq üzü görməmiş bölümlərin də nəşri nəzərdə tutulubmu? Tutulubsa, nə zamana planlaşdırılıb?

- Qarşıdakı aylarda üçüncü, dördüncü bölümləri də kitab halında görmək ürəyimdən keçir. Bununla bağlı bir naşirdən təklif də almışam, ola bilsin, dörd hissənin dördünü də komplekt şəkildə nəşr eləyib satışa çıxardılar. Yox, sözlərinin üstündə durmasalar, əvvəlki qaydada yola davam eləyəcəyik.

- Əsərinizlə bağlı saytımızın feysbuk səhifəsinə, elektron poçtumuza, telefonlarımıza çoxlu müraciət olunur. Sizcə, romanın bu qədər maraq doğurmasının əsas səbəbi nədi?

- Məncə, bunun başlıca səbəbi qadın taleyinin diqqət mərkəzinə çəkilməsi, qadın problemlərinin göz önünə gətirilməsidi. Mesaj qutuma indiyəcən yüzlərlə xanımdan məktub gəlib, bir qismi eynən onların həyatını qələmə aldığımı yazır. Cəmiyyətimizdə münasibətlər belə qurulub ki, qadın özünü gizləməyə çalışır; gizləməsə, başına nələr gələcəyini yaxşı bilir.

Adam var aylarla, illərlə marığa yatıb sənin bir balaca büdrəməyini, bir az köndələn getməyini gözləyir. Zaman yetişir, sən o topu özün atırsan onun ayaqlarına. Bax, onda qırmızı geyinib taxta çıxır, əllərini xınalayır, sənin yıxılmağınla öz eqosunu bəsləyir. Ona görə ki, məqsədi doğrunu yanlışdan ayırmaq, faciələrin səbəbini anlamaq deyil, səni yıxan torpağın üstündə özünün dik durduğuna sevinməkdi. Bu biri yandan dik gəzməkdən, ömrünü sənin başına qaxmaqdan da düz-əməlli həzz ala bilmir, çünki sənin yıxılmağına da paxıllıq eləyir, dərdinə-bəlana da nəfsi keçir...

Mənim yazdıqlarımda hər qadının bir tikəsi var. Bəlkə elə buna görə hətta bədxahlarım da axtarırlar, oxuyurlar, təsirlənirlər.

- Sizə Facebookda əsasən nə yazırlar?

- Nələr yazmırlar! Açığa yazılanı hamı görür, oxuyur, özələ yazılanlardan isə ayrıca bir kitab bağlaya bilərəm. Sizə deyim əri çörək dalınca Rusiyaya gedən qadınlardan. Biri yazır ki, ərinin üzünü birinci-sonuncu kərə gərdəkdə görüb. Bir başqası on iki il qoca qayınatasıyla qayınanasının altını təmizləyib, onlara keşik çəkib, di gəl, hələ də bakirədi – yalançı ər qızı bahalı kürkə bürüyüb, qızıla tutub, amma ona yaxın durmayıb, deyib, guya şimal soyuğu bunu kişilikdən salıb. Yarımamış gəlin handan-hana öyrənib ki, bu sümsüyün oralarda arvadı da var, uşaqları da. Növbəti gəlişində üzünə üz bağlayıb kişiyə yalvarıb ki, ərlik borcunu yerinə yetirsin, barı bu zavallının da bir övladı olsun. Kişiciyəz bu təklifi də yaxına buraxmayıb, ata-anası cəhənnəmə vasil olan kimi qızı oğru damğasıyla dədəsi evinə qaytarıb...

Bu epizodik gəzişmələr əyalət qadınlarının çəkdikləri barədə yəqin az da olsa təsəvvür yaradar. Poçtumun qutusu belə-belə dərdlərlə tıxalıdı.

- Feysbuk səhifənizdə 2300-dən yuxarı virtual dostunuz var. Onların arasında yəqin sizə bezdirici suallar verəni, yazmağınıza mane olanı da yox deyil...

- Var belələri. Yaxşı tanıdığım, yazdığımı oxuyub deşifrə eləyən biri üç yalançı adla özünü dostluğuma dürtə bildi. Ancaq mənə ünvanladığı hiyləli, məkrli suallarla özünü dərhal ələ verdi. Hərçənd mən onun suallarını səbirlə, sayğıyla cavablandırırdım. Dözmədi, niqabını yırtıb gerçək simasını göstərməyə başladı, qapısını tanımadığım sosial şəbəkələrdə məni lağa qoymağa, mühakimə eləməyə, mənə söz toxumağa çalışdı. Adam yenə illərini, əsəblərini mənə xərclədi, bununla da öz büdcəsindən kəsib mənim büdcəmə caladığını qanmadı. Qarğanın qonmadığı yer yoxdu, amma heç vaxt ona qartal deməzlər.

Kitab istəyən bəzi oxucular da məni yorur. Məsələn, naxçıvanlı oxucumun verdiyi ünvana istədiyini göndərdim – kitab poçtda, di gəl, adam özü göstərdiyi ünvanda deyil. Günlərlə məni yalançılıqda suçladı, işimi-gücümü atıb onun məni saldığı labirintdə gicəllənə-gicəllənə dolandım. Bir başqası üç dəfə müxtəlif ünvanlara kitab göndərtdi, axırda dedi ki, ərim evdədi, poçta gedə bilmərəm. Poçtalyonu qapısına göndərdim, bir manatlıq rüsumu ödəməkdən imtina elədi. Belə oxucuların əlindən necə yorulmayasan?! Bu kimi hallarla rastlaşanda adamın yazmaq həvəsi də ölür.

- Əsərdə bəzi oxucuların mental çərçivəsindən, düşüncə qəlibindən kənara çıxan hadisələr təsvir olunur. Bu təsvirlərə görə sizə irad tutanlar, qınayanlar oldumu?

- Oldu. Hətta ortalıqda məni söyüb qınayan bir xanım özəldə məndən üzr istəyib bağışlanmağını dilədi. Məlum oldu ki, qadın özü də hazırda eynən qınadığı həyatı yaşayır. Əleyhimə ən eybəcər, ən məkrli təbliğatı isə mənim intim sirlərimi belə yazıya almaq cəsarətimi gözü götürməyən, bunun qarşısını almağa çalışan bir qadın apardı.

Bir atalar sözümüz var: “Qızın ağlığı onun yeddi ayıbını örtər”. Bəziləri unudurlar ki, yazdığım etirafları mən özüm qələmə almışam, məni buna heç kim məcbur eləməyib. Başıma gələnləri danışmaqla həm də taleyi baltalanmış, bəxti zorlanmış, qaranlıq koma küncünə çürüməyə atılmış, şər-böhtan tonqalında diri-diri yandırılmış yüzlərlə, minlərlə başıkəsik məxluqun dərdinə çıraq tutmaq istəmişəm. Mən təkcə öz adımdan yox, bir şirin söz dilənən, bir sədəqə sevgi gəzən yüz min qadının adından danışmışam. Ona görə də hərdən özümü ağ qız kimi bir addım öndə hiss eləyirəm.

- Bu romanı qələmə almağı düşünəndə qarşınızı kəsən ən çətin maneə nə oldu?

- Səhvimi boynuma alıram: gərək əsəri tam bitirib sonra çapa verəydim.

Bir örnək gətirim: zaman-zaman gündəliklər tutmuşam, onların bir qolunu da vəsiyyətnamə kimi yazmışam. Bir gün necə olursa, o dəftərlərdən biri oğlumun əlinə düşür, elə ilk başdan ona ithaf elədiyim cümləni oxuyur... Uşaq günlərlə özünə gəlmədi. Bundan sonra yazdıqlarımdan iyrənib dəftəri cırdım.

Romanla bağlı da buna bənzər hallar baş verdi: korafəhm adamlar bəzi məqamları əldə bayraq eləyib meydan suladı, ədəbi cəhətdən dişədəyər məqamlar diqqətdən qıraqda qaldı. Az qaldım bəzi nadanlardan qorunmaq üçün özümə vəkil tutam, onların atdığı daşlar məni nələrisə yazmaqdan daşınmağa məcbur elədi. Yəqin ki, bu, qorxaqlıq sayılmalıdı. Nə deyim, babalı əlimi-üzümü dalayan kol-kosun boynuna!

İnsafən, oxucuların əksəri məni anlayışla qarşılayıb, dərdini dərdimə qatıb.

- Ən çox yadınızda qalan oxucu reaksiyaları...

- Bir nəfər bir şəkil göndərib əsərdə məni incidən mənfi qəhrəmanın bu adam olub-olmadığını soruşdu. And-aman eləyib yanıldığını söylədim. O da and içib dedi ki, əgər bu adam olsaydı, elə bu gün onu öldürəcəkdim.

Müharibənin şıdırğı vaxtlarında bir cavan əsgər mənə qumbara şəkli atıb soruşdu: “Bircə xanım, bilirsiz bu nədi?” Dedim, bilirəm. Dedi, bunun birini gətirim sizə, istifadə qaydasını da öyrədim, atın o adamın ayağının altına, canınız qurtarsın...

Məni keçmişimdə baş verənlərdən xilas eləmək istəyən yanımcıl oxucularımdan xeyli belə kreativ təklif almışam.

- Bəs peşəkarların münasibəti?

- Bəyənənlər də, bəyənməyənlər də olub. Yazılı rəyləri maraqlanan hər kəs görüb, şifahi rəylər mənə əsasən redaktorum vasitəsilə çatıb. Hiss eləyirəm ki, peşəkarlar mənə də, kitabıma da hələlik ehtiyatla yanaşırlar. Görünür, mənim varlığım, kitabımın “legitimliyi” ilə bağlı şübhələr məni yazanlar cərgəsinə qatmağa hələ də imkan vermir.

- Əsərin redaktoru Fəxri Uğurlu ötən ilin sonlarında romanla bağlı bir yazı yazmışdı. Yəni deyirsiniz, o yazıdan sonra da Bircənin başından şübhə dumanı ayazımayıb?

- Xatırlatdığınız yazıda redaktor çox məsələyə aydınlıq gətirmişdi. Şəxsən mənim üçün o yazı şok effekti yaradan bir sürpriz oldu, hərçənd sevincimi büruzə verməməyim, özü demişkən, insanlığa yarasa ağzından tuşlanmış güllənin yaraladığı redaktoru əməlli-başlı pəjmürdə elədi. Mən səhvən elə düşünmüşdüm ki, belə məqamda sevinmək ayıb olar. Halbuki, hamımızın bildiyi bir müdrik kəlam var: “Sevinci bölüşərsən – artar, dərdi paylaşarsan – azalar”.

- Kitabların satışı, onlayn oxunma sizi qane eləyirmi?

- Onlayn oxunuş gözlədiyimdən qat-qat artıqdı. Kitabların satışına gəlincə, bu sahədə böyük göstəricidən danışmağa dəyməz. Redaktorum əvvəldən də demişdi ki, əgər əsər saytlarda dərc olunmasa, kitab şəklində piştaxtaya çıxarılmaqla qazanc da gətirə bilər, ancaq indi sənə lazım olan pul güdmək deyil, imzanın, əsərinin tanınmağıdır. Ona görə də kitablarımın bir xeylisini ya imkansız, ya da kitab mağazalarına əli çatmayan oxucularıma hədiyyə göndərmişəm.

- Nəhayət, başlıca sual: romanın davamı nə vaxt gələcək? Dördüncü bölüm çox gərgin, çox taleyüklü məqamda sona çatdı. Hətta demək olar ki, qırıldı...

- Əsərin təqribən səksən faizi işıq üzü görüb. Qalan iyirmi faizini bayaq dediyim-demədiyim səbəblərdən hələ üzə çıxarmaq istəmirəm. Sözün açığı, könül bulandıran milçəklər başımın üstündə uçuşub qismətimə xortum salanda işimdən həzz ala bilmirəm. O milçəklər də mənim xasiyyətimə bələd olduqlarından gecə-gündüz xortumlarını sallayıb sağımda-solumda vızıldaşırlar.

Ancaq qapınızı üzümə bağlamağa tələsməyin. Fələk aman versə, mən bu güllü bağçama yenə qayıdacam!..

# 15915 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #