Publisist güləşçi FOTOLAR

Publisist güləşçi FOTOLAR
5 sentyabr 2012
# 11:28
Siz elə idmançı, beynəlxalq səviyyəli güləş hakimi tanıyırsınızmı ki, məqalələrinə görə onlarla mükafat alsın? Dünya ədəbiyyatının şah əsərlərindən danışsın, yetişdirdiyi tələbələrin arasında ömürlük məhbusdan tutmuş dünya və Avropa çempionuna kimi müxtəlif idmançılar olsun, Dünya şöhrətli rəssamlarla dostluq eləsin? Yox. Elə isə yaxın durun, deyim gəlsin.

Tanımadığımız Ramiz Tağıyev


İllərdir Qazaxda yaşayıb, çalışan Ramiz Tağıyevin tələbələri dəfələrlə yerli və dünya səviyyəli turnirlərdən medalla qayıdıb. Adı bütün respublikada peşəkar güləş müəllimi, əvəzedilməz ustad kimi çəkilir. Ancaq biz onun başqa dünyasına işıq tutmağa çalışdıq. Kitabla, sənətlə, şeirlə dolu dünyasına. Hələ yeniyetməlik illərindən kitabla dostlaşdığını deyən Ramiz müəllim də Maksim Qorki kimi “bütün yaxşı xüsusiyyətlərinə görə kitaba minnətdardır:

“Qəzetləri açmağıma peşman oluram. “Olimpiya çempionunun adı pul “razborka”sında hallanır”, “Güləşçimiz kriminal qruplaşma ilə əməkdaşlıqda suçlanır”, Azərbaycan boksçusu məşhur iş adamının ölümü ilə bağlı dindirildi”

Yəqin ki, qəzetlərdə, internet portallarda tez-tez belə başlıqlara rast gəlirsən. Əsasən, kasıb ailələrdən çıxmış, uşaqlıqdan hansısa idman növünə könül vermiş gənclərimiz hansısa beynəlxalq səviyyəli turnirdən mükafatla qayıdan kimi “ulduz xəstəliyi”nə tutulur, daha çox maddi gəlir mənbələrinə yiyələnmək üçün qanunsuz qruplaşmalara qoşulur. Axırda da vaxtilə televiziya ekranlarını boynunda medal, əlində bayraq görüntülərilə bəzəyən eks-fəxrimizin səsi təcridxanadan gəlir.

Bəs niyə belə olur? Niyə bu kasıb balaları min-bir əziyyətlə əldə etdikləri uğurları ayaqlar altına atır, özlərini və qazandıqları medalları urvatdan salırlar?

Təbii ki, ilk ağla gələn idmançılar arasında maarifləndirmə işinin düzgün aparılmamasıdır. Doğrudan da, bizdə illərdir belə bir fikir formalaşıb ki, idmanla məşğul olan adam kitab-dəftər üzü açmamalıdır.

Halbuki elə uzağa getməyib qonşu ölkələri nəzər alsaq, görərik ki, türk futbolunun imperatoru Fatih Terim müsahibələrində Yaşar Kamaldan danışır, İtaliyalı qapıçı Dino Zoff “Don Kixot” u müqəddəs kitab adlandırır. Maradona müsahibələrində Markesə heyranlığını gizlətmir.

“İranda inanmadılar ki, “Bədən Tərbiyəsi”ni bitirmişəm”

Gənc idmançıların kitabdan uzaq düşdüyündən şikayət edən Ramiz müəllim özünün həmişə mütaliə etdiyini dedi və İranda baş verən maraqlı bir əhvalatı xatırladı:

- İranda çempionata getmişdik. Mətbuat konfrasında jurnalistləri salamlayandan sonra İran ədəbiyyatından danışdım. Firdovsinin, Sədinin, Hafizin, Nima Yişicin adını çəkdim. Heyrətə gəldilər. İnanmaq istəmirdilər ki, mən Bakıda Bədən Tərbiyəsi İnstitutunu bitirmişəm. Hamısı deyirdi ki, ola bilməz, siz ədəbiyyat adamı olmalısınız.

“Qazaxlı qızlarla gəzən oğlanlara deyirdik ki, bir aya bu qızı almalısan, yoxsa…”.

Bizim də cavanlıqda davamız-şavamız olub. Amma biz heç vaxt puldan ötrü haqsız yerə kiməsə əl qaldırmamışıq. Haramxorlara cangüdən olmamışıq. Məzlumun yanında olmuşuq həmişə. Çünki biz “Dəli Kür”ü oxumuşduq, “Qarlı aşırım”ı oxumuşduq, Səməd Vurğunu, Şəhriyarı əzbər bilirdik. Rac Kapurun insana saflıq aşılayan filmləri ilə tərbiyə olunmuşduq. Bizim davamız insan ləyaqətini qorumaq uğrunda olurdu. O vaxtı “stilyaqa” şəhər uşaqları olurdu. Rayondan gələn saf şəhər qızlarını aldadıb yoldan çıxarır, sonra da atırdılar, həmin qızları bədbəxt edirdilər. Harada qazaxlı qızla gəzən oğlan görürdük, həmin oğlana bir ay vaxt qoyurduq, “toy eləməsən, qulağını kəsəcəyik,” - deyirdik. Bir dəfə birini “luk”a saldım. Ağladı, yalvardı ki, “burax məni, ağıllandım”. Bir həftə keçmədi iki, gəzdiyi qızı da götürüb getdi “ZAQS” a (gülür).

“Səttar Bəhlulzadə əsl Məcnun idi”

“O vaxtlar bir “Sputnik” çayxanası var idi. Ora yığışırdıq. Rəhmətlik Həmid Sultanla gedirdik Səttar Bəhlulzadənin evinə, hərəmiz bir qoluna girib gəzə-gəzə gəlib çıxırdıq “Sputnik” çayxanasına. Səttar çox taqətsiz adam idi. Deyirdin, üfürsən, yıxılar. Dərisi elə nazik idi…Əsl Məcnun idi Səttar Bəhlulzadə. Rənglərin Məcnunu…”

Ramiz müəllim böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevi də rəhmətlə anır. Yeniyetmələrin SSRİ birinciliyinə gedəndə təyyarədə tanış olublarmış:

“Ləhcəmdən tutdu, soruşdu ki, bala, qazaxlısanmı? Dedim hə.
Qayıtdı ki, Qazax Azərbaycana ən çox ziyalı yetirən rayonlardan biridir. Səməd Vurğundan, Qori Seminariyasından danışdı. Rəhmətliyin çox işıqlı siması var idi”.

Publisist güləşçi: “İnsanlar cırlaşır”

Ramiz müəllim əslən Kəsəmən kəndindən olmağından, Qaçaq Kərəmlə süd qohumluğundan danışır. Uşaqlıq illərindən söhbət açan Ramiz müəllim şair qədər duyğusaldır:

- Uşaqlıq illərimizdən ən çox yadımda qalan rənglər və dadlardır. Novruz bayramının xonçaları, ismətli el qızlarımızın geyim-keciminin əlvanlığı ruhuma hopub. Bir də o illərin dadını unuda bilmirəm. Qazaxın hər kəndinin təamlarının bir ayrı dadı var idi. Çaylının alması, Şıxlının pomidoru, İncə Dərəsinin qurudu, Əskiparanın suyu…Hamısı yaddaşıma hopub.
İndi elə rənglər, elə dadlar tapmaq mümkün deyil. Hər şey solğunlaşıb. İnsanlar cırlaşıb.

Söhbət zamanı o da məlum olur ki, Ramiz müəllim həm də “Qızıl Qələm” və “Məmməd Araz” mükafatı laureatıdır. Publisistik yazıları ilə mətbuatda çıxış etdiyini deyən Ramiz müəllim, zarafatından qalmır:

- Qazaxlı olasan, nəsə yazmayasan?! Bu, mümkün deyil.

Ramiz Tağıyevlə sağollaşma

Ramiz Tağıyevlə görüşüb-ayrılırıq. Mən bu yazını yazmağa, o isə güləş zalına gedir. Gedir ki, yeni Məhəmməd Əlirzayevləri, Vidadi İsmayılovları, Fazil Əzizovları yetişdirsin. Bu dünyanın haqsızlıqlarına qol qoymayan oğlanları...

Allah hər ikimizə qüvvət versin!..

Mövlud Mövlud
# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #