“Anan yaşda arvadam, ayıbdı!” - FOTOSESSİYA

“Anan yaşda arvadam, ayıbdı!” - FOTOSESSİYA
10 iyun 2011
# 12:04
AYB-nin binası Sahil bağının yanında, Bəstəkarlar İttifaqının qonşuluğunda yerləşir.

Üçmərtəbəli binanın birinci mərtbəsində gözətçi dayanır. Qapının ağzında birliyin tədbirlərinin vaxtı, müxtəlif elanlar yazılıb.
Məsələn, “Qəmər Ana-nın “Dünyanın sevgi üzü” kitabının imza gününü keçiriləcək”, “Üzvlük haqqı borclarını ödəyin” və s.

Binanın ikinci mərtəbəsində Heydər Əliyevin büstü qoyulub. Divarda isə onun müxtəlif illərdə Azərbaycan yazıçıları ilə görüşləri, ədəbi tədbirlər iştirakını əks etdirən fotolar sıralanır.

Bir tərəfdə isə şair Səməd Vurğunun əllə çəkilmiş böyük bir rəsmi var. Rəsmdə Səməd Vurğunun əlində təsbeh tutub.

AYB sədrinin, katiblərin, kadrlar şöbəsinin otaqları ikinci mərtəbədədir.

Dəhizlərdə heç kim gözə dəymir. Bəzi otaqlardan qadın səsləri gəlir. Bir iki nəfər pilləkənlərlə üçüncü mərtəbəyə tələsir.

Salam, AYB-ə necə üzv olmaq olar?

İkinci mərtəbədə qabağıma gənc şairələr Nərmin Hüseynzadə və Yeganə Cansail çıxır.

Onlardan AYB-ə üzv olmağın yolların soruşuram.

Mənə kadrlar şöbəsindən Arifə Quliyevanın otağını göstərirlər.
Qapını döyüb içəri keçirəm. Kresloda əyləşmiş Arifə xanım əliylə mənə yer göstərir. Özü isə iki qadınla söhbət edir.

Söhbətin ortasından daxil olduğuma görə məsələnin nə olduğunu başa düşmürəm. Qadınlardan biri deyir: “Siz mənim fəlsəfi dünyagörüşə sahib olduğumu gördünüz. İnsanın fəlsəfi dünyagörüşünə sahib olması alnında yazılmır ki?...”

Bu səpkidə söhbət davam edir. Onlardan biri əlindəki kağızları Arifə xanıma verir.

Qadınlar Arifə xanıma nəyə görəsə tez-tez təşəkkürlərini bildirirlər.
Bir az da danışıb söhbəti yekunlaşdırırlar.

Sağollaşıb otağı tərk edirlər.

Məsul şəxslərdən olan Arifə xanım çox yorğun görünür.
Hiss olunur ki, hər gün onlarla belə şair, yazıçı ilə söhbət etməli olur.

- Arifə xanım, üzvlük məsələrinə siz baxırsınız?

-Mən sənədləri qəbul edirəm. Siz Mahirə Abdullaya yaxınlaşın. O kömək edəcək. Siz nə yazırsınız?

- Mən şeirlər və hekayələr.

- Kitabınız var?

- Xeyr yoxdur. Şeirlərim saytlarda yayılıb.

- Saytlar əl vermir.

- “Alatoran”da dərc olunub.

- “Alatoran”çısınız?

- Yox, sadəcə şeirləimi orda veriblər.

- Kitabın olmamağı işi korlayır.

- Üzv olanların hamısının kitabı var?

- Əksəriyyətinin var. Ancaq gəncsiniz. Bəlkə, sizə güzəşt edərlər. Komissiya baxır, rəyini verir. Yaxşısı budur, siz Rəşad Məcidin yanına gedin. Mahirə xanımın yanına getməyin.

- Niyə?

- Rəşad müəllim yaxşıdır. Gənclərlə işə o baxır.

- Üzvlük haqqı da verməliyəm?

- Bəli, ildə 10 manat. Çox deyil.

- Neçə üzvünüz var?

- 1500-dən çoxdur.

Nə qədər şeirin var?

Sağollaşıb Mahirə Abdullanın otağına girirəm. Şair Fikrət Sadıq da bu otaqda oturur. Ancaq xəstə olduğu üçün işdə deyil.

Arifə xanımdan fərqli olaraq, Mahirə Abdulla daha sərt və əsəbi görünür.

- Mahirə xanım, üzvlüklə maraqlanıram.
- Nə mənada?
- Necə üzv ola bilərəm AYB-yə?
- 35 yaşına kimi gənclərlə Rəşad Məcid məşğul olur. Ona müraciət edin. Əsərlərinizi ekspert qrupuna verməlisiniz.
- Mənim kitabım yoxdur axı.
- Çox çap olunmusan?
- Jurnalda, qəzetdə çap olunmuşam.
- Bizdə kitab vacibdir. Amma gəncsiniz də, çox çap olunmusunuzsa, baxarıq. Nə qədər şeiriniz var?

- 30-40 olar.

- Azdı axı. Sentyabrdan Gənc Ədiblər Məktəbi başlayır. Yaxşı olardı ki, onlara qoşulasınız.

- Üzv olmağımın mənə xeyri olacaq?

- Ədəbi mühitidə olacaqsan. İstər istəməz bu mühitdə yetişəcəksən. Çap olunursan, tədbirlərdə iştirak edirsən. Yazıçılar Birliyi bundan başqa nə edə bilər ki?

- Jurnallarda, qəzetlərdə çap olunmaq üçün üzv olmalıyam AYB-yə?

- Xeyr. Ehtiyac yoxdur.

- Onlar qonorar verir?

- Verirlər.

- Yazıların səviyyəsinə, yoxsa həcminə görə?

- Verirlər, amma necə verirlər bilmirəm. Oxuyursunuz?

- Bəli. “Ulduz”u, “Azərbaycan” jurnalını

- Harda oxuyursunuz?

- Evdə, avtobusda.

- Mən institutu nəzərdə tuturam.

-İdarəçilik Akademiyasını bitirmişəm. Sizin vəzifəniz nədir?

- Ekspert qrupunun üzvüyəm.

- Kommisiyada kimlər olur?

- Onu biz bilmirik. Niyə soruşursunuz?
- Bəlkə, hörmət-zad edərdim, məni keçirərdilər.

- Sən çox şeylər soruşdun nəsə. Anan yaşda arvadam, ayıbdı!

- Yaxşı, mən gedim, Rəşad müəllimi tapım.

Sağollaşıb dərhal otağı tərk edirəm. Bəxtim onda gətirir ki, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid işdə deyil. Yoxsa, məni dərhal tanıyıb “ifşa” edərdi.

Natəvan klubu

Üçüncü mərtəbəyə qalxıram. Natəvan klubunda Qəşəm Nəcəfzadənin təşkil etdiyi “Poeziya gecəsi” başlayır.

Şair və şairələr bir-birlərilə zarafatlaşa-zarafatlaşa keçib dəyrimi masanın ətrafında otururlar.

Məni görən Qəşəm Nəcəfzadə əli ilə içəri dəvət edir. Adları çəkilən şair və şairələr ya yerindən, ya da tribunaya çıxıb şeirlərin oxuyurlar. Şeir bitir, hamı əl çalır. Alqış səsindən şeirin zəif, ya güclü olması müəyyən edilir.

Birdən Qəşəm Nəcəfzadə sözü şair Səlim Babullaoğluna verir. S.Babullaoğlu tribunaya çıxıb iki təzə şeirini əzbərdən deyir. Yerdəkilər bərkdən alqışlayırlar. Deməli, şeir xoşlarına gəlib.

AYB sədri “məşğuldur”

Burda çox qala bilmirəm. Zaldan çıxıb AYB sədrinin otağını axtarıram. Anarın otağı ikinci mərtəbədədir. Lakin onun otağına daxil ola bilmirəm. Çox ciddi görüşlərinin olduğunu deyirlər.

AYB-çilərin “məbəd” adlandırdığı bu binada bir az gəzişirəm. Dəhlizdə Mahirə Abdulla məni görüb tərs-tərs baxır... “Zibili çıxmamış” AYB binasından çıxıram...
# 1604 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #