Onların Allahı Maradonadır ƏN YENİ DİN

Onların Allahı Maradonadır ƏN YENİ DİN
3 sentyabr 2012
# 05:00
Futbol fanatları əfsanəvi argentinalı futbolçu Maradona haqda çox şeyi bilirlər. Ancaq ona sitayiş olunan – Maradona dininin və Maradona kilsəsinin mövcudluğundan xəbəriniz varmı? Məşhur “Esquire” dərgisində Maradona kilsəsindən reportaj dərc olunub. Həmin reportajı Kulis.az oxucularına təqdim edirik.

La Iglesia Maradniana – Maradona kilsəsinin içindəyik. Dəhlizdə yeriyərkən qulağımıza qışqırıq səsləri gəlir. Bir az da qabağa gedib əsl məkana giririk. Qabağımızda bir keşiş var. Bütün diqqətiylə önündəki kitabdan nəsə oxuyur. Sən demə, həmin o qışqırıq səsləri keşişin hər cümləsindən sonra özlərindən gedən “dindar”lardan çıxır. Diqqəti cəlb etməmək üçün, sakitcə keçib bir kənarda dayanırıq. Amma bəzilərinin nəzərindən qaçmaq olmur.

Amma onlar keşişin ağzından çıxan hər kəlməni dinləməyə davam edirlər. Birdən hamı bir ağızla dua etməyə başlayır: “Bu dünyada yaşayan Dieqomuz, müqəddəs sol ayağınla, möcüzələr bəxş etdin bizə. Atdığın qollarla həmişə xatirəmizdə yaşayacaqsan”. Otağın ortasına düşən işıq katolik kilsələrini xatırladır. Qısa səssizlikdən sonra ağ paltar geyinmiş 6 adam meydana çıxır və balaca keçiddən keçərək, yenə də kilsələrdə gördüyümüz qurbangaha oxşayan yerə doğru gedirlər.

Diqqətlə baxanda görürük ki, köynəklərinin arxasında “10” yazılıb. Yəni Maradonanın nömrəsi. Əfsanəvi “10”! Onlardan biri əlində “müqəddəs ikona”nı – futbol topunu tutur. Sonra isə futbolun sui-istifadə olunan, işgəncəyə məruz qalan tərəfini təsvir etməyə başlayırlar.

Əldəki topun ətrafına tikanlı simlər dolayırlar və topun üzərindən qırmızı rəngli boya (qanı simvolizə edir) axıdılır. Bir adam həmin vaxt qabağa çıxır və aşağı səslə oxumağa başlayır: “O, çarmıxa çəkildi, işgəncəyə məruz qaldı və öldürüldü. Tək yaşamağa məhkum edildi. Bu, bəs eləmədi, ayaqları kəsildi. Amma o, geri döndü. Möcüzəvi şəkildə yenidən doğuldu”.

Yaşlı bir adam, qəflətən ağlamağa başlayır. Deyəsən, onu ağladan ilahilərin verdiyi ruhani həzzdir. Arada bir “Dieqom” ağzından sözü eşidilir, elə durmadan ağlayır. Keşiş kişiyə yaxınlaşıb onu bərk-bərk qucaqlayır. Sanki ata oğlunu qucaqlayır.

Bizə deyilib ki, bir az sonra xüsusi bir ayin yerinə yetiriləcək. Həmin ayini gözləyirik.

Hazırlıqlar başlayır. Ağ paltar geyinmiş adamlar, yenə səhnəyə çıxır. Sonra gənc bir cütlük, üç həftəlik uşaqları ilə keşişə sarı gəlirlər. Maradona kilsəsindəki “xaç suyuna salma” mərasimi başlayır. Körpənin başından aşağı pivə tökürlər: yavaş-yavaş, ehmalca. Kilsədəkilər özlərini tamamilə hipnoz olunmuş kimi aparırlar.

Hamının gözü üç həftəlik körpədədir. İlahilər oxunur, dualar edilir, mərasim bitir. Keşiş son sözlərində içində olduqları ili vurğulayır... “İl 44 DD. Tanrı Dieqo Maradonanın evindəyik”. “DD”- Despues del Dieqo, yəni Diqodan sonra mənasını verir.

Dieqo Maradonanın 1986-cı ildə keçirilən Dünya Çempionatının yarımfinalında İngiltərə qapısına vurduğu iki qoldan biri hələ də xatirələrdədir. Əfsanəvi futbolçunun ingilis qapıçı Peter Şiltonun başı üstündən əllə vurduğu qol böyük səs-küyə səbəb olmuşdu. Təkcə hakimlərin görmədiyi “Tanrının əli” cəmi bir neçə il öncə İngiltərə ilə Argentina arasında yaşanmış “Folklend” böhranından sonra argentinalıların başını yerdən qaldırdı. Xalq qəhrəmanına çevrilən Maradona isə o oyundan sonra öz teoloji manifestini yazmağa başladı. O, artıq bir “Futbol Tanrı”sıydı. Ancaq bir müddət sonra həyat tərzinə görə “qüsurlu Tanrı” kimi də yaddaşlara həkk olunurdu.

Narkotik və içkiylə qurduğu dostluq yaşıl meydançalardakı hegemonluğunu sarsıtmağa başladı. Maradona köhnə günlərini axtarmağa başladı. Sonra avropalı klubların heyətində oynayan “prestij”li oyunçulardan biri oldu. Ürəyi istəməyəndə, nəinki məşqə, heç oyunlara da gəlmirdi.

2008-ci ildə isə işlər tərsinə dönmüşdü. Maradona onu ilahiləşdirən milli komandanın baş məşqçisi oldu.

Təqvim 2008-ci ilin oktyabr ayını göstərirdi. Bu tarix mühümdür. Çünki bir dinin müqəddəs tarixinə çevriləcəkdi.

Hər 29 oktyabr axşamı, Maradona dinində yeni il bayramı kimi qeyd olunur. Çünki bu tarixdən bir gün öncə Tanrılarının doğulduğuna inanırlar. Kilsənin üzvləri – təxminən 500 nəfərdilər – Buenos-Ayresdə görüşürlər və yeni il bayramını qeyd edirlər. Özlərinin yolkaları da var.

Sonuncu bayramlarından qalan yolkalarını bizə göstərirlər. Ağac gümüşü və göy rəngdə toplarla bəzədilib. Ağacın üstündə Argentinanın bayrağındakı rəngləri əks etdirən çoxlu parçalar var.

Təbii ki, əsas üstünlüyü Maradonanın gülən yerdə fotolarının olduğu çərçivələrə veriblər. Xüsusilə 10 rəqəmi müqəddəs bir xəzinə kimi hər yerdə qarşınıza çıxır.

Ətrafdakılardan yenə dua səsləri yüksəlir: “Jurnalistləri bağışla, necə ki, biz Sicilya mafiyasını bağışladıq. Futbolu FİFA-dan qoru, futbolumuzun ləkələnməsinə icazə vermə”.

Alexandro Veron bu kilsənin yaradıcılarından biridir. Veron inancları və kilsədə yaşatdıqları ənənələrlə bağlı belə deyir: “Bizim dinimiz futboldur. Digər dinlərdəki kimi bizim də Allahımız var. Bizlər Dieoqonun stadionlarda yaratdığı möcüzələri unutmamışıq. Onun ruhani şəxsiyyəti və kütlələri heyran qoyan möcüzələri bizi həyata bağlayan səbəblərdən biridir”.

Veronun da vurğuladığı kimi, bu dinlə digər dinlər arasında oxşarlıqlar var. Məsələn “10 əmr”, sizə də tanış gəlir, elə deyilmi? Bu əmrlərdən iki nümunəyə baxaq: “5-ci əmr. Dieqonun möcüzələrini bütün kainata yay... 8-ci əmr. Maradona kilsəsinin prinsiplərini başqalarına da tövsiyyə et”.

Maradona kilsəsinin təsvir edərkən mühüm bir şeyi az qala yaddan çıxarmışdıq. Kilsənin içində Maradonanın heykəli var. Katolik kilsələrində gördüyümüz heykəllərə bənzərliyi olsa da, fərqləri də çoxdur. Heykəldə yuxarıya doğru baxan, əllərini ürəyinin üstündə çarpazlaşdırmış Maradona təsvir olunub. Heykələ Argentina Milli Komandasının forması geyindirilib: 10 nömrəli forma.

Burda da Maradona dinin “İncil”i var. “I Am Diego” – “Mən Dieoqoyam” adlı bioqrafik kitab kilsənin müqəddəs kitabı hesab olunur.

Dünyadakı bir çox futbol fanatı belə hesab edir ki, Dieqo Maradonanın ömrü çox da uzun deyil. Əfsanə futbolçunun gələcəyinin olmadığını iddia edənlər, onun yaşıl meydançalara bir daha addım ata bilməyəcəyini, ən azından yuxarı səviyyəli komandalarda baş məşqçi ola bilməyəcəyini deyirlər.

Ancaq Maradonaya sitayiş edənlər, onun yenidən doğulacağına inanırlar. Ona deyirlər ki, hər zaman Maradonanın yanında olacaqlar, onu yenidən futbol həyatına qaytaracaqlar.

Maradona kilsəsinə dünyanın hər tərəfindən məktublar gəlir. İraq, Somali, Peru, İslandiya kimi bir çox ölkədən Dieqo Maradonanın müqəddəsliyinin vurğulandığı xeyli məktublar alan kilsə, bacardıqca hamısına cavab verməyə çalışır.

İraqdan bir ABŞ əsgəri yazır ki, oradakı ağır müharibə şəraitində Maradonanın mənəviyyatından dəstək alaraq yaşayır.

Argentinada Maradonanı hamı qəbul edir, onu tənqid edən çoxdur, amma sevməyən yoxdur. Buna görə də Katolik dünyasının ən mühafizəkar ölkələrindən biri olmasına baxmayaraq, alternativ bir dinin və kilsənin olması, heç kimi narahat etmir.

Maradona dininə sitayiş edənlərdən birinin sözüylə və bu dinin 10 əmriylə yazını bitirək: “Dieqo Maradona qəlbimizdə yaşayır və yaşayacaq. O, bizim gücümüzə güc qatır. Bizi həyata bağlayır. Onu Allah olaraq görməyimin ən sadə səbəblərindən biridir bu...”

Maradona dinin 10 əmri

1. Futbolu çirkləndirmək olmaz.
2. Futbola sevgi hər şeyin fövqündədir.
3. Dieqoya və futbolun gözəlliyinə olan qeyd-şərtsiz sevgini hər kəsə çatdır.
4. Argentina yığmasının formasını qoru.
5. Dieqonun möcüzələrini bütün kainata yay...
6. Onun müqəddəs formasının olduğu kilsəyə hörmət et.
7. Heç vaxt Dieqonun komandanın bir parçası olduğunu dilinə gətirmə.
8. Maradona kilsəsinin prinsiplərini başqalarına da tövsiyyə et”.
9. Dieqonu ikinci özünə ikinci at götür.
10. Əsl adını “Oğul Dieqo” olaraq bil.

Tərcümə: Elmin
# 1643 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #