Əziz Nesin İsmayıl Şıxlının tərcüməsini bəyənməmişdi

Əziz Nesin İsmayıl Şıxlının tərcüməsini bəyənməmişdi
25 aprel 2011
# 20:00
LAYİHƏ: DAHİLƏRLƏ GÖRÜŞƏNLƏR


”Kulis.az”ın təqdim etdiyi lahiyədə dünyada tanınmış məşhur siyasətçilər, yazıçılarla şəxsən görüşən insanlardan müsahibələr alınır.

Bu dəfəki qonağımız Əkrəm Əylisli məşhur türk yazıçısı Əziz Nesinlə olan xatirələrini danışır.

Əziz Nesin: DOSYE

1945-ci ildə “Yedigün” jurnalında, daha sonra “Cumartesi” və “Vatan” qəzetlərində sınadı özünü. 33 yaşında çap etdirdiyi “Əziznamə” adlı kitabına görə İstanbul Ağır Cinayət Məhkəməsinin qərarı ilə onu 4 aylıq azadlıqdan məhrum etdi. 1966-cı ildə Bolqarıstanda beynəlxalq satira yarışmasında qırmızı medalı və “Qırmızı Kirpi”ni "Vətəni Vəzifə" adlı hekayəsiylə qazanan Nesin 1974-cü ildə “Afrika-Asiya Yazıçılar İttifaqı”nın mükafatını da alıb. 1993-cü ildə Sivasda 35 nəfərin həyatını itirdiyi “Madımak otel qətliamından” sağ çıxan Ə.Nesin 1995-ci ildə infarktan keçinib və vəsiyyətinə uyğun olaraq heç bir dini mərasim keçirilmədən və yeri bilinmədən Çatalcada dəfn olunub.

Əkrəm Əylisli üçün Əziz Nesin kim idi? Qələmi güclü jurnalist, adi redaktor, yoxsa istedadlı yazıçı?


Yox, yox o redaktor deyildi. Yazıçı idi. Yazıçılar isə iki cür olur - yaradıcılığı maraqlı olan yazıçılar, bir də var şəxsi bioqrafiyaları ilə diqqəti cəlb edən yazıçılar. Mənim tanıdığım yazıçıların böyük əksəriyyəti həyatında da, tərcümeyi-halında da maraqlıdırlar. Türkiyə ədəbiyyatında yazıçını sıxışdırmaq, ideoloji hücuma məruz qoymaq bizdəki qədər intensiv olmayıb.

Qaldığı oteli yandırmışdılar


Əziz Nesin bioqrafiyası ilə də qalmaqalların mərkəzində olub. Əvvəla ona görə ki, hakim dairə ilə həmişə münaqişədə olub. O həmişə nazirləri tənqid edirdi. Həmin yazıları qəzetlərdə də nəşr olunurdu. Bəlkə də, ona jurnalist də deyə bilərik. Nesin həyatının sön dövrlərində yenə qalmaqallarla diqqət mərkəzində olub. Kayseridə (Türkiyədə şəhər) qaldığı oteldə onun otağını yandırmışdılar. Cənazəsi də normal dəfn olunmadı. Nesinin oğlu vəsiyyətinə uyğun olaraq məzarının yerini azdırmaq üçün 7-8 qəbir qazdırıb.

Mən pul tanımıram, mən adam tanıyıram

“Mən Ə.Nesin haqqında yazdığım yazıda bu məqama toxunmuşam. Oğlunun məzarın yerini azdırmaqda məqsədi o idi ki, parlamentdə oturanlar, bir sıra məmurlar nə zamansa aşıq oynayanda gəlib onun sümüklərini də narahat etməsinlər. Mən Əzizgildə qonaq olarkən İstanbulda “Çatalca” deyilən bir yer var idi orada böyük ev götürmüşdü.

Orada olanda oğlu Əli gəlmişdi. Bir dəfə aralarında söhbətləri oldu. Oğlu dedi ki, ona-buna pul verirsən. Nesin isə cavabında söylədi ki, oğlum, mən pul tanımıram, mən adam tanıyıram. “Mən bilirəm kimə pul vermişəm” dedi oğluna. Ə.Nesin insan olaraq çox maraqlı idi. O qədər istiqanlı deyildi, təkəbbürü də kifayət qədər var idi. Bir dəfə Moskvaya qonaq gəlmişdi. Orada onunla görüşdük.

Vaqif Səmədoğlu xətrinə dəymişdi

Bunu yazmışam ki, onunla həmişə naharı bir yerdə etmişik. “Moskva” mehmanxanasında qalırdıq. Yusif Səmədoğlu dedi ki, Əzizin yanına gedəndə məni də götür. Dedim gözüm üstə. Əzizə zəng elədim ki, bir nəfər də gələcək, Səməd Vurğunun oğludur. Gördüm bu bir qədər duruxdu, ürəkdən “gəlin” demədi. Gəldik, oturduq, çörəyimizi yedik, arağımızı içdik, bir dəfə də gözünün ucu ilə Yusifə baxmadı. Mən öz aləmimdə fikirləşirdim ki, görəsən Əzizin S.Vurğundan xoşu gəlmir? “Nə ədavət, nə kin ola bilərdi” deyə düşündüm. Sonra məlum oldu ki, Əziz Bakıda olarkən Yusiflə yox Vaqiflə mehmanxanada görüşüb, aralarında nəsə mübahisələri olub. Bəlkə də Vaqifin bir az “kefi kök olub” onu nömrəsində narahat edib. Sən demə, Ə.Nesin Yusiflə Vaqifi səhv salıbmış.

- Sizin gördüyünüz İstanbul ictimai-siyasi muhiti, ədəbi yaradıcılıq muhiti hansı səviyyədə idi? Ə.Nesin bu muhitdə hansı çəkiyə malik idi?

O vaxt 80-ci il idi. Əzizin bir dostu var idi, çox təəssüf edirəm ki, adını yadıma sala bilmirəm. Məni o qarşıladı. Getdik Çatalcaya, Əziz Nesinin mülkünə. Məni o zaman Azərbaycandan buraxmırdılar. Mən bir növ kələk gəldim onlara. Moskvada bir komissiya var idi, onlar təşkil etmişdilər bu səfəri.

Məni dəhşətə gətirən o oldu ki, mənim orada olmağımın ikinci günü Əzizlə bir yerdə getmişdik nəşriyyata. Əziz başqa bir nəfərlə söhbət edirdi. Mən isə nəşriyyatın bar kimi fəaliyyət göstərən xırda bir yerində kofe içirdim. Elə bu zaman bir nəfər yaxınlaşıb mənə bildirdiki bəs siz qalın burada, biz sizin üçün hər cür şərait yaradarıq. Mən o saat bildim ki, onu “bizimkilər” göndəriblər. Bu adam provakator idi. Cavabım o oldu ki, mən gəlmişəm və qayıdacağam. Sonra aradan çıxdı, sonra bir də onu görmədim.

Sovet konsulu ilə dilləşirdi

Orada qaldığım ərəfədə bir dəfə Əzizlə birgə İstanbuldakı Sovet konsulluğuna gəldik. Ə.Nesini onlar yaxşı tanıyırdılar. Ə.Nesinin konsuldakı cəsarətli mövqeyi məni heyran etdi. O zamanlar Əzizi sovetlərə simpatiyası olan, kommunist yazıçı kimi tanıyırdılar. Amma o kommunist deyildi. Nazim Hikmət kommunist idi. Əziz konsula hücum etdi ki, siz Türkiyədən Əfqanıstan düzəltmək istəyirsiniz? Dedi ki, alınmaz, Türkiyə Əfqanıstan olmayacaq! Görüş ərəfəsində konsul bizim üçün ayaqüstü bir masa da hazırlatmışdı. Mən Nesinin yaxınlığında gəzirdim. Çalışırdılar ki, həmişə maraqlı olsun.

Nesin məni Türkan Şorayla görüşdürdü. Bir məclis təşkil etmişdi, düz “Körfəz”in kənarında. Müxtəlif yerlərə aparırdı məni. Yunan restoranına, rus mətbəxinin təamlarını dadmağa... Onun ətrafında olan insanların əksəriyyəti solçu düşüncəli adamlar idi. Türkiyədəki həyatdan, Türkiyədəki ideologiyadan narazı idilər. Onların arasında Ceyhun var idi, Əziz Çalışlar var idi ki, onlar çox aktiv idilər. Yəni bu adamlar Türkiyənin gələcəyini sosializmdə görürdülər. Hər halda, o zaman Türkiyənin ziyalı muhitində dərin bir depressiya var idi. Tez-tez görüşürdülər. Bu da ehtiyacdan irəli gəlirdi. İndi isə sərhədlər açılıb, nə zaman istəyirsən getmək-gəlmək elə də problem yaratmır. Artıq o mənzərələr başqa cür görünür. Amma o zaman sehrli bir aləm kimi gəlirdi adama.

Nazimi həbs edən sistem Əzizə necə doğma ola bilərdi?

- Bəs Nesin özü arzuladığı, xəyalındakı Türkiyəni necə təsəvvür edirdi? Onun yaradıcılığına “dissident ruhu” hiss olunurmu?


Əzizin hətta Atatürkə də bir tənqidi münasibəti var idi. Mən bir dəfə dedim “Atatürk, Atatürk” qayıdıb dedi ki, nə olsun? “Atatürk böyük insandı” dedi, amma onun ilahiləşdirilməsindən heç razıdeyildi. Türkiyədə Ə.Nesinə qarşı aydın bir fikir var idi. Mənim ona “dissident” deməyə dilim gəlmir. Çünki dissidentlik sovet ideologiyasının yaratdığı bir obraz idi. Ə.Nesinin görmək istədiyi Türkiyə daha demokratik idi. Türkiyənin jandarmasına, hərbiləşdirilmiş sisteminə nifrəti var idi. O, görünür öz quruluşunda avtoritar üsul-idarəsinin olmasını hiss edirdi.

Yazıçının həm faciəsi, həm xoşbəxtliyi odur ki, yazıçı heç vaxt zama tabe olmur, zamandan qabağa gedir. Məsələn, Nazim Hikməti indi Rəcəp Tayyip Ərdoğan da qəbul edir. Nazimi həbs edən sistem Əzizə necə doğma ola bilərdi?! Əlbəttə ola bilməzdi! Yəni insanı sözünə görə cəzalandıran, sözünə görə o tərəfə atan cəmiyyət qəddar cəmiyyətdir. Əziz Nesin bunları görürdü. Müsəlman dünyasının qanayan yarası şəffaflıqdır. Şəffaflıq Türkiyə cəmiyyətində yox idi. Nesin sağ olsaydı, kim olmağından, zamanın dəyişməsindən asılı olmayaraq, mövqeyini dəyişməzdi. Təbiətən cəmiyyətin mövqeyi ilə razılaşmayan insanlar var, olub və yəqin ki, bundan sonra da olacaq. Nesini Türkiyə daxilində parlaq bir sima hesab edirəm. O sönük bir insan deyildi.

İsmayıl Şıxlının tərcüməsini bəyənməmişdi

- İkinizin şəxsi münasibətləri kontekstində ədəbi yaradıcılıq söhbətləriniz olurdumu?


Ə.Nesinlə mənim tamamilə fərqli-fərqli yazı üslüblarımız var idi. Onun çox sağlam düşüncəsi, yanaşması var idi. Onda məni cəlb edən də bu idi. Əziz məni ətrafdakı dostlarına “Azərbaycanın yeni parlayan ulduzu” deyə təqdim edirdi. Onun mənim hansı yazımı oxuduğu, hansı yazımı oxumadığını deyə bilmərəm. Mən buradan gedəndə İsmayıl Şıxlı onun “Taxtalı köydən məktublar” əsərini tərcümə etmişdi. Onu Əzizə apardım. O, bu kitabı mənimlə birgə oxudu. Tez mənə dedi ki, yığışdır bu kitabı. Tərcümə xoşuna gəlməmişdi.

Mən o zaman ondan Azərbaycan ədəbiyyatından kimləri oxuduğunu soruşmuşdum. Cavab verməyə çətinlik çəkdi. Zənnimcə o qədər də məlumatı yox idi. Türklər də ruslar kimi xırda millətləri sevmirlər. Yəqin elə buna görə bizim ədəbəiyyatımız onlar üçün maraqlı deyildi. Amma Türkiyə ədəbiyyatı ilə müqayisədə mən öz ədəbiyyatımızı heç də zəif hesab etmirəm.

İşi toxum səpmək idi

- Türkiyə ədəbiyyatındakı Nesinlə ədəbiyyatdan kənar Nesin arasında hansı fərq var idi?


Çatalcadakı mülkündəki alma bağında çoxlu alma ağacları var idi. Bir səhər yuxudan duranda gördü ki, yerə 4-5 alma düşüb. Bağbanə çağırdı və abrını bükdü ətəyinə ki, niyə bu almalara qarşı belə diqqətsizsən. Hərçənd ağacların üstü alma ilə dolu idi. Görünür israfçılıqdan xoşu gəlmirdi. Mən oçerkimdə bu haqda yazmışam. Rusları pisləməkdən də xoşu gəlmirdi. Deyərdi ki, siz amerikalıları tanımırsınız, ona görə bu fikirdəsiniz. Amerikalılardan isə heç xoşu gəlmirdi. Səbəbini bilmirəm.

- Ə.Nesin öz yaradıcılığı ilə Türkiyə ədəbiyyatına və ondan sonra gələn yazarlara miras kimi nələri buraxdı?

Ə.Nesin Türkiyə ədəbi muhitində cəsarət yarada bildi. Yəni sözü cəsarətlə deməyə ehtiyat edən adamları qorxudan xilas etdi. Ə.Nesin bəlkə də Türkiyə ədəbi muhitini kölə qorxusundan xilas etməyə də nail oldu. Bütün yazıçıların məqsədi milləti köləlikdən qurtarmaq olmalıdır. Bu missiyanı daşıyan Əziz Nesin ürəklərə azadlıq toxumu səpdi. Bilirəm ki, yazıçının işi toxum səpməkdir. Amma o toxum nə zaman cücərək bunu deyə bilmərəm...

FƏRİD MİRZƏYEV
# 1633 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #