Eldar Namazov: “Müəllifin atasını yandırmaq istəmişəm” - SORĞU

Eldar Namazov: “Müəllifin atasını yandırmaq istəmişəm” - SORĞU
31 may 2011
# 14:32
- Heç kitab oğurladınızmı?

- Kitab oğurlamamışam, ancaq çox nadir bir kitabın qiymətini ödəyib, kitabxanadan onun adını sildirmişəm. Bu hadisə sovetlər dönəmində baş verib. Ukraynada olarkən qazax yazıçısı Oljas Süleymanovun “Az i ya” kitabını təsadüfən gördüm. Məşhur kitab idi, bütün türk dünyası üçün maraqlı bir kitab idi, faktiki olaraq qadağan olunmuşdu. Onun bu kitabı SSRİ məkanında, türk respublikalarında atom bombası kimi partlamışdı. Kitabı tapmaq mümkün deyildi. Ukrayna şəhərlərinin birində olarkən çox balaca bir şəhərdə, heç kimin ağlına gəlməyən bir kitabxanada həmin kitabı gördüm. Mən onlara açıq dedim ki, bu kitab mənim üçün çox dəyərlidir. Onlar da cavablarında bildirdilər ki, bizdə kitabı itirən adam onun beşqat qiymətini ödəməlidir. Beşqat qiymətini ödədim və kitabın adını kitabxanadan sildirdim.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Mənim təfəkkürümdə ümumiyyətlə, “sevmədiyim yazar” anlayışı yoxdur. Əgər həmin yazarın kitabları xoşuma gəlmirsə, onun mənim kitabxanamda nə işi ola bilər?! Amma hədiyyə olunan kitabların arasında bəyənmədiyim kitab ola bilər, çünki o kitabları mən seçməmişəm.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- İnsanın öz istəyindən, arzusundan asılı olmayaraq onun həyatını kitab şəklində Allah yazır.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Universitetdən dərs kitablarım qalır.

- Birinci sinfə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Birinci sinfə gedəndə hələ yazı yazmağı yeni öyrənirdik (gülür). Ona görə də həmin dövrdə kitabları oxumaq daha maraqlı görünürdü.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Bu günə qədər də kitabın üzərində cızma-qara etməmişəm. Bunu günah sayıram. Kitabın vərəqləri arasına ağ kağız qoya bilərəm və qeydləri də o vərəqdə apara bilərəm. Bu mənada mənim üçün kitab müqəddəsdir.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Kitabxanamda şeir kitabları çoxdur. Əlbəttə, əzbər bildiyim şeirlərdə çoxdur. Konkret ad çəkə bilmərəm, amma çoxdur. Bir məqam da var ki, mən bunu nümayiş etdirməyi o qədər də sevmirəm (yenə gülür ).

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Bizim ailəmizdə poeziyanı çox sevirdilər. Xüsusilə də rəhmətlik atam. Yəqin Qazaxdan olduğundan irəli gəlirdi bu poeziyasevərlik. Evimiz şeir kitabları ilə dolu idi. İlk oxuduğum kitabın adını dəqiq bilməsəm də, hər halda bu, şeir kitabı olub.

- Bir fəlsəfi kitabları başdan sona qədər oxumuşsunuzmu?

- Fəlsəfi kitabları çox oxumuşam. Tarix fakültəsini bitirdiyim üçün humanitar elmlər daha maraqlı idi. Nitsşedən tutmuş Azərbaycan alimlərinin əsərlərinə qədər hamısını oxumuşam.

- Kiməsə kitab bağışlamışsınızmı?

- Sözsüz. Xüsusən sovetlər dönəmində kitab bağışlamaq yaxşı bir adət idi. O zamanlar üçün kitab yaxşı bir hədiyyə salırdı. Xanımlara ətir, oğlan dostlarımıza isə yaxşı kitablar bağışlayardıq. Amma son dövrlər kitab bağışlamaq o qədər də dəbdə deyil.

- Ən sevdiyiniz film kitab olsaydı, onu oxuyardınızmı?

- Bir neçə dəfə olub ki, filmə baxmışam, film xoşuma gəlib. Ondan sonra kitabı axtarıb oxumuşam və filmin yanında kitab çox zəif görünüb. Elə hallar da olub ki, kitab filmdən daha güclü təsir bağışlayıb. Təbii ki, filmin əlavə üstünləkləri çoxdur.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?

- “Yox” desəm, yəqin ki, çox təəccüblü olar. Qarabağ problemi ilə bağlı nəinki bədii əsərlər, tarixçilərin əsərlərini, həm də tarixi sənədləri Moskva və Bakının arxivlərindən çıxarıb oxumuşam. Bəzi məsələlər var ki, ilk dəfə onları mən gündəmə gətirmişəm. Məsələn, ermənilərin belə bir məşhur şüarı vardı ki, guya 1923-cü ildə Stalin Qarabağı Azərbaycana verib. O zaman arxivlərdə işlədim, onun əsasında məqalə yazdım. Mətbuatda və radioda geniş müzakirə oldu. Mən protokolları qaldırıb sübut etdim ki, Stalin həmişə ermənilərin tərəfində olub. Amma Azərbaycanın xeyrinə verilən qərar zamanı Stalin ümumiyyətlə, iclasda iştirak etməyib.

- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?

- İslam dinindən əlavə başqa dinləri də yaxından öyrənməyə çalışmışam. Əsasəndə bu mənada dünyada geniş yayılmış dinlərdən olan xristianlığın tarixini öyrənmişəm.

- Elektron kitab oxumuşsunuzmu?

- Hər halda oxumaq imkanım var. Amma hələlik mən buna adət etməmişəm və çalışıram ki, daha çox kitabdan virtual yox, real istifadə edim. 5-6 günlük xarici səfərlərə gedən zaman sevdiyim filmləri, mahnıları noutbukun yaddaşına atıram, ancaq kitabları ora ata bilmirəm. Əlavə yük də olsa, 3-4 kitabı özümlə aparıram.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?

- (Xeyli düşünür) Hazırda yaşayanlar arasında yox, vəfat etmiş insanlar arasına maraqlı insanlar vardı ki, onların memuarlarını oxumaq istərdim. Çox təəssüf ki, onlar yazmadan dünyalarını dəyişdilər. Mənim dostlarım isə elə mənim özümdən kitab yazmağımı xahiş edirlər. Məqalələrim, müsahibələrim çox olub, ancaq bu günə qədər onları kitab şəklinə salmamışam.

- Son dəfə nə zaman kitab oxumuşsunuz?

- Mən daim kitab oxuyuram. Sadəcə, əvvəllər oxuduğum kitabların arasında bir balans mövcud idi. Ədəbiyyatla, tarixlə, siyasətlə bağlı çox kitablar oxuyurdum. İndi isə balans özümdən asılı olmadan pozulub. İndi tarixçilərin, siyasətçilərin əsərlərini daha çox oxuyuram. Bədii ədəbiyyatı isə, təəssüf ki, çox oxuya bilmirəm. Son oxuduğum kitablar isə tarixçi-alim Cəmil Həsənlinin və Rüstəm İbrahimbəyovun kitablarıdır.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?

- Mən buna hər zaman çox sevinərəm. Əvvəllər fəxr edirdim ki, Bakıda avtobusda, metroda insanlarımız kitab oxuyurlar. Təəssüf ki, bu hallar azalıb, amma rastlaşanda çox müsbət reaksiya göstərirəm.

- Yandırdığınız kitab olubmu?

- Əleyhimizə olan kitablar var ki, onları da alıb oxumağa məcburam. Belə kitabları belə heç vaxt yandırmaq haqda düşünməmişəm. Amma müəllifin atasını yandırmaq ürəyimdən keçib və bir çox hallarda da bu istəyimə nail olmuşam.

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- Adətən mən birnəfəsə oxuyuram. Məni tutmayan kitabı bir aya oxuyub bitirirəm. Kitab məni tutan zaman isə son səhifəsinə qədər oxumasam, əl ondan çəkmirəm. Bir gün mənə bəs edir ki, birnəfəsə kitabı bitirim.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?

- Kitabın təsiri altında insanlar var ki, müəyyən yol seçib, müəyyən addımlar atırlar. Kitab həm yaxşı, həm də pis mənada güclü amildir. Milliyətçi, şovinist ruhlu kitablar var ki, insanlar onların təsiri altına düşüblər. Müsbət mənada insan həyatına təsir edən kitablar da mövcuddur. Gənclik illərində hər bir cavan oğlan özünə bir qəhrəman seçib özünü ona bənzədərdi. Kitabın təsiri çox böyükdür və əlbəttə, mən bu təsirə inanıram. Sözün çox böyük qiyməti var, söz kitab şəklində olanda isə insanın şüuruna daha güclü təsir edir...


Fərid MİRZƏYEV
# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #