Osmanlı sultanının nəcis zarafatına cavabı

Osmanlı sultanının nəcis zarafatına cavabı
1 noyabr 2012
# 08:45
Kulis.az məşhur dialoqları təqdim edir.

Dünya nemətlərində gözü olmayan və həyat fəlsəfəsi ilə məşhur filosof Diogen bir gün dar bir küçədə çox varlı biri ilə üz-üzə gəlir. İkisindən biri çəkilməsə, küçəni keçmək mümkünsüz imiş. Varlı şəxs filosofa: “Hansısa axmağa görə yolumdan çəkilmərəm”,- deyib. Diogen isə kənara çəkilərək: “Mən çəkilərəm!” ,- cavabını verib.

***

Çətir ustası Şekspirə öz şeirlərini göndərir, rəy bildirməyi xahiş edir. Şekspirin cavabı belə olur:

- Dostum, siz çətir düzəldin, həmişə çətir düzəldin, ancaq çətir düzəldin.

***

Dostlarından biri fransız kralı XV Ludviqə deyib:

- Kralım, ağıl vergisi almaq haqqında fikirləşmisiniz? Heç kim axmaqlığını boynuna almadığı üçün, yəqin hamı sevə-sevə ödəyər.

Kral gülərək:

- Doğrudan da maraqlı fikirdir, sizi indidən bu vergidən azad edirəm.

***

Biri Qalileo Qalileyin qulaqlarının böyüklüyünə sataşmaq məqsədi ona söz atıb:

- Qulaqlarınız insan üçün bir az böyük deyil ki?

Qaliley cavab verib:

- Düzdür, mənim qulaqlarım bir insan üçün bir az böyükdür, bəs necə bilirsən, səninkilər bir uzunqulaq üçün çox balaca deyil?

***

Fransız zabitlərdən biri döyüş vaxtı barmağını xəritənin üzərinə qoyaraq Napoleona deyir : “Əvvəlcə buranı almalı, sonra burdan keçib digər yerləri də işğal etməli idiniz” ,- deyib.

Səbirlə qulaq asan Napoleon: “Hə, onlar barmaqla alınsaydı, sən dediyin kimi edərdim mütləq”, - deyə cavab verib.

***

Edam edilməyə aparılan bir məhkumdan:

- Son sözün nədir? - soruşanda:

- Bu, mənə yaxşı dərs oldu! – deyib.

***

Bir amerikan çinliyə sataşmaq məqsədi ilə soruşub:

- Qəbirlərin üstünə qoyduğunuz düyüləri ölüləriniz nə vaxt yeyəcək?

Çinli heç kefini pozmadan cavab verib:

- Sizin ölüləriniz qoyduğunuz çiçəkləri iyləyəndə.

***

Çörçil parlamentdə çıxış etdikdən sonra qadın millət vəkillərindən biri əsəbi halda deyib:

- Əgər arvadınız olsaydım, qəhvənizin içinə zəhər qatardım.
Çörçil də hazırcavablığı əldən verməyib və deyib:

- Xanım, siz mənim arvadım olsaydınız, mən o qəhvəni sevə-sevə içərdim.

***

Sokrat həyat yoldaşı ilə yola getmirmiş. Bir dəfə arvadı ona yenə dişinin dibindən çıxanı deyib, ancaq görüb ki, heç Sokratın vecinə deyil. Əsəbiləşərək bir vedrə suyu götürüb filosofun başına töküb. Sokrat üzünü silə-silə deyib:

- Bu qədər göy gurultusundan sonra yağış gözlənilən idi.

***

Bernard Şou Çörçili bəyənmirmiş. Onlar tez-tez bir-birilərini “iynələyər”mişlər. Bernard Şou bir tamaşasının premyerasına Çörçili çağırıb və dəvətnamədə belə yazıb: “Sizə iki nəfərlik dəvətnamə göndərirəm. Dostunuzla gələ biləsiniz. Təbii, əgər dostunuz varsa”.

Çörçill də cavabında: “Təəssüf ki, həmin gün başqasına söz vermişəm deyə, tamaşaya gələ bilməyəcəyəm. Gələn dəfə gələrəm, əlbəttə əgər sonra da səhnəyə qoyulacaqsa”, - yazıb.

***

Bir gün Aristotel tələbələrindən birini qumar oynayan yerdə görüb və onu bərk danlayıb. Tələbəsi:

- Axı mən çox az pulla oynayıram, - deyərək etiraz edib.

Aristotel isə:

- Mən səni itirdiyin pul üçün yox, itirdiyin vaxt üçün danlayıram, - deyib.

***

Napoleon Bonapart ispan ordusunu məğlub etdikdən sonra ispan kralı deyib:

- Siz ancaq pul, torpaq, qənimət əldə etmək üçün döyüşürsünüz, amma biz şərəf üçün vuruşuruq…

Napoleon da: “Bəli, kimin nəyə ehtiyacı varsa, onun üçün vuruşur”, - deyə kralı susdurub.

***

Komediya aktyoru Eddi Kortara sual veriblər:

- Xəstələnəndə nə etmək lazımdır?

Cavab belə olub:

- Mütləq həkimə gedin. Çünki həkim yaşamalıdır. Verdiyi dərmanları da alın, çünki əczaçı da yaşamalıdır. O dərmanları içməyin, çünki siz də yaşamalısınız.

***

Füzuli ilə Ruhi (Bağdadlı Ruhi – red.) gözəl mənzərəsi olan bağda gəzirlərmiş. Bir-birilərinə sataşmağı sevən şairlər birdən arıq, çəlimsiz bir it görüblər. Ruhi fürsətdən istifadə edərək: “Bu it bu mənzərədə Füzuli” deyə Füzuliyə sataşıb. Şair də: “Onda vur təpiyi çıxsın Ruhi”, - deyərək Ruhinin cavabını verib.

***

Osmanlı şahı Sultan Səlim dövründə qonşu dövlətlərdən birinin hökmdarı saraya bir sandıq hədiyyə göndərir. Sandıq açılır. İçindən cürbəcür qiymətli daşlar, bahalı parçalar çıxır. Qəfildən hər tərəfə pis qoxu yayılır. Demə, sandığın dibində nəcis varmış. Sultan Səlim vəzirlərinə bu təhqirə, layiqli cavab düşünməyi əmr edir və eyni cür qutu hazırlatdırır. İçinə daş-qaşlar, parçalar, bir də ancaq Osmanlıda istehsal olunan gül qoxulu “lokum” şirniyyatı və məktub qoyulub göndərilir. Qonşu dövlətin şahı sandığı açır, gül qoxusu aləmi bürüyür, heç kim bunun nə məna verdiyini başa düşmür. Türk elçisi sandığın dibindəki “Lokum” şirniyyatını götürüb yeyir və hamını qonaq edir. Demə, qutunun içindəki məktubda isə yazılıbmış:

“Hamı başqalarına öz yediyindən qonaq edir”.

***

Diogendən soruşublar:

- İnsanın ağıllı olduğunu nədən bilirsən?

- Danışığından.

- Birdən danışmasa?

- O qədər ağıllısı hələ olmayıb.

Hazırladı: Rəna Nevzat
# 2167 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #