Cavanşir Quliyev: “Mən o qədər də güclü adam deyiləm” - MÜSAHİBƏ

Cavanşir Quliyev: “Mən o qədər də güclü adam deyiləm” - MÜSAHİBƏ
23 iyun 2011
# 13:55
Dosye: Bəstəkar Cavanşir Quliyev 1950-ci ildə Şəkidə anadan olub. 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, 1993-2005-ci illərdə Milli Akademik Dram Teatrının musiqi hissə müdiri vəzifələrində çalışıb. Professor Cavanşir Quliyev 2005-ci ildən Şimali Kipr Türk Respublikasında Yaxın Şərq Uniiversitetinin Səhnə Sənətləri fakültəsində dərs deyir.

Cavanşir Quliyev yay tətili ilə əlaqədar Bakıya gəlib. Fürsətdən istifadə edib ondan Kulis.az dərgisi üçün müsahibə götürdük...

- Kiprdə işləriniz necə gedir?


- Mənim oradakı işim müəllimlikdir. Dünyanın ən sülhsevər peşəsi ilə məşğulam. Azərbaycanda olanda da müəllim işləyirdim. Universiteti bitirən yaşımdan müəlliməm. Mən, sadəcə, mühiti, tələbələri dəyişmişəm. Oxumaq, bilik almaq istəyən insanların arasına getdim. Azərbaycandakı tələbələrin əksəriyyəti bilik istəmir. Rəsmi sənəd xatirinə oxuyurlar, yəni istədikləri bircə budur ki, onlar haqda desinlər ki, ali təhsillidirlər. Azərbaycanda insanlar pul verirlər ki, oxumasınlar, Kiprdə isə oxumaq üçün pul verirlər. Müəllim üçün oxumaq istəyən insanların içində işləməkdən gözəl heç nə yoxdur. Onda sənin işin yaradıcılığa çevrilir. Tələbələr nəyəsə nail olanda sevinirsən ki, burda sənin də əməyin var. Müəllimliklə yanaşı, bəstəkarlıq fəaliyyətimi də davam etdirirəm. Orda yaradıcılıqla məşğul olmaq üçün ideal şərait tapmışam. Bəstəkar üçün ən rahat şərait odur ki, onun daxili vəziyyəti, müvazinəti pozulmur. Həddən artıq əsəbi deyil, həddən artıq sevinc hissi yoxdur. Bakının indiki mühitində müvazinəti saxlamaq çox çətindir. Xüsusilə cəmiyyətdə bir az tanınmış insanlar üçün. Tez-tez zənglər, tədbirlər, iclaslar... Həyatın bu qarmaqarışıqlığı insanın müvazinətini pozur. Yazı-pozu işi çətinləşir. Kipr çox sakit yerdir. Siyasi burulğanlar yoxdur. Orda da seçkilər, mitinqlər olur. Hər şey qanun və məntiq çərçivəsində baş verir və insanların əsəblərini pozmur. Mən orda 2-ci baletimi yazdım. Bir çox yarımçıq əsərlərimi bitirdim. Hətta orda yaşaya-yaşaya Bakıda tamaşalar, filmlər üçün əsərlər yazırdım. İnsanlar anlamır ki, orda ola-ola bunu necə etmişəm. Mən də deyirəm ki, internet olan çağda məsafələr artıq itib.

- Kiprdən burdakı mədəni, ictimai-siyasi hadisələri izləyirsinizmi?

- Mümkün qədər izləyirəm.

- Professional musiqi çevrəsindən uzaq düşmək yaradıcılığınıza necə təsir edib? Burdan gedəndə itirdiyiniz nələr oldu?

- Mən burda musiqiçilərlə çox görüşmürdüm. Yalnız zərurət olanda əlaqə saxlayırdım. Mən çox şey itirməmişəm. İstədiyim qədər oradan da əlaqə saxlaya bilirəm lazımi insanlarla. İtirdiyim bir şey var, o da əsərlərimin təbliğatıdır. Burda yaşamadığıma görə əsərləri təbliğatı ilə məşğul ola bilmirəm. Azərbaycan elə bir ölkədir ki, burda ən sadə işi görmək üçün yüz yerdən qüvvə tətbiq etməlisən. Hər kəs hər kəsdən şübhələnir. Heç kim öz işini görmək istəmir. Bu mühitdə öz işini həyata keçirmək üçün gərək burda olasan. Mən bunu özümə çox dərd etmirəm. Peşəm elədir ki, səhnədə yox, kulisdə oluram. Mənim əsas işim yazmaqdır. Zaman gələr, yazdığım əsərin dəyəri varsa, təbliğatı özü olacaq. Qara Qarayev öləndən sonra da əsərləri çalındı. Ona görə ki, onun əsərləri dəyərli idi.

- Siz həm də Azərbaycanda nadir peşəkar səs rejissorlarından birisiniz. İndi bizdə peşəkar səs rejissorları varmı? Ümumiyyətlə, bu sahənin vəziyyəti nə yerdədir?

- Azərbaycanda peşəkar səs rejissoru demək olar ki, yoxdur. Heç olmaq istəyən də yoxdur. Bu da insanların günahı deyil. Bu sahənin rəhbərlərinin illərlə yarıtmaz işinin günahıdır. Kənardan maraqsız görünən bu peşənin əslində cəmiyyət üçün nə qədər dəyərli olduğunu anlamayan şəxslər səs rejissorluğunun inkişafına imkan verməyiblər.

- Kimləri nəzərdə tutursunuz?

- Məsələn, AzTV-nin bütün rəhbərləri. İndikindən tutmuş “eramızdan əvvəldəki”nə qədər. Onlar bu peşənin mahiyyətini anlamırlar. Kitab oxumurlar, internetə girmirlər, dünyadan xəbərləri yoxdur. Təsəvvür edin, bu günə qədər Azərbaycanda beynəlxalq standartlara cavab verən səsyazma studiyası yoxdur. Biz “Eurovision”u qazandıq. Oradakı musiqinin səs rejissoru, müəllifi xaricdən idi. İsveç adlanan balaca bir ölkədən.

- “Eurovison”dakı qalibiyyətimizə münasibətiniz necədir?

- Ölkənin təbliğatı üçün gözəl imkandır. Azərbaycan qazandı, hamımız sevindik. Gələn il bu yarışmanın Azərbaycanda keçirilməsi yüzlərlə insanın bura gəlməsinə səbəb olacaq. Gəlib görərlər ki, biz ermənilərin təqdim etdiyi kimi adamyeyən deyilik. Gəlib görərlər ki, Bakı gözəl şəhərdir, insanları gözəldir. Bu baxımdan çox gözəldir. Həm də Azərbaycan mədəniyyətinin tarixinə düşmüş hadisədir. Amma Azərbaycan musiqisinə bunun heç bir aidiyyatı yox idi. Musiqinin və sözlərinin müəllifi azərbaycanlı deyil. Orda “Made in Azerbaijan” Eldar və Nigar idi.

- Necə bilirsiniz, bizdə “Eurovsion”a üçün mahnı yazacaq bəstəkar yoxdur?

- O adam heç bəstəkar deyildi. Hansısa rok qrupunun üzvüdür. Bəstəkar başqa şeydir. Mahnı qoşan adamlar bizdə də var. Heç də onlardan zəif şey yazmazlar. Bizdə sadəcə, yaza bilən insanın həvəsi yoxdur yazmağa. Ona görə yazdıqları keyfiyyətsiz olur. İstedadlı adam hər yerdə var. Mahnı gözəl mahnıydı. Adam, görünür, təcrübəlidir. Müğənnilərə baxıb, onların imkanlarına uyğun elə musiqi yazdı ki, avropalıların ürəyinə yatdı. Hər halda bunu vacib hadisə hesab edirəm. Fürsətdən istifadə edib ifaçılara təbriklərimi çatdırıram, vətəndaş olaraq təşəkkürümü bildirirəm.

- Uzun müddətdir Bakıdan ayrı yaşamısınız. Yaradıcı insan kimi Bakı şəhərindəki dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Hər dəfə gələndə yeni binaların tikildiyini görürəm. Bunların hamısı hərəkətdir. Bakının memarlıq sifəti gözümüz görə-görə dəyişilib. Şəhərin mərkəzində eybəcər binalar da tikiblər. Mən bundan razı deyiləm. Amma ümumən hər bir şəhərin dəyəri binalarla deyil, insanla ölçülür.

- Bəs insanlar dəyişibmi?

- Təəssüf ki, yaxşı yönə dəyişməyiblər. Hər dəfə hava limanında məni bir şey şok edir. Bu, azərbaycanlıların bərkdən danışmasıdır. Adam istəyir insanlardan soruşsun ki, niyə bərkdən danışırsınız? Bunun bir səbəbi varmı? Sən düşünmürsənmi ki, səsin başqalarının xoşuna gəlməyə bilər? İstanbul Azərbaycandan 3 dəfə böyükdür. Oranın hava limanında belə haray-həşir olmur.

Əvvəl belə deyildi. Gəncliyimin Bakısı başqaydı.

- Sizcə, insanları nə dəyişdi?

- Həyat...

- Bizim insanların ucuz musiqiyə, bayağı mədəniyyətə bu qədər çox meylli olması nəylə bağlıdır? Hazırda yaşadığınız məmləkətdə də belə tendensiya varmı?

- Qətiyyən yoxdur. Bir çox ictimai xəstəliklər cəmiyyətin kasıb olması ilə bağlıdır. Hər şey bu kasıbçılıqdan yaranır. İnsanlar hər şeyin ucuzunu almağa öyrəşdikləri üçün musiqinin də ucuzuna qaçırlar.

- Bəstəkarlar İttifaqı ilə münasibətiniz necədir?

- Normal.

- Sonuncu dəfə nə vaxt olmusunuz orda?

- 3-4 gün bundan qabaq.

- Oradakı ab-hava xoşunuza gəldimi?

- Oradakı mühit bizə bağlıdır əslində. Bu, bəstəkarların təşkilatıdır. Bəzən kimsə mühitdən şikayətçi ola bilər. Ancaq bu şikayətin ünvanı rəhbərlik yox, bəstəkarlar olmalıdır. Çünki rəhbərləri məhz onlar seçirlər. Müasir Azərbaycanda yaradıcı ittifaqlar indiki tipində yararsızdır. İttifaqlar Stalinin zamanında yaradılmışdı. Məqsəd hökumətin yaradıcı insanlarla əlaqəsini yaratmaq, onları nəzarətdə saxlamaq, cəzalandırmaq, mükafatlandırmaq idi. Uzun illər də belə işlədi. Bu, sovet quruluşunun mahiyyətindən doğan təşkilat idi. Sovet İttifaqı dağılandan sonra müstəqil olmuş və əcaib idarəetmə sistemi olan Bəstəkarlar İttifaqı işləyə bilmədi. O vaxt Bəstəkarlar İttifaqı çox nüfuzlu təşkilat idi. İndi isə onun heç bir nüfuzu yoxdur. Bəstəkarlar İttifaqı ya yeni quruluşa uyğunlaşdırılmalıdır, ya da qapadılmalıdır. Yerində bir çox bəstəkarların təşkilatları yaranmalıdır. Mən qapanmasını istəmirəm. İstəyirəm daha da genişlənsin, güclənsin, böyük olsun. Azərbaycanda Bəstəkarlar İttifaqının əhatə etmədiyi musiqi janrları var: xalq musiqisi, caz, pop musiqi. İstəyirəm ki, bunlar da ittifaqın əhatəsinə daxil olsun. Bununla bağlı hətta məqalə də yazmışdım.

- Ümumiyyətlə, bəlkə, belə təşkilatlara heç ehtiyac yoxdur?

- Bu şəkildə fəaliyyət göstərəcəklərsə, ehtiyac yoxdur. İndi bir bəstəkar üçün ittifaq nə edə bilər ki? Uzaq başı yaşlılara təqaüdlərin, fəxri adların verilməsini təşkil edir.

- Azərbaycandakı gənc bəstəkarlar haqda nə deyə bilərsiniz?

- Onların arasında dostlarım da var. Hər halda yaxşı olmasaydılar, dostluq etməzdim. Gəncliyimdə yaradıcı gənclərə yardım haqında qərar qəbul edərdilər, ancaq heç bir kömək etmirdilər. Mən özüm özümə iş tapmışam, ev tapmışam. Təkcə mənə yox, eləcə də bütün həmkarlarıma. İndi gənc bəstəkarlardan danışanda, ancaq bu rakursdan danışmaq lazımdır ki, cəmiyyət olaraq konkret olaraq gənc yaradıcılar üçün nə etmişik. Onlardan soruşmaq lazımdır nə istəyirsən? Əsas onların maddi vəziyyətini düzəltmək lazımdır ki, ora-bura az qaçsınlar.

- Azərbaycan cəmiyyəti bəstəkar Cavanşir Quliyevin qiymətini verə bilibmi?

- Cəmiyyət mənim qiymətimi verib. Sıravi insanlar mənim dəyərimi verib. 6 ildir burda yoxam. Amma indi də küçədə saxlayıb mənimlə söhbət edirlər. Bəzən deyirlər ki, qayıt gəl Bakıya, sənə ehtiyacımız çoxdur. Ancaq insanlar bilmirlər ki, məndən həddən artıq çox şey istəyirlər. Mən o qədər də güclü adam deyiləm. Bu cəmiyyətlə mənim heç vaxt problemim olmayıb. Mənim problemim cəmiyyəti idarə edənlərlə olub. İndi də var, o vaxt da olub.

- Azərbaycanla bağlı arzularınız nədir?

- Pritsavkin adlı rus yazıçısı vardı. Bir dəfə Rusiya haqda demişdi: “Mən Rusiyanın böyük, super ölkə olmasını istəmirəm. Mən istəyirəm ki, Rusiya balaca, demokratik ölkə olsun. Oradakı insanlar da rifah içində yaşasınlar”. Mən də istəyirəm ki, Azərbaycan sakit, demokratik bir ölkə olsun. Müharibə bitsin, torpaqlarımız qaytarılsın. Bütün bunlar düzələndən sonra mədəniyyətimiz də sürətlə inkişaf edəcək...

Elmin HƏSƏNLİ
# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #