İki yeniyetmə bir batalyonu necə cərgəyə düzdü?
2 noyabr 2012
10:36
“Elə bil, dünən idi” silsiləsindən
Hər dəfə bu hadisə yadıma düşəndə və mən onu kiməsə danışanda qəribə bir xəcalət hissi keçirirəm. Sadəcə, həmin hadisənin məzəli nüansları bu hissi dəf edir. Bir batalyon əsgərin o vəziyyətə düşməsində mənim zərrə qədər günahım yox idi, hətta o əhvalat müəyyən dərəcədə ürəyimdən tikan da çıxarmışdı, amma yenə də, yadıma düşür ki, mən də cərgədəydim.
Bizim batalyon təmas xəttinə çox qazlı getmişdi. Əsasən iki rayonun “könüllü”lərindən təşkil olunmuş batalyonun (o vaxt beləydi, böyük rayonlardan bir, kiçik rayonların isə ikisindən bir batalyon yığıb cəbhəyə basırdılar) əsgərləri hələ yoldaykən çox yekə-yekə danışırdılar. Onlara elə gəlirdi ki, indiyə qədər ermənilərə layiqli müqavimət göstərən olmayıb, eyzən onların qarşısından qaçıblar, bunlar gedəcək və erməniləri çıxdıqları yerə qədər qovacaqlar.
Cəbhə bölgəsinin ab-havasına yaxşı bələd olan adam kimi mən onlara adicə düşmənin iki yüz metrliyində səngər qazmağın necə stressli, təhlükəli olduğundan danışır, döyüş günlərində yaralıların hərbi-səhra hospitallarına daşındığı zaman necə panika əmələ gəldiyindən bəhs edir, bəzən sutka boyu atılan ağır artilleriyanın vahimə yaratdığını deyir, bir sözlə, müharibənin qonşu kəndin futbolçuları oynanılan oyunun sonunda düşən davadan çox-çox fərqli olduğunu bildirirdim. Qulaq asan olmurdu. Gülürdülər. İndiyə qədər döyüşənləri aşağılayır, ələ salırdılar, deyirdilər, indi görəcəksən, biz cayıllar sübut edəcəyik ki, ermənilər nə yeyir.
Tərtər və Bərdə şəhərlərinin içindən keçərkən batalyonumuzun igid əsgərləri, öz eyvanlarına çıxaraq cəbhəyə gedən hərbi qüvvəyə ümid dolu nəzərlərə baxan yerli adamlara avtobusun pəncərəsindən təşəxxüslə əl yelləyirdilər. Bəziləri hətta “gəlmişik sizi xilas etməyə!”, ya da “filan rayonun oğlanları gəlib siz qurtarmağa!” kimi sözlər qışqırırdılar.
Əlbəttə, bir tərəfə baxanda bu, yaxşıydı. Cəbhə bölgələrinin əhalisi ciddi təşviş, təlaş içindəydilər və onlara ümid, ruh vermək vacib idi. Ancaq batalyonumuzun əsgərləri bir az ifrata varırdılar.
Əslində hələ Xındırıstana gəlib çatdığımız gecə başımıza gələnlər bu eyforiyanı bir balaca səngitdi. Elə oldu ki, biz gəldiyimiz yolla sağa burulub irəliləmək istəyərkən, ya nabələd sürücü, ya da onun kimi nabələd komandirlərdən biri nədənsə şübhələndi və avtobus karvanını saxlatdırdı. Bir qədər məşvərət-məsləhətdən sonra istiqamətimizin yanlış olduğuna dair şübhələr böyüdü, ancaq arxadan çaparaq gələn bir yerli adam həyəcanla xəbər verdi ki, düz ermənilərin üstünə gedirsiz, indi topla, raketlə sizi vura bilərlər, təcili qayıdın. Tələsik dönüb qayıtdıq. Xındırıstanın orta məktəbini kazarma edib yerləşdiyimiz zaman əsgərlər hələ də şokdan çıxmamışdılar, bir-birinə deyirdilər ki, Allah üzümüzə baxdı, ermənilər bizi top atəşinə tutmadılar, yoxsa bir döyüşə girmədən qırılıb gedəcəkdik.
Ancaq ertəsi gün bu xoşagəlməz sürprizdən əsər-əlamət qalmadı, batalyonumuzun əsgərləri yenə müzəffər ədalar sərgiləyir, hərbi hissənin həyətində türmə jarqonlarıyla danışa-danışa öz aləmlərində “blatnoy”luq edir, yerli adamları aşağılayan ifadələr işlədirdilər – yəni bunlar öz torpaqlarını qoruya bilmir, biz gəlmişik və bunları qoruyuruq.
Gəlməyimizdən cəmi üç gün sonra yuxarıda dediyim hadisə baş verdi və ondan sonra batalyonumuzun “blatnoy” əsgərlərinin tasa-pasası xeyli yatdı.
Hadisə səhər saat 11 radələrində baş verdi. Həyət evlərinin arasında yarıuçuq hasarların əhatəsində yerləşən məktəbə - kazarmamızın həyətinə iki yeniyetmə gəldi. Onların 14-15 yaşı olardı. İki arıq uşaq idi. Noyabr səhərinin soyuğuna baxmayaraq, ikisinin də əynində “Adidas” markalı, şalvarı tünd göy rəngli, gödəkcəsi al-yaşıllı idman kostyumu vardı. Yeniyetmələr ayaqlarına dabanı tapdanmış ayaqqabı (kənd yerində buna sürütmə deyirlər və həyətdə-filanda geyirlər) geymişdilər. Yeniyetmələr binanın baş girişinin önünə gəldilər və komandiri xəbər aldılar. Batalyonumuzun əsgərləri əvvəlcə onlara saymazyana cavab verdilər: “Neynəyirsiniz komandiri?”
Yeniyetmələr yaşlarına uyğun olmayan təmkinlə və ondan da artıq ciddiliklə dedilər ki, komandirlə danışmalıyıq, bir ölüm-qalım məsələsi ilə bağlı söhbətimiz var.
Bu söz bəzilərini diqqətini çəksə də, əsgərlər iki arıq yeniyetməyə etina etmirdilər, amma hər ehtimala qarşı tabor komandirlərindən birini səslədilər ki, gəl, gör bu uşaqlar nə deyir.
Tabor komandiri yaxınlaşdı, onlarla danışmağa başlayanda mən bir neçə dəqiqəliyə ikinci mərtəbəyə qalxası oldum və söhbətin üç-dörd dəqiqəlik hissəsindən xəbərim olmadı. Düşəndə gördüm ki, məktəbin həyətindəki əsgərlərin demək olar ki, hamısı həyəcanlıdır. Səbəbini soruşdum. Taqımımın əsgərlərindən biri dedi ki, komandir, yaman pis iş olub, bizim batalyonun əsgərlərindən biri dünən axşam kənddə arteziandan su gətirən bir qıza söz atıb, indi bu uşaqlar onu axtarırlar. Dedim, axtarsınlar də, bizə nə. Əsgər dedi ki, bu uşaqlardan biri həmin əsgərin sifətini görüb, deyir, görsəm tanıyacam.
Mən yenə söhbəti ciddiyə almadım. Amma əsgər əlavə etdi ki, uşaqlar deyir, əgər həmin oğlanı tapıb onlara verməsək, hər gün bir əsgəri ətrafdakı binalardan birinin taxtapuşundan snayperlə vuracaqlar.
Mən ultimatumun nə dərəcədə ciddi olub-olmadığı üzərində düşünməyə macal belə tapmadım ki, yeniyetmələr əvvəlki ciddilik və toxtaqlıqla, sadəcə, bu dəfə səslərini bir az qaldıraraq ultimatumlarını təkrar etdilər:
- Özünüz bilin, əgər siz yarım saata qıza sataşan həmin oğlanı tapıb bizə verməsəniz, biz gedəcəyik və axşam düşən kimi əsgərlərinizdən biri ya tualetə gedəndə, ya da odun yaranda vurulacaq.
Əsgərlər arasında həyəcan artdı. Bir neçə gün əvvəlki “blatnoy” davranışdan əsər-əlamət qalmamışdı. Müqavimət göstərməkdən söhbət belə gedə bilməzdi, bizim batalyona hələ silah paylanmamışdı. Silahımız olsa belə, kəndin içində gözümüzə görünməyən adamlarla necə mübarizə aparacaqdıq?
Hamı topa-topa dayanıb pıçıldaşırdı: “İndi nə edək”, “nə bilək o oğraş kimdir”, “alə, kimsə dilini g..nə qoymayacaq, biz “çujoy paxmel” getməliyik?”. Heç kəs gecə və ya sübh tezdən bayıra çıxanda snayperlə vurulmaq istəmirdi. Onlar hesab edirdilər ki, yeniyetmələri bura göndərənlər var, özbaşına gəlməyiblər.
Bu arada yeniyetmələr özlərini getməyə hazırlaşırmış kimi göstərdilər, üzü darvazaya tərəf çevrilib bir neçə addım atdılar. Mən onların pələ qulaqlarını, ayaqqabılarının tapdanmış dabanlarını görəndə bölük komandiri və bir saat əvvələ qədər özünü avtoritet kimi aparan əsgərlərdən biri tez onların qarşısını kəsdi, yalvarış dolu səslə dedilər, nə deyirsiniz, edək, necə deyirsiniz, o alçağı tapaq.
Yeniyetmələr yeni göstəriş verdilər:
- Bütün batalyon stroya düzülməlidir, biz bir-bir baxmalıyıq.
Düzünə qalsa, bu ultimatumu özümə də, xilaskar batalyonumuza da təhqir saydım və heç cür onu yerinə yetirmək fikrində deyildim. Ancaq məsələdən hali olandan sonra aşağı düşən batalyon komandiri və onun müavini əmr verdilər: “Bütün batalyon cərgəylə düzülməlidir – hamı öz bölüyü və taqımı ilə birgə”.
Əlac kəsildi. Hamı tez-tələsik düzülməyə başladı. Mətbəxdəki növbətçi əsgərləri də çağırdılar. Yeniyetmələr daha bir xəbərdarlıq etdilər:
- Kənarda bir nəfər də qalmamalıdır.
Onlar şübhələnirdilər ki, birdən hamı cərgəyə düzülər, amma öz günahını bilən əsgər haralardasa gizlənər.
Ona görə də axşam tualetə gedərkən snayper gülləsi ilə vurulmaq istəməyən əsgərlər öz təşəbbüsləri ilə otaqları bir-bir axtarıb bütün əsgərləri həyətə düşürtdülər. Bir də gördüm ki, mənim taqımımdakı xəstə əsgəri – Yaşarı da endirib gətirirlər. Səhər onun qızdırmasını ölçmüşdük, 40 dərəcəyə yaxın hərarəti vardı, boğazı gəlmişdi, xırıldayırdı, güclə yeriyirdi. Hətta ona da güzəşt edilməmişdi və Yaşar titrədə-titrədə, başı-gözü şalla bağlı, çiynində adyal gəlib cərgədə dayanmışdı.
On beş dəqiqədən sonra şəxsi heyəti hələlik 420 nəfərdən ibarət olan batalyon iki “sürütməli general”ın baxışı üçün hazır vəziyyətə gəldi.
Yekə-yekə, bığlı-saqqalı, 20, 25, 30, 35 yaşlı əsgərlər farağat vəziyyətdə, nəfəs belə almadan dayanmışdılar. 14-15 yaşlı iki uşaq isə cərgələrin arası ilə addımlayır, bir-bir əsgərlərin üzünə diqqətlə baxır, irəliləyirdilər. Özümüzə yazığım gəlirdi, eyni zamanda “bunlara haqq olur” deyə fikirləşirdim. Hamıda bir qorxu vardı. Birdən uşaqlar səhv salar, barmaqlarını ona tuşlayar. Bu, edam hökmü kimi bir şey olardı.
Yeniyetmələr mənim yanımdan da ötüb keçdilər. Rahat nəfəs alanlar çoxaldı. Ancaq uşaqlar başa çatandan sonra elan etdilər ki, yenidən baxacaqlar, çünki sanki bir nəfər tanış gəlib, ancaq əminlik olmayıb.
Bu, lap ağ oldu. Qımıldananlar, etiraz səsini qaldıranlar tapıldı, ancaq snayper gülləsindən qorxan çoxluq onları susdurdu. İncəvara, ikinci yoxlanış çox çəkmədi. “Adidas”lı yeniyetmələr 19-20 yaşlı, kosasifət, türkmənlərə oxşayan bir əsgərin qabağında dayanıb dedilər:
- Bu idi.
Batalyonun cərgələri dərhal bir-birinə qarışdı. Birdən-birə yeddi-səkkiz əsgər həmin barmaq tuşlanılan oğlanın üstünə töküldülər, “oğraş”, “alcaq”, “svoloç”, “pederas” və sair bu kimi söyüşlər söyə-söyə yazığı şillə-şapalağın altına saldılar. O, böyürə-böyürə yerə yıxıldı, təpikləmə mərhələsi çatanda, əsgərin həmkəndliləri, öz rayonunun uşaqları köməyə çatdılar və onu o biri rayondan olan əsgərlərin əlindən aldılar. Ağzı-burnu dağılan əsgər çığıra-çığıra deyirdi ki, onun heç bir günahı yoxdur.
- Dünən mən çatanda uje qız da getmişdi, yerli uşaqlarla o biri batalyonun uşaqları sporlaşırdı, mən “nə olub, nə məsələdir” dedim, sonra da çıxıb gəldim. Mən heç kəsə sataşmamışam!
Hadisə yerində onunla birlikdə olan əsgərlər and içib, aman elədilər ki, əhvalat məhz onun dediyi kimi olub, kənd uşaqları gendən bunu görüblər, elə biliblər, söz atan budur.
Yeniyetmələr öz aralarında baxışdılar. Biri o birindən yavaşca nəsə soruşdu, o biri çiynini çəkdi. Belə görünürdü ki, tərəddüdləri var, söz atanın bu oğlan olduğuna əmin deyillər, hər halda araşdırmaq lazımdır.
Onlar bərkdən elan etdilər:
- Eybi yox, indi gedib peşə məktəbindəki batalyonu da stroya düzərik, söz atanı taparıq. Amma onlar desələr ki, sataşan əsgər sizin batalyondandır, onda özünüzdən küsün...
Yeniyetmələr dabanı tapdanmış ayaqqabılarını sürüyə-sürüyə çıxıb getdilər. Biz suya-buza dönmüş halda günəvər bir yerə çıxıb özümüzü günə verə-verə olub-keçənləri müzakirə etməyə başladıq. Yazıq Yaşar adyalına bürüncəkli halda xırda addımlarla, o biri əsgərlərin köməyi ilə pilləkənləri qalxıb yatağında uzanmağa getdi.
Komandir hamıya tapşırdı ki, kənddə özlərini yaxşı aparsınlar.
Günahsız yerə döyülən əsgəri su çəninin yanına apardılar ki, ağız-burnunun qanını yusunlar, üst-başını çırpsınlar.
Bir neçə gündən sonra artıq bu hadisənin stressi çəkilmişdi. Bəzi əsgərlər özlərini yenə avtoritet kimi aparmağa başlamışdılar. Onlar öz rayonlarının uşaqlarını nəzərdə tutaraq “cin kimi oğlanlarıq” deyirdilər. Ancaq yaşlı əsgərlərdən biri zarafata salaraq onlara eşitdirə-eşitdirə dedi:
- Düzdür, hamımız cin kimi oğlanlarıq, amma o gün iki uşaq burda bir batalyon cini stroya düzmüşdü.
Yadıma düşəndə fikirləşirəm ki, görəsən, cərgəyə düzülməsək, nə olardı? İndi çox söz demək olar. Amma o vaxt variant yox idi.
Xalid Kazımlı

1602 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024